Bu hekayə, yurdumuzda mətbuat və söz azadlığının yalnız kağız üzərində bir suvenir kimi qoyulduğu, ziyalılarımızın susdurulduğu bu günlərdə, xalqı bu vəziyyətə gətirənlərə və həqiqəti ancaq çətinə düşəndə deməyə çalışan, lakin, artıq danışmağa da imkanı olmayan «qara” ziyalılara həcv kimi yazılmışdır
Biz eşşək milləti də, qədim zamanlarda siz insan milləti kimi danışırmışıq. Bizim də özümüzə xas bir dilimiz var imiş. Danışığımız, mahnı kimi gözəl və yumşaq imiş, qulağa çox xoş gəlirmiş. Necə də gözəl danışıb, türkülər oxuyarmışıq. Eşşəkcə; yumşaq, şirin, və ahəngdar dil imiş. Biz eşşək milləti əvvəllər indiki kimi anqırmamışıq, sonradan belə olub.
Bilirsiniz ki, indi bütün istəklərimizi, hisslərimizi, kədərimizi, sevinclərimizi, fikirlərimizi, bir-birimizə və siz insan ağalarımıza anqıraraq başa salmağa çalışırıq. Anqırmaq nədir? „Aaaa-ii, aaa-ii“ arxa-arxaya bir qalın, bir incə, ağızdan iki hecalı səs çıxartmaq. Anqırmaq, bax budur… Bizim o zəngin dilimiz, indi qala qala, bu iki hecalı tək sözə qaldı. Bir varlıq, bütün hisslərini tək sözlə necə izah edə bilər ?! Necə olub ki, o varlı dil,bir ölü dilə çevrilib, sonra biz eşşəklər anqırmağa başlamışıq, heç maraqlı gəlir? Əgər gəlirsə, danışım. Qısacası, bizim dil tutulub, lal olmuşuq. Qorxunc bir hadisə ilə ağlımız başımızdan gedib, dilimiz tutulanda da, eşşəkcəni bütünlüklə unutmuşuq. O gündən sonra, yalnız anqıraraq, iki uzun heca ilə hisslərimizi başa salmağa çalışırıq.Biz eşşəklərin dilinin tutulması çox köhnə bir hadisədir.
Keçmiş nəsillərdə bir qoca eşşək var imiş. Bir gün bu keçmiş nəsillərdən olan eşşək yaşıllıqlarda tək başına otlayırmış. Həm otlayırmış, həm də eşşəkcə mahnılar oxuyurmuş. Bir ara burnuna bir qoxu gəlib, amma heç də xoş deyilmiş. Canavar qoxusu… Bu eşşək burnunu yuxarı qaldıraraq, havanı ağır-ağır içinə çəkib. Havadan kəskin canavar iyi gəlirmiş. Qoca eşşək, „yox e, canavar olmaz bu“ deyərək otlamağa davam edib. Canavarın qoxusu gettikcə daha da kəskinləşirmiş. Canavarın yaxınlaşması, ölümün gəlişi demək idi...
Bu eşşək isə, „canavar deyil, canavar deyil“ deyə- deyə özünü aldadırmış. Eşşək həm qorxurmuş, həm də, əhəmiyyət vermirmiş kimi görünərək, » İnşallah canavar deyildir. Canavar bura hardan gələcək, niyə məni hardan tapacaq?" deyirmiş. Beləcə özünü aldada-aldada yeməyinə davam edərkən səs eşidib, amma səs, xoş səs deyilmiş, canavar səsi imiş. Könlü canavarın səsini eşitməyə razı olmadığından, " yox, bu səs canavar səsi deyil, mənə elə gəlir" deyib, otlamağa davam edib. Özünü min bir yolla aldatmağa davam edib.
Digər tərəfdən də, ürəyinə qorxu düşdüyünə görə, gözü ətrafda imiş. Bir də görür ki, qarşıdakı dağın başında duman, çən arasında bir canavar var.-yox, bu, mənim gördüyüm canavar deyil, nə isə başqa bir şeydir. Mənə elə gəlir ki ,xəyal görürəm. Bəli, bəli, xəyaldır...
Otlamağa davam edib. Yenə öz-özünə danışarkən, «Yəqin kolların kölgəsini canavar kimi görmüşəm. Yoxsa qurdun burada nə işi var? 300 metr, 100 metr, 50 metr qalana qədər eyni sözləri təkrarlayırmış.
-Bu qarşımda gördüyüm canlı canavar deyil, inşallah. Niyə olsun ki? Bəlkə dəvədir, bəlkə fildir, bəlkə başqa bir şeydir, bəlkə də heç bir şeydir. Mən də hər şeyi canavar kimi görürəm.Canavar gülə-gülə, yaxınlaşıb, yaxınlaşıb. Aralarında bir neçə addım məsafə qalanda eşşək, „bilirəm bu canavar deyil, bəli deyil, amma mən yenə də buradan biraz uzağa getsəm pis olmaz“ deyib, başlayıb getməyə. Geri çevrilib baxanda qurdun ağzının suyunun axdığını görüb. Qoca eşşək yalvarmağa başlayıb, » ey Ulu Tanrı, bu gələn canavar olsa belə, nə olar olmasın… Yox e, mümkün deyil, bu canavar deyil ki..."Belə danışa danışa addımlarını böyüdüb, canavarda eynilə. Birdən bizim bu eşşək qaçmağa başlayıb, canavarda arxasınca. Eşşək, " ahh mən necə də axmağam, çöl pişiyini canavar bilib qaçıram. Yooox, bu canavar deyil.."Var gücüylə qaçarkən, digər tərəfdən də, " canavarsa belə canavar deyil. İnşallah deyil. Yox e, niyə ki, canavar olsun?" deyir… Üzünü çevirəndə canavarın işıldayan gözlərini görüb. At kimi qaçmağa başlayıb. -Vallah- billah, bu canavar deyil.
Bir də geriyə baxanda görüb ki, qurdun ona çatmağına bir şey qalmayıb. Artıq addım atmağa gücü qalmayan eşşək qurdun sərt baxışları altında donub qalıb, onu görməmək üçün də gözlərini yumub. Yavaşca da, «Qurd deyil, rahat ol. Niyə qurd olsun ki, bu?» fısıldayıb. Qurdun pəncəsi ilə yerə yıxılan eşşək, " bilirəm, bilirəm, sən qurd deyilsən. Arxamla oynama, qıdıqlanıram. Əl zarafatını isə heç xoşlamıram" deyib.
Ac canavar, iti dişlərini eşşəyin bədəninə keçirərək, budundan böyük bir parça qoparıb. Ağrıdan yerə yıxılan eşşəyin dili tutulub. Bildiyi eşşəkcəni qorxudan unudub. Qurd eşşəyin boynuna, ora-burasına hücum edib. Eşşəyin hər yerindən qan püskürməyə başlayıb və o zaman, «Aaa canavar imiş… Aaa o imiş!» deyə bağırmaya başlayıb. Qurd onu parçaladıqca, o da dili tutulduğundan «Aaa, o imiş, aa oo-ii, aaa-ii» deyə bağırıb, inləyib.
Köhnə nəsillərdən olan bu eşşəyin anqırtısı bütün dağa-daşa yayılıb, bütün eşşəklər bunu eşidib. Aaaa-iii, aaa-iii… Bax o gündən sonra, biz eşşək milləti, danışmağı, söz deməyi unutmuşuq, hər hissimizi, düşüncəmizi anqırtı ilə başa salmağa başlamışıq. O köhnə nəsildən olan eşşək, təhlükə quyruğuna çatana qədər, özünü aldatmamış olsaydı, bax onda, biz də danışa biləcəkdik. Ah biz eşşəklər, ah biz eşşəklər. Aaaa-ii, aaa-ii
Tərcümə: Agshin Beynəlmiləl