Amerika malları satışı

Amerika malları satışı

Dünən səhər bizə gəldi:
— Hələ yatağından qalxmamısan?
Ona:
— Hava soyuq, soba da yoxdur, — deyə cavab verdim.
— İsti çay içəydin!
— Qazımızı kəsiblər. Çayımız da yoxdur, qəndimiz də.
— Aydındır. Səndən adam olmaz. İstəyirsən, səni bir an içində varlandırım?
— Lap canımdam bezmişəm. Çıx, get işinə!
— Ciddi deyirəm. Səni on gündə varlandıracağam. Mənə dua elə!
Əhvalatın bundan sonrasını tələsmədən sizə nəql edə bilərəm. Kamalın sözünə uydum. Atamgilə getdik, bir bəhanə tapıb evdəkiləri çölə çıxartdıq. Kamal qapıya bir yük maşını gətirdi. Atamgildə nə qədər cır-cındır və xırda mebel varsa, maşına yükləyib bizim evə gətirdik. Atam isə qayıdıb, evi belə görəndə mənzilə oğru gəlmişdir, — deyə təlaş keçirmiş, lakin buna əhəmiyyət verən olmamışdı.
Ertəsi gün qəzetlərdə Kamalın verdiyi aşağıdakı elan dərc olunmuşdu:
«Amerika malları satışı
1954-çü il oktyabr ayının 31-də… da, ölkəmizə gəmi tüstülərini nizama salmaq üçün gəlib, indi vətəninə ­qayıtmağa hazırlaşan amerikalı mütəxəssis çovuş mister Arnold Payın nadir və çox qiymətli Amerika malları satılacaqdır».
Satış günü evimizdəki qələbəliyi heç bir kinoda, teatr və konsertdə görməmişdim. Xüsusi maşınlar bütün küçəni doldurmuşdu. Evimiz ağzına kimi adamla dolmuşdu. Gələnlər küçəyə sığmırdılar. Nə qədər xanım, nə qədər kişi gəlmişdi. Mal almağa gələn təkcə bir xanımın şubası, özüm də daxil olmaqla, bütün əşyamızdan xeyli bahalı idi. Mən belə şey olacağını xəyalıma belə gətirə bilməzdim. Kamala:
— Biabır oldum, — dedim.
— Görək kim biabır olacaq, — deyə o, cavab verdi.

Satış başlandı. Dəllallığı Kamalın özü edirdi. O, ortalıqda durub:
— Krohler markalı iki divan və altı dənə kreslo, — deyə bağırdı.
Atamgildən gətirdiyimiz kreslolar isə altı parça yox, əslində parça-parça idi. Kamal sözünə davam etdi:
— Hörmətli xanımlar, ağalar! Krohler markalı otaq şeyləri, amerikan çovuşu mister Arnold Paya məxsus bu zərif şeylər satılır. On beş min...
Mən bu zaman bir qəhqəhə qopacağını gözləyirdim. Lakin incə, zil bir səs:
— On beş min beş yüz, — dedi.
— On altı min.
— On yeddi...
— İyirmi...
Kamal çəpəki mənə baxdı.
— Başqa qiymət verən varmı? İyirmi min. Bu şeylər Amerika mütəxəssisinindir. Satıram. Satdım!
İyirmi min lirəyə satılan bu kresloları köhnə şey alan iyirmi lirəyə də almazdı. Sultan Rəşad taxta çıxanda alınmış bu kresloların yayları çıxmış, hər yeri yamaq-yamaq idi. Əl tutası salamat yeri də qalmamışdı.
Kamal yenə başladı:
— Arnold çovuşa məxsus plastik yemək otağı şeyləri. Bu misilsiz gözəl Amerika mallarını istəyən varmı? Doqquz min.
— On min...
— Mən on bir verirəm.
Bir ayağı sınıq taxta çay masası ilə iki həsir, bir bambuk və üç taxta stulun qiyməti min-min artdığı bu vaxt, çox bəzəkli, möhtəşəm, par-par parıldayan dəbdəbəli bir xanım töyşüyə-töyşüyə içəri girdi və azca əvvəl satılmış kresloları soruşdu. Ona:
— Satıldı, — deyə cavab verdilər.
— Vay, vay, vay… Hayıf o şeylərdən. Onları kim aldı?
— Senar xanım.
— Görürsünüz? Onları mənim acığıma alıb. Bu yemək otağı şeylərini də mən alacağam. Qoy bağrı çatlasın.
O birdən «ay haray, yanğın var!» deyirmiş kimi:
— İyirmi min, — deyə bağırdı. Bunu görən Senar xanım:
— Mən iyirmi bir min verirəm, — dedi.
Senar xanımın yanındakı bir kişi qorxa-qorxa:
— Ay arvad, lazım deyil! — dedi.
— Nə? Lazım deyil? Ay Qalib, sənin heç zövqün yox imiş ki. Əşi, bunlar amerikalı bir mütəxəssisin olub ey… İyirmi üç min...
— İyirmi beş...
Kamalın bu adama hər halda yazığı gəldiyi üçündür ki, tələsik:
— İyirmi beş min. Satıram, satdım, — dedi.
O belə etməsə idi, bizim sınıq masa ilə stulların qiyməti yüz min lirəyə qədər yüksələ bilərdi.

— Əziz xanımlar, ağalar! Ultramatik torşer. Min… Bizim evdə belə bir şey yox idi. Baxıb gördüm ki, Kamal bir stolüstü lampanı atamın əsasının ucuna keçirmişdir. Ultramatik lampa da üç min səkkiz yüz lirəyə getdi. Lampanı alan xanım:
— Gör bizim salona necə də yaraşacaq! — dedi. Əsil biabırçılıq yataq şeylərinin satışı zamanı başladı. Şəltələrin yırtıqlarından çölə pırtlamış kirli pambığı görəndə üzümü divara tərəf çevirdim. Kamal bizim bu yamaqlı şəltəlini də satmağa gətirmişdi.
— Möhtərəm xanımlar! Bu mister Arnoldun yatacaq şeyləridir. Yaylı Hollivud çarpayısı, kauçuk şəltələr. İki min beş yüz...
— Üç min...
— Üç min iki yüz...
Yatacaq şeyləri də beş min lirəyə satıldı.
Atamgildən gətirdiyimiz şeylər satılandan sonra, bizim evin sınıq-salxaq şeyləri də xırda verildi. Yalnız şeylər yox, tuman-köynək belə satıldı. Ev isə hələ də alıcılar ilə dolu idi. Kamal bir ara yanıma gəldi. Məni vanna otağına çəkib:
— Soyun! — dedi.
— Nə üçün?
— Tez soyun, deyirəm. Paltarını, tuman-köynəyini də satacağam. Sonra gedib təzəsini alarıq.
Əynimdə nə vardısa, çıxartdım və çır-çılpaq qaldım. Kamal vanna otağının qapısını çöl tərəfdən bağladı.
Mən içəridən onun səsini eşidirdim:
— Möhtərəm xanımlar və ağalar! Bəyəfəndilər, mütəxəssis amerikan çovuşu mister Arnoldun şalvarı. Xalis lastikdəndir. Dizləri və dalı zərif qarniturlarla bəzədilmişdir. Beş yüz lirə...
— Altı yüz...
— Yeddi yüz....
Sonra növbə tuman-köynəyə çatdı.
— Arnold çovuşun qısa neylon tumanı! İkicə dəfə geyilmişdir. Əlli lirəyə!
Bir qadın səsi eşitdim:
— Düzü əlli lirəyə dəyməz. Beş-on dəfə geymiş olsa idi, beş yüz də verərdim.
— Hörmətli xanımlar, ağalar… Mister Arnold Payın kətan yaylıqları. Üç lirə...
— ...Beş...
— Yeddi.
— On lirə.
— On lirə, cənablar. Satıram, satdım… Cənablar satış da qurtardı.
Çöldə bir uğultu, bir gurultu eşidildi. Hər kəs aldığı şeyləri aparır və ya daşıtdırırdı. Yarım saat sonra səs-səmir kəsildi. Qapının dalından Kamalın səsi gəldi.
— Düz iki yüz qırx yeddi min lirə qazandıq.
— Çox sağ ol, Kamal! — deyə bağırdım, — tez ol, qapını aç. Burada dondum.
— Hələ bir qədər gözlə… Gedib sənə tuman-köynək və üst paltarı alıb gəlim!
Kamal getdi. Bir saat, iki saat gözlədim. Tir-tir titrəyirdim.
Əllərimi dizlərimin arasına soxdum. Atılıb-düşdüm. Qaranlıq çökdü… Kamal isə gəlib çıxmadı.
İndi iki gündür ki, dona-dona vanna otağında qal­mışam. Qapını sındırıb çölə çıxsam, dəli, — deyə məni tuta bilərlər. Biabır olaram, Əgər qaz gəlsə, intihar edəcəyəm.
Bu yazını da vanna otağından yazıram.
— Görəsən Kamala nə oldu? Tramvay və ya avtobus altına düşdümü, yoxsa başına bir qəza gəldi? Düzü, o, yaxşı yoldaş idi.

Mənbə Əziz Nesin Kor döyüşü

Həmçinin bax: Namusumu necə qorudum?:)

Top