Həyatda çox sərt adam görə bilərsiniz. Amma heç biri Nüman bəy kimi ola bilməz. Ən sərt adam Nüman bəyin yanında mum kimi yumşaq olar.
Belə deyirlər ki, Nüman bəy qırx yaşına qədər cibində tapança gəzdirərmiş. Təsbeh çəkən adam kimi tapançanın tətiyi ilə oynayarmış. Yenə belə deyirlər ki, o bir neçə adama atəş də açıbmış, amma vura bilməyibmiş. Nişançılığına söz yoxdur. Amma gözləri çəp olduğundan hədəfi düz vura bilmir Nüman bəy. Əlbəttə siz bilirsiniz ki, bütün tüfənglərin, tapançaların quşqulu çəp olmayan gözlər üçün düzəldilmişdir. Hər hansı bir tapança zavodu əgər Nüman bəyin çəp gözlərinə uyğun olan quşqullu bir tapança düzəldə bilsə, o zaman Nüman bəy uçan milçəyi gözünün bəbəyindən vurar. O elə usta nişançıdır ki... Məsələ bundadır ki, tapançalar anormal gözə, Nüman bəyin gözləri də normal tapançaya uyğun olmadığından, o heç cür hədəfi vura bilmir. Nüman bəyin sağ gözü baxdığı yerin on bir dərəcə şimal-şərqini, sol gözü də baxdığı yerin səkkiz dərəcə, yeddi saniyə cənub-qərbini görür. Yəni ki, büsbütün ölçüsüz. İki gözü də müxəlif çəplikdə olduğundan ona ikilüləli bir tapança lazımdır. Onun tapancasının gülləsindən canını qurtaranlar:
- Allahım, sən kimi çəp yaratdığını yaxşı bilirsən, - deyə Tanrıya dua edərlərmiş. Kimə, nə üçün, nə zaman, nədən hirsləndiyi də anlaşılmaz. Bir yerdə adam arasında oturanda birdən-birə çəhrayı üzü çuğundur kimi qızarar. Sifətinin qızarması əsəbiliyinin ilk nişanəsidir. Sonra bığları səyriməyə başlar. Əvvəlcə sağ tərəfdən, sonra da sol tərəfdən kəpənək qanadları kimi titrəyər. Elə bu zaman Nüman bəyi sakitləşdirmək istərlər. Onu sakitləşdirmək üçün “Nə oldu? Nə istəyirsən?”- deyə soruşmaq lazım deyil. Belə olanda daha da əsəbiləşir. Ona görə də bu vəziyyətdə gərək susasan, bircə kəlmə də danışmayasan. Nüman bəyin bığları bir-iki gün səyriyər, sonra sinirləri sakitləşərdi. Nüman bəyin bığlarının səyriməsi hələ tamam əsəbiləşməsi demək deyil. Tərs damarına düşəndə onun qaşları da səyriyir. Dən düşmüş çal qaşları... Daha sonra yanaq əzələləri, dodaqları titrəyir. Gözünüzün önünə gəlirmi? Qırmızı sifətli bir adam, bığları, qaşları, yanaqları, dodaqları da səyriyir... Bax, bundan sonrası fəlakət deməkdir. Mən Nüman bəyi tanıyanda, onun əllidən yuxarı yaşı vardı. Artıq tapancayla gəzmirdi. Birisinə hirslənəndə, sadəcə əlinə hər nə keçirdisə, həmin adamın başına keçirmək niyyəti ilə, əlindəkini başqa bir yerə vururdu. Bir gecə bizim evə qonaq gəlmişdilər. Gülüb əylənirdik. Birdən gördük ki, Nüman bəy əsəbidir, bizim də xəbərimiz yox. Oturduğu stulu qapıb döşəkçənin üstündə mürgüləyən pişiyə endirdi. Pişik bircə dəfə də miyoldamadan döşəkçəyə yapışdı. Döşəkçə, üstündə qabarıq pişik rəsmi işlənmiş yastığa döndü. Demə, Nüman bəy stulu qızına atırmış. Hər zamankı kimi, çəpliyinə görə düz nişan ala bilməyib, pişiyi öldürmüşdü. Nüman bəyin qızı Amerika kollecini bitimişdi. Bir şirkətdə işləyirdi. Çox gözəl qızdı. Atasından, necə deyərlər, suyunu-soyunu, anasından da boyunu, xasiyyətini almışdı. Nüman bəyin başqa uşağı yoxdu. Gözünün ağı-qarası bircə bu qızıydı. Qız da işlədiyi şirkətdə bir amerikalı ilə sevişmişdi. Amma bu, Nüman bəyə necə deyiləcəkdi?! Çünki qız hamilə idi artıq. Amerikalı da qıza vurğundu, dəli kimi istəyirdi qızı. Qızın anası onun amerikalı ilə evlənməsinə dünəndən razıydı. Amma Nüman bəyə bunu necə deyəydilər?! Qızın anası bizə gəldi və məndən xahiş elədi ki, bu işi açım deyim Nüman bəyə. - Bağışlayın, -dedim. –Mən ailə işlərinə qarışa bilmərəm! Nüman bəyin köhnə bir əsgərlik dostu varmış. O, işi boynuna götürdü: - Mən söylərəm Nümana, -dedi. Çünki bu adam Nüman bəyin xasiyyətini, yəni əlindəki bıçağı çəpliyinə görə neçə dərəcə sağa, sola atdığını bilirmiş. O, Nüman bəyin evdə tək olduğu bir gün getmiş, heç bir müqəddiməsiz, damdandüşmə demişdi: - Nüman, sənin qızını bir amerikalı istəyir. Belə deyirlər ki, Nüman bəyin sifətinin qızarması ilə bığlarının, qaşlarının, dodaqlarının titrəməsi, səyriməsi bir olub. Əlinə keçən qrafini qanınca vızıldadıb. Amma adam da Nüman bəyin çəpliyinə görə hesabını götürüb və: - Heç boş yerə əsəbiləşmə, iş işdən keçib, - deyib. – Qızın hamilədir. Nüman bəy stulu qaldırıb havaya. Yarımca saatda evdə qırılmayan, tökülməyən, parçalanmayan bircə əşya da qalmayıb. Nəhayət Nüman bəy yorğun-arğın döşəməyə yıxılıb, bığları, qaşları səyriməyə başlayıb. Əsgərlik dostu da: - Nə qədər əsəbiləşsən də, əbəs yerədir, -deyib, - Qızın hamilədir. Amerikalı da qızı alacaq. Nüman bəy təngnəfəs olub: - Müsəlmanlığı qəbul etsə, razıyam, -deyib. Bunu amerikalıdan soruşublar. Amerikalı bunun cavabında: - Müsəlman da olmağa hazıram, katolik də, musəvi də. Nə istəsələr. Nə istərlərsə olum – deyə yalvarıb. Bu dəfə Nüman bəy şərt qoyub: - Sünnət ediləcək! Amerikalı buna da razılaşıb. İş bu mərtəbəyə gəlincə amerikalını evə çağırıblar. Daha doğrusu, amerikalını evə çağırıblar ki, gəlib qızı atasından rəsmən istəsin. Nüman bəy o axşam yaxın tanışlarını da yeməyə çağırmışdı. Bu münasibətlə mən də dəvət edilmişdim. Mən Nüman bəyin bu qədər adam çağırmağının səbəbini anlayırdım. Nə olsa da, qızını amerikalıya vermək məcburiyyətindədir. O, bu evlilik qərarı üçün başqalarının da onu müdafiə etməsini arzulayırdı. Çünki istəyirdi ki, çox axmaq bir iş görmədiyinə görə öz-özünü inandırsın. Amerikalı yaraşıqlı bir cavandı. Fikriniz o paltaraşalban, leylək ayaqlı amerikanlara getməsin. Elə bil bu gəncdə italyan qanı vardı. Onda Aralıq dənizinin coşqunluğu, hərarəti duyulurdu. Çox nəşəli, qarabəniz bir oğlandı. Doqquz nəfər yemək masası ətrafında oturduq. Nüman bəy ingiliscə bilir, amma nədənsə heç qımıldanmırdı. Üzünə diqqətlə baxdım. Heç bir tükü də tərpənmirdi. Demək, əsəbi deyil. Nə yaxşı! Süfrə başına keçməzdən əvvəl Nüman bəyin köhnə əsgər dostunun qulağına əyilib soruşdum: - Əgər Nüman bəy amerikalıya bir şey atsa, hara dəyər? - O stula dəyər – dedi. Tərs kimi elə bu vaxt Nüman bəy də mənə həmin stulu göstərdi: - Siz buyurun, burada oturun, - dedi. Beləliklə, mən keçib oturdum amerikalıdan bir stul o yana. Amerikalı gözünü yumub ağzını açdı. Danış ki danışasan. Məlum oldu ki, əvvəllər – beş il Çində işləyib, çincə bilir. Üç il Hindistanda qalıb, Urdu dilini öyrənib. Uzun sözün qısası, amerikal dil-boğaza qoymurdu. - Mən, - deyirdi, - qərib yerə çox tez alışıram. - Türk dilini də öyrəndinizmi? – deyə soruşdum. - Çox az, - dedi. – Bir neçə kəlmə öyrəndim. Axı, cəmi dörd aydır gəlmişəm. Amerikalının qərib yerə tez alışmağı, əlbəttə, məlum məsələydi. Zalım oğlu dörd ayda qızı keçirmişdi ələ. - Türk dilini kimdən öyrənirsiniz? – deyə soruşdum. - Bir əcnəbi dili, ən yaxşısı, həmin yerin xalqından öyrənməkdir. Mən bizim şirkətin inşasında çalışan fəhlələrdən öyrənirəm türk dilini. Ancaq cəmi üç-dörd kəlmə öyrənə bilmişəm: təşəkkür edirəm, çox məmnun oldum, rica edirəm, xudahafiz. Amerikalı bu sözləri ingiliscə deyirdi. Qədəhlərə içki dolduruldu. Nüman bəy qədəhini qaldırdı. Amerikalıya doğru uzatdı. Amerikalı da qədəhini Nüman bəyin qədəhiylə toqquşdurub ona birdən türk dilində: - Eşşək oğlu eşşək! – dedi. Nüman bəyin üzünə baxdım, qırmızı çuğundur... Bığları kəpənək qanadı kimi titrəməyə, qaşları enib-qalxmağa, üst dodağı pır-pır eləməyə başladı. Birdən bağırdı: - Nə dedin? Amerikalı gülərək qədəhini havaya qaldırdı: - Eşşək oğlu eşşək! Mən o dəqiqə çəngəli, guya əlimdən düşdü deyə, yerə atdım. Çəngəli aramaq bəhanəsiylə masanın altına girdim. Bilmək olmaz. Çox şey baş verə bilərdi. Süfrədə oturanlar Nüman bəyə türk dilində: - Aman, əsəbiləşmə, - dedilər. – Bir yanlışlıq var bu işdə. Bu yazığa səhv öyrədiblər sözləri. Başımı yavaşca masanın altından çıxarıb Nüman bəyə baxdım. Yenə qaşları, yanaqları, bığları titrəyirdi. Amma bir yandan da gülməyə çalışır, zorla quru-quru diş ağardırdı. Qonaqlar bu soyuq münasibəti aradan götürmək üçün başladılar gülməyə. Amerikalı da gülürdü. Soyuq münasibət bir balaca aradan qalxmışdı, amma Nüman bəyin hər tükü ayrı-ayrılıqda titrəyirdi. Bu vaxt necə oldusa, amerikalı gələcək qaynatasına türk dilində: - Heyvan oğlu heyvan! – dedi. Özü də bu sözlərdən sonra özünü elə apardı ki, elə ləzzətlə güldü ki, elə bil böyük, mərifətli iş görüb. Nüman bəy qrafinə əlini atıb ayağa qalxdı. Saçları dim-dik olmuşdu, qaşları da kirpi tikanı kimi biz-biz. - Aman Nüman bəy... Sən guya bizim adamları tanımırsan... Bu yazığın günahı yoxdur, - dedilər ona. Mən yenə masanın altındayam. Guya yerə düşmüş bıçağı axtarıram. Dəqiqlər ötüb keçirdi. Bu dəfə amerikalı, qədəhini Nüman bəyə uzadaraq yenə: - Eşşək oğlu eşşək! – deyə bağırdı. Gərək siz həmin vaxtda Nüman bəyin halını görəydiniz. Əlindəki bıçağı nimçəsindəki toyuq buduna sapladı. Zavallının qulaqları da titrəyirdi. Bundan sonra amerikalı Nüman bəyin qabırğasına elə bir söyüş yapışdırdı ki, burda yazılmalı deyil. Bu dəfə Nüman bəyin anasını da bu işə qarışdırmışdı. Canımın hayına qalıb mən yenə özümü masanın altına atdım. Nüman bəyin ayaqları elektrik cərəyanına qoşulmuş kimiydi. Əsim-əsim əsirdi. Amerikalı da qəhqəhəylə gülürdü. Yavaşca masanın altından çıxdım. Amerikalı: - Mənim dil öyrənmək qabiliyyətim var, -deyirdi. – Bu dediklərimi çox tez öyrəndim. Dərk elədim ki, indi bir cinayət olacaq burda. - Məni bağışlayın, -dedim, - sabah tezdən vacib işim var. Elə bil hamı mənim sözümə bəndmiş. Onlar da ayağa qalxdılar. - Biz də gedək, vaxtdır, - dedilər. Amerikalı həssas oğlandı. Getmək vaxtının çatdığını anladı. Əvvəlcə, dedik, onu yola salaq getsin. Qapıda hər birimizin əlini ayrı-ayrı sıxdı. Ən axırda da Nüman bəyin əlini sıxaraq gülərüzlə: - Oğraş! –dedi. Mən “oğraş” sözünün heç bu qədər şirin bir səslə birisinə deyildiyini eşitməmişdim. Araya qorxunc bir sükut çökdü. Amerikalı çaşdı. İngiliscə: - Yoxsa yanlış dedim? – deyə soruşdu. Nüman bəy: - Xeyr, - dedi. – Düz deyirsiniz! Amerikalı qaynatası olacaq Nüman bəyin lap xoşuna gəlmək üçün bir daha: - Oğraş! – dedikdən sonra çıxıb getdi. Nüman bəy kresloya çökdü. Bir kəlmə də danışmırdı. Bir azdan böyük bir durğunluqla: - Hərif bütün cikimizi-bikimizi saydı üzümüzə, artıq ona qız vermək zərurət oldu, - dedi. Onu heç bu qədər durğun görməmişdim. Ertəsi gün amerikalı Nüman bəygilə gələcəkdi. Amma gəlmədi. Təyin olunmiş saat da ötüb keçmişdi. Narahat olmağa başladılar. Nüman bəy “Hərif cikimizi-bikimizi öyrəndikdən sonra qızı almazsa, nə olacaq?” – deyə deyinirdi. Bu vaxt telefon zəng çaldı. Amerikalı polis məntəqəsindən zəng edirdi. Gecə evdən çıxınca bir taksiyə minib. Taksidən düşəndə sürücüyə, xoşuna gəlsin deyə türkcə təşəkkür edib: - Heyvan oğlu heyvan! Sürücüylə əlbəyaxa olublar. Polis məntəqəsinə düşüblər. Polis rəisi amerikalı ilə sürücünü barışdırıb. Amerikalı polis məntəqəsindən çıxanda rəisə ona öyrədildiyi kimi, türkcə “xudahafiz” deyib. Yəni ki, Nüman bəyə dediyi xudahafizdən. Polis rəisi də bir akt tərtib eləyib amerikalını basıb dama. Amerikalı da: - Mən nə dedim, axı? Günahım nədir? – deyə yalvarıb. ...Amerikalı ilə Nüman bəyin qızı evləndilər. Toydan iki gün sonra amerikalı xəstəxanada yatmaq məcburiyyətində qaldı. Nüman bəy xidmətçisinə əsəbiləşmiş, balıq nimçəsini onun başına atmışdı. Amerikalı kürəkən xidmətçinin on bir dərəcə şimal-şərqinə olduğundan, nimçə onun başında sınmışdı. Başı da möhkəm yarılmışdı. Sonralar amerikalı öz arvadını Amerikaya apardı. İndi Nüman bəyin kefi kök olanda ləzzətlə deyir: - Həyatımda ilk dəfə hədəfi tuturdum... O qədər söyüşü yedikdən sonra kürəkənin başını da yarmasaydım, hirsimdən ölərdim. Demə, xidmətçiyə hirslənməsi yalanmış. Üzdə özünü əsəbiləşən kimi göstərmiş, balıq nimçəsini xidmətçiyə atıb kürəkəninin başını bilə-bilə yarıbmış. Qeyd: Hekayə internet aləmində ilk dəfə kayzen.az-da yayımlanır.