Qulluqçu tutmaq istəyirdik

Qulluqçu tutmaq istəyirdik

Mənim evimizə xidmətçi qadın tutmağa fikrim yox idi. Arvadım məcbur etdi.
Evdə hər gün bu sözləri eşidirdim:
- Üst mərtəbədə yaşayan Nərmingil qulluqçu tutublar. Əri aşağıda ehtiyat hissələr alıb-satır... Əsas maşını sata bilmir, ehtiyat hissələri satmaqla evinə qulluqçu tutub...
Hətta Pərizadgilin də qulluqçuları var. Sən isə ancaq mən elə yazıram, belə yazıram, - deyə basıb kəsirsən...
- A kişi, bizim qonşu Laləgil də qulluqçu tutubdur. Əri nal mıxı satmaq sayəsində zənginləşib. Bu dünya belə gəlib, belə də gedəcək, kimi nal mıxı satmaqla dövlətlənir, kimi da nal sayəsində adam olur.
- Ayfərgilin cüt-cüt qulluqçuları var. Çürük şinlərin sayəsində qarun kimi dövlətləndilər. Əllərim paltar yumaqdan, qab-qacaq təmizləməkdən qabar-qabar olub. Bu evdə on qəpiklik qiymətim qalmayıb. Heç kim məni adam yerinə qoymur. Nə balacası sayır, nə böyüyü sevir...
Səhər, axşam «qulluqçu, qulluqçu» - sözünü eşitməkdən baş-beynim dəng olmuşdu.
Axırda intihar etməyə qərar verən adam kimi, laqeydcəsinə:
- Çox gözəl, - dedim, - bir qulluqçu tapın, tutaq!


O gündən sonra bir müddət rahat oldum. Onlar heç cür qulluqçu tapa bilmirdilər. Evimizdə xörək bişmirdi. Axşam evə gəlib xörək istəyəndə, arvadım:
- Ah, qulluqçu axtarırdım, xörək bişirə bilmədim. Bu gün çay içərik...- deyə cavab verirdi.
- Köynəyim kirlənib, mənə təmiz köynək ver - deyəndə:
- Bu gün də onu gey, paltar yumamışam - sözünü eşidirdim.
Evdə nə otaqlar süpürülür, nə xörək bişir, nə də paltar yuyulurdu. Evin çoluq-çocuğu küçəyə düşüb qulluqçu axtarırdı.
Bir dəfə axşam evə gələndə arvad-uşağı sevinc içərisində gördüm:
- Nə var, nə olub? Xeyir ola...- deyə soruşdum.
- Aman, sus, qulluqçu tapmışıq!
- Qulluqçu tapmısınız?
- Yavaş danış, canım, içəridədir, eşidər...
- Mən pis bir söz demədim axı...
- Heç qulluqçu deyərlərmi? Hirslənib getsə, nə edərik?
- Yaxşı, bəs onu necə çağıraq?
- İndi onlara daha qulluqçu demirlər. Ya mürəbbəyə deyirlər, ya da ki, fam de şambr.
- Bizim evdə tərbiyə ediləcək yaşda heç kim yoxdur. Maşallah, hamımız tərbiyəliyik. Bu fam de şambr gəlsin baxaq, görək necə adamdır.
- Sən allah, onunla danışanda sözlərinə fikir ver!
Sonra arvadım qulluqçunu səslədi:
- Aytən xanım!
Offf! Qulluqçu elə çirkin idi ki, adam sifətinə baxmaq istəmirdi. Yəqin ki, arvadım, arada qısqanclıq olmasın deyə beləsini seçmişdi.
- Ərim Möhsün! - deyə arvadım məni qulluqçuya təqdim etdi.
O, əzilə-əzilə yaxına gəldi. Bilmədim ki, nə edim, ayağamı qalxım, əlinimi öpüm. Çaşıb qaldım. Sonra sadəcə əlini sıxdım. O, ağzını büzüb dedi:
- Sizinlə tanış olmağıma çox məmnun oldum. Adım Aytəndir.
Əsil xanımlar kimi geyinmişdi. Bir arvadıma baxdım, bir qulluqçu qıza... Yad bir qonaq evin xanımı ilə onu qarışıq salardı. Qulluqçu qabağımdakı kresloda oturdu. Ayağını-ayağının üstünə aşırdı. Sonra:
- Bir siqaretiniz varmı? - deyə məndən soruşdu. - Yadımdan çıxıb gətirməmişəm.
Arvadım cəld qaçıb içəri otaqdan siqaret gətirdi. Bizim fam de şambr Aytən xanım «Püff» - edib siqaretdən havaya halqa-halqa tüstü buraxmağa başladı. Heç birimiz danışmırdıq, hamımız heyran-heyran onu seyr edirdik. Yaxşı ki, o, bu səssizliyi pozdu:
- E-e-e gəlin danışaq!
- Danışaq, xanım, danışaq.
- Nə verəcəksiniz? Yəni demək istəyirəm ki, nə qədər verə biləcəksiniz.
Hamı gözlərini ağzıma dikdi. Qızı hirsləndirə biləcək ucuz qiymət söyləməyim deyə, qaş-gözlə mənə işarə etməyə başladılar.
Fikir məni götürdü: əcəba, yüz lirə deyimmi! Bəlkə azdır? Yüzdən artıq da verə bilmərik axı... Eh, ayda on məqalə çox yazsam, qulluqçunun pulu çıxar. Amma məqaləni harada dərc etdirəsən? Qulluqçu qız mənim çox fikirləşdiyimi görüb dedi:
- Canım, deyin, burada utanmalı bir şey yoxdur ki!
- Qızım, sənə ayda yüz lirə verərəm.
Qulluqçu ilə bərabər bizimkilər də:
A-a-aa! - deyə səsləndilər.


- Nə var, nə oldu?
Qızım dedi:
- Ata, heç belə şey olar? Sən heç qəzet-zad oxumursanmı? İndi heç yüz lirəyə məmur da tapmaq olmur.
Arvadım:
- A kişi, bir dodaq boyası on lirəyə, bir pudranın qiyməti 40 lirədir.
Qulluqçu, yəni fam de şabr Aytən xanım dedi:
- İdi bir cüt ən ucuz corab on dörd lirəyədir. İnsaf edin, adam ayda dörd-beş cüt corab geyməzmi?
Corabımın yamağını görməsin deyə ayağımı çustun içində gizlətdim. Aytən xanım ayağa qalxdı.
- Bağışlayın, mən sizinlə razılığa gələ bilmərəm. Rahatsız etdiyim üçün üzr istəyirəm...
- Allah eşqinə otur... Nə oldu axı. Əzizim, incimə...
- Mən köhnə yerimdə ayda 400 lirə alırdım. Bəy qoca olduğu üçün bəyənməyib oradan çıxdım.
- Aytən xanım, qızım, - dedim, - kiminin parası, kiminin duası... Pulum az olsa da səni razı salmağa çalışarıq... Mən xoşniyyət bir adamam.
- Nə olsun ki... Boş niyyətlə Fatıya tuman olmaz. Başında bir dənə tük yoxdur, məni razı salmaq istəyir!
- Çingiz - deyə bağırdım.
Oğlum doğrudan da boy-buxunda Çingiz xandan geri qalmaz.
- Nə var, ata?
- Burada dur! Qoy Aytən xanım bir az sənə baxsın!
Aytən xanım aşağıdan yuxarı, yuxarıdan aşağı Çingizə baxıb dedi:
- Pis oğlan deyil. Yaxşı, sizin xatirinizə 200 lirəyə razı olaram. Amma pulu dollarla verərsiniz.
Yenə də oğluma baxdı.
- Sizin xatirinizə razı oluram...- dedi. - Harada işləyirsiniz?
- Mənmi? Yazıçıyam.
- Ərizə yazırsan?
- Xeyir, hekayə yazıram.
- Əşi, insan hekayə ilə, nağılla dolana bilərmi?
- Bir təhər dolanmağa çalışırıq.
- Soyuducunuz hansındandır? Bir-birimizə baxdıq. Arvadım cəld dilləndi:
- Hələ yoxumuzdur. Ancaq bu yaxınlarda kreditlə götürəcəyik...
- Qorxuram ki, sizdə radiola da olmasın...
- Radiomuz var.
- Ürəyim istəyən vallar olmasa, dünyasında işləyə bilmərəm.
- Val da alarıq.
- Barı paltaryuyan maşınınız varmı?
- Yoxdur.
- Əşi, sən özünə adama yaraşan bir iş tap. Yazıçılığın daşını at, getsin. Bir Adanalı tacirin yanında qapıçı işləsən, bəy kimi dolanarsan... Heç olmazsa yaxşı tozsoranınız da yoxdur?
Xanım tələsik:
- Sabah mütləq tozsoran alacayıq. - dedi.
- Bala, onda siz Əminönu meydanına gedin, hamınız bir yerdə dilənçilik edin...
Mənə tərəf dönüb dedi:
- Sən nə cür kişisən. Əlindən heç bir iş gəlmir. Bir qutu portağal da alıb, sata bilmirsən?
Utandığımdan kreslonun üstündə yumaq kimi oldum.
- Fitçalan qazancanız da yoxdur?
Heç birimizdən səs-səmir çıxmadı. Aytən xanım hirslənib ayağa qalxdı. Üzünü Çingizə tutub dedi:


- Şəkərim, yaxşısan, əlasan, amma sən yox, Marlon Brando da olsa bu cur səfalətə dözə bilmərəm!
Sonra mənə tərəf dönüb:
- Tfu, sənin kimi kişinin üzünə, - dedi - bir bunun vida-fasonuna bax!
Gedərkən yarıyolda dönüb qızıma dedi:
- Quzum, sən vaxt varkən başuvun çarəsini tap!
Ən axırda arvadıma bu iltifatlı sözləri dedi:
- Ay sənin ağlıva dua yazdırım. Buna bax, məni xidmətçi tutmaq istəyir. Siz əvvəlcə qarnınızı doyurun!
Qulluqçu qız ağzından çıxanı bizə dedikdən sonra qapını çırpıb getdi. Evdə bir-birimizin üzünə baxa bilmirdik. Arvadımla qızım ağladı. Oğlum belə həyatı söyməyə başladı:
- Sabahdan gec olmayaraq, məktəbin daşını atacağam.
Özüm isə intihar etməyə qərar verdim.
Amma qulluqçunun bizə bir xeyri dəydi. Çünki ailəliklə ağlımızı başımıza topladıq. İndi arvadım bir çürük şin tacirinin, qızım isə ehtiyat hissələr satanın evində fam de şambrlıq edirlər. Oğlum isə bir pambıq tacirinin villasında xidmətçidir. Mənə gəldiksə isə... məni nökər də götürmürlər. Arvad-uşaq «evimizin köhnə zəhmətkeşidir» - deyə halıma acıyıb mənə baxırlar... Söz aramızda qalsın, indi hətta bankda bir az pulumuz da var.
Mənbə Əziz Nesin Kor döyüşü

Top