Ona gəmidə rast gəldim. Qan-tər içində idi.
- Axı, siz oğrunu görmüşdünüz ki, onlar sizdən «Oğru budur?»- soruşurdular. - Görməmişdim, bəradər! Sağ olsun bizim qayınana! Bir kərə ağzından qaçırtdı ki, o, oğrunu yuxusunda görmüşdür. Doğrudan da onu yuxusunda görmüşdümü, ya oyaqlıqda, deyə bilmərəm. Qoca arvad çaşmışdı. Komissara isə «Mən onu lap aydın gördüm» deyib oğrunun zahiri görkəmi, şəkli haqqında məlumat verdi. Mənbə Əziz Nesin Kor döyüşü
- Bu nə sir-sifətdir? - deyə soruşdum.
- Başıma gələnlərdən xəbərin yoxdur?
- Yooox... Xeyir ola, nə olmuşdur?
- Daha nə olacaq? Dilə-dişə düşmüşük. Sənin isə xəbərin yoxdur. Neçə gündür ki, əldən-ayaqdan düşüb ev axtarırıq. Yaxşı bir ev tapa bilsəm də, işim düzəlməyəcək. Nə eləsəm də, izimi itirə bilməyəcəyəm. Ən yaxşısı Avropaya qaçmaqdır...
Düzü, əvvəl elə zənn etdim ki, başına bir iş gəldiyi üçün polislər onu axtarır. Onu gəminin bir tərəfinə çəkdim. Qulağına əyilib yavaşdan:
- Sənə kömək edə bilərəmmi? - deyə soruşdum.
- Sən olmayasan, lap Xızır əleyhüssəlam gələ, yenə mənə kömək edə bilməz.
- Bir cinayət eləmisən?
- Yox canım. Kaş ki, cinayət eləyəydim.
- Mən, bəlkə də qonşuları ilə qan davaları var, - deyə fikirləşdim.
- De görüm, səni kim təqib edir? Bəlkə səni gizlətmək üçün bir yer tapa bildik.
- Ömrün uzun olsun. Ancaq bu mümkün olan şey deyil.
- Bir məni başa sal görüm, nə olub!
- Görmüşdüm.
- Biz oradan köçdük.
- Hə? Vay, vay! İncimə, ancaq çox böyük axmaqlıq etmisən... Heç elə bir evdən də köçərlər?
Onlar Göztəpədə bağça içində çox gözəl və gen-bol bir evdə yaşayırdılar. Həm də ayda vur-tut iki yüz əlli lirə kirə verirdilər.
- Biz oradan öz kefimizlə köçmüşük ki, sən belə mənasız söz danışırsan?
- Sizi oradan ev sahibimi çıxartdı?
- Yox canım.
- Ev sökülmək üçün dövlət tərəfindən satın alındı, nədir?
- Yooox...
- Bəs oradan niyə köçdün?
- İnişil yayda bizim evə oğru gəlmişdi. Polis idarəsinə xəbər verdim. «Oğrunun adını bilirsinizmi?» - deyə soruşdular. Haradan biləydim? Nə adını, nə də adresini bilirdim. Bu işdən başı çıxan bir polis məmurunu evimizə göndərdilər. Məmur bizdən bir çox şey soruşdu. Biz də cavab verdik. Axırda o, oğrunun və apardığı şeylərin bəzi izlərini aşkara çıxartdı, oğrunun kim olması haqda bizə məlumat verməyə başladı.
- Oğru yaman siqaret çəkəndir. Gündə 4-5 qutu çəkir. Özü də «Gəlincik» siqaretini.
Oğrunu tapmağa siqaretdən başlayan məmurdan:
- Bunu siz necə bildiniz? - deyə soruşdum.
O, külqabıdakı çoxlu kötüyü göstərdi və əlavə etdi:
- Oğru alçaq boylu adamdır.
- Bunu haradan bildiniz?
O, rəfdən şey götürmək üçün ayağının altına kürsü qoymuşdur. Oğru yaman çay içəndir. Bura girdiyi vaxt mətbəxdə çay belə içmişdir. O, eyni zamanda ziyalı adamdır. Kitab sevəndir. İngiliscə də bilir. Şkafdakı ingiliscə kitabları da qatıb-qarışdırmışdır.
Məmur oğrunun izlərini kəşf edə-edə:
- Bu kresloda oturmuş, bu otağa da girmişdir, - dedi.
Onun göstərdiyi bizim yataq otağı idi.
- 38 nömrəli ayaqqabı geyir. Özü də xeyli kök adamdır.
Bundan sonra o, oğrunun psixologiyası haqda məlumat verməyə başladı:
- Çox şıltaq, inadkar, səliqəsiz və pinti adamdır.
Arvadım bunu eşitcək:
- Ə, bayaqdan bəri siz bizim kişinin sifətlərini sayırsınız, - deyə bağırdı.
Məmuru başımızdan bir qədər gec qovsaydıq, yəqin ki, oğru deyə biləklərimə qandal vurub məni polis idarəsinə də aparacaqdı.
Ertəsi axşam evimizə yenə bir oğru girdi. Bu, bəlkə elə keçən dəfəki oğru idi. Biz yenə polis idarəsinə məlumat verdik.
- Oğrunu tanıyırsınızmı? - deyə soruşdular.
- Tanımırıq! - dedik.
Bu səfər:
- Kimdən şübhələnirsiniz? - deyə soruşdular.
Bu sual bütün işləri qarışdırdı. Anam da, mən də Qazıgöydən Bostançıya qədər olan yerlərdə yaşayanların hamısından, o cümlədən məndən də şübhələnirdi. Atam isə daha çox şübhələnir, amma evə oğru gəlməsinə inanmırdı. Oğurlanmış şeylər haqqında isə «Görəsən onları yaddan çıxardıb haraya isə qoymusunuz!» - deyirdi. Oğurlanmış şeylər arasında radio ilə tikiş maşını da vardı. Arvadım isə məndən şübhələnirdi: «Yəqin onları sən aparıb satmısan, sonra da evə oğru gəlib, deyirsən». Mən isə heç kəsdən şübhələnmirdim.
Polis komissarı protokol yazdı, biz də evimizə qayıtdıq.
Bir həftə sonra gecə evimizə yenə oğru girdi. Yenə polisə xəbər verdik. Bu səfər bizdən heç bir şey soruşmadılar. Amma polis komissarı bir az acıqlandı: «Nə olub ki, oğru elə təkcə sizin evə gəlir» - dedi.
Artıq üç-dörd gündən bir evimizə oğru gəlirdi. Kişi elə bil bizim şeyləri oğurlamaq üçün abunə yazılmışdı. Biz də öz növbəmizdə bu hadisəyə o qədər öyrəşmişdik ki, oğru gəlməyən gecənin ertəsi «Görəsən oğru bu gecə nə üçün gəlmədi?» - deyə bir-birimizdən soruşurduq.
Oğrunun hər gəlişi ilə əlaqədar olaraq polis idarəsinə müraciət etdiyimizi görər-görməz, komissar gülümsəyir və «Evinizə yenə də oğru gəlib» - deyə soruşurdu. Mən də «Bəli» deyə cavab verirdim. Sonra komissarla qabaq-qabağa oturub oradan-buradan danışır, dərdləşir, bəzən hətta nərd də oynayırdıq.
- Sonra?
- Sonrası bu ki, evdə oğurlanmağa layiq, oğrunun xoşuna gələsi bir şey qalmadı və onun ayağı da bizdən kəsildi. O, daha gəlmədi. Aradan bir ilə qədər keçdi. Bir gecə küçə qapısı şiddətlə döyüldü. Mən tez yataqdan qalxdım. Qapını döyən bir polis nəfəri idi. «Zəhmət çəkib polis idarəsinə gəliniz!» - dedi. Evdəkilər qorxdular. Gecəyarısı polis idarəsinə çağırıldığım üçün, qorxmadım, desəm yalan olar. Ora getdim. Qarşıma səkkiz adam çıxartdılar. İçində cavanı da vardı, qocası da. Biri də qadın idi. Amma hamısının üst başı cır-cındır içində idi.
- Oğrular bunlardır? - deyə soruşdular.
- Bilmirəm, - dedim.
- Çox yaxşı, gedə bilərsiniz! - dedilər.
Səhərə yaxın qapı yenə döyüldü:
- Buyurun polis idarəsinə!
Bu səfər mənə beş nəfəri göstərdilər:
- Oğrular bunlardır?
- Bunlar deyil.
Ən axırda:
- Xahiş edirəm, məni narahat etməyin, - dedim. - Evimizi kəsən oğrudan heç bir şikayətim yoxdur.
Bu sözüm komissarın acığına gəldi.
- Cənab, biz sizin xeyrinizə çalışırıq, - dedi.
- Çox sağ olun! Amma mən heç kəsdən şikayətçi deyiləm.
- Siz istər şikayət edin, istər etməyin. Bu ümumxalq işidir.
Nə isə bu söhbətin təsiri oldu. Məni o gündən sonra daha polis idarəsinə çağırmadılar. Amma indi polislər bizə gəlməyə başladılar. Gecə-gündüz bilməz, yanlarına bir neçə nəfəri salıb qapını kəsdirər və:
- Cənab, oğru budur? - deyə soruşurdular.
- Bu deyil! - deyə cavab verirdim.
Mən bunu deyər-deməz polisin gətirdiyi adamlar əlimə-ayağıma düşürdülər.
- Allah sizdən razı olsun, cənab, «oğru budur» desəydiniz işimiz bitəcəkdi.
Qışda, qarda, gecəyarısı, səhər tezdən qapı döyülər, polis birisinin yaxasından tutub gətirərək:
- Oğru budurmu? - deyə soruşardı.
Dostuma dedim:
- Canınızı qurtarmaq üçün «Evimizə heç bir oğru girməmiş, biz belə zənn edirdik. İndi isə şeyləri tapmışıq»- deyə bilməzdinizmi?
- Sən nə bilirsən ki, demədik. Dedik. Bu səfər də «Bəs belə, deməli, siz boş yerə polisə əziyyət vermisiniz!» - deyə bizi məhkəməyə vermək istədilər. Başımız yaman əngələ düşmüşdü. Gətirdikləri adamın birini göstərib «Oğru budur!»- deyə canımı qurtarmaq istədim, amma buna da vicdanım yol vermirdi. Əslində bir çoxları belə də hərəkət edir və yaxalarını qurtarırlar. Sonra, qardaşım, biz evimizə girən oğrulara çox dözdük, amma qapımıza gəlib «Oğru budurmu?»- deyə soruşan polislərin əlindən təngə gəldik. Ona görə izimizi polisdən gizlətmək üçün o evdən köçməli olduq.
- Vay səni. Elə bir evdən köçərdilər?
- Dostum, ayrı cür edə bilməzdik. Bir yol bilirsənsə, söylə! Biz 500 lirəyə bir ev tutub oraya köçdük. Aradan iki ay keçdi. Bir gecə qapı yenə döyüldü. Bu heç xoşuma gəlmədi. Gedib qapını açanda nə görsəm yaxşıdır? Bir polis, köynəyi cırıq bir adamın yaxasından tutub qapı ağzında durmuşdur. Məlum oldu ki, bütün İstanbulu ələk-vələk edib, izimizi tapmışlar.
- Oğru budur?
Yaxamızı yenə ələ vermişdik. İndi daha onların əlindən xilas ola bilməyəcəkdik. Gündə beş dəfə gəlib soruşurdular:
- Oğru budur?
O evdən də köçdük. Düz altı ev dəyişdik. Çamlıcanın təpəsinə gedib çıxdıq, gəlib tapdılar. Eyyub qəbiristanının yanına köçdük, orada da yaxaladılar. Nəyimə lazımdır ki, deyəm. Amma öz aramızdır, dostum, polis idarəmiz çox yaxşı işləyir! Haraya qaçdıqsa gəlib bizi tapdılar. Beş-on gün izimizi azdıra bilirdik. Sonra yenə tapırdılar. İndi təzə bir ev axtarıram. Sən allah, de görüm nə edim? Başıma bir ağıl qoy! Təngə gəlib ən axırda Avropa və ya Amerikaya qaçmaq qərarına gəlmişəm. Bəradər, başqa nə edə bilərəm?
Dostuma təsəlli də verə bilmədim. Gəmi körpüyə yan aldı. Ayrılarkən:
- Allah dadına çatsın! deyə bildim.