Biz idarədə qardaş kimi dolanırdıq. Hamımız da burada çoxdandır işləyir, bir-birimizi yaxşı tanıyırdıq. Aramızda dedi-qodu olmazdı. Hamı bir-birini sevir və hörmətini saxlayırdı. Lap qohum kimiydik.
- Siz onun diplomunu mənə verin, - dedim. - Gedib öyrənərəm. - Mən çoxdan bəridir ki, şübhələnirəm - dedi - bunu bircə öyrənə bilsək. Süpürgəçi qadının iki gözü çeşmə olmuşdu. Səbəbini soruşduqda məlum oldu ki, Təkin bəy «Səninlə evlənəcəyəm» - deyə idarədə işləyən dörd qızın başına gətirdiyi işi onun da başına gətirmişdir. Qızlara çox acığım tutdu. - Nə edəcəksinizsə edin - dedim. - Amanın günüdür, onu linç etməyək. Mənbə Əziz Nesin Kor döyüşü
Biz beləcə rahat və xoşbəxt ikən günün birində müdir bizim otağa girdi. Yanında da cavan bir oğlan. Müdir bir az qayğı və bir az da hörmətlə, əli cavan oğlanın çiynində, onu özündən əvvəl otağa buraxdı. Özü də arxasınca girdi. Ayağa qalxdım. Ardımca yoldaşlarım da ayağa qalxdılar.
Bizim müdir çox yaxşı adamdır. Amma bir az sərtdir. Heç birimizə üz verməz, otağımıza da heç gəlməzdi. Görünür bu gəlişdə nə isə bir iş vardı. Cavan oğlana baxır, amma onu heç kəsə, heç şeyə oxşada bilmirdim. Yuxarıdan gəlmiş vəzifə sahibi desəm, oxşamırdı. Hərçənd indi azı uşaq yaşda olan cavanlar da müfəttiş vəzifəsində çalışırlar, amma bu onlara da bənzəmirdi. Müdir bəs nə üçün onun qoluna girmişdi?
Müdir cavan oğlanı mənim yanıma gətirdi, əvvəl mənimlə, sonra başqaları ilə tanış etdi.
- Təkin bəy...
Tanış olma mərasimi qurtaranda müdir:
- Təkin bəy sizin şöbədə işləyəcək - dedi. - Mən indi təsərrüfat müdirinə deyərəm, bir stol ilə stul da gətirər.
Mən sərək-sərək:
- Nə işdə çalışacaq - deyə soruşdum.
Müdir qıpqırmızı oldu və:
- Mən sonra sizə deyərəm - dedi.
O, cavan oğlana tərəf döndü, boş bir stulu göstərərək:
- Siz hələlik buyurub burada oturun - dedi. - Mən sizdən ötrü stol gətirdərəm.
Müdir çıxıb getdi. Hamımız gözucu Təkin bəy adlanan bu cavana baxırdıq. O, qıçını bir-birinin üstünə aşırmışdı, qolunu stoluma söykəyərək siqaretini tüstülədirdi.
Mən sonra ona:
- Xoş gəlmişsiniz, oğlum - dedim.
- Çox sağ olun - deyə cavab verdi.
Otaqdakılar da cavan oğlana «Xoş gəldiniz» dedilər. Sonra ortalığa sükut çökdü. Az sonra cavan oğlan:
- Siz burada nə edirsiniz? - deyə soruşdu.
- Biz? Bura ikinci şöbədir. Biz buraya gələn təliqələrə cavab verir, göstərilən işləri görürük.
Cavan oğlanın nə iş gördüyümüzü başa düşdüyünü deyə bilmərəm. Amma o:
- Cansıxıcı işdir - dedi.
- Sıxıcı olsa da nə etmək olar? Borcumuz onu yerinə yetirməkdir.
Az sonra kuryer gəldi və mənə:
- Müdir bəy sizi çağırır - dedi.
Müdirin qapısını döyərək içəri girdim.
- O cavan oğlanın kim olduğunu bilirsənmi?
- Bilmirəm - dedim.
- Amanın günüdür, ehtiyatlı olun. O, Fişgetdin bəyin qardaşı oğludur.
- Hə?..- dedim, ağzım açıla qaldı.
Bu gün səhər Fişgetdin bəy mənə telefon etdi. «Qardaşım oğlunu yanınıza göndərirəm, - dedi. - Ona münasib bir iş verin». İki saat sonra bu gəldi. «Əmim sizə telefon etmişdir?» - deyə soruşdu. «Etdi!»- dedim, amma cavan oğlanın təhər-töhürü xoşuma gəlmədi. «Necə iş istəyirsiniz?» - deyə soruşdum. O, «bu məsələni əmimlə razılaşdırın» - dedi. Ayağını yuxarı nərdivana yamanca qoymuşdu. Nə bacardığını bilmirdim ki, ona görə də iş verəydim. Üzdən 20 yaşı ancaq olardı. «Əsgərlikdə olubsanmı?» - deyə soruşdum. «Əlbəttə» cavabını verdi. Təhsilini soruşdum. Məlum oldu ki, ali təhsillidir. «Diplomunuzu, hərbi biletinizi və pasportunuzu gətirin, münasib bir iş verək!» - dedim. Nahardan sonra istədiklərimin hamısını gətirdi. İndi mən başqa şöbəyə göndərsəm yoldaşlar onu yola verə bilməzlər. Başımıza əngəl açılar. Sən necə də olsa təcrübəli adamsan. Amanın günüdür, heç bir şikayətə yol verməyin. Onu bir təhər yola verin getsin.
- Baş üstə. Ona nə kimi iş verməliyik?
- Vallahi özüm də bilmirəm. Baxarsan, nə iş olsa, verərsən. Çox işlətməsən də olar.
Qayıdıb iş yerinə gəldim. Gördüm ki, Təkin bəy üçün üstü şüşəli bir stol ilə bir kreslo gətirmişlər. Mən hələ ömrümdə elə bir stol arxasında oturmamışdım. Mən bu cavan oğlana nə iş verim - deyə düşündüm. Bir söz demək üçün şkafdan qovluq çıxarıb:
- Təkin bəy – dedim - vaxt tapdıqca lütfən bu dosyenin föhrüstünü çıxarın.
- Nəyi çıxarım?
- Föhrüstünü.
- Fistini? Fisti nədir?
Özümü itirdim və üzünə baxdım. Föhrüstün nə demək olduğunu başa salmağa çalışdım. Boynunu qaşıdı.
- Yəni bu necə şeydir? - deyə soruşdu.
«Fişgetdin bəyin qardaşı oğlu olmasaydın sənə nə cavab verəcəyimi yaxşı bilərdim. Şükür et ki, elə adamın qohumusan» - deyə fikirləşdim.
- Dediyimi edərsən - dedim. - Elə lazımdır.
Qovluğu aldı. Barmaqlarına tüpürə-tüpürə onu bir qədər vərəqlədi. Bir az sonra:
- Mən gedirəm, - dedi.
Səsimi heç çıxartmadım. Çıxıb getdi. Ertəsi günü saat on ikinin yarısında gəldi, bir az oturub getdi. O gün bir daha gəlmədi. O biri gün nahardan sonra gəldi. Əlləri şalvar cibində, fit çala-çala gəzindi, bir neçə dəfə otağa girib çıxdı və getdi.
Xeyli vaxt gəlib keçdi. Bir gün iş yoldaşlarımızdan Safiyə xanım:
- Bu Təkin bəy haranı qurtarmışdır? - deyə soruşdu.
- hüquq fakültəsini - dedim. Qadın bir az düşündü.
- Mən bir şey deyimmi? O heç orta məktəbi belə qurtarmamışdır.
- Düzü mən də şübhələnirdim. Çünki o, doğru-dürüst yaza da bilmirdi.
Safiyə xanım:
- Mənə elə gəlir ki, - dedi. - O, Fişgetdin bəyin qardaşı oğlu da deyil. Bizim müdiri başa salın. İndi belə şeylər çox olur. Qəzetlərdə oxumursan?
Mən də gedib bu söhbəti olduğu kimi müdirə söylədim. Müdir:
- Aman, sus. - dedi. - Mən də şübhə edirəm. Mən hələ bu qədər cahil adam görməmişəm. Özü «Mən Fişgetdin bəyin qardaşı oğluyam» dediyi halda, biz başımızı necə dərdə soxa bilərik. Düzünü öyrənmək üçün nə edək ki?
Diplomu alıb elə o günü hüquq fakültəsinə getdim. Məlum oldu ki, diplom saxtadır, Müdir:
- Amanın günüdür, bir az da gözləyək, - dedi. – Küy-kələk salmayaq. O, doğrudan da Fişgetdin bəyin qardaşı oğludursa, başımız bəlaya düşər.
Aradan yenə bir qədər vaxt keçdi. Otağımızda əcaib hadisələr baş verməyə başladı. O günə qədər otağımızda bir sancaq belə itmədiyi halda indi pullarımız, avtomat qələmlərimiz oğurlanmağa başladı. Təkin bəyin idarəyə hər gəldiyi gün otağımızda bir şey yox olurdu. Bir gün də Müştaq bəyin paltosu yox oldu. Kuryeri sıxma-boğmaya saldıq. O isə:
- Mən oğrunun kim olduğunu bilirəm - dedi, - amma deyə bilmərəm. Başımı bəlaya soxmaq istəmirəm.
- Heç kəsə demərik - deyə söz verdik. Kuryer ancaq bundan sonra:
- Hər şeyi oğurlayan Təkin bəydir, - dedi. - Qapıdan neçə dəfə göz qoymuşam. O oğurlayır.
Bundan sonra idarənin inventarları da yox olmağa başladı. Bir gün də yazı makinası yox olanda gedib vəziyyəti müdirə danışdım. Müdir:
- Heç səs salma - dedi. - Arada bir mənim otağıma da gəlir. Nə vaxt gəlirsə, bir şey yoxa çıxır. Dünən də təzə alışqanım getdi.
Qayıdıb otağımıza gəldim. Bircə Fişgetdin bəyin qardaşı oğlu olmadığını öyrənə bilsə idik ona bir divan tutardım ki!
Bir gün Müştaq bəy:
- Bu hərif görəsən əsgərlik edib? - deyə soruşdu.
- Edib. Ehtiyat zabitidir.
- Yalandır. O hərbi işin birinci hərfini belə bilmir.
Gedib bunu da müdirə söylədim.
- Mən də şübhə edirəm - dedi. - Bunu necə öyrənək?
- Hərbi şöbəyə gedib öyrənərəm.
Gedib nə öyrənsəm yaxşıdır? Onun hərbi bileti saxta imiş. Müdirə:
- Bunu tutub polisə verməliyik, - dedim.
- Verək - dedi, - verək. Amma Fişgetdin bəyin qardaşı oğludursa, onda necə olsun?
Biz yenə heç bir şey edə bilmədik. Bu Təkin bəy yavaş-yavaş qovluqları da qurcalamağa başladı. Əvvəllər idarəyə az gəldiyi halda indi tez-tez görünməyə başladı. Yoldaşlar göz-qulaq olurdularsa da, o öz bildiyini edirdi. Biz ona:
- Ora-bura əl vurma - deyə bilməzdik.
Onun bu əməliyyatlarından da tüstü çıxmağa başladı. Məlum oldu ki, o, vətəndaşlardan «Sizin işi tez həll etdirərəm» deyə pul almağa başlayıb. Yoldaşlarımızdan İrfan bəy bu zaman:
- Nə deyirsiniz, deyin - dedi. - Bu hərif heç vaxt Fişgetdin bəyin qardaşı oğlu ola bilməz.
- Olmağına ola bilməz... Ola bilməz, amma olarsa?
- Ola bilməz. Çünki onun adı heç də Təkin bəy deyil.
- Bəs nədir?
- Doğan...
- Doğrudanmı?
- Vallahi elədir. Onun bir yoldaşını gördüm. Kinoda bir yerdə idilər... Ona hey Doğan deyirdi. Bir dəfə də olsun Təkin demədi.
Müdirin yanına gedib eşitdiklərimi yenə ona dedim. O yenə:
- Mən öyrənərəm.
Soruşdum, axtardım, məlum oldu ki, onun pasportu da saxta imiş. Sonra müdirə:
- Eh, daha durmaq vaxtı deyil - dedim. - Onu dərhal polisə təslim etmək lazımdır.
- Edək, edək... Amma Fişgetdin bəyin qardaşı oğlu çıxsa onda necə olar?
- Görünür elə siz onun belə rəftarına hazırsınızmış! Bu hərif gəlsin və bizi belə aldadıb biabır etsin - deyə gözləyirsinizmiş.
Qızlar da şikayət etmək fikrində olduğunu dedilər. Birdən o, həqiqətən Fişgetdin bəyin qardaşı oğlu olar - deyə qorxduqları üçün bunu edə bilmirlər. Sonra məlum oldu ki, Təkin bəy dəftərxanadakı dul bir qadına da evlənəcəyini vəd edib on min lirəsini əlindən almışdır. Süpürgəçi qadının gözləri yenə iki çeşmə olmuşdu. Təkin bəy ona da “evlənmək vəd edib” 20 lirə pulunu çırpışdırmışdı.
İşə gəlməsi altı ay olmamışdı. Amma o, idarəni altını üstünə çevirmişdi. Aldatmadığı, kələk gəlmədiyi adam qalmamışdı. Bir iş üçün idarəyə gələn vətəndaşlardan tutmuş müdirə qədər hərəyə bir badalaq gəlmişdi.
Ən axırda idarənin bütün əməkdaşları toplanıb bu bəlanı başımızdan necə rədd etmək yollarını müzakirə etdik. Hamı ondan şikayət etdi. «Səni məmur vəzifəsinə təyin etdirəcəyəm» deyə qapıçının 200 lirəsini əlindən alıbmış. Müdir müavininin evində oteldə olduğu kimi iki ay yaşamış, sonra onun xalısını və radiosunu oğurlayıb satıbmış... Fişgetdin bəyin qardaşı oğlu olmasından qorxub heç kəs bu günə qədər səslərini çıxarmamışdır. Yoldaşlardan biri «belə tərbiyəsiz adam heç vaxt Fişgetdin bəy kimi tanınmış bir şəxsin qardaşı oğlu ola bilməz» deyə inad etdi.
- Canım, ola bilmir olmasın. Ola bilməz. Amma olarsa. Zəif də olsa, bir ehtimal var. Əgər olarsa, o zaman hamımız bada getdik.
Aramızdan bir nümayəndə seçib Fişgetdin bəyin yanına göndərək... Gedib Təkinin onun qardaşı oğlu olub-olmadığını öyrənsin.
Son qərarımız belə oldu.
Biz bu qərara gəlirkən xəbər tutduq ki, Fişgetdin bəy idarəmizə gəlməyə hazırlaşır. Hə, indi hərifin işi bitəcəkdi. Onun bütün saxtakarlıqlarının üstü açılacaq. Fişgetdin bəy onu görən kimi... İşi bitəcək. Biz hər cür hazırlığı başa çatdırdıq. Onu dərhal tutub polisə verəcəkdik.
Müştaq bəy:
- Yox... bu azdır - dedi. - Onun üzünə iki dəfə tüpürmədən polisə vermərəm.
Müdir müavini:
- Mən də onu çevirə-çevirə gözəlcə döyəcəyəm – dedi.
Onun aldatdığı qızlardan biri çantasında şiş dabanlı bir tufli gəzdirirdi. O, bu tufli ilə hərifin başına vuracaqdı. Beləliklə hərə özünə görə bir hazırlıq görmüşdü. Mən bunu hiss edib:
Mənim də öz planım vardı. Stolumun üstündə yarım litrlik bir mürəkkəb şüşəsi hazır dururdu. Onu hərifin başına tökəcəkdim. Fişgetdin bəyin idarəmizə gələcəyini öyrənərsə, hərif buraya ayaq basmaz, - deyə bu məsələni ondan gizlədirdik. Fişgetdin bəyin idarəyə gələcəyi günü hərifin də orada olması üçün müxtəlif tədbirlər gördük.
Nəhayət, Fişgetdin bəy gəlib çıxdı. Təkin də bu vaxt bizim otaqda idi. Müdir bir yol tapıb Fişgetdin bəyi bizim otağa gətirəcəkdi. Hamı həyəcan içində idi. Hər kəs hazırlığını başa çatdırmışdı. Qəhvəçi ocaqda bir vedrə su qaynadırdı. O bu qaynar suyu Təkin bəyin başına tökəcəkdi. Biz əmniyyət idarəsinə də xəbər vermişdik və oradan üç polis gəlmişdi. Onlar hərifi tutub aparacaqdılar.
Nəhayət, Fişgetdin bəy arxasında müdir və müavini bizim otağa gəldi. İdarəmizin bütün əməkdaşları da qapının arxasına yığışıb gözləyirdilər. Kiminin əlində zopa, kiminin əlində süpürgə.
Fişgetdin bəy içəri girər-girməz Təkin bəy adlanan bu ədəbsiz yerindən sıçrayıb ona tərəf cumdu və onun əlini öpdü. Fişgetdin bəy özünü itirdi və şaşqın-şaşqın:
- Xoşbəxt ol, oğlum - dedi:
Təkin:
- Əmidostum necədir, yaxşıdırmı? - deyə soruşdu.
- Allaha şükür, hamı canına duaçıdır.
Təkin:
- Heç bilirsiniz əmi? Dostum mənə nə qədər: «Təkin evə gəl, Təkin bizə gəl!» deyir. Amma heç cür vaxt tapıb gedə bilmədim. Əmidostumun yanında üzü qara oldum. Məni buraya qulluğa düzəltdiyiniz gündən heç cür vaxt tapa bilmirəm.
Fişgetdin bəy bir Təkinə baxdı, bir müdirə.
- Siz necə, Təkindən razısınızmı? - deyə soruşdu.
Müdir:
- Çox razıyam, əfəndim! - dedi.
- Şefi kimdir?
Müdir məni göstərdi.
Fişgetdin bəy. .
- Necədir, Təkin işin öhdəsindən yaxşı gəlir?
- Oh, oh...
Çölə çıxdılar. Onlar qapıdan çıxanda Təkin Fişgetdin bəyin əlini bir də öpdü.
Biz yerimizdə quruyub qaldıq.
İki ay sonra onun vəzifəsi böyüdüldü.
Keçən gün yüz lirə versəm mənə həkimdən bir aylıq işdən azad olma kağızı düzəldəcəyini söylədi. Bilmirəm bu pulu ona verim, ya yox. Bu haqda fikirləşirəm.