Harun Yəhya "Qlobal Masonluq" - Mason qaynaqlarında materializm

Harun Yəhya "Qlobal Masonluq" - Mason qaynaqlarında materializm

I. Mütləq maddə inancı

Dövrümüzün masonları eynilə Qədim Misirdəki fironlar, rahiblər və digər zümrələr kimi maddənin əzəli və əbədi olduğuna, sonsuzluğuna, yaradılmadığına və canlıların təsadüflər nəticəsində cansız maddədən törədiyinə inanırlar. Mason qaynaqlarında bu yanaşmalarla təfərrüatlarına qədər tanış olmaq mümkündür. Ustad mason Səlami Işındağın "Masonluqdan əsinlənmələr" adlı kitabında bu materialist fəlsəfə belə açıqlanır: 

"Bütün fəza, atmosfer, ulduzlar, təbiət, canlı və cansız nə varsa, hamısı atomlardan əmələ gəlib. Insan da təbiətdəki müxtəlif atomların cəmindən başqa bir şey deyildir. Canlıların həyatı atomlar arasında elektrik cərəyanının müəyyən tarazlığı nəticəsində mümkün olur. Bu tarazlıq pozulanda cаnlılаr ölür, torpağa dönür, yenidən atomlara parçalanır. Yəni enerjidən yaranmışıq, enerjiyə də dönürük. Atomlarımızdan bitkilər, digər canlılar və yenə də bizlər yaranırıq. Demək, hər şey bərabər xəmirdən yapılıb. Ancaq ən yüksək təkamül etmiş heyvan olan bizlərin beyni, xeyli inkişaf etdiyindən şüuru əmələ gətirir. Təcrübələr zamanı alınan nəticələri yada salsaq, görərik ki, beyni sinir hüceyrələri və hormonlarının həyata keçirdiyi funksiyaların sayəsində işləyir. Kamil ağıl və elm heç nəyin yoxdan var edilmədiyini və yoxa çıxmadığını dərk edib. Buna görə də insan heç bir gücə minnətdar və borclu deyildir. Kainat bir total enerjidir, başlanğıcı və sonu bilinmir. Hər şey bu total enerjidən yaranır, təkamül edir, ölür, amma, bütövlükdə yoxa çıxmır, dəyişir və çevrilir. Həqiqi ölüm və yoxluq mövcud deyildir. Daimi dəyişmə və çevrilmə vardır. Amma bu nəhəng sirri elmi qanunlarla həll etmək mümkün deyil. Elmdən xaric açıqlamalar isə ehkamdır, boş inancdır. Kamil ağla və elmə görə, bədəndən xaric ruh yoxdur və ola da bilməz”.
Eyni fikirləri Marks, Engels, Lenin, Pulitser, Saqan və başqa materialist filosofların əsərlərində də oxumaq mümkündür. Onlar kainatın sonsuzluqdan bəri var olduğunu, maddənin vahidliyini və mütləqliyini, insanın yalnız maddədən ibarət olduğunu və heç bir ruh daşımadığını, maddənin öz-özünə təkamül edərək, canlandığını bildirirlər. Bütün bunlar xurafatdan başqa heç nə deyil, çünki "kamil ağıl və elm", Işındağın dediyinin tamamilə əksinə olaraq, sübut edir ki, materialist fikirlər başdan-ayağa əsаssızdır. XX əsrin ikinci yarısında bu sübutların sayı xüsusilə artdı. Məsələn, bu gün elmi dairələrdə birmənalı olaraq qəbul edilən "Big Bang" nəzəriyyəsi kainatın milyard illərlə öncə yoxdan var edildiyini sübuta yetirib. Termodinamika qanunları maddənin öz-özünü nizamlamaq qabiliyyətinin olmadığını göstərir, bu isə dolayısı ilə o deməkdir ki, kainatda nizam-intizamı yaradan bir qüvvə var. Canlı orqanizmlərdə fövqəladə sistemlər onların bir yaradıcısının olduğuna dəlalət edir. (Məsələnin incəliklərinə varmaq üçün Harun Yəhyanın "Kainatın yaradılışı", "Materializmin sonu", "Həyatın əsl mənşəyi", "Təkamül yalanı" kitablarına baxın.)
Işındağ daha sonra yazır ki, əslində materialist (və dolayısı ilə ateist) olan masonlar "Kainatın Ulu Memarı" anlayışını belə qavrayırlar: 
"Masonluğa görə, həyat tək hüceyrədən başlayır, təkamül yolu ilə insana qədər gəlir. Başlanğıcın özü, mahiyyəti, səbəbi və məqsədi bilinmir. Həyat maddə və enerjidən başlayıb, ona da dönəcək. Kainatın Ulu Memarı ancaq uca bir prinsip, yaxşılıq və gözəlliklərin sonsuz üfüqü, təkamülün ustadı, ən yüksək pilləsi olaraq qəbul edilərsə, şəxsləndirilməzsə, doqmatizmdən qurtulmaq mümkündür".
Göründüyü kimi, masonluq fəlsəfəsində maddədən gəlib, maddəyə dönmək ən əsas prinsiplərdən biridir. Özü də masonlar bu ideologiyanı təkcə özləri üçün yaşatmırlar, onu bütün cəmiyyətə qəbul etdirmək istəyirlər. Məsələn, elə həmin Işındağ yuxarıdakı fikirlərinin ardınca yazır: 
"Bu fikirlərlə yetkinləşən mason insanlara təlim verməyə, onları elm və ağılla inkişaf etdirməyə çalışmalıdır. Beləliklə, masonluq insanlar, xalq üçündür, onlara görə çalışır, hətta xalq bunu istəməsə belə".
Yəni masonluğun cəmiyyətlə bağlı iki planı var:
1) Masonluq inandığı materialist fəlsəfəni (başqa sözlə desək, Qədim Misir xurafatını) "kamil elm və ağıl" adı ilə cəmiyyətə təlqin etməyə çalışır.
2) Bunu "hətta xalq istəməsə belə", etməyə niyyətlidir. Yəni bir cəmiyyət Allaha inansa, materialist fəlsəfəni qəbul etmək istəməsə, masonluq bu məsələdə israrlı davranacaq, xalqın iradəsinə rəğmən, onun dünyagörüşünü dəyişdirmək üçün çalışacaq.
Burada masonluğun istifadə etdiyi terminologiyanın aldadıcı olduğuna mütləq diqqət yetirin. Onlar öz fəlsəfələrini olduqca məsum, elmi və xoş niyyətli göstərməyə çalışırlar. Bu, yuxarıdakı sitatlardan da aşkar görünür. əslində isə masonluq fəlsəfəsinin "kamil ağıl və elmlə" heç bir əlaqəsi yoxdur. Bu, elmə tamamilə zidd olan qədim bir xurafatdır. Masonluğun "insanlığı inkişaf etdirmək" məqsədi də yoxdur. Onlar bu adla sadəcə, öz fəlsəfələrini cəmiyyətə аşılаmaq istəyirlər. Bunu "xalq istəməsə belə" etmək məqsədləri isə onu göstərir ki, niyyətləri qətiyyən xoş deyil, onlar totalitar bir dünyagörüşünə sahibdirlər.

II. Ruhun və axirətin inkarı

Masonlar materializm inancına uyğun olaraq, insan ruhunun və axirətin varlığını da qəti şəkildə rədd edirlər. Hərçənd, bəzən mason qaynaqlarında ölülər üçün "əbədiyyətə qovuşmaqdan" söz edilir və ya buna bənzər mənəvi anlayışlar işlədilir. əslində, burada heç bir ziddiyyət yoxdur, çünki masonların ruhun ölümsüzlüyünə dair bütün fikirləri simvolik məna daşıyır. "Memar Sinan" dərgisində "Masonluqda ölüm sonrası" başlıqlı bir məqalədə məsələ belə izah edilir:

“Masonlar Ustad Hiram əfsanəsində ölümdən sonra dirilişi rəmzi mənada qəbul edirlər. Bu diriliş həqiqətin daim yalana və qaranlığa üstün gələcəyini göstərir. Masonluq bədəndən ayrı bir ruhun mövcud olduğunu qəbul etmir. Insanı əbədiləşdirən onun əməlləridir. Uzun görünsə də, əslində xeyli qısa olan insan ömrü ərzində görülən işlərlə ölümsüzlüyə qovuşmaq olar. Adları ölümsüzləşənlər bütün səylərini insanları xoşbəxt etməyə, onlar üçün daha gözəl bir dünya yaratmağa yönəldiblər. Məqsədləri insani duyğuları yüksəltmək olub... Demək, əsrlər boyunca ölümsüzlüyü aramış insan oğlu gördüyü işlərlə buna qovuşacaq və həyatına məna qazandıracaq. Nəticədə, Tolstoyun yazdığı kimi, "Cənnət burada, Yer üzündə qurulacaq və insanlar ən böyük gözəliyyə qovuşacaqlar".
Ustad mason Səlami Işındağ isə eyni məsələ ilə bağlı bunları yazıb:
“Enerjini, maddəni hər şeyin cövhəri qəbul edən masonluq varlığın pillə-pillə dəyişikliklərə uğrayaraq, inkişaf edəcəyini söyləyir ki, bu da elmi mənada ölümü tanımamaqdır. Bu halda masonluq ruhun bədəndən ayrı olduğunu, heç vaxt ölmədiyini, ruhlar aləminə köçdüyünü, orada yaşadığını qəbul etmir. Masonluğa görə, ölümünüzdən sonra sizdən ancaq xatirələr və əməlləriniz qalacaq. Bu fikir elmə və məntiqə əsaslanır, ruhun ölümsüzlüyü haqda deyilənlər isə elm və məntiq prinsipləri ilə bir araya sığmır. Masonluq pozitivist və rasionalist fəlsəfəni əsas götürür.
Ölümdən sonra dirilməni rədd etmək, ölümsüzlüyü ancaq "qoyub getdiyin əməllərdə görmək"... Bu düşüncə masonlar tərəfindən "müasir elmin iddiası" kimi göstərilsə də, əslində qədim və mənasız xürafatdan başqa bir şey deyil. Quranda Allahı inkar edənlərin "əbədi yaşamaq ümidilə tikib-qurmaları" haqqında bilgi verilir. Müqəddəs kitaba görə, Hud peyğəmbər kafir Ad qövmünün bu cahil düşəncəsinə qarşı belə deyib:
“O zaman ki qardaşları Hud onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası, bel bağlanılası bir peyğəmbərəm! Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
Doğrudanmı, siz hər təpədə bir köşk qurub, əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, qəsrlər tikirsiniz! Və yaxaladıqda da zalımlаr kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin!” (“Şuəra” surəsi, 124-131).
Burada inkarçıların yanıldığı məsələ sənət əsərlərini yaratmaqlа bаğlı deyil. Müsəlmanlar da sənətə önəm verir və bu yolla dünyanı gözəlləşdirməyə çalışırlar. Aradakı fərq - niyyətdədir. Müsəlman Allahın insana verdiyi gözəllik və estetik duyğuları ifadə etmək üçün sənətlə maraqlanır. Inkarçılar isə sənəti "ölümsüzlük yolu" zənn edir və yanılırlar.

Top