Kəliməbaz I Sözlər

Kəliməbaz I Sözlər

“Dəftər”lə “literatura”nın, “dəri” ilə “dermatologiya”nın, “cins” ilə “genetika”nın arasındakı etimoloji bağlılıq nədir?

İlk baxışdan heç kimin ağlına da gəlməz ki, görünüşcə büsbütün fərqli olan “dəftər” və “literatura” kəlmələri eyni sözün əsasında yaranıb, amma Şərq və Qərb xalqlarının dillərində fərqli şəkildə inkişaf edib.

Qədim Yunanıstanda yazı vəsaiti kimi papirusdan başqa keçi dərisindən xüsusi şəkildə hazırlanmış “diftera” adlanan lövhədən də istifadə edilirdi. Bu kəlmə sonradan fars dilinə keçdi, oradan isə  azərbaycancaya “dəftər” kimi daxil oldu. 

“Diftera”nın Qərbdəki taleyi daha maraqlı və rəngarəngdir. Latın dilinə keçərkən o, səs dəyişməsinə məruz qalaraq “littera”ya çevrilib və “hərf” mənası alıb. Daha sonrakı inkişaf mərhələsində isə “littera”dan “literatura” sözü yaranıb ki, əvvəlcə “əlifba”, “yazı”, sonra isə “ədəbiyyat” məfhumlarını ifadə etməyə başlayıb.

Lüğətimizə yunan dilindən daxil olmuş başqa bir söz “dəri”dir. Bu sözün ulu babası yunan dilindəki eynimənalı “derma” kəliməsidir. Dəri ilə əlaqədar təbabət elminin müvafiq sahəsi də «dermatologiya» adlanır. Yunancadakı “derma” Qədim Hind-Avropa dilindəki “soymaq”, “qopartmaq” mənalarındakı “der-” felinin əsasında yaranıb. Xeyli nəvə-nəticəsi olan “der-” feli rus və ingilis dillərindəki müvafiq eynimənalı “драть” və “tear” kəlmələrinin yaranmasına səbəb olub. 

Biologiya elminin təlimlərindən biri  olan “genetika” və dilimizdəki “cins” sözləri də qohum-əqrəbadır. Qədim hind-Avropa dilindəki “doğmaq” mənasındakı “gen-” felindən yunan dilindən “irs”, “soy” kimi tərcümə olunan “genos” kəlməsi yaranır. Bu söz lüğətimizə ərəb dili vasitəsilə “cins” şəklini alaraq daxil olur. Biologiya sahəsindəki orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında bioloji təlim isə “genetika” adına layiq görülür.

Müəllif: Səməd Səfərov 

Top