Ümumiyyətlə, istər Osmanlı İmperiyası, istərsə də Türkiyə Respublikası dövründə masonluğun fəaliyyəti haqqında aparılmış tədqiqatlara və araşdırmalara istinad edərək Türkiyədəki masonların fəaliyyət tarixini 5 dövrə bölmək olar:
1. XVIII əsrin əvvəllərindən — 1909-cu ilə qədər Osmanlı İmperiyasında masonların fəaliyyəti. Mənbə Mirzə Ənsərli Türkiyədə masonların və sionistlərin fəaliyyəti kitabı
1. XVIII əsrin əvvəlləri — 1909-cu il;
2. 1909—1923-cü illər;
3.1923— 1935-ci illər;
4. 1935—1948-ci illər;
5. 1948-ci ildən bu günə kimi.
Türkiyəli masonların özləri öz tarixlərini araşdırarkən qeyd edirlər ki, Türkiyədə masonluğun meydana gəlib inkişaf etməsi və fəaliyyəti əslində, əsnaf cəmiyyətlərinə, fütüvvətnamələrə, hətta bektaşilik kimi Anadoludan qaynaqlanan təriqətlərə bağlıdır. Ancaq bu fikirlər o qədər də əsaslı deyildir. Çünki masonluğun əvvəl Osmanlı imperiyasına, bu imperiyanın dağılmasından sonra yerində dünyəvi prinsiplərə uyğun qurulmuş Türkiyə Respublikasına Qərbdən «idxal malı» olaraq gəldiyi və təməllərinin «yadellilər» daha sonralar da «azlıqlar» əlilə atıldığını aydın görmək olar. Onu da qeyd etmək lazımdır ki, Türkiyəyə xas mason və yaxud bir Türkiyə masonu anlayışı da yoxdur. Xarici vətəndaş olan hər hansı bir mason da Türkiyədəki mason lojaların birində «qardaş» kimi fəaliyyət göstərə bilər. Elə buna əsasən də biz Türkiyə mason tarixi, ya da Türkiyə masonluğu demək əvəzinə daha doğru və həqiqi olaraq Türkiyədəki masonluq və tarixi demək olar.
Türkiyədə masonluq tədqiqatçılardan sayılan və bu mövzuda bir neçə əsərin müəllifi olan Kəmaləddin Apak (33 dərəcəli mason) bu məlumatları verməkdədir: «İstanbulda ilk mason lojası XVIII əsrin əvvəllərində, 1723-cü ildə Sultan III Əhməd dövründə açılmışdır. Türkiyədəki ilk mason dərnəyi olan bu loja Fransa Böyük Lojasına bağlı olub Qalatada Cüməaxşamı bazarında Ərəb Came ətrafında imiş. Qalata ilə Azapqapı arasındakı bölgədə o zamanlar fransızlar, xüsusilə venesiyalı və genuyalı levantenlər (Şərqdə anadan olmuş avropalılar) yaşadıqlarından bu lojanın bunlar tərəfindən idarə edildiyi zənn edilməkdədir. Təəssüf ki, adını müəyyən edə bilmədiyimiz bu loja Sultan III Səlim (1789-1807) dövrünə qədər fəaliyyət göstərmiş və sonralar bağlanmışdır. Bu lojanın bağlanmasına əsas səbəb 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabı olmuşdur.
Bu inqilabda yəhudi diasporunun çoxluq təşkil etdiyi mason lojaları da fəal iştirak etmiş və əslində Böyük Fransa inqilabının əsas səbəbkarı olmuşlar. Bunu bilən Sultan III Səlim gələcəkdə Osmanlı imperiyası üçün təhlükə ola biləcəyini ehtimal etdiyindən ehtiyatlı olmağı üstün tutmuş və bu lojanı bağlatdırmışdır.
Qarşıya belə bir sual çıxır. Türkiyədə ilk türk mason kim olmuşdur? 1720-ci illərdə, yəni Sultan III Əhməd dövründə Fransaya səfir olaraq göndərilən İyirmi Səkkiz Mehmet Çələbi öz oğlu Səid Çələbi ilə birlikdə bir qədər Parisdə qalmışdır. Ata-oğul burada o zaman Avropa masonluğunun inkişafının və yayılmasının şahidi olmuşdular. Onlar mənimsədikləri yeni ideyalarla İstanbula döndükdən sonra Səid Çələbi İbrahim Mütəffrikə ilə Türkiyədə ilk mətbəə açmaqla bərabər İstanbulda Fransa Böyük Lojasına bağlı bir mason lojasının qurulmasında da fəal iştirak etmişdir. Onu da qeyd etmək lazımdır ki, İbrahim Mütəffərikə əslən macar olmuşdur. Yuxarıdakı məlumatlardan belə nəticəyə gəlmək olur ki, Türkiyədə türk olaraq ilk mason İyirmi Səkkiz Mehmet Çələbizadənin oğlu Səid Çələbidir.
Səid Çələbi sonralar Sutan I Mahmud dövründə (1732) İsveçə, 1741-ci ildə isə Fransaya səfir olaraq göndərilmiş və nəhayət Sutan III Osman dövründə (1755) beş ay yarıma qədər sədri-əzəm də işləmişdir. O, 1761-ci ildə Maraşda vəfat etmişdir.
İlk Türkiyə masonlarından biri də mərmi ustası Əhməd Paşa (1675—1742) olmuşdur. Əslən fransız olan bu şəxs Fransada kral XIV Lüdovik (1638—1715; 1643—1715-ci illərdə Fransa kralı) dövründə işlətdiyi bir günah üzündən əvvəl Avstriyaya getmiş, 1729-cu ildə isə Osmanlı dövlətinin xidmətinə girmişdir. O, Sultan III Əhməd dövründə paşa adına layiq görülmüş və ilk Mühəndisxanə Bərri Hümayunu (Hərbi Mühəndis və Topçuluq Məktəbi) qurmuşdur.
XIX əsrin əvvəllərinə qədər davam edən bu ilk 100 illik dövründə İstanbulda Fransa, İtaliya və Polşa Böyük Lojalarına tabe olan bir neçə mason dərnəyi də qurulmuşdur. Bunların qurucuları həmişə xarici vətəndaş və Şərqdə anadan olmuş avropalılar olmuşdur.
Osmanlı imperiyasını hərbi yolla dağıda bilməyən Avropa ölkələri onu daxildən parçalamaq və sarsıtmaq məqsədilə iqtisadiyyatını pozmaq istəyirdilər. Onlar bu planlarını reallaşdırmaq üçün imperiya ərazisində yaşayan qeyri-müsəlmanlardan və qeyri-türklərdən ibarət mason lojaları qurmağa çalışırdılar. Əslində bu mason lojaları Qərb dövlətlərinin bir casusluq qərargahı rolunu oynamışdılar. Bu lojalar cəlb etdikləri əsl türklərdən öz məqsədlərində istifadə etmək üçün onlara dövlətin yuxarı pillələrində vəzifələr tutmağına kömək edirdilər.
Türkiyədəki masonluğun fəaliyyətinin genişlənməsi daha Çox XIX əsrin 50-ci illərindən sonrakı dövrlərə aiddir. 1853-1856-cı illərdə baş vermiş Krım müharibəsində Rusiyaya qarşı Türkiyə Avropa ölkələri ilə müttəfiq olmuşdur. Bu yaxınlaşma nəticəsində Qərbi Avropa ölkələrinin çoxunun Osmanlı imperiyasının paytaxtı olan İstanbulda səfirlikləri açılmışdır. Bu dövrdə İstanbulda açılan bütün mason lojalarının qurucuları yuxarıda qeyd etdiyimiz xarici ölkələrin səfirlikləri olmuşdur. İstanbulda İngiltərənin səfiri olmuş Lord Radinq özü də mason olmuşdur. Onun mason olması türk dövlətinin məşhur şəxslərindən bəzilərinin də bu lojalara cəlb olunmasına səbəb olmuşdur. O, Qalata ətrafında Şotlandiya Böyük Lojasına bağlı bir mason dərnəyi qurmuşdur. Lord Radinq buraya o dövrdə Osmanlı dövlətinin sədri-əzəmi olmuş Mustafa Rəşid paşanı da cəlb etməyə nail olmuşdur.
Bu dövrlərdə ingilislərdən cəsarət alan fransızlar da dərhal fəaliyyətə keçdilər və nəticədə Bəyoğlunda bir mason lojası qurdular. Radinqdən sonra ingilislərin İstanbulda səfiri olan Ser Heny Bulver də Böyükdərədə öz adı ilə bir mason lojası qurmuşdur. Almanlar da bu illərdə İstanbulda iki mason lojası açmışlar. Ermənilər və yunanlar da tovladıqları bəzi türkləri aralarına alaraq öz siyasi məqsədlərinə çatmaqda bir vasitə olacağını düşünərək mason lojaları qurmuşdular. Xüsusilə ermənilərin qurduqları «Ser» lojasının Türk siyasi tarixində çox mühüm bir yeri vardır. Osmanlı imperiyasını daxildən və xaricdən yıxmaq üçün işbirliyi qurmuş qeyri-müsəlmanlar və bunların toruna düşmüş Osmanlı dövlətinin vətəndaşı olan bəzi müsəlmanlar (buraya imperiyanın əsas milləti sayılan bəzi vətən xaini olan türklər də daxildir) da ya bu lojaların üzvü olmuşdurlar, ya da bu lojaların təlimatlarına uyğun fəaliyyət göstərmişdilər. Yarıdəli olan vəliəhd Murad əfəndi də bu lojada mason olmuşdur. Masonlar və xüsusilə də ingilis masonları onun masonluğundan öz hesablarına böyük mənfəətlər gözləyirdilər. Hələ 1867-ci ildə Sultan I Əbdüləziz Avropaya etdiyi səyahət zamanı vəliəhd Murad əfəndi də onunla bərabər Avropada olmuşdur. Bu zaman Murad əfəndi Londonda o zaman İngiltərə vəliəhdi şahzadə Edvardla da görüşüb tanış olmuşdur. Edvard bu zamanlar Şotlandiya Böyük Lojasının ustadı idi.
Bu şəxs Murad əfəndiyə masonluqla bağlı ilk təkliflərini o zaman etmişdir. Hələ Murad əfəndiyə Avropaya getməmişdən əvvəl Namiq Kamal, Ziya Paşa və Kapilyon adlı bir erməni tərəfindən də masonluğa qoşulmaq təklif olunmuşdur. Türkiyəyə qayıdan Murad əfəndi bir müddətdən sonra Edvarddan bir məktub alır. İngilis şahzadəsi məktubunda aşağıdakıları yazmışdır: «Buradakı görüşümüz zamanı sizə gizli bir əhəmiyyətdən bəhs etmişdim. Mən bu əhəmiyyət haqqında bəzi məlumatları vermiş və hətta sizdən də bu əhəmiyyətə daxil olmağınızı xahiş etmişdim. O zaman yalnız bir tövsiyədən ibarət olan bu təklifimi indi sizə yenə də tövsiyə edirəm. Bu barədə sizə müraciət ediləcəkdir. Rədd etməməyinizi xahiş edirəm”. Bu məktubdan qısa bir müddətdən sonra Murad əfəndinin yanına loja ustadı gələrək Böyük Lojadan aldığı məktubu göstərir və ona xüsusi bir mərasimlə 18-ci dərəcənin veriləcəyini söyləyir. Əvvəldən hər növ təkliflərlə bu vəziyyətə öyrədilmiş olan vəliəhd Murad əfəndi bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirir. Ona verilən dəvətdən bir neçə gün sonra Murad əfəndi Beşikdaş Sarayının tənha bir otağında ətrafı qeyri-müsəlman dürd masonla dövrələnmiş olduğu halda masonluğa rəsmən qəbul edilmiş oldu. Kim olmuşdur bu qeyri-müsəlman masonlar? Bunlar — loja ustadı Kleanti İskaliyeri və masonlardan Kiritli d-r. mason Volonaki, d-r. Yakis və Eyamonda Eşamelos qardaşları olmuşdur. Məhz bu qeyri-müsəlmanlar Böyük Türk-İslam dövlətinin vəliəhdinin döşünə haşiyə və önlük taxdılar (masonluq simvolları və rəmzləri). Bu barədə bir iddia da var ki, vəliəhdin masonluğa qəbul edilməsi mərasimi şair Ziya paşa tərəfindən hazırlanmışdır. Bu iddianı mason şair Ziya paşanın nəvəsi ustad masonlardan olan d-r. Fəxrəddin İşıq irəli sürmüşdür.
Torpaqları dünyanın üç qitəsinə yayılmış Osmanlı imperiyası sarayının o günlərdə necə xəyanətlərlə əhatə olunmuş olduğunu başqa heç bir misal bu qədər gözəl anlada bilməz. Padşahlığa hazırlanan bir türk vəliəhdi daxili və xarici düşmənlərin işbirliyi ilə o dövrdə tam bir xəyanət şəbəkəsi halında çalışan masonluğa daxil edilir və ilk başlanğıcda 18-ci dərəcə verilir. Ancaq nəinki Türk dünyasının, həm də İslam aləminin ən böyük şəxsiyyətlərindən sayılan Sultan II Əbdülhəmidin hakimiyyətə gəlişi müəyyən bir dövr bu xəyanətlərin qarşısının alınmasına imkan yaradır.
O dövrlərdə qeyri-müsəlmanlar tərəfindən yaradılmış bu mason lojaları Türk dünyasının o zamankı məşhur şəxslərindən olan Böyük Rəşid paşanı (o, əvvəl Londonda səfir, sonra sədriəzəm olmuşdur. İngiltərənin İstanbuldakı səfiri olan Lord Radinqin Qalata ətrafında qurduğu mason lojasının üzvü idi), Fuad Paşanı (fransızların İstanbulun Bəyoğlu deyilən yerində qurduqları mason lojasının üzvü), Midhət paşanı (ingilislər Midhət paşaya daha çox diqqət yetirmiş və ondan böyük faydalar ummuşdular. Bu paşa öz hərəkətləri ilə dövlətə çox böyük ziyan vurmuşdur. Ancaq Sultan II Əbdülhəmidin sayıqlığı nəticəsində onun bu zərərli fəaliyyətinin qarşısı alınmış və sürgünə göndərilmişdir), Əhməd Vefik Paşanı, Namiq Kamalı, şairlərdən Ziya Paşa və Şinasini də cəlb edə bilmişdilər.
İstanbulda çoxlu mason lojalarının açılmasına baxmayaraq İngiltərə, Fransa, İtaliya və Yunanıstan masonları daha çox Selanikdə fəaliyyət göstərməyə üstünlük verirdilər. O dövrlərdə Osmanlı dövlətinə qarşı qeyri-müsəlmanların xain əməllərinin planları Selanikdə cızılırdı. Bunu hiss edən Sultan II Əbdülhəmid Selanikdəki masonlara qarşı müəyyən tədbirlər həyata keçirərkən onlar İstanbula sığınmışdılar. Sarayın təzyiqi və gördüyü tədbirlər nəticəsində İstanbulda da masonluq fəaliyyətləri iflic vəziyyətinə salınmışdır. Ancaq, Rumeli və Makedoniyada, xüsusilə Selanik və ətrafında mason lojaları qızğın fəaliyyətdə idilər. Sarayın İstanbuldakı nəzarəti Selanik, Kosova və Manastır vilayətlərində o qədərdə güclü deyildi, çünki burada güclü əcnəbi nəzarəti var idi.
Avropa dövlətləri və Rusiya tərəfindən həmişə (XIX əsrin axırı — XX əsrin əvvəlləri) hərbi, siyasi və iqtisadi təzyiqlərə, təcavüzlərə məruz qalan Osmanlı dövləti özünü qorumağa çalışdığı bir vaxtda bu mason əfəndilər xarici düşmənlərlə işbirliyi yaradaraq birgə fəaliyyət göstərmişdilər. Bu bölgədə açılan lojalardan «Makedoniya», «Makedoniya Rizorta» və «Veritas» Türkiyə əleyhinə o qədər qatı fəaliyyət göstərirdi ki, bəzi Türk masonları onların bu işlərindən bağlı olduqları Böyük lojalara şikayət etmək məcburiyyətində olmuşdular. Bütün bu lojalar Yunan Komitəçilərinin nəzarəti və əmrləri ilə fəaliyyət göstərirdi. Bunlardan Afina Böyük Lojasına bağlı «Makedoniya» lojasının ustadı bir yunan idi. Bu Lojaya Osmanlı dövlətinin o zamankı maliyyə naziri Reşid Ərər də daxil olmuşdur. Bu zaman qarşıya belə bir sual çıxır. Ustadı yunan özü isə Afina Böyük Lojasına bağlı olan bir loja mənsubu nazir Rəşid Ərər hansı fəaliyyəti ilə dövlətin hər zaman məruz qaldığı maliyyə böhranlarını aradan qaldırmağa çalışar? Bildiyimiz kimi, Yunanıstan bütün tarix boyu həmişə Osmanlı dövlətini həm hərbi, həm də iqtisadi qüdrətini sarsıtmağa çalışmışdır. Hamıya aydındır ki, maliyyə iqtisadiyyatın şah damarıdır. Buradan bizə hər şey aydın olur, yeni mənsub olduğu lojanın ustadı yunan olan və daima onun əmri ilə işləyən maliyyə nazirindən Osmanlı dövləti üçün bir əməli iş gözləmək sadəlövhlük olar.
Masonların əleyhinə ilk və ciddi təqib, təzyiq Sultan II Əbdülhəmid xan dövründə edilmişdir. Bu zaman İstanbuldakı mason dərnəklərinin hamısı və Makedoniyadakıların bir hissəsi bağlanmış və dağıdılmışdır. Çünki, Sultan II Əbdülhəmid xan türk masonları ilə ingilis, fransız, erməni və yunan masonlarının dövlət əleyhinə birgə fəaliyyət göstərdikləri haqda kifayət qədər isbat edilmiş məlumatlara malik idi. Bu dövrlərdə artıq mason lojaları «İttihad və Tərəqqi» Cəmiyyətinin qurulmasını reallaşdırdılar. Beynəlxalq masonluq türk dövləti əleyhinə apardıqları bütün fəaliyyətlərini «Hürriyyət», «Tərəqqi» və ya «Mədəniyyət» sözləri altında hizləyərək «İttihad və Tərəqqi»çilərin əli ilə gerçəkləşdirməyə çalışırdılar. «İttihad və Tərəqqi»nin demək olar ki, liderlərinin hamısı mason olmaqla «Makedoniya», «Makedoniya Rizorta» və «Veritas» lojalarının ustadları idilər. Bu ustadlar arasında sonralar Osmanlı Məclisi Məbusanına Selanikdən deputat seçilmiş Emanuel Karasso ən nüfuzlu türk və müsəlman düşmənlərindən olmuşdur. Onun ustad olduğu «Veritas» lojasında o dövrün dənizçilik naziri Camal Paşa, sədri-əzəm və daxili işlər naziri olan Tələt Paşa da var idi. Bu lojadan «İttihad və Tərəqqi» Cəmiyyəti də idarə olunurdu. Hökuməti devirmək, müxtəlif bölgələrdə etnik zəmində dövlət əleyhinə iğtişaşlar törətmək planları da bu lojalarda, xüsusilə də «Veritas» lojasında hazırlanırdı. Hal-hazırda onların bütün bu hərəkətləri sənədlər vasitəsi ilə isbat olunmuşdur.
Yuxarıda barələrində söz açdığımız masonlar öz məqsədlərini və istəklərini Sultan II Əbdülhəmid xana çatdırmaq üçün təşkil olunmuş nümayəndə heyətinin başında qatı türk və müsəlman düşməni olan mason ustadı Emanuel Karasso dururdu. O, bütün həyatı boyu bu fürsəti gözləmiş və Sultanın qarşısına tam bir intiqam hazırlığı ilə çıxmışdır. Əbdülhəmid xan qarşılamağa məcbur olduğu heyətin içindəkiləri və xüsusilə Emanuel Karassoya heyrətlə baxaraq və bu tarixi anın cavabını qavramayan heyətdəki türklərdən birinə alçaq səslə: «Aranıza bu adamları nə üçün qatdınız? Sizdən belə bir qərarı dinləmək məni incitməzdi, amma bu adamların məndən intiqam almasına necə alət oldunuz?» demişdir. Nümayəndə heyəti Saraydan qayıdarkən Tələt paşa yanındakılara: «Böyük günah işlətdik deyə söyləmişdir. Emanuel Karasso bu görüşdən iki gün sonra Selanikə gələrək konstitusiyanın və parlamentin bərpa olması ilə əlaqədar keçirilən böyük mason yığıncaqlarına da rəhbərlik etmişdir. Ayrıca olaraq Selanikdə masonlarla «İttihad və Tərəqqi»nin müştərək hazırladığı böyük bir rəsmi keçid keçirilmişdir. Masonlar bu rəsmi keçidə haşiyə və önlüklərini taxmış vəziyyətdə bayraqları ilə və ən öndə «Veritas» lojasının ustadı Emanuel Karasso olmaqla gəlmişdilər. Bununla da kifayətlənməyən Karasso mason bayrağı altında orada toplanan minlərlə adama nitq söyləmişdir.
Bütün bunlar masonluğun tam mənası ilə siyasətlə məşğul olduğunu və əsasən Osmanlı dövlətini sarsıtmağa çalışan xarici qüvvələrin casusu kimi fəaliyyət göstərmələrinə bir işarədir.
Lənətlərə layiq işlərini gizli-gizli görməyə çalışan masonlar «İttihad və Tərəqqi»nin güclü yardımları ilə artıq Türkiyədə istədikləri kimi fəaliyyət göstərirdilər. Bu hal Osmanlı dövlətinin yıxılmasına qədər davam etmiş və onlar beləliklə qarşılarına qoyduqları vəzifələrinin bir hissəsinə nail olmuşdular.
İstanbul və Makedoniyadakı mason fəaliyyətləri Anadolu daxilində o qədər də rəğbət qazana bilmədiyindən burada lojalar yarana bilməmişdir. Yalnız onlar İzmirdə bir neçə mason lojası qurmağa nail ola bilmişdilər. Bu lojalar xaricdəki Böyük Lojalara bağlı olduqlarından İzmirin Yunanıstana verilməsinə çalışmışdılar.
Sultan II Əbdülhəmid xanın hakimiyyətinin məhdudlaşdırılması və Konstitusiyanın elanı Osmanlı imperiyasında masonluğun genişlənib böyüməsinə və rəsmi bir mahiyyət almasına geniş bir şərait yaratmışdır. Masonlar konstitusiyanın elanından bir ay sonra (avqust 1908) Osmanlı Mason Lojalarının Ali Şurasını qurmaq üçün ilk yığıncaqlarını keçirməyə başladılar. Osmanlı dövlətinin məşhur masonları birinci yığıncaqlarını Osmanlı təbəəsi olan Mkırtıç Tokatlıyanın mehmanxanasında keçirdilər. Onlar öz fikirlərini dərhal Avropa ölkələrindəki Mason Lojaları Ali Şuralarına çatdırmış və hamısından icazə almışdırlar. Yalnız İngiltərə və Skandinaviya Ali Şuraları müstəqil Osmanlı Ali Şurasının qurulmasına tərəfdar olmadıqlarını bildirmişlər. Aparılan hazırlıqlar başa çatdıqdan sonra 1909-cu il martın 3-də Osmanlı İmperiyasında fəaliyyət göstərən Mason Lojalarının Ali Şurasını rəsmi şəkildə qurmaq üçün bir iclas keçirildi. Bu iclasda rəsmi şəkildə təsdiq olunan Ali Şurada vəzifələr aşağıdakı kimi qurulmuşdur:
- Süvren Qrankomandor: Əziz Həsən paşa (əslən misirli olan şahzadə);
- Müavin: Mehmet Cavid (sonralar maliyyə naziri olmuşdur)
- Ümumi Böyük Müfəttiş: Mehmet Tələt (sədri-əzəm Tələt Paşa)
- Ümumi Böyük Xətib: Midhət Şükrü Bleda
- Ümumi Böyük Xətib: Davud J.Kohen.
Osmanlı İmperiyasında fəaliyyət göstərən masonların Osmanlı Ali Şurası qurulan zaman Türkiyədə 33 dərəcəli 21 nəfər mason olmuşdur: 1. Tələt Paşa (sədri-əzəm); 2. Midhət Şükrü Bleda (deputat); 3. Mehmet Cavid bəy (maliyyə naziri); 4. D-r. Rza Tevfik (deputat); 5. Mehmet Akif (deputat); 6. Nəsim Nazelyah (deputat); 7. Mişel Noradunyan (tacir); 8. Davud Koğen (sığortaçı); 9. Mehmet Qalib; 10. Osman Adil (vəkil); 11. Fuad Xulusi Dəmirəlli (hakim); 12. Asim (Məclisi Məbusanın Baş Katibi); 13. Rəhimi (İzmir valisi): 14. Hüseyn Cavid Yalçın (qəzetçi); 15. Osman Tələt (vəkil): 16. Qalib Paşa (Jandarma Ümumi Komandanı); 17. Sarim Kibar (tacir). 18. Katibzadə Səbri (tacir). 19. Emanuel Karasso (deputat). 20. Mehmet Əli Baba (D-r. polkovnik). 21. Faiq Süleyman Paşa (dəstə komandanı).
Osmanlı imperiyasında respublika qurulana qədər (1923) 33 dərəcəli masonların sayı daha da artmışdır. 1908-1923-cü illərdə 33 dərəcə almış şəxslər aşağıdakılardır:
1. D-r. İbrahim Müslim (1920); 2. D-r. Cak Suhami (1921); 3. Viktor Alqiranti (tacir); 4. Moiz Fresko (tacir); 5. Saim Hüsnü Opat (şəhər əmanət şirkətləri komissarı); 6. Tevfik Hamdi (divan maliyyəçisi); 7. Arsen Arseyan (gömrük işçisi); 8. İsmayıl Faiq Başar (kənd təsərrüfatı mühəndisi); 9. D-r. İlyas Modyano (polkovnik); 10. D-r. İsmayıl Xurşid; 11. Sərvət Yesari (kassasiya məhkəməsi üzvü); 12. Deqat (vəkil); 13. D-r. Besim Ədhəm; 14. Xalid Həbbab (şəhər əmanət məmuru); 15. Zəki Dərviş (polis məktəbi müdiri); l6. Moris Mayer (tacir).
Osmanlı Ali Şurası qurulduqdan dörd ay sonra (9 iyul 1909) Türkiyədəki bütün lojalara və masonlara xitabən fransız dilində bir direktiv göndərilir. Burada Böyük Məşriqin qurulması üçün əməli fəaliyyətə keçildiyi bildirilir. Bu mövzuda 1909-cu il iyulun 13-də Qalatadakı Norondunyan karvansarayında keçirilən yığıncaqda İspaniya, Fransa və İtaliya Böyük Lojalarına bağlı 14 mason ustadı iştirak etmişdir. Bu 14 nəfərdən yalnız biri türk-müsəlman, 6 nəfəri isə yəhudi olmuşdur. Bu yığıncaqda Osmanlı İmperiyasının Böyük Məşriqinin qurulması üçün son toplantının 1909-cu il avqustun 1-də bazar günü keçirilməsi qərara alındı. Bəyoğlunda Haçapulos karvansarayının üstündəki bir evdə keçirilən toplantıda Osmanlı dövlətində rəsmən yaradılmış 7 lojadan 14 nəfər iştirak etmişdir. Burada hər lojadan 2 nəfərin iştirakı prinsipinə riayət olunmuşdur. Bu Lojalar aşağıdakılardır: 1. «Vətən", 2. «Mühibbani Hürriyyət", 3. «Vəfa", 4. «Şəfəq", 5. «Rəsnə", 6. «Tərəqqi və İttihad Həqiqi Muhipləri", 7. «Uhuvvəti Osmaniyyə"».
Bu toplantıda gizli səsvermə ilə keçirilən seçkidə ilk Böyük Məşriqin rəhbərliyinə aşağıda adları çəkilən masonlar seçildi:
1. Ustadı Əzəm (Böyük Ustad): Tələt paşa;
2. Böyük Ustad müavini: Qalib paşa (jandarma ümumi komandanı);
3. Birinci Böyük Nazir: Mehmet Əli paşa (d-r. polkovnik);
4. Birinci Böyük Nazir müavini: Edvard De Nari;
5. Böyük nazir: Osman Fəhmi (əczaçı, rəsnəli Niyazi bəyin qardaşı);
6. İkinci Böyük Nazir müavini: Nadra Muiran;
7. Böyük Xətib: D-r. Rza Tevfik;
8. Böyük Xətib müavini: Mişel Norodunyan;
9. Böyük Katib: Osman Tələt (vəkil);
10. Böyük Katib müavinləri: Solon Kazanova, Errera Dairo, Feyzi Menahem;
11. Böyük xəzinədar: Sarim Kibar;
12. Böyük xəzinədar müavini: D-r. İlyas Modyano;
13. Böyük İdarə məmuru: D-r. Cak Suhami.
Bu kadrlar diqqətlə tədqiq edilərsə aydın olacaq ki, bütün müavinliklər adətən türk və müsəlmanlara nəzarət etmək üçün yunan, erməni və yəhudilərə verilmişdir. Çünki bu heyəti seçənlərin əksəriyyəti qeyri-müsəlmanlardı. Böyük Məşriq qurulduqdan sonra onun Osmanlı Mason Ali Şurası ilə münasibətlərini təsbit edən bir müqavilə imzalamış və beləliklə Osmanlı dövlətindəki masonluq rəsmən tanınaraq yerləşmişdir. Bu tarix Sultan II Əbdülhəmid xanın taxtdan salındığı, konstitusiyanın elan edildiyi və 10 ildən sonra imperiyanın yıxılması naminə görüləcək çirkin işlərin bünövrəsinin qoyulduğu ildir.