Kəliməbaz I Güllər

Kəliməbaz I Güllər

Avropa dillərinin əksəriyyətində “tulipe”, “tulip”, “tulipan” və başqa bir neçə şəkildə mövcud olan və “lalə” mənasını verən sözlər “çalma” mənasını ifadə edən farş mənşəli “dülbənd” kəlməsinin əsasında yaranıb. Laləni Avropaya ilk tanıdan XVI əsrdə Osmanlı sultanının sarayında çalışmış avstriyalı səfir Oqye Busbek olub. Lalənin Avropa dillərinə niyə “dülbənd” kimi daxil olmasının səbəbi hələ də bilinmir. Bir ehtimala görə, lalə açılmazdan öncə çalmanı xatırlatdığından bəzən osmanlılar ona “dülbənd” deyirmişlər. Başqa bir ehtimal da belədir ki, o zamanlar osmanlılar çalmalarına lalə taxırdılar və görünür, Busbek tərcümədə xətaya yol verərək «lalə»ni «dülbənd» kimi başa düşüb.


Fars dilindən Avropa xalqlarının dillərinə köçmüş sözlərdən biri də “gül” mənasını ifadə edən, “rose”, “rosa”, “roza” və s. şəkildə mövcud olan sözdür. Bu söz bu xalqların lüğətinə italyan və yunan dillərindəki eynimənalı “rhodon” sözündən keçib. “Rhodon” qədim fars dilindəki “varda” sözünün dəyişmiş şəklidir. Ən maraqlısı odur ki, qədim hind-Avropa dilində “tikan” mənasını verən, “vrdho” sözündən əmələ gəldiyi güman edilən “varda” uzun minilliklər ərzində dəyişilərək Azərbaycan, fars və türk dillərdində “gül” şəklində qalıb. Amma ilk baxışdan kim deyə bilərdi ki, “gül” və “roza” eyni ata-babadan törəmədir?

Bihuşedici xüsusiyyətlərinə görə «nərgiz»in yunan dilindəki “keyləşmək” anlamını verən “narke” kəliməsindən əmələ gəldiyi güman edilir. “Narkotika” və “narkoz” sözləri də bu kökdən törəmədir. Lakin başqa bir iddiaya görə, “nərgiz”in kökü mifoloji əhvalatla əlaqəlidir. Yunan mifalogiyasında Nərgiz çox yaraşıqlı, gənc bir oğlan olub. Nərgizi görən bütün qızlar ona aşiq olurmuşlar, amma o heç kimin sevgisinə müsbət cavab vermirmiş. Nərgiz çox lovğa və təkəbbürlü imiş. Məhəbbət və gözəllik ilahəsi Afrodita bu lovğalığına görə Nərgizi cəzalandırmağa qərar verir. Bir dəfə meşədə dolaşan Nərgiz susayır və su içmək üçün bir gölün kənarına gəlir. Əyilib su içmək istərkən suyun üzərində öz əksini görür və qarşısındakının kim olduğunu anlamayan gənc özünə aşiq olur. Nərgizin qəlbində özünə qarşı o qədər böyük məhəbbət yaranır ki, gölməçəni tərk edə, öz əksindən ayrıla bilmir. Nəticədə Nərgiz gölməçə kənarında aclıqdan və əzabdan vəfat edir. Gəncin sorağı ilə gölməçə qırağına gələnlər onun yerində gözəl bir nərgizgülünün bitdiyini görürlər.

Müəllif: Səməd Səfərov
Top