"Bütün dövrlərdə, başqa vaxta nisbətən dünyanı indi daha çox gizli təşkilatlar idarə edir.
Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutulub".
Franklin Delano Ruzvelt, sabiq ABŞ prezidenti
Masonluq ən böyük və məxfi fəaliyyət göstərən, özünün əmlakı, çox milyardlıq büdcəsi olan beynəlxalq təşkilatdır.Son illərdə masonluq haqqında mətbuatda, televiziyada, internetdə və s. kütləvi informasiya vasitələrində çoxlu materiallar dərc edilir. İndiyədək masonluqla bağlı əlli mindən çox kitab yazılmasına baxmayaraq, onun mahiyyəti və cəmiyyətdəki rolu tam aydınlaşdırılmayıb. Masonların əməli o qədər məxfidir və elə böyük təsir gücünə malikdir ki, onu aysberqlə (suda üzən buz) müqayisə edirlər. Suyun üstündə olan hissəsi görünür, bəllidir, suyun altında olan hissəsi isə görünmür, qaranlıqdır. Aysberqin suyun altında olan hissəsi suyun üstündə olan hissəsindən qat-qat böyükdür.
Arxiv sənədlərindən bəllidir ki, müasir masonluq XVIII əsrin əvvəllərində İngiltərə və Avropada təşəkkül tapıb və qısa müddət ərzində dünyanın bir çox ölkələrinə yayılıb. Böyük Britaniya Ensiklopediyasının məlumatına əsasən hazırda Avropada 4 milyondan, Amerikada 5 milyondan çox mason fəaliyyət göstərir. Həmçinin, bəllidir ki, onlar Fransa, İngiltərə, Avstriya, Amerika və s. dövlətlərin idarə olunmasında fəal iştirak edirlər. Parisin, Romanın, Milanın və s. şəhərlərin merləri mason təşkilatında fəaliyyət göstərmişlər. O da bəllidir ki, mason mərkəzi-Ümumdünya İsrail ittifaqı Parisdə yerləşir. Bu mərkəzdən bütün sərəncam və göstərişlər dünyanın hər yerinə yayılmış mason lojalarına göndərilir.
Beynəlxalq masonluq qərb ölkələrinin xüsusi xidmət orqanları ilə birlikdə keçən əsrin 70-80-ci illərində apardıqları məqsədyönlü siyasət nəticəsində Rusiyada ictimai-siyasi quruluşu dəyişdirib, siyasi hakimiyyəti öz əllərinə ala bildilər. Bu işdə onların uğurlu fəaliyyəti SSRİ-də hökumət və partiya rəhbərliyinin masonluğa cəlb edilməsi, SSRİ-də 50 mindən çox təsir agentlərinin hazırlanması, masonluğun bərpa edilməsi, Rusiya təbii sərvətlərinin talanması ilə nəticələndi. Rusiyada siyasi rəhbərliyin masonluğa cəlb edilməsi xarici qüvvələrin maraqlarına üstünlük verirdi. Bolqarıstan Kommunist Partiyasının rəhbəri G.Dimitrov vaxtilə demişdir: "İctimaiyyət tez-tez təəccüblənir ki, məşhur dövlət xadimləri tələsik və əsasız olaraq, öz mövqelərini dəyişirlər, sözdə bir şey deyir, əməldə tamamilə əksinə hərəkət edirlər. Zahiri müşahidəçilər üçün bütün bunlar məntiqsiz və anlaşılmaz görünür. Mason təşkilatlarının işi ilə tanış olanlara hər şey aydındır. Adları çəkilən dövlət xadimləri mason təşkilatının üzvü olduqları üçün müvafiq lojaların göstərişlərini, tövsiyə və tapşırıqlarını icra edirlər. Hətta belə göstərişlər rəhbərlik etdikləri ölkənin və xalqın zərərinə olsa belə yerinə yetirməyə borcludurlar. Belə ki, üzv olduqları lojanın intizamına danışıqsız əməl etməlidirlər". G.Dimitrovun bu sözlərinə keçən əsrin 90-cı illərində Rusiyada baş verən hadisələr əyani sübutdur. SSRİ rəhbərləri M.Qorbaçov, A.Yaklovlev, E.Şevardnadze, Y.Primakov, V.Medvedev, B.Yeltsin və onlarla yüksək rütbəli şəxslərin rəhbəri olduqları dövlətin maraqlarını xarici qüvvələrə satmaları şübhəsiz ki, masonluqla bağlıdır.
Masonluğun tarixi haqqında müxtəlif məlumatlar mövcuddur. Tarixi mənbələrdən məlumdur ki, mason ittifaqı XVIII əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu, masonluğun tarixi kökü daha erkən dövrlərə gedib çıxır. Masonluğun tarixi ətrafında çoxlu əfsanə, mif və uydurma rəvayətlər mövcuddur. Ən çox hallarda masonluğun tarixini lap qədim dövrlə əlaqələndirməyə cəhd göstərilir. Bir çox mason tədqiqatçıları - bəziləri həqiqətə uyğun, bəziləri fərziyyə və təhriflərə yol verməklə, masonluğu ən qədim cəmiyyətlərlə əlaqələndirməyə cəhd göstərirlər. Hətta masonluğun tarixini Həzrəti-Adəmə aparıb çıxaranlar da olub.
Bir çoxları masonluğun yaranmasını çar Solomon (Süleyman peyğəmbər) məbədinin tikintisi ilə əlaqələndirirlər. Bir çox tədqiqatçılar masonluğun kökünü pifaqorçuluqda və xristianlıqda axtarırlar. Lakin ən çox həqiqətə uyğun gələn fərziyyə çar Solomonun məbəd tikintisi və tikintiyə rəhbərlik edən Misir kahinlərinin şagirdi Adoniram rəvayətidir.
Yəqin ki, mason sözünün mənası oxucular üçün maraqlıdır. Mason - bənna (daşyonan usta) deməkdir. Rəvayətə görə, onlar öz başlanğıcını çar Solomonun məbədinin tikintisindən götürüblər. Bizə gəlib çatanlara inansaq, çar Solomon elə bir əzəmətli məbəd tikdirmək qərarına gəlir ki, həmin məbəd ilahi bilikləri və həqiqəti dərk etmək istəyənlər üçün məbədgah olsun, həm də ilahi bilikləri, həqiqəti nəsildən-nəsilə ötürə bilsin.
Məbədin tikintisinə müxtəlif xalqlara mənsub olan 130 min işçi cəlb olunur. Məbəd tikintisi işinə Misir müdriklərinin şagirdi Adoniram rəhbərlik edir. Solomon kimi, ilahi bilikləri mənimsəmiş Adoniram işçiləri üç qrupa - şagird, usta köməkçisi və usta dərəcələrinə bölür və hər dərəcəyə uyğun olaraq fərqləndirici nişan, söz və qayda müəyyənləşdirir. Adoniram onları dərəcələri üzrə seçilmiş müdriklərin işi ilə və xüsusi simvollarla tanış və həmin dərəcələrə uyğun əmək haqqı təyin edir. Ona görə, qalan işçilərin bir qrupu hiylə, güc ilə Adoniramdan usta dərəcəsi almağa cəhd göstərirlər.
Bir dəfə işdən sonra məbəd boş olan vaxt Adoniram görülən işə baxış keçirəndə cənub qapıdan ona sui-qəsdçi yaxınlaşır və usta dərəcəsi tələb edir. Usta dərəcəsi ala bilməyən sui-qəsdçi ona çəkiclə vurur. Adoniram şimal qapıya doğru gedir, şimal qapıda digər sui-qəsdçi ona kirkə ilə zərbə endirir. Adoniram ölümünü hiss edib, ilahi başlanğıcı və sirri ifadə edən, üzərində "İqovi" sözü olan qızıl pərgarı quyuya atır. Onda Şərq qapısından üçüncü sui-qəsdçi Adonirama hücuma keçib, onu ölümcül yaralayır. Adoniramın cəsədini gizlətmək üçün onu torpağa basdırıb, yerini zeytun budağı ilə nişanlayırlar. Solomon Adoniramın ölüm xəbərini eşidəndə çox qəmgin olur və tapşırır ki, onu tapsınlar. Axtarışdan sonra cəsəd tapılır. Qəbrin üstündə basdırılmış zeytun budağı göyərmişdi. Günahsız olduqlarını sübut etmək üçün işçilər ağ əlcək geyirlər. Bu rəvayətdə istifadə olunan sözlər-çəkic, pərgar, əlcək, önlük, zeytun çələngi, şagird, usta köməkçisi və s. müasir masonluğun önəmli simvollarıdır.
Davamı olacaq....
Müəllif Sultan Məmmədov
Mənbə Masonluq: dünyanı idarə edən qüvvə