Bu marağınızı aradan qaldırmaq üçün bildirim ki, qadının həqiqi yeri müsəlmançılıqdadır. Bu həqiqəti açıqlayan bəzi izahlar vermək, zənnimcə, faydalı olar:
Bu gün hal-hazırda yer üzündə iqtisadi və ictimai sistemi və dünyagörüşü ilə tam mənası ilə yerləşmiş bir İslam aləmi yoxdur. Lakin bunun felən mövcud olmaması, müsəlmançılığın, həqiqətən, ən ideal sistemi gətirdiyi gerçəkliyini ortadan qaldırmaz. Ümumiyyətlə, biz bu və digər ölkələrin deyil, müsəlmançılığın gətirdiyi ölçülər içərisində İslam aləminin iqtisadi və ictimai sistemini və dünyagörüşünü qısaca gözdən keçirdikdən sonra İslamın, müsəlmançılığın qadına verdiyi dəyəri izah etməyə çalışacağıq.
Müsəlmançılığın özünə məxsus kamil bir iqtisadi sistemi mövcuddur. Bu iqtisadi sistem nə şərqdəki, nə də qərbdəki sistemdir, çünki müsəlmançılıq ikiqanadlıdır, daima maddiyyatla mənəviyyatı bir-birinə paralel olaraq aparmışdır. Buna görə də müsəlmançılıqda həm maddiyyat, həm də bununla bərabər hər zaman, hər yerdə heç ayrılmayacaq şəkildə bir mənəviyyat vardır. Müsəlmançılığın iqtisadi sistemi maddiyyatla bağlıdır. Hər bir kəsin malı, mülkü vardır və hər bir kəsin malı və mülkü onun özünə aiddir, qorunmuşdur, heç kimin buna yan baxmağa gözü və haqqı yoxdur. Bu haqq o qədər mühüm bir şeydir ki, Peyğəmbər əleyhissəlam bir çox tövsiyələrində buyurmuşdur: “Axirətdə mənim yanıma gəldikdə hər cür günahla gəlin, lakin qul haqqı ilə gəlməyin”.
Bunun mənası odur ki, başqalarının hər cür malına, puluna və s. haqqına son dərəcə riayətkar olmalıyıq. Müsəlmançılıq eyni zamanda qazanca və qazanmağa da böyük yer vermişdir. “Verən əl, alan əldən üstündür”, – deyilmişdir. Bu o deməkdir ki, hər bir müsəlman qazanmaq üçün işləməklə və başqalarına yardım etməklə mükəlləfdir. Həmçinin müsəlmançılıqda “Əl–Kasibu həbibullah”, – buyurulmuşdur. İşləyəni Allah sevər, işləyən Allahın sevgilisidir, – deyilmişdir. Buna əsasən müsəlman mütləq işləmək, istehsal etmək və iqtisadi baxımdan faydalı bir ünsür olmaqla mükəlləfdir. Bu baxımdan baxdıqda adama elə gəlir ki, müsəlmançılıq sanki “Qərb Bloku”na bənzəyir. Mülkiyyətə hörmətkarlığı əsas götürür, lakin müsəlmançılıq sistemi qərbin kapitalizm sisteminin özü deyildir. Aradakı böyük fərq buradadır. Müsəlman qazanacaq, lakin müsəlman israf edə bilməz, israf haramdır. Buna görə də müsəlman qazandığını mütləq xeyirli bir sahədə xərcləməlidir. Qərbdəki insanın belə bir prinsipi yoxdur. O, qazandıqlan sonra pulunu hər cür nəfsani arzusu uğrunda rahatlıqla xərcləyə bilir, lakin müsəlmançılıqda bütün bu qazanclardan sonra təvazökar olmaq, israf etməmək, daima başqaları üçün faydalı olmaq, yoxsullara yardım etmək deyilən bir amil, bir əsas vardır. Bu baxımdan İslam sistemi qərb rejiminin naqis tərəflərini ortadan qaldırıb kapitalizmin çata bilmədiyi ülvi qayəni öz ölçüləri ilə mənəvi qüvvətlərdən faydalanaraq yaratmaq imkanını əldə etmiş bir sistemdir. Bu sistemin meydana gətirdiyi iqtisadi həyatda, həqiqətən, maddiyyatla mənəviyyat bir-birindən ayrılmaz. Bunu bir çox misallarla görür və bilirik.
Bundan bir neçə yüz il əvvəl Osmanlı İmperatorluğuna səyahətə gəlmiş bir qərbli səyyahın müşahidələri bu məsələni bizə asanlıqla açıqlayan bir misalı təşkil etməkdədir. Bu səyyah bir gün səhər tezdən bir müsəlmanın mağazasından alış-veriş etməyə gələrək bir malın qiymətini soruşmuş və ona bu qədərdir – deyə cavab vermişlər. Qiyməti münasib görmüş və “elə isə bu malı almaq istəyirəm”, – dediyi vaxt türk tacir “Məni bağışlayın, bu qarşıdakı qonşuda eyni mal həmin qiymətə vardır. Mümkündürmü bu malı ondan alasınız?” Qərbli insan çaşır və soruşur: “Bunu mənə nə üçün tövsiyə edirsiniz?” Türk tacir cavab verir: “Sabahdan bəri diqqət edirəm, qarşıdakı qonşum heç siftə etməyib. Halbuki mən bir az alver etmişəm. Gedib ondan alın ki, qəlbi xoş olsun”.
Müsəlmançılıq iqtisadi maddiyyatın yanında mütləq mənəviyyatı da bərabər aparmışdır. Bu, nə “Şərq Bloku”nun, nə də “Qərb Bloku”nun çata bilməyəcəyi ülvi bir nəticədir. Bundan bir müddət əvvəl İstanbulda bir axşam toplantısına dəvət edilmişdim. Yaşlı bir xanım İslamı qəbul etmiş, Yunanıstandan gəlmişdi. Uzun illər Yunanıstanda qalmış, 40 il müsəlman olmaq üçün çırpınmış və nəhayət, İstanbul müftiliyində İslamı qəbul etdiyini rəsmən qeyd etdirmişdir. O günün axşamı qohumunun evinə getmişdir. Biz də bu günün axşamında keçirilən toplantıda iştirak edirik. Qadın bu günə yetişdiyinə görə son dərəcə məmnundur. Bu onun halından məlumdur. Biz sözə başlamamışdan əvvəl dedi ki, bura toplanmısınız və mənim nə üçün müsəlman olduğum sizi maraqlandırır. Siz soruşmadan mən sizə qısaca danışım. Biz konyalı zəngin və müsəlman bir ailənin yanında yaşayırdıq. Atam, anam və qardaşlarım onun evində xidmətçilik edirdi. Bu ailənin son dərəcə zəngin bir ağası vardı. Bu ağa ölkənin sayılan zənginlərindən olmaqla bərabər son dərəcə də təvazökar bir insan idi. Uşaqlığımda elə bir bayram yox idi ki, bu müsəlman ağa onun xidmətçisi olduğumuz halda, bayramlarda əvvəl bizə – xidmətçinin uşaqlarına yaxşı və yeni hədiyyələri və ayaqqabıları öz uşaqlarından daha sonra alsın. Hər bayram əvvəl bizim üçün, ondan sonra öz övladlarına ən çoxu eyni keyfiyyətdəki ayaqqabını alıb gətirərdi. Çox zəngin bir insana bu davranışları öyrədən belə bir dinə qırx ildən bəri mən heyran qalmayım da, kim qalsın? Bu gün belə bir dinin nümayəndəsi olmaq şərəfini qazandığım üçün həyatımın ən xoşbəxt gününü yaşayıram.
Həqiqətən, müsəlmançılıq sistemi, müsəlmançılıq yolu zənginlikdir, insanı zənginləşdirir, lakin sonda mənəvi baxımdan da yetişmiş bir insan ortaya çıxarır. Müsəlmançılıq ticarətə böyük əhəmiyyət verir. Bildirir ki, həqiqi tacirlər peyğəmbərlərlə və şəhidlərlə həşr olunacaqlar, lakin comərdliyə bundan da böyük əhəmiyyət vermişdir. Cənnətə ilk girən şəxslər comərdlərdir, – demişdir. Comərdliyin mənası insanın özünün xoşuna gələn şeyi, özü üçün ayırdığı şeyi başqasına verə bilmək, hədiyyə edə bilmək, tərk edə bilən insan olmaq deməkdir. Müsəlmançılıq daima mənəvi hədəfləri maddi hədəflərin üzərinə yerləşdirmək surəti ilə həqiqi ədaləti, həqiqi nizamı diriltmiş və yaratmışdır.
İctimai həyata gəldiyimiz zaman müsəlmançılıqda ailə cəmiyyətin əsasını təşkil edir. Övladları ilə, bütün haqları ilə nizamlı, sistemli, bir-birinə hörmətli və sevgi içərisində bir ailə vardır. Qonşuluq haqqı son dərəcə üstün tutulur. Qırx ev irəliyə qədər qonşu sayılır, insanların bir-biri ilə yaxşılıqla, şəfqətlə, rəhmətlə və asanlıqla davranılmasına əmr edilmişdir. Bir-birinə belə ülvi bağlarla bağlanan bir insan cəmiyyəti ictimai baxımdan ən hüzurlu cəmiyyətdir.
Hətta əvvəlki böyüklərin bəzi tövsiyələri belədir: “İki müsəlman bir-birinin yanına gedərkən, mən indi bu yaxınlaşdığım dostumdan nə mənfəət əldə edəcəm”, – deyə onunla görüşərsə, o görüşdən xeyir gəlməz, əksinə “Mən indi yanına getdiyim qardaşım üçün hansı məsələdə faydalı ola bilərəm”, – deyə düşünərsə, o görüşdən böyük faydalar əldə olunar.
İnsanlar həmişə başqalarına yardım etmək üçün içlərində mənəvi bir imkana, mənəvi bir gücə sahib olarsa, belə bir ictimai nizamda, heç şübhəsiz, mütləq səadət meydana gələr.
Dünyagörüşünə nəzər salsaq, müsəlmançılıq mütləq hər bir məsələdə axirətə diqqət etməyi əmr etmişdir, çünki, həqiqətən, normal və yetərincə inkişaf etmiş insan bu dünyadan ibarət olan bir həyat ilə qane ola bilməz. Mütləq axirətə inanmaq, axirətin varlığını bilmək məcburiyyətindəyik, çünki bu dünyada əgər hər şey ölümlə sona çatmış olarsa, bütün bu yaradılışın ümumi surəti və görünüşü əbəsdən başqa bir şey ola bilməz. Mütləq ədalətin təcəlli edəcəyi gün bu dünyanın içində də vardır. Ardınca da gələcəkdir. Və bu yaradılışlar müvəqqəti deyildir, insan mütləq sonsuza qədər gedəcək bir yaradılışdadır. Cənabı-Haqqın bunları həqiqətə çevirəcək qüdrəti vardır. Ümumiyyətlə, müsəlman yalnız maddiyyatını düşünən bir insan deyildir. Bir çox məsələlərdə axirətini də düşünür. İqtisadi nizamda da düşüncə nizamlayıcı rolunu ifa edir.
Hətta həqiqi bir müsəlman tacirin belə bir sifəti vardır. Bunu, həqiqətən, baş vermiş bir hadisə ilə nəzərinizə çatdırım. Bir gün Peyğəmbərimiz – Allahın rəhməti ona olsun! – sübh namazından sonra bazarı gəzərkən orada bir tacirin bir malı digərlərinə nisbətən daha ucuz qiymətə satdığını görür və ondan soruşur: “Bu malı belə ucuz bir qiymətə satırsınız, az qazancla kifayətlənirsiniz. Bunu sırf müsəlman bazarında ucuzluq olsun və Cənabı–Haqq axirətdə sizin bu hərəkətlərinizə görə sizə böyük savab versin deyə edirsinizmi?” Tacir cavab verdi: “Bəli, ya Rəsuləllah, mən buna görə edirəm. Yoxsa, hamı kimi mən də baha sata bilərəm, lakin az qazancla kifayətlənirəm, bazarımızda ucuzluq olsun. Bura müsəlman diyarıdır. Mənim bu hərəkətlərimin savabını Cənabı–Haqq mütləq verər”. Peyğəmbərimiz əllərini açıb belə bir tacir, belə bir satıcı üçün çox böyük dualar etmişdir.
Buna əsasən, həqiqi müsəlman tacir belə hərəkət edərsə, tacirdir. Bu tacirlərin yaratdığı iqtisadi həyatda da mütləq bərəkət vardır. İndi bu cür dünyagörüşə və belə bir ictimai quruluşa malik olan müsəlman dünyası içərisində qadınların işlədiyi sahələrə nəzər yetirək:
Əzizlərim, bir müsəlman xanımı iqtisadi həyatda işləyə bilər və işləyir də. Hətta bəzi xidmətlərin qadınlar tərəfindən həyata keçirilməsi təşviq edilmişdir. Lakin bəzi yerlərdə xanımların işləməsi zəruri hesab olunmuşdur. Məsələn, tibb bacısı vəzifəsi. Bir müsəlman diyarında xəstəxanalarda tibb bacısı vəzifəsinin, ələlxüsus, qadınlar tərəfindən həyata keçirilməsi tərcih və təşviq edilmişdir. Həmçinin qadın xəstəlikləri üzrə həkim kimi bəzi vəzifələrin qadınlar tərəfindən yerinə yetirilməsi üzərində önəmlə dayanılması lazım olan bir məsələ hesab edilmişdir. Bundan başqa, müsəlman qadın başqa işlərdə də işləyə bilər. Bəlkə, “Sümərbank” Ümumi Müdirinin otağına getmiş dostlar vardır. O otaqda bir toxuculuq fabrikinin şəkli var. 150 il əvvəlki toxuculuq fabrikidir. Bir çox müsəlman xanımlar bu toxuculuq fabrikində çox gözəl bir iş ab-havası içindədir. Maraqlanan dostlar gedib baxa bilərlər. Müsəlmançılıqda qadın işləyə bilər və iqtisadi həyatda bir ünsür ola bilər. Müsəlmançılıqda qadın eyni ilə kişi kimi elm öyrənmək və ibadət etməklə mükəlləfdir. Cənabı-Haqq insanları kişi, qadın, ağ, qara deyə ayırmır. Kimin təqvası daha çoxdursa, insanların içərisində də ən fəzilətlisi odur, – deyir. Hər halda qadının kişidən, kişinin də qadından Allah yanında heç bir üstünlüyündən söz gedə bilməz. Cəmiyyət içərisində müsəlmançılıq qadın üçün onun yaradılışına uyğun vəzifələrə üstünlük vermişdir. Heç bir zaman onu nə şərqdən, nə də qərbdəki zorakı iş sitəmlərinə məcbur etməmişdir. Bəlkə də, bu anda bəzi kişilərimizin heç də xoşuna gəlməyəcək, bir lətifə danışmaq istəyirəm. Çox açıq şəkildə göstərək ki, müsəlman bir ailədə qadın heç bir iş görməyə məcbur deyildir. Hətta övladına baxmağa belə məcbur deyildir. Evin bütün işlərini görmək, evin qazancını təmin etmək kişinin vəzifəsidir. Müsəlmançılıqda qadına öz yaradılışına uyğun işləri yerinə yetirmək tövsiyə olunmuş və öz istəyi ilə gördüyü, dünyada və axirətdə bir mükafatını görəcəyi bir əlavə iş olaraq bir lütf kimi tələqqi edilmişdir. Müsəlmançılıqda qadının nə şərqdə, nə də qərbdə çata bilməyəcəyi çox böyük yeri vardır.
İcazə versəniz, sizə bir neçə ayə və hədis oxuyardım. Quranda “Nisa” (“Qadınlar”) surəsi adında bir qadın surəsi vardır. Bu surənin 19-cu ayəsində qadınlarla gözəl rəftar edilməsinə əmr olunur. Bunun mənası odur ki, müsəlmançılıqda qadınlara hörmətdə yanaşmaq, yumşaq və nəzakətlə rəftar etmək əmr olunmuşdur. Onların təbiəti belədir. Belə hərəkət etmək lazımdır. Həmçinin “Bəqərə” surəsinin 187-ci ayəsində “… Onlar sizin, siz də onların libasısınız. …” – deyə buyurulmuşdur. Libas örtü mənasındadır və bunun da həqiqi mənası odur ki, onları xarici təsirlərə qarşı hər cür zərərlərdən qorumaq lazımdır.
Hədisi-şəriflərdə qadının müsəlmançılıqdakı yeri belə bəyan olunur: “Dünya maldır. Onun ən xeyirli malı da saleh qadındır”. Digər bir hədisi-şərifdə deyilir: “Qadınlar haqqında xeyirli tövsiyələr vermək üçün mənə sual verin. Nə deyirsiniz deyin, bu barədə sizə məsləhətlər verim, yardımçı olum”. Başqa bir rəvayətdə buyurulur: “Əxlaqı ən gözəl olan mömin kamil mömindir. Sizin ən xeyirliniz qadınlara qarşı ən xeyirli olanınızdır”. Başqa bir hədisdə buyurulur: “Rəbbinin sənin üzərində haqqı vardır. Öz nəfsinin sənin üzərində haqqı vardır. Ailə fərdlərinin sənin üzərində haqqı vardır. Hər haqq sahibinin haqqını ver!” Digər bir hədisdə buyurulur: “Elm öyrənmək hər bir mömin kişiyə və qadına vacibdir!” Ümumiyyətlə, mükəlləf olduqları və əsasən, Allah yanında mühüm olan vəzifələr baxımından onların da eyni ilə mükəlləf olduqları və onlara hörmət göstərilməsi və onlarla gözəl rəftar edilməsinin vacib olması ilə yanaşı kişilərlə tamamilə bərabər olduqları bəyan edilmişdir. Digər çox mühüm bir hədisi-şərifdə belə deyilir: “Ya Rəsuləllah! Mənim üçün gözəl sevgi və baxımına ən çox möhtac olan kimdir, kimə bu xidməti etməliyəm!” Peyğəmbər buyurdu: “Anana!” “Sonra kimə?” – deyilmiş yenə “Anana!” – deyə cavab vermişdir. “Sonra kimə?” – deyə soruşduqda yenə “Anana!” – deyə cavab vermişdir. Təkrarən soruşduqda “Atana!” – deyə cavab vermişdir. Buna görə də müsəlman ailəsində övlad üzərində ananın üç haqqı varsa, atanın bir haqqı vardır. Həqiqətən, ana möhtərəm, müqəddəs və böyük bir varlıq olaraq müsəlmanın dünya həyatında, ictimai baxışında və iqtisadi varlığında çox mühüm yeri olan varlıqdır.
Quran-kərimdə “Nisa” surəsi adında bir qadın surəsi olduğu kimi, Peyğəmbərimizin insanlara etdiyi son xütbəsi “Vida Xütbəsi”ndə də qadınlara mühüm bir fəsil ayrılmışdır. “Vida Xütbəsi”nin son dərəcə təsirli, insanlara ən ədəbi, ən gözəl tövsiyə verən qadınlara aid hissəsi belədir: “Ey insanlar, qadınların haqlarına diqqət etməyi və bu barədə Allahdan qorxmağı sizə tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız və onların namusunu özünüzə Allahın əmri ilə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınız budur ki, heç kimi yatağınıza daxil etməsinlər (yəni zina etməsinlər), sevmədiyiniz şəxsləri icazəniz olmadan evinizə gətirməsinlər. … Qadınlarınızın da sizin üzərinizdəki haqları odur ki, ürf və adətə görə onların yeməyini və geyimini verməlisiniz….” Beləcə müsəlmançılıqda, həqiqətən, qadın nə şərqin, nə də qərbin çata bilmədiyi son dərəcə möhtərəm bir mövqeyə çatmışdır. İslam onu belə bir məqama sahib etmiş və belə bir məqama yerləşdirmişdir.
Əfəndim, bir an şərqdəki qadını düşündüyüm zaman yadıma bir dəmirçi dəzgahı düşür. Həqiqətən, gördüyüm kimi bir dəmirçi dəzgahının başında qan-tər içində ən ağır işlərdə, özünə də heç bir qarşılıq vəd verilmədən işləyən, yorğun, bədbəxt bir qadın tipi görürəm, xəyalımdakı tabloda. Qərbdəki qadını düşündüyüm zaman kişi qədər işləyən və özünün bəzi haqlarında və s-də mütləq bərabər tutulacaqsan iddiası ilə materialist bir görüşlə maddə olaraq tutulan bir qadın vardır. Öz təbiətinə, öz xüsusiyyətlərinə uyğun bir davranış görmür, ona lazım olan hörmət, lazım olan şəfqət göstərilmir. Bu qadın işləyir, lakin tam qənaət içində deyil, öz yerini tapmamışdır. Bir qədər əvvəl dediyim kimi İslam aləmində qadını düşündüyümüz zaman isə, oradakı qadın möhtərəm bir qadındır, oradakı qadın, həqiqətən, cəmiyyətin təməlidir və oradakı qadın təmizliyin, tərbiyənin örnəyidir. Hamınız bizim nənələrimizin müşk ətirli tərtəmiz boxçalarını xatırlayırsınız. Qadın, həqiqətən, o boxçaları hazırlayan təmiz bir insandır. Cənnətə girməyə namizəd bir insandır. Hətta İslam tablosunda Cənnət anaların ayağının altındadır. Cənnəti ayağının altında tutan bir varlıqdır. Hamınızı hörmətlə salamlayıram”.
Mənbə: muselmanqadin.az