Qadın gözəlliklərindən biri də dırnaqların səliqəli görünüşüdür. Tez-tez manikürə vaxt ayıra bilməyən xanımlar günün dəbi ilə ayaqlaşmağa çalışır, 3-4 həftə boyunca qalıcılığını saxlayan gel, şellak tipli dırnaq boyalarından istifadə edirlər. Əksər dermatoloqlar gel-boya və bu tip manikür növlərinin zərərli olduğunu bildirir. Eyni zamanda qeyd edirlər ki, iki dəfə ardıcıl gel, şellak etdirən xanımlar ən az 3 ay müddətində dırnaqlara istirahət verməlidirlər.
Çünki qeyd olunan manikür prosesləri zamanı dırnağın sədəfi zədələnir. Bütün bunlara baxmayaraq, qadınlarımız bu manikür formalarından imtina etmirlər. Hətta namaz qılan, dindar xanımlar da onlara maraq göstərirlər. Gel və şellakın uzun müddət silinmədən dırnaqda saxlandığını nəzərə alanda belə bir sual yaranır: Dırnaqlardakı boya (lak) dəstəmaz almaq və qüsl etməyə mane olur? Bir qadın dırnaqları laklı halda dəstəmaz ala bilər?
Quranda dəstəmazla bağlı ayədə qeyd olunur: “Allah sizə (dəstəmaz və qüslü əmr etməklə) bir çətinlik törətmək istəmir. Ancaq sizi arındırmaq (təmizləmək) və sizə olan nemətini tamamlamaq istəyir”.
Bəzi xanımlar isə dırnaqlardan lakın silinməsi prosedurunu çətinlik kimi qiymətləndirir və dırnaqları laklı halda dəstəmaz almaqlarına bəraət qazandırırlar.
Məsələ ilə bağlı Məşədi Dadaş Məscidinin imam-camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli bunun doğru olmadığını bildirib: “Doğrudur, dəstəmazla bağlı ayə var. Lakin lakın dırnaqdan silinməsi insan üçün çətinlik yaradan bir nüans kimi qiymətləndirilməməlidir. Lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddədir. Dəstəmaz zamanı su bədənə təmas etməlidir, etmirsə, dəstəmaz düzgün deyil”.
Hacı Şahin deyib ki, ən yaxşı halda dəstəmaz alıb lak çəkmək olar: “Növbəti namazda isə həmin lak yenə də silinməlidir”.
Bu açıqlamaya əsasən, əslində dinin dolayısı ilə dermatoloqları təsdiq etdiyini demək olar.
modern.az