Sevgi yaradıcılığı

Sevgi yaradıcılığı

Müsəlman şərqi ölkələrinin tarixi keçmişinin də, bu gününün də şahidlik etdiyi xoşagəlməz məsələlərdən biri qadın hüquqlarının pozulması, qadınların alçaldılması ilə bağlı eybəcər ənənələrlə bağlıdır. Klassik və müasir Azərbaycan ədəbiyyatında, eləcə də digər müsəlman şərqi ölkələrinin ədəbi nümunələrində tənqidə tutulan bu ənənələr çox zaman müsəlmanların arxaik və gericil milli mədəniyyətləri müstəvisində aşkarlanır. Əslində isə bunların yaşarılığını təmin edən, bunları gündəmdən – çağdaşlığımızın fonunda idbar görüntülərdə müəyyənləşən məişət münasibətləri gündəmindən – düşməyə qoymayan, tarixin arxivinə verilməkdən saxlayan başlıca məqam saxtalaşdırılmış dini yozumlardan su içməsi ilə şərtlənir. Bu yazıdan məqsədim gericil müsəlman ailələrində ərin öz zövcəsinə əl qaldırması kimi kobudluğun “dini” mündəricəsini aşkarlamaqdır.

Mətləbə ilahiyyat prizmasından yanaşmaq üçün istərdim Müqəddəs Oxu nüzulunu başlatmış ilk beş ayədən başlayım: “Oxu Yaradan Rəbbinin adıyla. Yaratmış insanı embriondan (qan laxtacığından), sevgidən. Oxu, Rəbbindir ən böyük kərəm yiyəsi. Qələmlə yazmağı öyrətmiş. Öyrətmiş insana bilmədiyi nə varsa” (əl-Alaq surəsi – Embrion, 1-5).

Rəbbimiz insanlığa hər şeydən öncə “Oxu!” deyə xitab edir. Demir filan-filan işlər gör, filan-filan şeylər elə, deyir oxu. Yazılar yazısının adında ifadə olunan müqəddəs qayə işdə budur. Ayələrdən də alırıq ki, söhbət mexaniki oxumaqdan deyil də oxuyub öyrənməkdən gedir.

Bu möhtəşəm kosmik-ilahi informasiyanın ikinci enmiş ayəsində insanın ilk növbədə hərfən “qan laxtacığı” kimi anlaşılan maddədən yaradıldığı bildirilir. Ərəbcəsi “alaq”dır. Yeri gəlmişkən qeyd edim ki, bir sıra başqa ayələrdə insanın doğuluş anına qədərki bir varlıq kimi fiziki gəlişməsində iştirak edən təbii ünsürlərlə yanaşı mərhələlər də sadalanır və bu sadalanmada heyrət doğuran mətləb ayələrdə elmi dəqiqliyə riayət edilməsidir. Bunlardan təkcə birisi həmin o “alaq” deyiləndir. Ancaq burası da üzdədir ki, elmi dəqiqlik dediyimiz kontekstdə bu sözün ilk qavrayışdan yad təsir bağışladığı təəssüratı yaranır. Çağdaş ilahiyyatçılar “alaq”ın embrion, yəni ana bətnində inkişafın erkən dövrünə aid insan orqanizmi olduğu qənaətindədirlər. “Qan laxtacığı” isə məhz o mənada kara gəlir ki, embrionun rəng çalarını, quruluşunu eynən xatırladır.

“Alaq” sözünün daşıdığı başqa bir məna “sevgi, sevgiylə bağlanma”dır. İkinci ayənin bu açıqlaması da keçərlidir (elə bilirəm sadəlik və birbaşalıq baxımından daha üstün bir mahiyyətdədir) ki, Rəbbimiz insanı sevgidən yaratmışdır. “Alaq”da hər iki mənanın iştirakını təmin etməklə Rəbbimiz diqqətimizi ona yönəldir ki, başqa varlıqlardan (məsələn, heyvanlardan!) fərqli olaraq insanın yaradılış “materialı” maddi və mənəvi ünsürün qarışığından ibarətdir.

“İnsanı sevgidən yaratmış” açıqlaması da müəyyən əsas verir deyək ki, qadınla kişi arasında intim münasibətlər gerçək mənada sevgi duyğuları, sevgi motivasiyası ilə müşayiət olunmalıdır. Cinsi və mənəvi həzzin biri digərini tamamlaması zərurəti barədə uyğun sahə alimlərinin də yazılarında incələmələr var. Dinimizin məntiqilə yetərincə üst-üstə düşən qənaətləri ifadə edir bu qəbildən yazılanlar, deyilənlər.

Tanrı Yaradandır və umur ki, yer üzündəki xəlifəsi insan da yaradıcı özəlliklərə sahib çıxa. Tanrı rizasınca yaradıcı mahiyyətdə əməllər, düşüncələr, davranışlar sərgiləyə.

İntim münasibətlər üçün də bu mahiyyət vacib görülür. Və əsasən iki istiqamətdə.

Birincisi nəsil artımına aid istiqamətdir. Bunun maddi-fiziki məna yükü ilə yanaşı, mənəvi tərəfi də var. Əsasən ailə quruculuğunda övlad yetişdirilməsi və tərbiyəsinin roluyla bağlıdır.

İkincisi sırf mənəvi baxımdan önəmlidir. Burada söhbət təbii cinsi tələbatları vaxtaşırı ödəyən intim əlaqədən gedir. O intim əlaqədən ki, əks cinslər arasında sevgi, mehribançılıq yaradır.

Ər-arvad münasibətlərinin möhkəmlənməsində vacib məsələdir ki, tərəf-müqabillər intim əlaqə məqamlarında da bir-birini uğurla tamamlaya bilələr, aralarında cinsi harmoniya hökm sürə. Əks halda, istisna deyil ki, münasibətlərə müəyyən psixoloji rahatsızlıqlar sirayət etsin. Mütəxəssislər bu fikri də vurğulayır ki, cinsi harmoniyanın saxlanmasında kişiylə qadının fizioloji imkanları ilə bərabər onların mənəvi keyfiyyətləri də mühüm rol oynayır. Yəni intim əlaqənin yaradıcı mahiyyətində sevgi və şəhvət duyğularının vəhdəti dayanmalıdır.

Qadınlar surəsində ərinə kobudluq göstərən qadına qarşı hansı davranışda bulunmaq tövsiyələri var (“ən-Nisə” – Qadınlar, 34). Nəzərə çatdırım ki, tövsiyələr bütpərəstlərə deyil də imanlı kişilərə ünvanlanmışdır. Öncə “öyüd verin” deyir Rəbbimiz. Yola gəlməsələr, deyir “onları yataqda tək buraxın”. Müvəqqəti cəza tədbiridir. Bəlkə də ən çeşidli səbəblər üzündən (məişət problemləri və s. və i.) ərini sevməzlik hallarına yol verən qadına psixoloji təzyiqdir. Təzyiqdir ki, intim həyatın təkcə bioloji ehtiraslardan ibarət olmadığını götür-qoy edə, bunun hansısa gözəl məqamlarda məhz sevgi impulsları ilə gerçəkləşdiyini xatırlaya, düşünüb-daşına... Və yəqin ki, başqa psixoloji aspektlər də nəzərə alınmaqla cinsi həzdən müvəqqəti məhrumetmənin effektini incələyən daha geniş ayrıntılar da ola bilər.

Ayədə duruma uyğun ikinci tövsiyənin ardınca üçüncüsü də gəlir. Bu sonuncu tövsiyə ilahi mətnin orijinalında “fədrubuhunnə”dir. Əksər müsəlmanlar həmin ifadəni “onları döyün” kimi anlayıb həyata keçirməyə bir növ adət etmişlər. Kimlərsə iddia edə bilərlər ki, bəzi qadınlarda məhz döyüldükdən sonra “mürgüləyən” sevgi hissləri təkrar oyanır. Hər halda, elə bilirəm belə bir anormallıq çoxluğa aid ediləsi məsələ deyil. Başqa yandan, zinaya yol verməmiş bir qadına fiziki cəza verilməsi dinimizin məntiqilə də uyarlı görünmür. Zinaya görə isə nəzərdə tutulan kötəkləmə (“ən-Nur” – Nur, 2) eyni zamanda kişiyə də uyğulanacaq bir cəzanın yuxarı həddidir (yeri gəlmişkən, din “təəssübkeşləri”nin nəzərinə: zina qarşılığında qadını daşqalaq etmə cəzasının heç bir Quran əsası yoxdur!).

Türkiyənin mütərəqqi ilahiyyatçıları “fədrubuhunnə” ifadəsinə aid “darabə” felinin kökündə otuza yaxın məna olduğunu yazır, bunlardan ən önəmlilərindən dördünü – “vurmaq, döymək, çıxmaq, getmək” mənalarını diqqətə almağı və ifadəni bu cür açıqlamalarda qəbul etməyi məsləhət görürlər: “onları evdən çıxarın”; “onları olduqları yerin dışına getmək zorunda buraxın”; “onları döyün”. Bu açıqlamalardan hər birinin vəziyyətə, şəxsi keyfiyyətlərə görə uyğulanmasını keçərli bilərək birinci və ikincini insan psixolojisinə və hüquq məntiqinə daha uyğun sayanlar da var. Ancaq məsələ burasındadır ki, “darabə” felinə həmin ilahiyyatçıların əlavə etdiyi mənaları gətirən müvafiq ön qoşmalarıdır və bunlardan heç biri “fədrubuhunnə” də yoxdur və məhz olmadığına görə də həmin ilahiyyatçıların ənənəvi şəriəti islah etmək məqsədi ilə istinad etməyə çalışdıqları mənaları elə təkcə qrammatik baxımdan sadəcə olaraq etibarsız edir.

Ön qoşmasız halda işlənən bu felin diqqətdən qaçmış, izahlı lüğətlərdə yer almamış, fəqət danışıq dilində, bəzi ərəb ləhcələrində işlənən və bu üzdən də görkəmli rus ərəbşünası V.Borisovun tərtib etdiyi “Arabcko-russkiy slovar”da qeyd olunan diqqətçəkici bir mənası da var. Bu, erkəyin dişiylə cinsi əlaqəyə girməsini ifadə edir. Hesab edirəm, ilahi məntiqə daha yaxın hikmət qatının açılmasında bu məna əsas götürülməlidir.

Mehribançılıq, şəfqət, sevgi impulslarının təkrarən hərəkətə gəlməsi naminə addımı yenə də kişi atır. Bu dəfəki intim əlaqə aktı öncələr olduğundan bir qədər fərqli, bir qədər kobuddur. Felin lüğəti mənalarından biri kimi “fədrubuhunnə”nin bu cür açıqlanması öz yerində. Və bundan başqa elə bilirəm məhz bu mənaya üstünlük qazandıran məsələ öncəki tövsiyə ilə bu sonuncunun arasında məntiqi-psixoloji bağlılığın yaranmasına yardım göstərməsidir.

“Yataqda tək buraxılmağından” dolayı cinsi aclığa məhkum qadınla müəyyən fasilədən sonra təkrar əlaqə aktı psixoloji bir fənd kimi nəzərdə tutulur. Ənənəvi xoş münasibət izharına yol verilmədən həyata keçən bu intim əlaqə zərif cinsin dikbaşlığını, kobudluğunu, sevməzliyini və s.-ni ram edə bilir. Zatən cinsi əlaqənin sevgi, mehribançılıq, şəfqət yaradıcılığı təyinatına uyğun gələn nəticədir.

Etiraf edim ki, vaxtilə nəşr etdirdiyim Quranın dilimizə tərcüməsi əsərimdə (Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim ifadənin tərcüməsini ənənəvi izahlar üzərində qurmuşdum, yəni hədislərə əsaslanan mövcud təfsirlərə istinadən mən də “onları döyün” deyə kobudluq edib yazmışdım. 90-cı illərin ortalarında aşkarladığım yeni mənaya çıxışlarımda və mətbuatda gedən yazılarımda ara sıra istinad etmişəm. İndi həmin ayənin söhbət açdığımız mənasına aid ifadəsinin açıqlamasını yeni və hələ nəşr olunmamış tərcümə əsərimdə belə vermişəm: “...O qadınlar ki, əndişə çəkirsiniz onların tərsliyindən, əvvəlcə öyüd verin onlara, sonra tək buraxın onları yataqlarında, və nəhayət, onlarla möhkəm cinsi əlaqədə bulunun. Və sizə ram oluban sayğılı davransalar, bir yol aramayasız onların əleyhinə...”

Bu deyilənləri nəzərə alan müsəlman kişisinin dindarlığı varsa bilsin ki, qadını döymək yox, sevmək lazımdır. Çünki mərhəmətlilər mərhəmətlisi (Yusif, 64) Rəbbimizin qəzəbi, cəzası müstəsna hallara və şərtlərə bağlıdırsa, mərhəməti sonzusdur (“əl-Əraf” – Sədd, 156). Çünki müqəddəs Oxudakı mərhəmət anlayışı sevgi, şəfqət kimi mənaları da ehtiva edən geniş bir məzmuna sahibdir.

Əminəm ki, müsəlman xalqlarının ailə-məişət münasibətlərində yer almaqda davam edən gericillik, kobudluq, qəddarlıq, mədəniyyətsizlik nümunələrinin aradan qaldırılması yolunda yuxarıda qeyd olunan ayənin belə izahı bir yazı müəllifinin ilahiyyatçılıq araşdırmaları “arxivindən” çıxıb da nə zamansa müsəlmanların dindarlığına, dini şüuruna, oradan da ailəiçi münasibətlərinə səyahət edəcək.

Müəllif: Nəriman QASIMOĞLU
Mənbə: 525-ci qəzet.- 2010.- 16 yanvar.- S.19.

Top