Qadınlarla bağlı kişinin üzərinə düşən haqları

Qadınlarla bağlı kişinin üzərinə düşən haqları

Mövzunu bu yerdən başlayaq ki, İslamda əmanətə xəyanət edilməsi təbii olaraq bəyənilmir. Hətta əgər əmanət kafir şəxs tərəfindən verilsə belə, vacibdir ki, onu salamatlıqla sahibinə qaytarasan. Xanımlar da kişilərə Allah tərəfindən verilən əmanətdir. Beləcə, sıravi bir insanın əmanətinə xəyanət İslamda belə bəyənilmirsə, Allahın insana verdiyi və haqqında Qiyamət günü soruşacağı əmanətə xəyanət nə dərəcədə düzgün ola bilər?! Hər bir ailə sahibinin vəzifə borcudur ki, ailəsinə sözün əsl mənasında sahib çıxsın. Ailədə həyat yoldaşına, əgər qızları varsa, onlara xüsusi münasibət bəsləsin, onların qeydinə qalsın. Bu barədə Peyğəmbər (s.a.s.) buyurur: “Sizlərdən ən yaxşısı o şəxsdir ki,öz həyat yoldaşı və öz qızları ücün yaxşı (xoş rəftar) olsun”.
Bəlli bir məsələdir ki, öz ərinin qulluğunda dayanmaq müsəlman xanım üçün çox fəzilətli bir işdir. Lakin kişinin də öz xanımına qulluğu olmalıdır bu barədə ki, xanımın kişi qayğısına ehtiyacı vardır. Bu barədə Peyğəmbər (s.a.s.) buyurur: “Öz həyat yoldaşına xidmət etmək böyük gunahların kəffarəsinə səbəb (onların bağışlanmasına ) səbəb olar, Allahın qəzəbini söndürər... Yaxşı əməllərin çoxalmasına və dərəcəsinin artmasına səbəb olar”.
Bir xanım Peyğəmbərdən (s.a.s.) soruşdur: “Kişilərin boynundan qadınlar üçün hansı haqlar vardır?” O Həzrət (s.ə.a.s.) buyurdu ki: “Qardaşım Cəbrayilin arası kəsilmədən mənə qadınlar barəsində xəbərdarlıq etməsi o yerə çatardı ki, mən kişinin qadına uf (incidici kəlmə) deməsini belə caiz olmadığını güman edirdim. O mənə xəbər verdi - Ya Mühəmməd! Qadınlar barəsində Allahdan qorx (qadılarla bəd rəftarlıq etməkdən çəkin). Çünki, onlar yaşayış işlərində sizin köməkçiləriniz və Allah tərəfindən sizə əmanət verilmişlər. Sizin öhdənizdə haqqlər var ki, o haqqləri yerinə yetirmək sizə vacibdir. Onlarla mehribanlıq edin, sizinlə yaşamaqları üçün onları şad edin. Onlara ehtinasızlıq etməyin, onlara qəzəblənməyin. Onlara verdiyiniz şeyləri icazəsiz olaraq onlardan almayın”.
Xanımla sərt davranmaq (ona əl qaldırmaq, onu təhqir etmək) olmaz! Bu barədə Peyğəmbər (s.a.s.) buyurur: “Əgər bir şəxsin öz həyat yoldaşına qarşı sərtliyi o yerə çata ki, o qadın özünü xilas etmək üçün malından verməyə hazır ola, Allah onun əzabında cəhənnəm odundan başqa bir şeyə razılıq verməz...”. O Həzrət (s.a.s.) başqa bir hədisdə buyurur: “Mən Qiyamət günü öz həyat yoldaşını nahaqq yerə vuran şəxsə düşmənəm. Öz həyat yoldaşlarınızı vurmayın! Öz həyat yoldaşını nahaqdan vuran şəxs Allahın və onun Rəsulunun əmrinə itaətsizlik etmiş olar”.

Gəlin xanımlarımızla əsl müsəlman kimi davranaq. Axı onlar bizim yarımızdır... Və subay adam üçün də yaxşı olar ki, xanım seçimində hər şeyi ölçsün ki, sonra o xanımı heç bir işə məcbur etməsin, narahatçılıq yaratmasın. Ümidvaram ki, xanımlar da yuxarıda deyilənləri nəzərə alıb əks cinsin nümayəndələrini başa düşmək və onu incitməmək, əksinə onu əzizləmək qüdrətinə malikdir. Allah imanımızı kamil etsin və bu vacib sahədə elmimizi artırsın...
Top