Qadın cihadı ərlərinə itaətdir!

Qadın cihadı ərlərinə itaətdir!

Bəzən belə bir fikir səslənir ki, qadınlar da kişilərlə bərabər hərbi xidmətə getməli, əldə silah tutaraq döyüşlərdə iştirak etməlidirlər. Şəriət baxımından bunun nə dərəcədə düzgün olub-olmamasına diqqət yetirməyə çalışaq. İlk öncə qeyd edək ki, şəriət qanunlarına görə, qadınların əsgər getməsi və hərbdə iştirak etməsi düzgün sayılmır.
Peyğəmbər kişilər üçün cənnəti qılıncların kölgəsində (Cənnət qılıncların kölgəsi altındadır), qadınlar üçün isə onların ayaqları altında (Cənnət anaların ayaqları altındadır) hesab etməsi eyni anlamı verir, yəni qadınlar daha zərif və incə məxluq olduqlarından onların hərbdə iştirak etmələri məqsədəmüvafiq bilinməmişdir. Əslində, etiraf olunmalıdır ki, qadınlar vətənin müdafiəsi üçün ən səmimi və ən çox çalışan insanlardır. Hələ Peyğəmbərin (s) zamanında qadınlar da İslam mücahidləri kimi döyüşlərdə iştirak etmiş, qazilik və ya şəhidlik məqamına yüksəlmişlər. Bununla bağlı maraqlı bir rəvayət də söylənilir. Hədisin məzmunu belədir: bir qrup qadın toplanaraq öz aralarından Peyğəmbərin (s) yanına nümayəndə göndərirlər. Nümayəndə qadın "cihad yalnız kişilər üçündür, yoxsa qadınlar da iştirak edib, sağ qalarlarsa qazi, ölərlərsə şəhid olub Allahın razılığını qazana bilərlər",- deyə Rəsuli-Əkrəmdən (s) soruşur.
Cavabında Həzrəti Məhəmməd (s) buyurur: "Rastlaşacağın qadınlara mənim dilimdən belə söylərsən: ərinə itaət və onun haqqını etiraf etmək cihad qədər savablı bir işdir Amma çox heyf ki, siz qadınlardan buna əməl edənlər olduqca azdır".

müsəlman qadın cihada hazırdırmı?
Tarixdən bəllidir ki, yadelli işğalçılara qarşı müsəlman qadınları kişilərlə bərabər həmişə mübarizəyə qalxmışlar, yəni buna məcbur edilməmişlər. Peyğəmbərimiz (s) hədislərinin birində buyurur ki, "qadının cəbhədə savaşa qoşulması məcburi deyildir, fəqət, bu, onun heç də döyüşlərə qoşulmaması mənasını ifadə etmir".


İlahiyyat alimlərinin qənaətinə görə, əgər düşmən məmləkətin içərisinə doğru yürüyərsə və iş ölüm-dirim məsələsinə çatarsa, o zaman qadınlar da (ərləri və atalarının razılıq verib-verməməsindən asılı olmayaraq) hərbdə iştirak edə bilərlər. Hələ İslamın yayıldığı ilk dövrlərdən günümüzə qədər müsəlman qadınları həm ordular üçün dünyanın ən cəsur və mərd igidlərini yetişdirmiş, həm də zaman-zaman qanlı döyüşlərdə iştirak edib qazilik və şəhidlik mərtəbələrinə yüksəlmişlər.

Haşiyə: 1988-ci ildən başlayaraq ölkəmizdə milli oyanış hərəkatı geniş vüsət aldı. O zaman kişilərlə bərabər mayası vətən sevgisindən yoğrulmuş qadınlar da bu mübarizənin ön cərgəsinə qatılıblar. 1990-cı ilin 20 yanvar gecəsində, həmçinin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq dastanı yaradan qadınların adları bu gün dillər əzbəridir...


İllər ötdükcə qadınlara münasibət də dəyişməkdədir. İndi müsəlman qadını müxtəlif moda və gözəllik müsabiqələri sərgiləyənlər üçün bir növ "əyani" vasitəyə çevrilib. Görünür, qadınları ağlasığmaz çirkablıqlara sürükləyənlər Allah və bəşəriyyət qarşısında necə böyük günah işlətdiklərinin fərqində deyildirlər.

Hər şeydən öncə müsəlman qadını övladını İslam tərbiyəsi ilə böyüdüb boya-başa çatdırmalı, ona mübarizlik ruhu aşılamalıdır. Daha doğrusu, müsəlman qadının ən böyük cihadı namusunu qorumaq, İslamı öyrənmək və övladına öyrətmək, ərinin şəriət qayda-qanunlarına uyğun şəkildə qayğısına qalmaq, imanlı bir nəsil yetişdirməkdən ibarətdir. Onun cihad bayrağı öz imanı və yetişdirdiyi imanlı nəsillər olmalıdır.

istinad:muselman.ws
Top