Quranda qadın

Quranda qadın

BİZ SƏNƏ KÖVSƏR ƏTA ETDİK

Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həqiqətən, biz sənə Kövsər (Fatimə (s.ə)) bəxş etdik.

2. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!

3. Həqiqətən, sənin düşməninin özü sonsuzdur!

(Kövsər surəsi)

Təfsir:


Bu surədə, Həzrət Rəsuləllahın (s) mübarək qəlbini sevindirmək üçün ona «Kövsər» əta olunduğu bəyan olunur. Burada bildirilir ki, oğlan övladı olmadığı üçün Peyğəmbərə (s) nəsli kəsilmiş deyib, dil yarası vuranın özü nəsli kəsilmişdir.
Bu surə, Quranın ən qısa surəsidir və onun Məkkədə, yoxsa Mədinədə nazil olması barədə müxtəlif rəvayətlər var. Nəzərə elə çarpır ki, bu surə Məkkədə nazil olmuşdur. Bir sıra təfsirçilər bu barədə mövcud olan hədislər arasındakı ziddiyyəti aradan qaldırmaq üçün deyiblər: «Ola bilsin ki,bu surə iki dəfə – bir dəfə Məkkədə və bir dəfə Mədinədə – nazil olubdur».

«Məcməul-bəyan» kitabında yazılıb: كَوْثَرَ sözü «فوعل» vəznində olub, şənindən çoxluq irəli gələn bir şeyə deyilir və «Kövsər» – çoxlu xeyir deməkdir («Məcməul-bəyan», c.10, səh.548).


Lakin təfsirçilər «Kövsər» sözünün təfsiri, yəni bu sözdə nəzərdə tutulan məna barədə qəribə fikirlər yürüdüblər. Bəzilərinin fikrincə «Kövsər» – çoxlu xeyir deməkdir («Ruhul-məani», c.30, səh.245).


Başqa fikirləri də qısa şəkildə nəzərinizə çatdırırıq:


1. Cənnətdə bir çaydır.
2. Cənnətdə və ya məhşərdə Həzrət Peyğəmbərə (s) xas olan hovuzdur.
3. Peyğəmbərin (s) övladlarıdır.
4. Peyğəmbərin (s) səhabələri və Qiyamətədək olan davamçılarıdır.
5. Peyğəmbərin (s) ümmətinin alimləridir.
6. Quran və onun saysız fəzilətləridir.
7. Peyğəmbərlik məqamıdır.
8. Quranın, şəriət və onun hökmlərinin asanlaşdırılmasıdır.
9. İslam dinidir.
10. Tovhiddir.
11. Elm və hikmətdir.
12. Allah elçisinin (s) fəzilətləridir.
13. Bəyənilən məqamdır.
14. Peyğəmbərin (s) mübarək qəlbinin nurudur və s.

Top