Gəlir anlayışının mahiyyətini, gəlirlərin mənbələrini aşkar etməzdən əvvəl, bölgü münasibətlərinin məzmunu haqqında qısa da olsa şərh verilməsi tələb olunur.
Hər bir cəmiyyətdə və hər bir ölkədə istehsal olunmuş ümumi milli məhsul bölünür. Onun hər bir hissəsi ictimai tələbatların, digər hissəsi isə cəmiyyət üzvlərinin şəxsi istehlaklarının ödənilməsi üçün istifadə olunur.
Bölgü münasibətlərini geniş və dar mənada fərqləndirmək olar. Geniş mənada bölgü dedikdə, istehsal subyektləri arasında istehsal şərtlərinin və amillərinin bölgüsü nəzərdə tutulur. Dar mənada bölgü dedikdə, sadəcə olaraq, istehsalın nəticəsi olan məhsulların bölgüsü başa düşülür.
Lakin belə bölgü formalarını, ümumi milli məhsulun istehsal amillərinə(əmək, kapital, torpaq, sahibkarlıq fəaliyyəti) görə və ya cəmiyyətin üzvləri arasında bölüşdürülməsindən fərqləndirmək lazımdır. Birinci halda söhbət gəlirlərin funksional bölgüsündən gedir. Gəlirlərin funksional bölgüsü nəticəsində ilkin gəlirlər -əmək haqqı, faiz, renta və mənfəət formalaşır. İkinci halda isə söhbət fərdi(şəxsi) bölgüdən gedir, bu zaman ayrı ayrı şəxslər, ailələr, ev təsərrüfatları arasında gəlirlərin səviyyəsinə uyğun bölgü nəzərdə tutulur.
Beləliklə bölgü cəmiyyətin bu və ya digər üzvünə və istehsal amilinə düşən məhsulun həcmini və payını müəyyən edir.
Gəlirlərin yenidən bölgüsünü və ilkin bölgüsünü bir birindən fərqləndirirlər. Gəlirlərin ilkin bölgüsü nəticəsində maddi istehsalın iştirakçılarının hər birinin istehsal olunmuş milli gəlirdə payı müəyyən edilir.Gəlirlərin yenidən bölgüsündə milli gəlirin bilavasitə istehsalı ilə məşğul olmayan cəmiyyətin digər üzvləri iştirak edirlər. Cəmiyyətin bir sıra sosial qrupları -müəllimlər, həkimlər, elm və incəsənət xadimləri, dövlət məmurları məhz bu bölgü nəticəsində müəyyən gəlirlərə malik olurlar.
Bölgü iqtisadi və sosial funksiyaları yerinə yetirir. Bölgünün iqtisadi funksiyası tələbatlar, maraqlar, həvəsləndirmə sistemi vasitəsilə milli iqtisadiyyata təsirində özünü göstərir. Bölgünün sosial funksiyası isə sosial tələbatların ödənilməsini və inkişafını təmin edir. Milli iqtisadiyyatın inkişafında bölgünün mühüm əhəmiyyəti vardır.
İqtisadi ədəbiyyatda gəlir anlayışı iki mənada nəzərdən keçilir. Birinci mənada, gəlirə istehsal olunmuş məhsulun dəyərinin onun istehsalın asərf olunan xərclərdən artıq olan hissəsi kimi baxılır. İkinci mənada isə gəlir istehsal olunmuş məhsulda bazar iqtisadiyyatının hər bir subyektinin payının müəyyən olunması kimi nəzərdən keçirilir. Bu bölmədə gəlir anlayışına ikinci mənada baxılacaqdır.
Gəlirlərin formalaşmasının bazar sistemi, inzibati amirlik sistemində formalaşan gəlirlərdən əsaslı dərəcədə fərqlənir. İnzibati amirlik sistemində hər bir vətəndaşın əmək sərfinə uyğun gəlməyən hər hansı bir gəlir yol verilməz hesab olunurdu. Bazar iqtisadiyyatında əmtəələr, xidmətlər, kapitallar və iş qüvvələri bazarlarında azad rəqabət nəticəsində əldə olunan hər bir gəlir normal və məqbul sayılır. Gəlirlərin bölgüsünün bazar mexanizmi cəmiyyət üzvlərinə nə bərabər gəlirlər, nə də eyni rifah halı zəmanəti vermir. Gəlirlərin formalaşmasının bazar mexanizmi öz özlüyündə sosial ədalət prinsipi ilə az əlaqədardır.
Qərb iqtisadi nəzəriyyəsində gəlirlərin ədalətli bölgüsündə dörd nöqteyi nəzər mövcuddur: eqalitar, roulsian, utilitar, bazar.
Eqalitar prinsipə görə cəmiyyətdə gəlirlərin gölgüsündə bərabərsizlik yoxdur.
Roulsial prinsip gəlirlərin elə diferensiasiyasını ədalətlə sayır ki, nisbi iqtisadi bərəbərsizlik cəmiyyətin ən yoxsul üzvlərinin daha yüksək mütləq həyat səviyyəsinin təmin edilməsinə təsir göstərsin.
Utilitar prinsipə görə gəlirlər onların ayrı -ayrı adamlar tərəfindən istifadəsinin faydalılığına proporsional şəkildə bölüşdürülməlidir.
Bazar prinsipi istehsal amilləri mülkiyyətçilərinin gəlirlərinin həmin amillərdən alınan son hədd məhsullarına uyğun olaraq bölünməsinin nəzərdə tutur. Bu halda gəlirlərin bölgüsündə həddən artıq bərabərsizlik mövcud olur.
Göstərdiyimiz kimi, gəlirlərin formalaşmasının bazar mexanizmigəlirlərin bölgüsündə bərabərsizliyə gətirib çıxarır. Bununla belə XX əsrin sonunda bazar iqtisadiyyatının sənayecə inkişaf etmiş ölkələrində hər bir insan, iqtisadi fəaliyyətin formasından və nəticələrindən asılı olmayaraq onun layiqli yaşayışını təmin edən minimum rifah halının olması hüququna malikdir. Bu məqsədlə dövlət əhalinin müəyyən hissəsinin normal həyat tərzinin təmin edilməsi üçün aktiv sosial tədbirlər həyata keçirir. Dövlət gəlirlərin yenidən bölgüsündə fəal iştirak etməkləmbir biri ilə əlaqədar olan iki məsələni həll edir. Bir tərəfdə o, gəlirlərdə olan bərabərsizliyi zəiflətməyə çalışır, digər tərəfdən isə bu bərabərsizliyi aradan qaldıra bilmir və onun tam aradan qaldırılmasına da çalışmamalıdır.
Müasir şəraitdə inkişaf etmiş ölkələrdə dövlətin gəlirlərin yenidən bölgüsündə fəal iştirakı böyük əhəmiyyət kəsb edir. Belə ki, müharibədən sonrakı illərdə ABŞ -da transfert ödəmələrin( işsizliyə görə müavinətlər, sosial təminat ödəmələri, dövlət təqaüdləri və s.) federal büdcənin xərclərində payı 60 faiz və ÜMM -də 15 faiz təşkil etmişdir.