Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəs-kin problemlərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhalinin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.
Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxarılanlar deyil, iş yerlərini könüllü surətdə qoyub gedənlər, yeni iş tapmağa cəhd göstərənlər də daxildir
Işsizliyi ifadə edən kateqoriyalar aşağıdakılardır: 1) Işdən çıxarılma nəticəsində iş yerlərini itirənlər; 2) işdən könüllü çıxıb gedənlər; 3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər; 4) Əmək bazarına ilk dəfə gələnlər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır.
Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düsturla hesablanır:
L
UE= (U
E: LF
C ) ∙100
Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə;
UE – işsizlərin orta aylıq sayını;
LF
C – mülki iş qüvvəsinin sayını göstərir.
Işsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, iş qüvvəsinin ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri işləyir, 67310 nəfəri isə işləmir. Deməli, işsizliyin səviyyəsi:
L
UE = (67310 ∙ 100): 1216990 = 5,5%-ə bərabərdir.
Işsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriy-yələr mövcuddur. Bunlardan geniş yayılmışları aşağıdakı-lardır: 1) Əhali artıqlığı (maltusçuluq); 2) Texniki tərəqqi («texnoloji nəzəriyyə»); 3) Kapital yığımı prosesi (marksist məktəb); 4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi); 5) Əmək haqqının səviyyəsinin yüksək olması («azad sahibkarlıq» məktəbi).
Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün "Əhali qanunu haqqında təcrübə" əsərində (1798) göstərirdi ki, əhalinin sayı həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra artıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur.
Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlı-ca səbəbinin texniki tərəqqi olduğunu elan edən «texnoloji işsizlikdir». Bu nəzəriyyə 1954-cü ildə Vyanada keçirilmiş tam məşğulluğun təmin edilməsinin vasitə və yolları haq-qında diskussiyalarda müdafiə olunmuşdur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal gücləri-nin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin məqsədəuyğunluğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsizliyin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi kapital yığımı prosesi ilə əlaqələndirir. Bunun mahiyyəti ondan ibarətdir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb maşın və ava-danlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-istəməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə «Kompensasiya nəzəriyyəsi» meydana gəlmişdir. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə maşınların istehsalın bir sahəsindən sıxışdırdığı işçilər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə kompensasiya edilir.
Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də
Keynsin işsizlik nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün «Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi» kitabında kapitalist iqtisadiyyatında məşğulluq səviyyəsini yeni tərzdə aydınlaşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət verən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məş-ğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa qədər çiçəklənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem deyildir. Kapitalizmin "öz-özünə inkişaf" etdiyini güman etmək olmaz. Bundan başqa, iqtisa-di inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal amillərlə əlaqələndirmək düzgün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra çox mühüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edilərkən tam tarazlığın gözlənilməsində axtarmaq lazımdır.
Keynsdən fərqli olaraq «azad sahibkarlıq» məktəbinin nümayəndələri kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məşğul-luğun və işçilərin sayının azalmasına və deməli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayəndələrindən biri Kembric Universitetinin professoru A.Piqudur. Onun çıxardığı əsas nəticələr bunlardır: 1) Istehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haqqı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur; 2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məşğulluq arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçilər arasında gedən azad rəqabət əsasında, hamının məşğul ola bilməsinə imkan verən səviyyədə müəyyən olunmuşdur; 3) Birinci dünya müharibəsindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gətirib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir; 4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.
Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqiqətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nəzərdən keçirək.
Insanlara fəaliyyət növünün və iş yerinin seçilməsində sərbəstlik verildikdə istər-istəməz seçim qarşısında, «iki daşın arasında» qalırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə dəyişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçüncülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti sənayesində hava şəraiti pis olduğuna, avtomobil sənayesində model dəyişdiyinə görə) itirirlər. Elə adamlar da vardır ki, (bu xüsusilə gənclərə aiddir) yenicə əmək fəaliyyətinə başladıqlarına görə iş axtarırlar. Bu adamların hamısı iş yerləri tapdıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qayıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəqqəti itirənlər "ümumi işsizlilər fondunda" onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion işsizlik deyilir. Işsizliyin bu forması qaçılmaz və müəyyən dərəcədə arzuolunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məhsuldarlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoymaq mümkün olmadığına görə, friksion işsizliyi də tama-milə aradan qaldlırmaq mümkün deyildir.
Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. Iqtisadçılar struktur sözünü «tərkib» mənasında işlə-dirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyişikliklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tələbin strukturu-nun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi peşə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzilərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kateqoriyalarında işsizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əlaqədardır ki, iş qüvvəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğunlaşa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəqqi sonsuz olduğuna görə struktur işsizliyin də tamamilə aradan qaldırılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdir-mək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək«lərini sata bilərlər. Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə peşəyə yiyələnmə-sələr, hətta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa müddət, struktur işsizlik isə uzun müddət davam edir.
Işsizliyin növlərindən biri də tsiklik və ya
dövri işsizlikdir. Işsizliyin bu növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olunur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar.