AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ - səhmlərini müstəqil surətdə abunəçilər arasında özgəninkiləşdirmək hüququna malik, Nizamnamə fondunun minimum məbləği 20 milyon manatdan az olmayan səhmdar cəmiyyətdir;.
ADEKVAT MƏNFƏƏTLİLİK(adequate profitability) — Aktivlər əvəzolunmanın amortizasiya olunmuş xərclərinə istinad edilməklə qiymətləndirildikdə, qiymətləndiricinin həmin xərclər barədə rəyini əsaslandıra biləcəyinə təminat vermək məqsədilə təşkilatın istifadə etdiyi yoxlama meyarı.
ADVALOR VERGİ(ad volorem tax)-Əmlakın peşəkar ekspert-qiymətləndirici tərəfindən müəyyənləşdirilməli olan dəyərindən faizlə hesablanan vergi.
AGENT — müəyyən müddət ərzində başqasının tapşırığı və onun hesabına istehsal, satış, tədarük, topdansatış ticarəti üzrə fəaliyyət göstərən (müvəkkillik edən) hüquqi və ya fiziki şəxsdir. Agentin əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən müqavilə əsasında haqq alır.
AKSİZ — əsasən kütləvi istehlak mallarına (şəkər, tütün məmulatları, duz, benzin və s. ) dolayı yolla tətbiq edilən və məhsulun qiymətinə əlavə olunan, nəticə etibarı ilə, məhsulun istehsalçısı və ya satıcısının dövlət büdcəsinə ödədiyi vergi növüdür.
AKKREDİTİV — firma, müəssisə və şirkətlərin kommersiya əməliyyatları üzrə bankla nağd olmayan hesablaşma sənədidir; o, nağdsız hesablaşma növlərindən biridir;
AKTİV(asset)
1. Əvvəlki hadisələr nəticəsində təşkilatın sərəncamına yaxud idarəçiliyinə keçmiş və gələcəkdə onun üçün müəyyən iqtisadi faydalar axını təmin edə biləcəyi gözlənilən resurs. Özlüyündə, aktiv üzərində mülkiyyət hüququ qeyri-maddidir. Lakin, mülkiyyətdə olan aktiv həm maddi, həm də qeyri-maddi ola bilər.
2. Əsas vəsaitlər aşağıdakı hallarda aktiv kimi qəbul oluna bilər:
a) müəssisənin onlarla əlaqədar olaraq gələcəkdə iqtisadi faydalar əldə edəcəyi ehtimalı (kifayət dərəcə yüksək) mövcuddur.
b) aktivə çəkilən xərclər müəssisə üçün dəqiq müəyyənləşdirilə bilər.
Bu anlayışdan daşınmaz əmlakın yaxud həm maddi, həm də qeyri-maddi şəxsi əmlakın (daşınar) ifadə olunması üçün də istifadə edilə bilər.
AKTİVLƏR ƏSASINDA YANAŞMA(asset-based approach) — Biznesin ayrı-ayrı aktivlərinin bazar dəyərinin cəmindən onun öhdəliklərinin çıxılmasına əsaslanan metodlardan istifadə olunmaqla, biznesin və ya biznesdə pay iştirakının dəyərinin hesablanması vasitəsi.
Dəyəri müəyyənləşdirmək üçün təşkilatın bütün aktivlərinin (həm maddi, həm də qeyri-maddi) və bütün öhdəliklərinin bazar dəyəri yaxud digər münasib cari dəyərlə əks olunduğu balansının öyrənilməsini tələb edən yanaşma. Aktivlər əsasında yanaşma satıcıların və alıcıların istifadə etdiyi adi hal deyildirsə, fəaliyyətdə olan biznesin fəaliyyət göstərən müəssisə konsepsiyasına uyğun olaraq qiymətləndirilməsi üzrə tapşırıqlarda yalnız bu yanaşmadan istifadə edilməməlidir.
AKTİVLƏRIN QİYMƏTLƏNDİRİLMƏSI(asset valuation) - Daşınmaz əmlak bazarında bu anlayışdan adətən torpağın, binaların, maşın və avadanlığın dəyərinin şirkətin hesablarına daxil edilməsi üçün qiymətləndirilməsi zamanı istifadə olunur. Belə hallara aktiv üzərində mülkiyyət hüquqlarının ötürülməsi vacib olmasa da, qiymətləndirmə səhmdarlar üçün maraq kəsb edir yaxud şirkət üzərində nəzarətin ələ keçirilməsi, səhmlərin birjalara çıxarılması və ya ipotekalar üçün tələb olunur. Daşınmaz əmlak bazarından başqa, digər bazarlarda bu anlayışdan adətən aktivlərin satılması, alınması yaxud başqa məqsədlər üçün qiymətləndirilməsi zaman istifadə olunur.
ALICI BAZARI - bazarda təklifin tələbi üstələdiyi vəziyyətdir. Belə vəziyyətin yaranması iqtisadi baxımdan istehlakçılar üçün faydalıdır.
ALTERNATİV MƏSRƏFLƏR(opportunity cost) — Resurs sahibinin onlardan istifadənin bütün mövcud alternativləri arasından konkret variantı seçməsi nəticəsində yarana biləcək məsrəfləri. Kəmiyyətcə üstünlük verilən ikinci variant (“second best”) seçildiyi halda əldə oluna biləcək gəlirin məbləği ilə ifadə olunur.
AMORTİZASİYA(1) (depreciation) – [hərfi mənada – dəyərsizləşmə, dar mənada — köhnəlmə].
1. Aktivlərin qiymətləndirilməsi nöqteyi-nəzərindən amortizasiya — aktivlərin dəyərinin dəyişməsi barədə birbaşa bazar məlumatları olmadığı şəraitdə yerinə yetirilən, fərz olunan bazar sövdələşməsi zamanı fiziki aşınmanın, habelə funksional (texniki) və iqtisadi (zahiri) köhnəlmənin aktivlərin dəyərinə təsirini ifadə etmək üçün əvəzolunma yaxud bərpa xərclərində aparılan düzəlişlərdir. Maliyyə hesabatlarında amortizasiya anlayışı aktivdən faydalı istifadənin müəyyən olunmuş müddəti ərzində onun dəyərinin müntəzəm olaraq hesabdan silinməsi üçün xalis mənfəətdən ayırmaların məbləğini ifadə edir. Maliyyə hesabatlarında göstərilən amortizasiya prosesi hər bir konkret təşkilat üçün fərdidir və onun aktivlərdən istifadə etməsinin xüsusiyyətlərindən asılıdır. Bazar amillərinin amortizasiyaya təsir göstərməsi mütləq deyil.
2. Aktivdən faydalı istifadə olunma müddəti ərzində onun amortizasiya olunan məbləğinin müntəzəm olaraq bölüşdürülməsi.
Qiymətləndirmə fəaliyyətində aktivlərin amortizasiyasının (dəyərsizləşməsinin, köhnəlməsinin) hesablanması qaydası aktivin real (bazar) dəyərinin dəyişməsini nəzərə almayan mühasibat hesablamalarından fərqlənir.
Həmçinin bax: amortizasiyanın hesablanması
AMORTİZASİYA(2) (amortization) – [hərfi mənada– ödənilmə] — Qeyri-maddi aktivlərin əldə olunmasına (yaradılmasına) çəkilmiş xərclərin əsas vəsaitlərdə olduğu kimi, lakin xərclərin əvəzinin ödənilməsi üçün ayırmalar aparılmadan, istehsal edilən malların yaxud xidmətlərin dəyərinə köçürülməklə, tədricən silinməsi . Amortizasiya anlayışından (“ödənilmə” mənasında) borcun (ssudanın) vaxtaşırı ödəmələr (məsələn, ipoteka və başqa maliyyə sxemlərində) yolu ilə tədricən qaytarılması prosesini ifadə etmək üçün də istifadə edilir.
AMORTİZASİYA OLUNAN MƏBLƏĞ(depreciable amount)
1. Aktivin əldə olunmasına (yaradılmasına) çəkilən xərclər yaxud maliyyə hesabatlarında qalıq dəyəri çıxılmaqla, xərclər əvəzinə göstərilən məbləğ.
2. Aktivin səmərəli xidmət müddəti ərzində amortizasiya olunan hissəsi. Amortizasiya olunan məbləğ aktivin səmərəli xidmət müddətində xərclənən (məhv olan) hissəsidir. Aktivin digər hissələri isə onun qalıq dəyərini təşkil edir. Adətən, binalar və yaxşılaşdırmalar amortizasiya olunan dəyər, onların altında yerləşən torpaq isə qalıq dəyəri kimi nəzərdən keçirilir. Lakin, lizholdun torpağı amortizasiya olunur.
AMORTİZASİYA NORMASI — əsas fondun köhnələn hissəsinin bərpası üçün zəruri olan məbləğin həcmini müəyyən edir; onun vasitəsilə əsas fondların dövr etməsi nizamlanır, onların təkrar istehsalı intensivləşdirilir.
AMORTİZASİYA AYIRMALARI – mövcud əsas fondların təmirinə, modernləşdirilməsinə və habelə yeniləri ilə əvəzlənməsinə istiqamətləndirilmiş əsas fondların aşınmasının pulla ifadəsidir. Bu ayırmalar əsas fondların ilkin dəyərinə görə əvvəlcədən müəyyən olunmuş faizlə hesablanır.
AMORTİZASİYA MÜDDƏTİ – amortizasiya ayırmaları hesabına əsas fondların dəyərinin tam ödənilməsi üçün müəyyən edilmiş vaxt intervaldır; ondan illik amortizasiya normalarının hesablanmasında istifadə olunur.
AMORTİZASİYA FONDU – firma və müəssisələrdə köhnəlmiş əsas fondların bərpası və yeniləşdirilməsi üçün nəzərdə tutulan amortizasiya ayırmaları hesabına yaradılan maliyyə mənbəyidir.
ANTİİNHİSAR TƏNZİMLƏMƏ – bazarın inhisarlaşdırılması imkanlarını məhdudlaşdırmaq məqsədi ilə dövlət tərəfindən həyata keçirilən qanunvericilik, iqtisadi və inzibati tədbirlərin məcmuudur.
ANNUİTET(annuity) — Ömür boyu yaxud təsbit olunmuş dövr ərzində vaxtaşırı yerinə yetirilən və ya alınan ödənişlər silsiləsi
ARADAN QALDIRILAN AMORTİZASİYA[aradan qaldırılan köhnəlmə] (curable depreciation) — Fiziki aşınmanın və funksional köhnəlmənin iqtisadi baxımdan aradan qaldırılması mümkün olan növləri.
ARADAN QALDIRILMAYAN AMORTİZASİYA[aradan qaldırılmayan köhnəlmə] (incurable depreciation) - Əmlakın fiziki vəziyyətin pisləşməsinin və funksional köhnəlməsinin aradan qaldırılması iqtisadi baxımdan əlverişli olmayan növləri.
ARALIQ İCARƏYƏverənin marağı (sandwich lessor interest)
ARDICIL İSTİFADƏ PRİNSİPİ(principle ofconsistent use) — Torpağın və yaxşılaşdırmaların qiymətləndirilməsinin müxtəlif bazalardan istifadə etməklə yerinə yetirilməsinin yolverilməzliyini ifadə edən prinsip.Ardıcıl istifadə prinsipi torpaqdan istifadə üsulunun dəyişdiyi və əmlak obyektlərinin müvəqqəti olaraq aralıq istifadə olunduğu hallarda tətbiq olunur. Torpaqdan ən səmərəli istifadə olunmasına təsir göstərməyən, lakin fiziki ömrünün qalığı uzun olan yaxşılaşdırmalar aralıq istifadədə müvəqqəti dəyərlə səciyyələnə, ümumiyyətlə dəyərsiz ola, yaxud sökülməsi böyük məbləğdə xərc tələb etdikdə, hətta mənfi dəyərə malik ola bilər.
ARTIQ AKTİV(surplus aset) — Təşkilatın mülkiyyətində olan, lakin onun əməliyyatlarında istifadə edilməyən aktiv. Artıq aktiv təşkilatın mal istehsal etməsi və xidmətlər göstərməsi üçün zəruri hesab olunmur. Bu aktivlər investisiyalar, inkişaf etmə yaxud satış üçün saxlanılır yaxud alınan ssudaların təminatı, habelə təşkilatın əsas fəaliyyəti ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilir. Artıq aktivin bazar dəyəri ondan ən səmərəli
AVADANLIQ(equipment) -Təşkilatın öz funksiyalarını yerinə yetirmək üçün istifadə etdiyi köməkçi aktivlər.
AVANS – gələcəkdə alınacaq istehsal vasitələrinə, yerinə yetiriləcək işlərə, göstəriləcək xidmətlərə görə əvvəlcədən ödənilən (verilən) maliyyə vəsaitidir.
AZLIQ TƏŞKİL EDƏNLƏRİN PAYI(minority interest) — Biznesdə səs hüququ verən marağın 50 faizindən aşağı olan mövqe.
Baş müəssisənin birbaşa yaxud başqa törəmə müəssisələr vasitəsilə dolayısı ilə nəzarətində olmayan törəmə müəssisənin maliyyə fəaliyyətinin nəticələrinin və xalis aktivlərinin onların təsisçilərinə aid edilən hissəsi.
B
BALANS DƏYƏRİ — əsas fondların və dövriyyə vəsaitlərinin mühasibat balansında təsbit olunmuş qiymətləridir.
BANK – pul vəsaitlərinin toplanması, ödmələrdə vasitəçilik edən (passiv əməliyyatlar) və qiymətli kağızlar buraxılması, müxtəlif məqsədli ssudaların verilməsini həyata keçirən (aktiv əməliyyatlar) maliyyə-kredit müəssisəsidir; iqtisadiyyatın inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərən müxtəlif — əmanət, investisiya, kommersiya və s.- bank növləri vardır.
BANK KREDİTİ — əsas kredit növü kimi firma və müəssisələrə və habelə fiziki şəxslərə razılaşdırılmış şərtlər əsasında borc kimi verilən pul vəsaitidir.
BANK FAİZİ – istehsal, kommersiya fəaliyyəti və ya digər məqsədlər üçün bankdan verilən kreditə, alınmış borca görə qaytarılacaq məbləğin hesablanması üçün əvvəlcədən məlum olan dərəcədir, normadır.
BARTER – istehlak dəyəri, iqtisadi təyinatı müxtəlif olan məhsul və ya məhsul qrupunun dəyərlərinin bərabərliyi şərtilə onların baş-başa mübadiləsidir; dəyəri ödənilmədən, lakin ekvivalent məbləğdə məhsulların qarşılıqlı dəyişdirilməsidir.
BARTER ƏMƏLİYYATI (SÖVDƏLƏŞMƏSİ) – xarici iqtisadi əlaqələrin inkişaf etdiyi, həmçinin böhran və valyuta məzənnəsinin qeyri-sabitliyi şəraitində dövlətlər, firma və müəssisələr arasında, öz ehtiycalarını ödəmək üçün, birbaşa və həmdə natural şəkildə əmtəələrin mübadilə formasıdır.
BAŞ[yaxud əsas] İCARƏ MÜQAVİLƏSI (head lease or master lease) — Müəyyən təşkilatın icarəyə götürdüyü əmlakı növbəti icarələr zamanı əmlakın faktiki kirayəçisi olacaq vasitəli icarəçilərə (subicarəçilərə) təkrarən icarəyə verməklə, icarəyə verənə çevrilmək üçün saxladığı icarə müqaviləsi.
“Baş icarə müqaviləsi” terminindən Britaniya İttifaqı ölkələrində, “baş müqavilə” terminindən isə Şimali Amerikada istifadə olunur.
BAŞ LİZHOLDUN MARAQLARI [aralıq icarəyə verənin marağı] (head leasehold interest [sandwich lessor interest]) — Baş yaxud əsas icarə müqaviləsini saxlayanın marağı. Baş lizholdun maraqları terminindən Britaniya İttifaqı ölkələrində, aralıq icarəyə verənin marağı terminindən isə Şimali Amerikada istifadə olunur
BAZAR – məhsulların və xidmətlərin alqı-satqısı üzrə müqavilələrin bağlanılması yeri; alqı-satqı prosesi, əmtəə və xidmətlərin mübadiləsi ilə əlaqədar iqtisadi əlaqələr, nəticə etibari ilə, tələb və təklif əsasında məhsulun qiymətinin formalaşdığı məkandır; satılan əmtəələrin növünə görə bazarın istehsal vasitələri, daşınmaz əmlak, qiymətli əşyalar, istehlak malları və xidmət, informasiya və əqli (mənəvi) məhsul, innovasiya, kapital, valyuta, qiymətli kağızlar, əmək, iş yeri və işçi qüvvəsi kimi növlərini, məkan baxımından dünya, ərazi, region, ölkə və hər bir ölkəyə ayrı-ayrılıqda aid olunmaqla daxili və xarici növlərini və rəqabətin səviyyəsinə görə bazarların təkmil rəqabətli (azad), inhisarçı (bağlı), oliqopolist, inhisar rəqabətli bazar növlərini fərqləndirirlər.
BAZAR DƏYƏRİ(market value) — Yaxşı məlumatlandırılmış, maraqları olan satıcının və alıcının müvafiq marketinq tədqiqatı apardıqdan sonra qənaətcilliklə, məcburiyyət olmadan, kommersiya müqaviləsi əsasında, münasib şərtlərlə qiymətləndirmə günündə aktivi pula mübadilə etməyə razı olacaqları ehtimal edilən məbləğ. Bazar iqtisadiyyatında bazar dəyəri anlayışı kollektiv qavrayışı, bazarın təsirlərini əks etdirir və resursların əksəriyyətinin qiymətləndirilməsi üçün əsas təşkil edir. Peşəkarlıqla hesablanmış bazar dəyəri qiymətləndirmə tarixində konkret əmlak üzərində mülkiyyət hüquqlarının obyektiv qiymətidir.
Həmçinin bax:ən səmərəli istifadə; dəyərin qeyri-bazar bazaları.
BAZAR İCARƏ HAQQI(market rent) — Yaxşı məlumatlandırılmış, maraqları olan icarə verən və icarəçi müvafiq marketinq tədqiqatı apardıqdan sonra qənaətcilliklə, məcburiyyət olmadan, kommersiya müqaviləsi əsasında, münasib şərtlərlə əmlakın yaxud əmlak obyekti hüdudlarında yerləşən məkanın qiymətləndirmə günündə icarəyə verilməsi ehtimal edildiyi məbləğ. Bazar icarə haqqının göstərildiyi hallarda, bu icarə haqqının ifadə etdiyi “münasib icarə şərtləri” də göstərilməlidir.
Bazar icarə haqqı iqtisadi renta yaxud iqtisadi icarə haqqı da adlandırılır
BAZAR İNFRASTRUKTURU — buraya bazara xidmət edən, ona normal fəaliyyət göstərmək üçün köməklik göstərən əmtəə və əmək birjası, banklar və digər kommersiya təşkilatları, onun ayrı-ayrı qurumları (məsələn, əmtəə bazarı, qiymətli kağızlar bazarı, əmək bazarı) aid olunur.
BAZAR İQTİSADİYYATI — tələb və təklif qanunlarının tələblərinə söykənən bazar iqtisadi münasibətləri əsasında azad sahibkarlıq, istehsal vasitələri üzərində mülkiyyət müxtəlifliyi, bazar qiymətəmələgəlmə, təsərrüfat subyektləri arasında müqavilə əlaqələri, təsərrüfat fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdırılması və s. bu kimi əlamət və prinsiplərə əsaslanan iqtisadiyyatdır.
BAZAR KONYUNKTURASI — bazarda yaranan iqtisadi situasiyanın və bazarın fəaliyyətinin əsas xüsusiyyətlərini-tələbin və təklifin kəmiyyətini, qiymət səviyyəsini, satışın həcmini, satıcı və alıcıların bazar fəallığını əks etdirən mövcud durumdur, vəziyyətdir.
BAZAR MÖVQEYİNDƏN YANAŞMA(market approach) -Qiymətləndirilən aktivin satılmış analoji aktivlərlə müqayisə olunmasının bir yaxud bir neçə metodundan istifadə etməklə, qeyri-maddi aktivin dəyər göstəricisinin hesablanmasının ümumi yolu.
Qiymətləndirilən biznesin, biznesdə iştirak payının yaxud qiymətli kağızın satılmış analoji bizneslə, biznesdə iştirak payları yaxud qiymətli kağızlarla müqayisə olunmasının bir yaxud bir neçə metodundan istifadə etməklə, dəyərlərinin hesablanmasının ümumi yolu.
Dəyərə bazar əməliyyatlarını əks etdirən məlumatlara və bazar iştirakçılarının müvafiq təfəkkürünə uyğun olan mülahizələrə əsaslanan istənilən yanaşma.
BƏYAN OLUNAN QİYMƏT[“hərracdan satılma qiyməti”] (hammer price) — Hərrac zamanı yığımlar yaxud komissiya haqları nəzərə alınmadan qəbul edilərək elan olunmuş qiymət təklifi. Bu qiymət əmlakın alınması üçün ödənilən qiymətdən fərqlənə bilər.
Həmçinin bax:hərrac qiyməti; fərdi razılaşma üzrə satış
BİOLOJİ AKTİVLƏR (biological assets) Diri heyvanlar və bitkilər.
BİR DOLLARIN [$ 1] MÜDDƏT ƏRZİNDƏ CARİ DƏYƏRİ(present value of $ 1 per period) — Müəyyən cari günə hesablanmış dəyərlilik (worth) yaxud müəyyən sayda gələcək dövrlər ərzində 1 dollar almaq hüququnun kapital məbləği. Bu zaman hər bir mütəmadi daxilolma seçilmiş faiz dərəcəsi üzrə diskontlaşdırılır və bu üsulla əldə olunmuş ayri-ayrı cari dəyərlər toplanılır
BİRBAŞA XƏRCLƏR — ayrı-ayrı növ məhsulların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bilavasitə əlaqədar olan və onların maya dəyərinə müstəqim yolla daxil edilən məsrəflərdir.
BİRJA — müntəzəm fəaliyyət göstərən, həmcins əmtəələrin topdan satışının təşkili formasıdır, bazarıdır; birjada vasitəçilərin iştirakı və köməkliyi ilə, müqavilə qiymətləri əsasında, böyük partiyalarla əmtəələrin alqı-satqı aktlarına uyğun olaraq həyata keçirilən kütləvi istehlak olunan əmtəələrin topdan satış ticarətinin xüsusi formasıdır.
BİRJA ƏMƏLİYYATI — əmtəələrin, qiymətli kağızların və valyutaların alqı-satqısı üzrə birjada həyata keçirilən əməliyyatlardır.
BİRJA QİYMƏTİ – birjada növbəti alqı-satqı nəticəsində əmtəələrin, qiymətli kağızların və xarici valyutaların formalaşmış dəyəridir.
BİTKİÇİLİK FERMALARI(cropping farms) — Adətən 12 aylıq dövr ərzində əkilən və yığılan bitkilərinin yetişdirilməsi üçün istifadə olunan kənd təsərrüfatı əmlakı obyektləri. Hər il məhsul yetişdirilən əmlak obyektlərindən eyni müddət ərzində bir yaxud bir neçə növ bitkinin becərilməsi (o cümlədən, süni suvarma tətbiq edilməklə) üçün istifadə oluna bilər. Bəzi bitki növləri illik dövriliklə səciyyələnsələr də, müqavilənin şərtlərinə uyğun olaraq yaxud münasib olmayan bazar şəraitində on iki aylıq dövrdən kənara çıxan müddət ərzində torpaqda saxlanıla bilər. Lakin, bu cür vəziyyətlər müstəsna hallarda yarana bilər.
Həmçinin bax: suvarılan torpaqlar; çoxillik əkmələr
BİZNES — istehlakçıların tələbatını ödəmək və mənfəət əldə etmək məqsədi ilə təşəbbüskar və bacarıqlı insanların işgüzar əlaqələrinin məcmusudur; o, hüquqi və fiziki şəxslər tərəfindən təbii ehtiyatlardan istifadə etməklə məhsul istehsalı və satışı, xidmətlər göstərilməsi bu işlə məşğul olanlara mənfəət və cəmiyyətə fayda gətirən fəaliyyət sferasıdır; onun istehsal, investisiya, innovasiya, kommersiya və maliyyə kimi əsas növləri vardır.
BİZNES-PLAN — marketinq tədqiqatları əsasında müəssisənin qarşıya qoyduğu məqsədə çatmaq üçün strateji və taktiki məqsədlərini, istehsalın həcmini, maliyyə proqnozunu, risklərin qiymətləndirilməsini və s. özündə əks etdirən konkret tədbirlər planıdır; onun tərtibində məqsəd istehsal sahibkarlığı üçün maliyyə mənbəyi tapmaqla investorları biznes fəaliyyətinə sövq etməkdir.
BİZNES TƏŞKİLATI(business entity) — Mənfəət əldə etmək məqsədi ilə iqtisadi fəaliyyət göstərən kommersiya, sənaye, xidmət yaxud investisiya təşkilatı. Biznes təşkilatı qeyri-korporativ (şəxsi müəssisə, ortaqlıq) yaxud korporativ (qapalı yaxud açıq), trast formasında yaxud mürəkkəb strukturlu ola bilər. Biznesdə mülkiyyət maraqları bölünməyən və səhmdarlar arasında bölünən olmaqla majoritar və minor maraqları əhatə edə bilər. Biznes satışların müqayisəsi əsasında yanaşma, gəlirin kapitallaşdırılması əsasında yanaşma yaxud aktivlər əsasında yanaşma metodları ilə qiymətləndirilə bilər.
Həmçinin bax: fəaliyyət göstərən müəssisə; holdinq şirkəti [investisiya sahəsində biznes], ticarət potensialı olan əmlak.
Biznesdə mülkiyyət maraqları əsasən səhmlər zərfi (o cümlədən, “nəzarət” və müxtəlif dərəcələrdə nəzarət təmin edən) ilə ifadə olunur. 2003-cü ildə ECO 7 “Biznesin qiymətləndirilməsi” üzrə qaydalara edilmiş dəyişikliklərdə “biznesin dəyəri” üçün iki yeni anlayış qəbul olunmuşdur: səhmdar [şəxsi] kapitalın dəyəri və müəssisənin dəyəri.
BİZNESİN QİYMƏTLƏNDİRİCİSİ(business valuer) — Təhsilinə, hazırlığına və təcrübəsinə görə biznesi, biznesdəki payları, qiymətli kağızları və (və ya) qeyri-maddi aktivləri qiymətləndirmək qabiliyyəti təsdiq edilmiş şəxs.
BİZNESİN QİYMƏTLƏNDİRİLMƏSİ(business valuation) — Biznesin (təşkilatın) yaxud oradakı payın dəyəri barədə rəyin işlənib hazırlanması və ya hesablanması prosesi.
BORC ÖHDƏLİYİ (debenture) — Borcun yazılı formada, məsələn, şirkətin borc aldığı pula görə verdiyi kağız şəklində etiraf olunması yaxud şəhadət verilməsi.
BÜDCƏ — müəyyən dövr ərzində əldə olunacaq gəlir və çəkiləcək xərclər nisbətinin müqayisəli qiymətləndirilməsi. Ondan iqtisadi inkişaf və sosial tərəqqi üçün vacib olan xərclərin planlaşdırılan gəlirlərlə müqayisəsinin təhlilində və qiymətləndirilməsində istifadə olunur.
C
CARİ AKTİVLƏR(current assets)
1. Təşkilatın cari fəaliyyətində daimi istifadə üçün nəzərdə tutulmayan aktivlər, məzələn ehtiyatlar, təşkilatın debitor kimi çıxış etdiyi borc öhdəlikləri, qısamüddətli investisiyalar, təşkilatın bankda və xəzinəsində olan pul vəsaitləri. Bəzi hallarda adətən dövriyyədən kənar (cari olmayan) aktivlər kimi nəzərdən keçirilən daşınmaz əmlak da cari aktivlərə aid edilə bilər. Bunlara nümunə olaraq, yaxşılaşdırmaları olan, satılmaq üçün ehtiyat kimi saxlanılan daşınmaz əmlak obyektlərini göstərmək olar.
2. Aşağıdakı xüsusiyyətləri olan aktivlər:
a) satılacağı yaxud satılmaq üçün saxlanılması və ya müəssisənin adi əməliyyat fəaliyyəti çərçivəsində istehlak olunacağı gözlənilir;
b) ilk növbədə satış məqsədləri üçün saxlanılır;
c) balans tarixindən sonrakı on iki ay müddətindən gec olmayan müddətdə satılacağı gözlənilir;
ç) pulların mübadiləsinin məhdudlaşdırıldığı yaxud balans tarixindən sonrakı on iki ay müddətində pul vəsaitlərindən öhdəliklərin yerinə yetirilməsi üçün istifadə ediləcəyi hallar istisna olunmaqla, pul vəsaitləri yaxud pul vəsaitlərinin ekvivalenti formasında olan aktivdir (MCFO 7 “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar” təyinatına müvafiq olaraq).
Bütün digər aktivlər dövriyyədən kənar aktivin kimi təsnifləşdirilir.
Həmçinin bax: dövriyyədən kənar (cari olmayan) aktivlər
CARİ DƏYƏR (prezent value) — Gələcək pul axınlarının pul ilə ifadə olunan cari dəyəri.
CARİ OLMAYAN AKTİVLƏR(non-current assets)
Bax: dövriyyədən kənar aktivlər.
Ç
ÇANTA(portfolio) — Bir təşkilatın malik olduğu yaxud idarə etdiyi müxtəlif əmlak obyektlərinin toplusu.
ÇOXİLLİK ƏKMƏLƏR (perennial plantings) — Ömür müddəti bir ildən çox olan, əkmələrdə yetişdirilən bitkilər. Buna nümunə üzümlüklər və meyvə bağlarıdır. Əmlak obyektlərinin bu tipləri amortizasiya edilən aktiv olan əkmələrə külli məbləğdə kapital qoyuluşları ilə səciyyələnə bilər.
Həmçinin bax:meşə təsərrüfatı / meşəli sahələr
ÇÖL EKSPERTİZASI(field review) — Qiymətləndirilən əmlakın xarici, bəzi hallarda isə daxili hissələrinin yoxlanılmasını, habelə hesabatda təqdim olunan göstəricilərin təsdiqlənməsi üçün müqayisə oluna bilən başqa obyektlərin də müayinə olunmasını əhatə edən qiymətləndirmə ekspertizası. Adətən, stolüstü ekspertiza zamanı araşdırılan bəndləri əhatə edən nəzarət-yoxlama siyahısından istifadə edilməklə yerinə yetirilir və bazar məlumatlarının təsdiq olunmasını, əlavə məlumatların əldə olunması üçün tədqiqatların keçirilməsini və hesabatın hazırlanmasında istifadə olunan proqram təminatının yoxlanılmasını tələb edə bilər.
D
DAĞ-MƏDƏN SƏNAYESİ (minerals industry) — Faydalı qazıntıların kəşfiyyatı ilə məşğul olan təşkilatlar. MR 14 metalların saflaşdırılması üzrə növbəti emal mərhələlərinin və ya faydalı qazıntıların emalı üzrə zavodların qiymətli resurslarını (aktivlərini), məsələn, saflaşdırılmış metalların metal istehsalçıları arasında yaxud mineral məhsulların pərakəndə satış müəssisələri arasında və ya bunların son istehlakçılar arasında bölgüsü prosesinə cəlb olunmuş aktivləri əhatə etmir.
“DAXİLİ” DƏYƏR(intrinsic value) — Bəzi ölkələrdə mövcud faktların qiymətləndirilməsi əsasında əşyanın “həqiqi” yaxud “real” dəyəri hesab edilən məbləğ. Bu anlayış qiymətlərin az müddət ərzində enib-qalxmasının təsirini zəiflədən uzunmüddətli qeyri-bazar dəyərini ifadə edir.
DAXİLİ QİYMƏTLƏNDİRİCİ(internal valuer) — Aktivin sahibi olan təşkilatda yaxud həmin təşkilatın maliyyə sənədlərinin və / və ya maliyyə hesabatlarının hazırlanmasına cavabdeh olan mühasibat firmasında muzdla işləyən qiymətləndirici. Adətən, daxili qiymətləndirici Davranış Məcəlləsi ilə müəyyənləşdirilmiş müstəqillik və peşəkar obyektivlik tələblərinə cavab versə də, ictimai rəy və tənzimləmə ilə bağlı bir sıra səbəblərdən müəyyən növ tapşırıqların yerinə yetirilməsi zamanı müstəqil qiymətləndirici rolunda çıxış edə bilmir.
Həmçinin bax: kənar qiymətləndirici
DAŞINAR[fərdi] ƏMLAK (personal property, personalty) — Daşınmaz əmlakdan fərqlənən hər-hansı əşya üzərində mülkiyyət hüquqları ilə əlaqədar hüquqlara, maraqlara və faydalara şamil edilə bilən hüquq anlayışı. Hüquq nöqteyi-nəzərindən bəzi ölkələrdə daşınar əmlak obyektləri həm daşınar, həm də daşınmaz əmlaka aid oluna bilən real əşya (“riyelti”) anlayışından fərqləndirilir.
Daşınar əmlakın əşyaları maddi və qeyri-maddi (məsələn, hüquqlar, patentlər) formada ola bilər. Maddi daşınar əmlak adətən daşınmaz əmlaka daimi bərkidilməmişdir və yerinin dəyişdirilməsi imkanı ilə səciyyələndirilir.
Daşınmaz əmlakdan fərqli olaraq, daşınar əmlaka maddi və qeyri-maddi əşyalarda maraqlar daxildir.
Daşınar əmlakda olan maddi və qeyri-maddi maraqlar daşınmaz əmlakda olan maraqlardan fərqli olanları da əhatə edir.
Daşınar əmlak bazar dəyəri utilləşdirilmə yaxud ləğvetmə dəyəri üzrə qiymətləndirilə bilər. Daşınar əmlak üç mövqedən yanaşmaya əsaslanan metodologiyadan istifadə olunmaqla qiymətləndirilə bilər.
Həmçinin bax: kolleksiya olunan əşyalar; qurğular və ləvazimat; mebel, qurğular və avadanlıq; lizholdun yaxşılaşdırmaları yaxud kirayəçinin yaxşılaşdırmaları; qurğular və avadanlıq; ticarət ləvazimatı yaxud kirayəçinin ləvazimatı.
DAŞINMAZ ƏMLAK(real property) — Daşınmaz əmlak üzərində sahibliklə bağlı bütün hüquqlara, maraqlara və faydalara aid olan anlayış. Fiziki aktiv olan “mülkiyyət”dən fərqli olaraq, “daşınmaz əmlak” hüquqi anlayışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının potensial məhdudiyyətləri mövcud ola bilər.
Həmçinin bax: əmlak, mülkiyyət
DEBİTOR — müəssisə, firma və təşkilatlara pul və ya əmlak borcu olan fiziki və ya hüquqi şəxslərdir.
DEBİTOR BORCLARI — müəssisəyə fiziki və hüquqi şəxslərlə (debitorlarla) birgə təsərrüfat əlaqələri nəticəsində yaranan borcun məbləği.
DEPOZİT — iqtisadi subyektlərin banka qoyduqları pul vəsaitləri və başqa dəyərlərdir.
DƏYƏR(value) — Satılan malın yaxud xidmətin alıcıları ilə satıcılarının razılaşdıracaqları daha çox ehtimal edilən qiymət. Dəyər malın yaxud xidmətin alıcılar və satıcılar arasında razılıq əldə olunmasına gətirib çıxara bilən fərziyyəvi qiymətini müəyyənləşdirir. Beləliklə, dəyər fakt deyil, satışa çıxarılan mallara yaxud xidmətlərə görə cari vaxt ödənilməsi daha çox güman edilən, hesablaman qiymətdir
Həmçinin bax: xərclər; qiymət
DƏYƏRİN SERTİFİKATLAŞDIRILMASI (certification of value) — Bəzi ölkələrdə qiymətləndirmə haqqında hesabata müəyyən olunmuş formada daxil edilməsi tələb olunur. Dəyərin sertifikatlaşmasında qiymətləndirici hesabatda təqdim olunmuş faktların düzgün olduğunu və onun biliklərini maksimum dərəcədə əks etdirdiyini; təhlillərin və nəticələrin yalnız hesabatda göstərilən ehtimallar və şərtlərlə məhdudlaşdığını; qiymətləndirilən əmlakda marağının olmadığını (əgər mövcuddursa, konkret göstərilməlidir); aldığı mükafatın hesabatın heç bir cəhətindən asılı olmadığını; qiymətləndirmənin Etika Kodeksinə və qiymətləndirmə standartlarına uyğun olaraq aparıldığını; özünün fasiləsiz təhsil almaq tələblərinə riayət etdiyini; əmlakı şəxsən yoxladığını (yaxud yoxlamadığını); hesabatın hazırlanmasında göstərilən konkret şəxslərdən başqa heç kimin iştirak etmədiyini bəyan edir.
Bəzi ölkələrdə istifadə edilən “dəyər sertifikatı” və “dəyər haqqında bəyanat” anlayışları qiymətləndirmə haqqında hesabatlara aid deyil və qanunla müəyyənləşdirilmiş məqsədlər üçün tərtib olunan sənədləri ifadə edir. Birinci sənəd əmlakın alıcısı tərəfindən imzalanır və onun ödədiyi qiyməti vergilərin, rüsumların məbləğinin müəyyənləşdirilməsi, vərəsəliyin planlaşdırılması məqsədləri üçün əks etdirir. İkinci sənəd məcburi özgəninkiləşdirmə səlahiyyətlərini həyata keçirən hakimiyyət orqanına satılmış əmlakın dəyərini təsdiq edir. Dövlətin inzibati idarələri qiymətləndirmə prosesinin əsasında duran təhlil proseslərinin başa düşülməsini tələb etmədiklərinə görə, dəyər sertifikatında və dəyər haqqında bəyanatda yalnız qiymətləndirmə tarixində idarənin qanuni rəhbəri tərəfindən təsdiq edilən əmlakın elan olunmuş bazar dəyəri, habelə əmlak və qiymətləndirmə haqqında ən müxtəsər məlumatlar əks olunur.
DƏYƏRİN QEYRİ-BAZAR BAZALARI(non-market bases of value) — Əmlakın qiymətləndirilməsi onun bazar münasibətləri iştirakçıları arasında alqı-satqı predmeti olmaq qabiliyyətindən fərqlənən iqtisadi faydalılıq funksiyalarına yaxud bazarın qeyri-adi yaxud qeyri-tipik şəraitinin təsirlərinə əsaslana bilər.
Bax: fəaliyyət göstərən müəssisənin dəyəri; sığorta dəyəri; investisiya dəyəri yaxud “qiymətliliyi”; təsviyə dəyəri yaxud məcburi satış qiyməti; birləşmə zamanı dəyər; utilləşdirmə dəyəri; xüsusi dəyər; istifadə zamanı dəyər; vergi dəyəri.
DƏYƏRLİLİK(worth)
Bax: investisiya dəyəri (investment value) (“worth” anlayışından adətən Britaniya İttifaqı ölkələrində istifadə olunur)
DƏYİŞƏN XƏRCLƏR — məhsul buraxlışının həcmindən asılı olaraq kəmiyyətcə mütənasib dəyişən resurslara (xammal, material, yanacaq, əmək haqqı və.s) müəssisənin çəkdiyi xərclərdir.
DİLER — bazarda öz adından və öz hesabına əmtəələr, qiymətli kağızlar və valyutalardan birinin və ya bir neçəsinin alqı-satqısı ilə məşğul olan peşəkar bazar iştirakçısı.
DİSKONT (DİSKONTLAŞDIRMA) — ingilis sözü olan diskont “güzəşt”, qiymətə güzəşt mənasına uyğundur; iqisadi məfhum kimi o, qiymətli kaşğızın cari qiyməti ilə nominal qiyməti (üzərində qeyd olunan) arasındakı qiymət fərqi kimi işlənir. investisiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsində diskontlaşdırma metodundan istifadə olunur. Bu metodla layihəyə illər üzrə xərclənən pul axını ilə gələcək illərdə onun (layihənin) reallaşdırılmasından daxil olacaq pul axınının məzənnə fərqləri “ümumi məxrəc”ə gətirilir.
DİVİDEND — təsərrüfat fəaliyyətinin illik nəticələrinə görə müvafiq vergilər ödənildikdən sonra səhmdar cəmiyyətinin özünün mənfəətindən səhmlərə görə ödədiyi məbləğdir, səhm sahiblərinin gəlirləridir; bir səhmə düşən dvidendin həcmi səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən olunur və icra edilir.
DİVERSİFİKASİYA — əksər hallarda məhdud növdə məhsul istehsalına əsaslanan istehsal qurluşundan geniş profilliyə keçid; müəssisənin ixtisaslaşma istiqamətinə uyğun gəlməyən və ya funksional asılılığı olmayan başqa müəssisələrin işinə “müdaxiləsidir”; bunun nəticəsində müəssisə mürəkkəb istehsal quruluşlu kompleksə və ya konglomerata çevrilir, özünün ixtisaslaşma istiqamətini az və ya çox dərəcədə itirir.
DOLAYI XƏRCLƏR(indirect costs) — İnşaat yaxud istehsal ilə bağlı, lakin konkret aktivə aid edilməsi mümkün olmayan xərclər. Bunlara nümunə kimi inşaat prosesində sığorta, maliyyələşdirmə və vergilərlə bağlı xərcləri, memarların mükafatlarını, idarəetmə və məhkəmə xərclərini göstərmək olar.
DÖVLƏT[ictimai] BÖLMƏSİNİN AKTİVİ (public sector asset) — Dövlətin, habelə qanunla müəyyənləşdirilmiş orqanın mülkiyyətində yaxud icarəsində olan və bəzi ictimai xidmətlərin yaxud sərvətlərin təqdim olunması məqsədilə dövlət və ya kvazidövlət agentliyi tərəfindən idarə olunan əmlak. Dövlət (ictimai) bölməsinin əmlakı obyektlərinə hər bir kateqoriyası əsas vəsaitlərdən ibarət olan müxtəlif tip aktivləri, o cümlədən, adi əmlak obyektləri, irs aktivləri və qorunan aktivlər, infrastruktur aktivləri, kommunal təsərrüfatı müəssisələri, istirahət obyektləri və dövlət binaları (məsələn, hərbi obyektlər) aiddir. Dövlət (ictimai) bölməsinin obyektləri əməliyyat və qeyri-əməliyyat, yaxud izafi aktivlər kimi nəzərdən keçirilə bilər.
Həmçinin bax: irs aktivləri və qorunan aktivlər, infrastruktur aktivləri, qeyri-əməliyyat aktivləri, əməliyyat aktivləri, ictimai bina, kommunal təsərrüfat müəssisəsi, istirahət sahəsinin aktivləri.
DÖVLƏTİN MƏCBURİ QAYDADA ÖZGƏNİNKİLƏŞDİRMƏK HÜQUQU(eminent domain) — Dövlətin xüsusi mülkiyyəti ədalətli kompensasiya ödədikdən sonra ictimai istifadə üçün
müsadirə etmək hüququ. Həmçinin bax: məcburi özgəninkiləşdirmə I, məcburi özgəninkiləşdirmə II,
DÖVLƏTİN(hökumətin) SƏLAHİYYƏTLƏRİ (powers of a government) -Dövlət (hökumət) tərəfindən mülkiyyət hüquqlarına müəyyən məhdudiyyətlər qoymaq səlahiyyətlərinin həyata keçirilməsi. Dövlətin (hökumətin) səlahiyyətlərinə vergiqoyma, məcburi qaydada satış, tənzimləmə və vərəsəsiz qalmış əmlaka yiyələnmək daxildir.
Bax: vergi dəyəri, sahibsiz əmlak, məcburi özgəninkiləşdirmə I, məcburi özgəninkiləşdirmə II, dövlətin xüsusi mülkiyyəti məcburi qaydada özgəninkiləşdirmək hüququ, vərəsəsiz əmlak, torpaq quruluşunun planlaşdırılması.
DÖVLƏTSİZLƏŞDİRMƏ — dövlət mülkiyyətinin özəlləşdirilməsi, müəssisələrin idarə edilməsində dövlətin rol və funksiyasının maksimum azaldılması, dövlət orqanlarının bir sıra hüquqlarının müəssislərə verilməsi, sahibkarlığın inkişaf etdirilməsinin dövlət tərəfindən dəstəklənməsi prosesidir.
DÖVRİYYƏDƏN KƏNAR AKTİVLƏR(noncurrent assets) — İki geniş kateqoriyaya: əsas vəsaitlərə və sair dövriyyədən kənar aktivlərə bölünən maddi və qeyri-maddi aktivlər. Həmçinin təsbit olunmuş və uzunmüddətli aktivlər də adlandırılır.
DÖVRİYYƏ FONDLARI — istehsal vasitələrinin elə hissəsidir ki, (xammal, material, yanacaq və s.), onlar bir istehsal tsiklində tamamilə istehlak olunur və bu zaman öz dəyərlərini istehsal olunan məhsulun üzərinə bütünlükdə keçirir və natural formalarını itirirlər; özlərinin təyinatına, yaradılma zəruruliyini müəyyən edən amillərin müxtəlifliyinə görə dövriyyə fondları istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri adlanan tərkib hissələrinə ayrılır.
DÖVRİYYƏ VƏSAİTLƏRİ – dövriyyə və tədavül fondlarının yaradılması üçün təyinat alan və bu məqsədlərə sərf olunan pul vəsaitlərinin məcmusudur.
DUYULAN AKTİVLƏR (tangible assets) — Fiziki təzahürü olan aktivlər. Torpaq və binalar, qurğular, maşınlar və avadanlıq, cihazlar və ləvazimatlar, alətlər, habelə tikinti və inkişaf prosesində istifadə olunan aktivlər buna nümunədir.
DUYULAN ƏMLAK (tabgible property) — Gözdən keçirilməsi, toxunulması mümkün olan fiziki, duyulan “əşya”, yerin üstündə və altında onunla bağlı olan əlavələr. Daşınmaz əmlak duyulandır, daşınar əmlak isə həm duyulan, həm də duyulmayan ola bilər. Duyulan daşınar əmlakın əşyaları daşınmaz əmlaka daimi “bağlanmamışdir” və adətən yerdəyişmə qabiliyyəti ilə səciyyələnirlər.
DUYULMAYAN AKTİVLƏR(intangible assets) — Fiziki substansiyaya malik olmaması, mülkiyyətçisinə müəyyən hüquqları və imtiyazları təmin etməsi və adətən gəlir verməsi kimi iqtisadi xüsusiyyətləri ilə təzahür olunan aktivlər. Duyulmayan aktivləri hüquqlardan, qarşılıqlı münasibətlərdən, qruplaşdırılmış hiss edilməzlikdən, əqli mülkiyyətdən meydana çıxan kateqoriyalara bölmək olar.
Peşəkar mühasiblər ayrı-ayrı duyulmayan aktivləri adətən təsdiqlənən, müqavilə və ya razılaşma üzrə qalıq həyat müddəti olan, başqa şəxsə ötürülməsi və biznesdən ayrılması mümkün olan aktivlərlə məhdudlaşdırırlar.
DUYULMAYAN ƏMLAK(intangible property) — Duyulmayan aktivlərin mülkiyyətçisinin malik olduğu hüquqlar və imtiyazlar.
E
EHTİYAT QİYMƏTİ(reserve price) — Satıcının məqbul hesab etdiyi ən aşağı qiymət.
EMBARQO – hər hansı əmtəənin (əmtəələrin) və habelə, valyutanın əcnəbi ölkəyə (ölkələrə) gətirilməsinə dövlət tərəfindən qadağa qoyulmasıdır.
ELASTİKLİK – bir iqtisadi göstəricinin digərinin dəyişməsinə reaksiya vermə dərəcəsidir.
ERQONOMİKA – insanla maşının qarşılıqlı təsirini və insanın maşına uyğunlaşma problemlərini tədqiq edən elm sahəsidir.