İqtisadi proseslər və ictimai istehsalın tərəfləri

İqtisadi proseslər və ictimai istehsalın tərəfləri

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiətin, həm də cəmiyyətin sirlərini  öyrənməyə çalışmışlar. İndi hamıya məlumdur ki, siyasətlə, elm ilə, incəsəntlə məşğul olmazdan əvvəl, yemək, geyinmək, yanacağa; mənzilə və başqa maddi nemətlərə  malik olmaq lazımdır.  Lakin ictimai fikir bu nəticəyə birdən- birə deyil, uzun müddəti əhatə edən çətin bir yol keçməklə  gəlib çıxmışdır. Və insanlar  bu həqiqəti dərk etməklə, sanki ictimai həyatın  inkişaf qanunauyğunluqlarının çox mürəkkəb  yumağında kələfin ucunu tapmağa nail olmuşlar.
İnsan cəmiyyətinin həyatı isə həqiqətən olduqca  mürəkkəb, çoxcəhətli və dolaşıqdır. O, maddi nemətlərin  istehsalı, xidmətlər, elm və texnika, siyasət və ideologiya sahələrində insanların çoxsaylı  fəaliyyət növlərindən ibarətdir. Başqa sözlə, insanlar arasında tədriclə ictimai münasibətlərin elə bir bütöv sistemi formalaşmış, müəyyən həyat tərzi, dövlətin ailənin, mənəviyyatın konkret formaları meydana gəlmişdir ki, bunların içərisindən həyatın  əzəli ( ilkin) əsasını təşkil edən  prosesləri ayırmaq lazım idi. Belə bir ilkin əsas bütün ictimai münasibətlər  sistemindən ayrıldı və bu ictimai istehsaldan ibarətdir.
İqtisadiyyat cəmiyyət həyatının əsası olduğuna görə iqtisadi( istehsal) proseslər də  bütün ictimai münasibətlər sistemində  həlledici əhəmiyyətə malikdir. İqtisadi proseslərin  baş verdiyi  başlıca sahə isə iqtisadiyyatın əsasını təşkil edən ictimai  istehsaldır.
İctimai istehsalda gedən proseslərdə insanlar bir tərəfdən təbiətlə, digər tərəfdən isə öz aralarında müəyyən münasibətlərə girirlər. Bu münasibətlərdə  müəyyənedici rol  insanlarla təbiət arasındakı  münasibəti ifadə edən məhsuldar qüvvələrə məxsusdur.
Məhsuldar qüvvələr nədir? Bu suala cavab vermək  üçün əvvəlcə ictimai istehsalın əsas amillərini nəzərdən keçirək.
İctimai istehsal aşağıdakı üç amil mövcud  olduqda mümkündür:
1) iş qüvvəsi; 2) əmək cisimləri; 3) əmək vasitələri
İş qüvvəsi insanların əmək sərf etmək qabiliyyətləri, başqa sözlə, onların malik olduqları  və  istənilən vaxt istehsal prosesində  istifadə edə biləcəkləri  fiziki və zehni  qabiliyyətlərinin məcmusudur. İstehsal prosesinin baş verməsi üçün iş qüvvəsi hər dəfə  istehlak olunmalıdır. İş qüvvəsi istehsalın şəxsi amilidir.
Əmək cisimləri- insan əməyinin təsir göstərdiyi bütün şeylərdir ki, bunlar da gələcək məhsulun  maddi əsasını təşkil edir. Əmək cisimlərini 2 yerə bölmək olar:
1) təbiətin insan cəmiyyətinə hazır  halda verdiyi əmək cisimləri (  kömür, dəmir filizi,  təbii sututarlardakı balıq və s. )
2) insanların özlərinin əməyi ilə yaradılan əmək cisimləri ( xammal və ya xam material, yanacaq və i. a. ).
İnsan əməyinin təsir göstərdiyi əmək cisimlərinə xammal və ya xam material deyilir. Məsələn, domna sobalarında istifadə olunan  kömür və filiz, maşınqayırma zavodundakı metal, toxuculuq müəssisələrindəki  iplik xammal və ya xam materialdır. Elmi- texniki inqilab inkişaf etdikcə  qabaqcadan nəzərdə tutulmuş xassələrə malik olan keyfiyyətcə  yeni, yəni  təbiətdə olmayan  əmək cisimlərinin yaradılması mümkün olur. Lakin qeyd etmək lazımdır ki,  bu zaman da torpaq, təbiət əzəli əsasdır. Bu, onu göstərir ki,  klassik ingilis siyasi  iqtisadının görkəmli nümayəndəsi U. Pettinin “ Əmək sərvətin atası, torpaq isə anasıdır” tezisi müasir dövrlə həmahəng səslənir.
Əmək vasitələri insanların  əmək cisimlərinə  təsir göstərdikləri şeylərə və ya  şeylər kompleksinə deyilir. İnsanlar bu şeylərin  fiziki, kimyəvi, bioloji xüsusiyyətlərindən  istifadə etməklə  özlərinə lazım olan  məhsulları  istehsal edirlər.
Əmək vasitələri  bir neçə növə ayrılır. Bunların içərisində həlledici yer  mexaniki əmək  vasitələri  və ya əmək alətlərinə — maşın və avadanlıqlarına  məxsusdur. Bunlar istehsalın sümük və əzələ  sistemini təşkil edirlər. Əmək alətlərinin inkişafı  texniki tərəqqinin əsas göstəricisidir. İstehsalın inkişafında  hər bir tarixi dövrün  başlıca fərqləndirici əlaməti  hər şeydən əvvəl əmək alətlərinin inkişaf səviyyəsi ilə müəyyən edilir. 
Əmək vasitələrinin növlərindən biri də  istehsalın damar ( borular, çənlər, çəlləklər və s. )  sistemidir.  Kimya, metallurgiya, atom sənayesinin inkişafı ilə əlaqədar olaraq  cəmiyyətdə bu əmək  vasitələrinin rolu nəzərə çarpacaq dərəcədə artır.
Əmək vasitələrinə, həmçinin istehsalat binaları, şosse və dəmir yolları, kanallar və s.- də daxildir. Torpaq həm əmək vasitələri, həm də əmək cismidir.  Başqa sözlə, torpaqdan kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün  bir vasitə kimi  istifadə olunduğuna görə o, əmək vasitəsidir. Digər tərəfdən, insan öz əməyi ilə torpağa təsir göstərdiyinə görə ( məsələn, torpaq  şumlandıqda, toxum səpildikdə, bitkilər  becərildikdə və s. ) o, həm də əmək cismidir.
Əmək cisimləri ilə əmək vasitələri ikisi birlikdə istehsal vasitələrini əmələ gətirir.  İstehsal vasitələri ictimai istehsalın maddi amilidir.
İstehsalın şəxsi və maddi amilləri bir- biri ilə qarşılıqlı əlaqədədir. Bu o deməkdir ki, istehsalın onun ünsürlərinin- işçi qüvvəsi, əmək cisimləri və əmək vasitələri- mexaniki birləşməsindən  ibarət olduğunu təsəvvür etmək düzgün olmaz, bu qarşılıqlı əlaqədə olan  mürəkkəb bir sistemdir.  Qarşılıqlı əlaqədə və bir – birindən asılı olan  bütöv sistem isə  istehsalın ünsürlərinin  mexaniki toplusundan  keyfiyyətcə fərqlənir və istehsal texnologiyası və onun təşkili ilə əlaqədar  daha çox səmərə əldə edilməsinə imkan verir.
Texnologiya istehsalın əsas amilləri arasıdakı  qarşılıqlı əlaqələri, həmçinin istehsal vasitələrinin elmi kəşflər vasitəsilə  və təcrübədə aşkara çıxarılan  mexaniki, fiziki və kimyəvi xassələrinə əsalanmaqla əmək cisimlərinə insanların  təsiretmə üsullarını ifadə edir.
İnsanlar şeylərin əvvələrində məlum olmayan  xassələrini aşkara çıxarmaqla  yeni növ məhsullar hazırlamağın  sirlərinə yiyələnir, daha mütərəqqi texnologiyadan, keyfiyyətcə tamamilə başqa materiallardan istifadə edirlər. Bu da öz növbəsində işçilər qarşısında yeni tələblər qoyur.
Bununla birlikdə istehsalın təşkili də fasiləsiz olaraq dəyişir və daim təkmilləşir, ictimai istehsalın sahə quruluşu dəyişir və mürəkkəbləşir, ixtisaslaşdırılma  və kooperasiyalaşdırmanın  yeni- yeni formaları  meydana çıxır, istehsalın ictimai xarakteri, istehsal prosesində müəssisələr, sahələr arasında qarşılıqlı əlaqələr güclənir.
İctimai istehsal inkişaf etdikcə istər onun amillərini, istərsə də onların qarşılıqlı əlaqələrinin  xarakteri də dəyişir, enerji problemi daha kəskin xarakter alır. İlk dövrlərdə  başlıca enerji mənbəyi  insanın ( yaxud istehsalda istifadə olunan heyvanların)  qüvvəsi olmuş və enerji istehsalın  müstəqil amili kimi ayrılmamışdır. İndi isə vəziyyət tamamilə  dəyişmişdir. Hazırda istehsalın amilləri arasında qarşılıqlı əlaqə və asılılıq  güclü enerji mənbələrini mənimsəmədən mümkün deyildir. Deməli, indiki şəraitdə istehsalın enerji ilə təmin olunması  son dərəcə böyük əhəmiyyət kəsb edir.
Elmi- texniki inqilabın təsiri ilə  xidmət sahələri surətlə inkişaf edir və onlar cəmiyyət üçün çox vacib  olan vəzifələri yerinə yetirirlər. Bu sahələr istehsalın infrastrukturu adlanır və bunlara nəqliyyat, rabitə,  enerji və informasiya xidməti daxildir. İstehsalın şəxsi amilinin  inkişafında isə sosial infrastruktur( təhsil, səhiyyə, ictimai- iaşə, mənzil kommunal təsərrüfatı) mühüm rol oynayır.
İctimai istehsalın amillərinin mürəkkəbləşməsi və onlar arasındakı  qarşılıqlı əlaqələrin güclənməsi cəmiyyətin inkişafının  bütün mərhələlərində onun əsas ünsürlərinin işçi qüvvəsi, əmək cisimləri əmək vasitələrindən ibarət olması  haqqında müddəanı aradan qaldırmır, əksinə, istehsalın amillərinin qarşılıqlı fəaliyyəti  nəticəsində insanların  bu və ya digər tələbatını ödəmək xassəsinə malik olan əmək məhsulları yaranır.
İstehsalın şəxsi amili ilə maddi amili ikisi birlikdə və qarşılıqlı əlaqədə cəmiyyətin  məhsuldar qüvvələrini təşkil edir.
Məhsuldar qüvvələrin inkişafı insanların təbiət qüvvələrini  və hadisələri üzərində  hökmranlıq dərəcəsini ifadə edir və öz əksini əmək məhsuldarlığının  yüksəldilməsində, cəmiyyətin sərvətinin artmasında tapır.  Məhsuldar qüvvələrin inkişaf səviyyəsi  ictimai tərəqqinin  başlıca meyarı  və ən mühüm ümumi göstəricisidir.
İctimai tərəqqinin  bir pilləsindən digərinə keçilməsi inkişafı  dayandırmır və mövcud məhsuldar qüvvələrin məhv edilməsini tələb etmir. Əksinə, hakimiyyətə gəlmiş qabaqcıl sinif köhnə cəmiyyətdə yaradılmış məhsuldar qüvvələrdən  istifadə etməklə onları yenidən qurmağa, keyfiyyətcə yeni səviyyəyə  qaldırmağa nail olur, öz hakimiyyətini qəti olaraq bərqərar edir. 
İstehsal prosesində  insanlar yalnız təbiətlə deyil, həm də az aralarında  müəyyən münasibətlərə girirlər.
İctimai istehsal, maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində insanların iradəsindən, istək və arzularından asılı olmayaraq meydana  çıxan münasibətlərin  məcmusu istehsal  münasibətləridir.
İstehsal münasibətləri  bütün ictimai münasibətlər  sistemində başlıca, həlledici münasibətlərdir, cəmiyyətin ictimai bazisidir.
İstehsal münasibətlərinin aşağıdakı iki növünü  bir- birindən fərqləndirmək lazımdır.

  1. Təşkilati- iqtisadi münasibətlər.
  2. Sosial- iqtisadi münasibətlər.

Təşkilati- iqtisadi münasibətlər  məhsuldar qüvvələrin inkişaf dərəcəsi  və təşkili səviyyəsini  səciyyələndirir. Buna əmək bölgüsü, istehsalın ixtisaslaşdırılması, kooperasiyalaşdırılması, təmərküzləşməsi, mərkəzləşməsi və s. aiddir.

Sosial- iqtisadi münasibətlər isə istehsalın ictimai formasını ( xüsusi kapitalist, xırda əmtəə istehsalı və s. ) ifadə edir.
Top