Iqtisadi hadisələrin mahiyyətinə varmaq, onların inkişaf qanunlarını dərk etmək və fəaliyyət mexanizmini aşkara çıxarmaq yalnız elmi cəhətdən əsaslandırılmış tədqiqat metodlarından istifadə olunduqda mümkündür.
Elmi metod-gerçəkliyin öyrənilməsini, təbiət və cəmiyyət hadisələrinin dərk olunmasına yanaşılmasını, elmi təfəkkür qaydalarını və obyektiv aləmin qanunauyğunluqlarını əks etdirən üsul və vasitələrin toplusudur.
Hər bir elm kimi, iqtisadi nəzəriyyənin də özünəməx-sus spesifik tədqiqat metodları vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, iqtisadi problemləri öyrənmək məqsədilə onların haqqında faktlar toplanır. Buna təsvir və ya empirik metod deyilir. Bundan sonra faktlara əsasən iqtisadi prinsiplər müəyyən olunur ki, bu da iqtisadi təhlil adlanır. Deməli, iqtisadi nəzəriyyə özünün predmetini öyrənmək üçün təhlil metodundan geniş istifadə edir. Təhlil zamanı obyekt tərkib hissələrinə ayrılır, onlar ayrılıqda hərtərəfli öyrənilir, tamın daxilində hər birinin yeri və rolu aydınlaşdırılır. Təhlil bir-birindən tamamilə fərqlənən iki səviyyədə-makro və mikroiqtisadi səviyyələrdə aparıla bilər. Makroiqtisadi təhlil ya iqtisadiyyat üzrə ümumilikdə, yaxud da onun ayrı-ayrı bölmələri (məsələn, dövlət bölməsi, qeyri-dövlət bölməsi və s.) üzrə ayrılıqda aparılır. Ona görə heç də təsadüfi deyildir ki, müxtəlif iqtisadi problemlər makroiqtisadi səviyyədə təhlil olunduqda istehsalın, gəlirlərin və xərclərin ümumi həcmi, məşğulluğun və qiymətlərin ümumi səviyyəsi və s. göstəricilərdən istifadə edilir.
Mikroiqtisadi təhlil isə konkret iqtisadi vahidlər (ayrı-ayrı sahələr, firmalar və s.) səviyyəsində aparılır. Bu zaman istehsal olunan hər hansı konkret məhsulun miqdarı və ya qiyməti, bir firmada çalışan işçilərin sayı, onun əldə etdiyi gəlir və ya sərf etdiyi xərcin məbləği, bir ailənin gəliri və s. göstəricilərdən istifadə olunur.
Hadisə tərkib hissələrinə ayrıldıqdan və onların mahiyyəti aydınlaşdırıldıqdan sonra idrak prosesi başqa formada, təhlilin nəticələrinin tam halında birləşdirilməsi kimi başa çatır. Tərkib hissələrinə ayrılmış və təhlil olunmuş ünsürlərin yenidən vahid tam halında birləşdirilməsi sintez adlanır. Təhlil və sintez arasındakı qarşılıqlı əlaqəni mürəkkəb iqtisadi proses olan əmtəə tədavülünün misalında nəzərdən keçirək. Bu prosesin təhlili gedişində əvvəlcə onu təşkil edən ünsürlərin-əmtəə, pul, qiymət, alqı-satqı əməliyyatı və s.- mahiyyəti aydınlaşdırılır. Bu ünsürlərdən hər birinin xüsusiyyətləri müəyyən olunduqdan sonra təhlil prosesində əldə edilmiş məlumatlar ümumiləşdirilməklə tədqiq olunan hadisə haqqında ümumi təsəvvür əldə edilir.
Iqtisadi hadisə və prosesləri təhlil edərkən induksiya və deduksiya metodlarından geniş istifadə olunur. Induk-siya dedikdə nəzəri müddəa və prinsiplərin çıxarılmasına, başqa sözlə, faktlardan nəzəriyyəyə, xüsusidən ümumiyə doğru hərəkət nəzərdə tutulur. Bir çox hallarda isə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nəzəriyyədən başla-nır. Başqa sözlə, əvvəlcə nəzəriyyə hazırlanır, sonra bu, yoxlanılır, nəzərdə tutulan, gözlənilən nəticə alındıqda tətbiq olunur, alınmadıqda isə qəbul edilmir. Buna deduksiya və ya fərziyyə (hipotez) metodu deyilir. Beləliklə, iqtisadi hadisə və proseslər öyrənildikdə fərziyyə adlanan ilkin prinsipləri formalaşdırmaq üçün təsadüfi müşahidəyə, abstrakt müha-kiməyə, məntiqə, yaxud da intiusiyaya arxalanmaq olar. Məsələn, «kabinet məntiqinə» əsasən belə bir mühakimə yürütmək olar ki, alıcılar ərzaq məhsullarını qiymətlər aşağı olduqda alsalar, bu, onlar üçün daha sərfəlidir. Bu fərziyyənin doğru olub – olmaması sonralar müvafiq fakt-ları müntəzəm olaraq öyrənmək yolu ilə dəfələrlə yoxlanıl-malıdır. Deduksiya metodunda ümumidən xüsusiyə, nəzəriyyədən faktlara doğru gedilir.
Induksiya və deduksiya bir-birini tamamlayan tədqi-qat metodlarıdır. Belə ki, deduksiya vasitəsilə formalaşdırı-lan fərziyyədən empirik məlumatların toplanması və sistem-ləşdirilməsi üçün istifadə olunur. Faktlar isə öz növbəsində daha məzmunlu fərziyyələr formalaşdırmaq üçün ilkin şərtdir.
Iqtisadi hadisələri tərəzidə çəkmək, mikroskopla müşahidə etmək, laboratoriya şəraitində öyrənmək mymkün deyildir. Onları dərk etməyin əsas üsulu elmi abstraksiyadır. Başqa sözlə, K.Marksın dediyi kimi «Iqtisadi formalar tədqiq edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların hər ikisinin yerini abstraksiya qüvvəsi tutmalıdır».
«Abstraksiya» termini sözün hərfi mənasında «yayındırmaq», «sərfnəzər etmək», «nəzərə almamaq» deməkdir. Məsələn, kapitalizm bütöv bir tam kimi iqtisadi münasibətlərin müxtəlif növlərinin toplusundan ibarətdir. Onun haqqında konkret bilik əldə etmək üçün bu sistemə daxil olan bütün ünsürlər arasındakı daxili qarşılıqlı əlaqələri aşkara çıxarmaq lazımdır. Lakin aydın məsələdir ki, kapita-lizmi elmi cəhətdən təhlil edərkən bu mürəkkəb sistemin bütün tərkib hissələrinin hamısını birdən, eyni vaxtda nəzərdən keçirmək olmaz. Odur ki, əvvəlcə onun cəhətlərindən birini, sonra digərini, daha sonra üçüncüsünü və s. təhlil etmək lazımdır. Yalnız bu yolla kapitalizm haqqında konkret və tam təsəvvür əldə etmək olar. Deməli, münasi-bətlərin hər hansı bir cəhəti təhlil olunarkən bilərəkdən onun digər cəhətləri nəzərə alınmır. Bu isə gerçəkliyi daha dərindən başa düşməyə, öyrənilən hadisələrin nəticələrindən ən mühümlərini, başlıcalarını seçib ayırmağa, ikinci dərəcə-li, yaxud da tədqiqatı mürəkkəbləşdirən, çətinləşdirən, lakin onun mahiyyətinə xələl gətirməyən məsələlərdən sərfnəzər etməyə, onları nəzərə almamağa imkan verir. Bununla əlaqədar olaraq, iqtisadi hadisə və proseslər öyrənilərkən «başqa şərtlər sabit qalmaqla» metodundan da istifadə olunur. Başqa sözlə, nəzərdən keçirilən problemlə bağlı olan digər məsələlərin dəyişməz qaldığı fərz edilir.
Hər bir iqtisadi hadisə qarşılıqlı əlaqə və asılılıqda olan kəmiyyət və keyfiyyət tərəflərinə malikdir. Hadisənin keyfiyyət tərəfi onun mahiyyətini ifadə edir. Kəmiyyət isə hadisənin miqdar ölçüsüdür. Bunların dialektik vəhdətində keyfiyyət müəyyənedicidir. Kəmiyyət dəyişmələri isə öz növbəsində labüd olaraq yeni iqtisadi keyfiyyətə doğru aparır. Məsələn, kapitalist iqtisadiyyatının keyfiyyət müəyyənliyi olan mülkiyyət münasibətləri onun feodalizmə nisbətən daha sürətli inkişafını təmin etmişdir.
Iqtisadi münasibətlərin kəmiyyət tərəfinin təhlili onların siyasi-iqtisadi məzmununu daha dərindən aşkara çıxarmağa, iqtisadi hadisə və proseslər arasındakı səbəb-nəticə əlaqələrinin xarakteri haqqında daha konkret təsəvvürə malik olmağa imkan verir. Məsələn, iqtisadçı üçün təkcə mənfəətin mahiyyətini aşkara çıxarmaq yox, həm də onun normasını müəyyən etmək maraqlı və vacibdir. Odur ki, iqtisadi nəzəriyyədə hadisələrin kəmiyyət tərəfini təhlil edərkən riyazi və statistik üsullardan, modelləşdirmədən geniş istifadə edilir.
Iqtisadi nəzəriyyə kursunda geniş tətbiq olunan metodlardan biri də məlumatların, sosial-iqtisadi proseslər arasındakı qarşılıqlı əlaqə və asılılıqların və onların inkişaf qanunauyğunluqlarının qrafiklərdə təsvir olunmasıdır. Qrafiklər materialları daha yaxşı mənimsəməyə, aydın başa düşməyə, dərindən təhlil etməyə, rəqəmlərin köməyilə ifadə olunan qanunauyğunluqları sezməyə imkan verir, onların əyaniliyini, aydın və yadda qalan olmasını təmin edir.