Beləliklə, 1968-ci ildə M.Fridmen və E.Felps belə bir nəticəyə gəldilər ki, siyasətçilər Fillips əyrisinə əsaslanaraq işsizliyin səviyyəsini aşağı salmaq naminə yüksək inflyasiyaya razı olsalar, onların qələbəsi labüd olacaq.
Inflyasiyanın sürətindən asılı olmayaraq işsizliyin son nəticədə təbii səviyyəyə qayıtması haqda fikir təbii səviyyə nəzəriyyəsi adlanır. Bir neçə il sonra pul-kredit və maliyyə-büdcə siyasətlərinin aparılmasına cavabdeh olan dövlət xadimləri özləri də istəmədən bu nəzəriyyənin doğruluğuna inanmağa imkan verən eksperiment həyata keçirdilər. Təcrübələr ABŞ iqtisadiyyatı üzərində keçirilirdi.
Lakin eksperimentin nəticələrinin öyrəniləməsinə müraciət etməzdən əvvəl M.Fridmen və E.Felpsin 1968-ci ildə təhlil etdiyi məlumatları nəzərdən keçirək. Şəkil 32.6-da Fillips əyrisi ilə qrafikləşdirilən 1961-1968-ci illərdə işsizliyin səviyyəsi və inflyasiyanın sürəti haqda məlumatlar təqdim edilmişdir. Bu 8 il ərzində inflyasiyanın sürəti artdığı üçün işsizliyin səviyyəsi aşağı düşürdü. Bu dövr üzrə iqtisadi məlumatlar, sanki, işsizlik və qiymətlərin artımı arasında əks asılılığı təsdiq edirdi.
1960-cı illərdə Fillips əyrisinin aşkar qələbəsi M.Fridmenın və E.Felpsin mühakimələrini daha cəsarətli edirdi.
1958-ci ildə A.Fillips inflyasiya və işsizlik arasında əks asılılığın olmasını təxmin etmişdi, 1960-cı ildə P.Samuelson və R.Solou onun mövcudluğunu ABŞ iqtisadiyyatının faktiki məlumatları ilə təsdiq etdilər. 1960-cı illərdə inflyasiya və işsizliyin göstəriciləri bu asılılığı təsdiq etdilər. Bəzi iqtisadçılara-siyasətçilər Fillips əyrisindən istifadə etməyə cəhd göstərərlərsə bu əyrinin bəzən uyğunuzluqlar yaradacağı — fikri gülməli görünürdü.
Lakin reallıq heçə də «gülməli» olmadı. 1960-cı illərin sonundan başlayaraq Amerika hökumətinin iqtisadi siyasəti əmtəə və xidmətlərə olan məcmu tələbin artırılmasına yönəldilmişdir. Bu bir tərəfdən Vyetnamda müharibənin davam etməsi ilə əlaqədar dövlət xərclərinin artması ilə digər tərəfdən monetar siyasətin nəticəsi ilə əlaqədar idi, çünki FES faiz dərəcəsini saxlamağa çalışırdı. Ekspansionist maliyyə-büdcə siyasəti ona gətirib çıxardı ki, tədavüldə olan pulların miqdarı (M 2 aqreqatı ilə ölçülən) 1970-1972-ci illərdə hər il təxminən 13% artırdı. (1960-cı illərin sonunda təxminən 7%). Nəticədə 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində inflyasiyanın illik sürəti 5-6% təşkil edirdi (1960-cı illərin əvvəllərində 1-2%). Lakin M. Fridmen və E.Felpsin əvvəlcədən göstərdikləri kimi işsizliyin səviyyəsi kifayət qədər yüksək səviyyədə qalırdı.
Şəkil 32.7-də 1961-ci ildən 1973-cı ilədək dövrdə inflyasiya və işsizliyin inkişaf tarixi təsvir olunmuşdur. Diqqət yetirin ki, bu iki dəyişənlər arasında sadə əks əlaqə 1970-ci illərdən başlayaraq axsamağa başladı. Xüsusilə, 1970-ci illərin əvvəllərində inflyasiya yüksək olaraq qaldığı üçün qiymətlərin gözlənilən səviyyəsi real səviyyəyə, işsizliyin səviyyəsi isə 5-6%-ə qayıtdı. (bu göstəricilər 1960-cı illərin əvvəllərinə daha çox xas idi). 1973-cü illərdə siyasətçilər əmin oldular ki, M.Fridmen və E.Felps haqlıdır: uzunmüddətli dövrdə inflyasiya və işsizlik arasında əks əlaqə (və uyğunlaşma imkanı) yoxdur.
Fillips əyrisinin yerdəyişmələri: təklifdə şok dəyişikliklərin rolu
M.Fridmen və E.Felps güman edirdilər ki, inflyasiya gözləmələrinin dəyişiklikləri Fillips əyrisinin yerdəyişmələrinə səbəb olur və 1970-ci illərin əvvəllərinin təcrübəsi iqtisadçıların əksəriyyətini tədqiqatçıların haqlı olduğuna inandırdılar. Lakın bir neçə il sonra qısamüddətli Fillips əyrisinə təsir edən digər amil: məcmu təklifin qəfil dəyişməsi iqtisad elminin diqqətini özünə çəkdi.
Bu dəfə isə 2 amerikalı iqtisadiyyat professoru deyil, 1 qrup ərəb şeyxləri elmin əsaslarını sarsıtdı. 1974-cü ildə neft ixrac edən ölkələrin təşkilatı (OPEC) kartel yaradaraq, bazar üzərində hökmranlığı öz əlinə aldı. OPEC-ə üzv olan dövlətlər- Səudiyyə Ərəbistanı, Küveyt və Iraq neft ixracını və satışını məhdudlaşdırdılar. Təklifin azaldılması ona gətirib çıxartdı ki, bir neçə il ərzində bu məhsulun qiyməti 2 qat artdı.
OPEC tərəfindən qiymətlərin yüksəldiləsi təklifdə şok artıqlığına misal ola bilər, bu özü də firmaların istehsal xərclərinə və onların məhsullarının qiymətlərinə birbaşa təsir göstərən amili əks etdirir və bu həm də məcmu təklif əyrisinin yerdəyişməsinə və eləcə də Fillips əyrisinin yerdəyişməsinə gətirib çıxarır. Beləliklə, neftin qiymətinin bahalaşması bir çox əmtəə və xidmətlərin istehsal xərclərinin artmasına gətirib çıxarır, qiymətlərin istənilən səviyyəsində əmtəə və xidmətlərin həcmi azalır. Şəkil 32.8-in (a) qrafikində bu azalma məcmu təklif əyrisinin sola AS1-dən AS2 -yə yerdəyişməsi ilə təsvir edilmişdir. Qiymətlərin səviyyəsi P1-dən P2-yə qədər artır, məhsul buraxılışı həcmi isə Y1-dən Y2-yə düşür. Belə iqtisadi situasiya staqflyasiya adını almışdır.
Məcmu təklifin yerdəyişməsi qısamüddətli Fillips əyrisinin analoji yerdəyişməsi ilə bağlıdır. Istehsalın həcminin azalması firmaları iş yerlərinin sayını ixtisar etməyə məcbur edir, işsizliyin səviyyəsi artır. Qiymətlərin səviyyəsinin yüksəlməsi inflyasiyanın sürətinin artımı deməkdir (əvvəlki illə müqayisədə qiymətlərin səviyyəsinin dəyişməsinin %-lə ifadəsi) Beləliklə, məcmu təklifin yerdəyişməsi işsizliyin səviyəsinin və inflyasiyanın sürətinin artmasına gətirib çıxarır. Inflyasiya və işsizliyin qısamüddətli asılılığının əyrisi sağa PC1-dən PC2-yə yerini dəyişir.
Məcmu təklifin əlverişsiz yerdəyişməsi ilə üzləşən siyasətçilər çətin seçim qarşısında dururlar. Əgər onlar məcmu tələbi məhdudlaşdırsalar (inflyasiya ilə mübarizə) işsizlik daha çox artır. Məcmu tələbin genişləndirilməsi siyasəti (işsizliklə mübarizə) isə inflyasiyanın sürətinin artırılması deməkdir. Başqa sözlə, dövlət xadimlərinin üzləşdikləri inflyasiya və işsizlik arasındakı seçim məcmu təklifin yerdəyişməsinə qədərki seçimdən daha əlverişsizdir, çünki ya verilən işsizlik səviyyəsi üçün inflyasiyanın sürətinin artması ilə, ya qiymətlərin verilən artım göstəriciləri üçün işsizliyin yüksək səviyyəsi ilə, ya da daha yüksək işsizlik səviyyəsi və yüksək inflyasiya sürətinin hər hansı digər kombinasiyası ilə barışmaq lazım gəlir.
Fillips əyrisinin əlverişsiz yerdəyişməsinin müddətləri barədə sual xüsusilə vacibdir. Cavab inflyasiya gözləmələrinin dəyişməsindən asılıdır. Əgər iqtisadi subyektlər qiymətlərin artımını müvəqqəti hal hesab edirlərsə, inflyasiya gözləmələri dəyişmir və Fillips əyrisi çox güman ki, əvvəlki vəziyyətinə qayıdacaq. Lakin əgər iqtisadi agentlər şok dəyişikliklərə qiymətlərin yüksək artım sürəti erasının başlanğıcı kimi baxırlarsa, inflyasiya gözləmələri artır və Fillips əyrisi yeni xoşagəlməz vəziyyətdə qalır.
1970-ci illər ərzində ABŞ iqtisadiyyatında inflyasiya gözləmələri daim artmışdır, bu da daha çox FES-nin təklifdəki şok dəyişikliklərə pul kütləsinin artım sürətinin yüksəldilməsi vasitəsilə uyğunlaşmağa çalışması cəhdi ilə bağlı idi. (Belə deyirlər ki, siyasətçilər o zaman təklifdəki şok dəyişikliklərə uyğunlaşırlar ki, onların fəaliyyəti məcmu tələbin genişləndirilməsinə yönəldilmiş tədbirlərdən ibarət olsun (Fəsil 30)). Beldə siyasi qərarın nəticəsi ondan ibarət idi ki, təklifin şok dəyişikliyinin ardınca baş verən böhranın qarşısını almaq mümkün oldu, lakin ABŞ uzun illər boyu inflyasiya və işsizliyin məngənəsində qaldı. 1979-cu ildə problem daha da dərinləşdi. Bu zaman OPEC bazar üzərində hökmranlığından istifadə edərək neftin qiymətini bir daha 2 dəfədən də artıq qaldırdı. Şəkil 32.9-da bu dövrdə ABŞ iqtisadiyyatında inflyasiyanın və işsizliyin səviyyəsinə dair müvafiq məlumatlar verilmişdir.
Beləliklə, neftin qiymətinin artırılması ilə meydana çıxan təklifin 2 şok dəyişikliyindən sonra 1980-cı ildə ABŞ-da inflyasiyanın sürəti 9%-i keçdi, işsizliyin səviyyəsi isə təxminən 7% təşkil etdi: uyğun olaraq nəzərdən keçirilən müddətdə yoxsulluq indeksi ən yüksək səviyyəyə çatdı. Inflyasiya və işsizliyin belə kombinasiyası 1960-cı illərdə mümkün olan kompromiss göstəricilərdən çox uzaq idi. (1960-cı illərdə işsizliyin 7% səviyyəsinə inflyasiyanın sürətinin 1% artımı uyğun gəlirdi. Qiymətlərin 9% artması ağlasığmaz idi). ABŞ əhalisi həyata keçirilən makroiqtisadi siyasətin nəticələrindən çox narazı idi. Məhz daha çox iqtisadi siyasətin uğursuzluğu nəticəsində 1980-cı ilin noyabrında Cimmi Karterin yerinə Ronald Reyqan gəldi. Islahatların aparılmasnın vacibliyi aşkar hiss olunurdu və çox keçmədi ki, onlar həyata keçirildi.