32.2 Uzunmüddətli Fillips əyrisi

32.2 Uzunmüddətli Fillips əyrisi

THE LONG-RUN PHILLIPS CURVE
1968-ci ildə iqtisadçı Milton Fridmen “American Economy Review” jur­nalında «Pul kredit siyasətinin rolu» adlı məqaləsini dərc etdirdi. Onun işi 2 hissədən ibarət idi: «Pul kredit siyasəti nə etməyə imkan verəcək» və «Monetar siyasətdən nəyi gözləməyə dəyməz». M.Fridmen iddia edirdi ki, pul-kredit siyasətinin alətləri -yalnız qısamüddətli zaman kəsiyi istisna olmaqla Fillips əyrisinə uyğun gələn inflyasiyanın və işsizliyin səviy­yə­lə­rinin kombinasiyalarını əldə etməyə imkan vermir. Təxminən bununla eyni vaxtda digər iqtisadçı Edmund Felpis inflyasiya və işsizliyin uzunmüddətli əlaqəsini inkar edən əsəri meydana çıxdı.
M.Fridmen və E.Felpsin mühakimələri makroiqtisadiyyatın klassik prinsiplərinə əsaslanırdı. Yada salaq ki, klassik nəzəriyyədə pul kütləsinin həcminin böyüməsi inflyasiyanın əsas amili kimi nəzərdən keçirilir. Eyni zamanda klassik nəzəriyyə iddia edir ki, pul təklifinin artması real göstəricilərə təsir göstərmir, sadəcə qiymətləri və nominal gəlirləri proporsional olaraq dəyişir. Xüsusilə, pulların kəmiyyətinin artımı, əmək bazarı üzərində həmkarlar ittifaqlarının hökmranlığı, stimullaşdırıcı əmək haqqının rolu və iş axtarışlarının səmərəliliyi kimi iqtisadiyyatda işsizliyin səviyyəsini müəyyən edə amillərə təsir göstərmir. M.Fridmen və E.Felps belə bir nəticəyə gəldilər ki, uzunmüddətli dövrdə inflyasiyanın sürətinin işsizliyin səviyyəsi ilə bağlı olmasını hesab etməyə heç bir əsas yoxdur. Uzunmüddətli dövrdə FES-nin pül-kredit siyasətinin imkanlarını M.Fridmen belə qiymətləndirir:
Pul-kredit siyasətinin alətlərinin nominal göstəriciləri və ilk növbədə şəxsi borc sənədlərinin həcmini (nəğd pullar və bank ehtiyatlarının cəmi) ifadə etməyə imkan verir. Prinsip etibarı ilə onlar nominal göstəricilərin: — mübadilə kursunun; qiymətlərin səviyyəsinin; milli gəlirin nominal səviy­yəsinin; bu və ya digər kateqoriyaya uyğun olaraq pulların kəmiy­yə­tinin yaxud, nominal göstəricilərin — inflyasiyanın yaxud deflyasiyanın – də­yi­şikliklərinin bir səviyyədə saxlamaq üçün; nominal milli gəlirin artıb yaxud azalma sürətinin; pul kütləsi həcminin artım sürətinin təsbit edilməsi üçün istifadə oluna bilərlər. Lakin nominal göstəricilər üzərində nəzarət real göstəriciləri: — real faiz dərəcəsini; işsizliyin səviyyəsini; real mili gəlirin səviyyəsini; pulların real kəmiyyətini; real milli gəlirin artım sürətinin yaxud pulların real miqdarının artım sürətini bir səviyyədə saxlamağa imkan vermir.
Buradan Fillips əyrisi barədə  mühüm nəticələr meydana çıxır. Xüsusilə, pul-kredit siyasətinin aparılmasına cavabdeh olan təşkilatların uzunmuddətli şaquli Fillips əyrisi ilə üzləşmələri nəzərdə tutulur. (Şəkil 32.3.) Əgər FES tərəfindən  müəyyən olunan pul kütləsinin artım sürəti böyük deyilsə, uyğun olaraq inflyasiyanın sürəti də yüksək deyil və iqtisadiyyat A nöqtəsində yerləşir. Əgər FES təklifini kəskin çoxaldırsa, iqtisadiyyat inflyasiyanın yüksək sürəti ilə xarakterizə olunur və B nöqtəsində yerləşir. Hər iki halda işsizliyin səviyyəsi özünün işsizliyin təbii səviyyəsi adlanan normal səviyyəsinə yaxınlaşır. Uzunmüddətli şaquli Fillips əyrisi belə bir nəticəni nümayiş etdirir: uzunmuddətli dövrdə işsizlik pul kütləsinin və inflyasiyanın artımından asılı deyil.

Əslində uzunmüddətli şaquli Fillips əyrisi pulların neytrallığı barədə klassik ideyanın ifadələrindən biridir. Yada salaq ki, 30-cu fəsildə biz bu ideyanı məcmu təklifin uzunmüddətli şaquli əyrisi kimi nümayiş etdirmişdik. Həqiqətən də şəkil 32.4-də göstərildiyi kimi uzunmüddətli şaquli Fillips əyrisi və məcmu təklifin uzunmüddətli şaquli əyrisi bir medalın 2 ayrı üzüdür: (a) qrafikində pul təklifinin artması məcmu tələb əyrisini sağa AD1 -dən AD2 -yə yerini dəyişir. Əyrinin yerdəyişməsi nəti­cə­sində uzunmüddətli tarazlıq nöqtəsi A nöqtəsindən B nöqtəsinə keçir. Qiymətlərin səviyyəsi yüksəlir. (P1-dən P2-yə) lakin məcmu təklif  əyrisi şaquli olduğu üçün məhsul buraxılışı həcmi əvvəlki kimi qalır. (b) qra­fikində pul təklifinin kəskin artımı inflyasiyanın sürətinin artmasına gətirib çıxarır və iqtisadiyyat A nöqtəsindən B nöqtəsinə keçir. Lakin Fillips əyrisi şaquli olduğu üçün işsizliyin səviyyəsi dəyişmir. Beləliklə, məcmu təklifin uzunmüddətli şaquli əyrisi və uzunmüddətli Fillips əyrisi  monetar siyasətin real göstəricilərə (məhsul buraxılışı həcmi və işsizlik) deyil, yalnız nominal göstəricilərə (qiymətlərin səviyyəsi və inflyasiyanın sürəti) təsir gös­tərməsini nəzərdə tutur. FES-nin pul-kredit siyasətindən asılı olma­yaraq uzunmüddətli dövrlərdə məhsul buraxılışının həcmi və işsizlik təbii səviyyədə qalırlar.

Işsizliyin təbii səviyyəsində «təbii» olan nədir? M.Fridmen və E.Felps iqtisadiyyatın uzunmüddətli dövrdə «can» atdığı işsizlik səviy­yəsini təsvir etmək üçün «təbii» sözündən istifadə etmişdirlər. Lakin işsizliyin səviyyəsinin təbii olması onun cəmiyyət üçün arzu olunması demək deyildir. Eləcə də işsizliyin təbii səviyyəsi sabit deyil. Fərz edək ki, yenicə təşkil olunmuş həmkarlar ittifaqı əmək bazarı üzərində hökm­ranlığını bəzi kateqoriyalardan olan zəhmətkeşlərin real əmək haqqısının tarazlıq  səviyyəsindən yuxarı həddə qaldırılması barədə müqavilənin bağlanması üçün istifadə edir, bu işçi qüvvəsinin artıq təklifinə və deməli, işsizliyin təbii səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Işsizliyin belə səviyyəsi arzu olunan olduğu üçün deyil, monetar siyasətin təsiri dairəsində olmadığı üçün «təbiidir». Pul təklifinin, artması həmkarlar ittifaqının hökmranlığının həddinə, yaxud işsizliyin  səviyyəsinə heç bir təsir göstərmir. Bu halda pul kütləsinin artmasının yeganə nəticəsi inflyasiyanın sürətinin tezləşməsidir. 
Ancaq pul-kredit siyasətinin metodlarının işsizliyin təbii səviyyəsinə təsir göstərməməsi faktı iqtisadi siyasətin bütün alətlərindən imtina etməyi nəzərdə tutmur. Işsizliyin təbii səviyyəsini azaltmaq üçün siyasi xadimlər işçi qüvvəsi bazarının fəaliyyətinə təsir göstərən «alətlərdən» istifadə etməlidirlər.
Minimum əmək haqqı barədə qanunlar; kollektiv müqavilə barədə qanunlar; işsizliyə görə sığorta sistemi və yenidən ixtisaslaşdırma proq­ramları kimi əmək bazarında iqtisadi siyasətin müxtəlif alətlərinin işsizliyin təbii səviyyəsinə necə təsir göstərdiyini əvvəllər müzakirə etmişdik. Işsizliyin təbii səviyyəsinin ixtisarı üçün istifadə olunan «alətlər» uzun­müd­dətli Fillips əyrisini sola yerini dəyişir. Bundan əlavə, işsizliyin səviyyəsinin aşağı düşməsi qiymətlərin istənilən səviyyəsində əmtəə və xidmətləri istehsal edən işçilərin sayının artmasının əmtəə və xidmətlərin təklifi həc­minin artmasına gətirib çıxarması deməkdirsə, məcmu təklifin uzun­müd­dətli əyrisi sağa yerini dəyişir.  Yəni inflyasiyanın və pul kütləsinin artı­mının istənilən sürətlərində iqtisa­diy­yatda işsizliyin səviyyəsi aşağı düşür, məhsul buraxılışı həcmi isə artır.
Top