Pulların neytrallıq prinsipinə uyğun olaraq onların miqdarının çoxalması inflyasiyanın templərinin artmasına gətirib çıxarır, lakin iqtisadiyyatın real dəyişənlərinin vəziyyətinə təsir etmir. Pulun miqdarının faiz dərəcəsinə təsirini qiymətləndirmə zamanı bu prinsipin tətbiqinin mühüm nəticəsini əldə etmək olar. Makroiqtisadiyyat üzrə mütəxəssislər üçün faiz dərəcəsi – vacib parametrlərdən biridir, ona görə ki, əmanət və investisiyalar vasitəsilə iqtisadiyyatın indiki və gələcək vəziyyətini bir-birinə bağlayır.
Pulun miqdarı ilə və inflyasiyanın faiz dərəcəsi arasında əlaqəni yaxşı başa düşmək üçün onun real və nominal əhəmiyyətləri arasındakı fərqi yada salaq.
Nominal faiz dərəcəsi bilavasitə bank tərəfindən təyin edilir. Məsələn, əgər sizin bank hesabınız açılıbsa, vaxt keçdikcə nominal faiz dərəcəsi əmanətinizin artım sürətini göstərəcək. Real faiz dərəcəsi inflyasiyanı nəzərə almaqla nominal faiz dərəcəsini korrektə edir. Başqa sözlə, onun əhəmiyyəti zaman keçdikcə əmanətlərinizin alıcılıq qabiliyyətinin dəyişməsini göstərir.
Real faiz dərəcəsi nominal faiz dərəcəsinin və inflyasiya templərinin fərqinə bərabərdir:
Real faiz dərəcəsi = Nominal faiz dərəcəsi – Inflyasiyanın templəri
Məsələn, əgər bank nominal faiz dərəcəsini illik 7% səviyyəsində təyin edir və inflyasiyanın templəri ildə 3% təşkil edirsə, onda əmanətlərinizin real dəyəri hər il 4% artacaq.
Nominal faiz dərəcəsinin real faiz dərəcəsinin və inflyasiya templərinin cəminə bərabər olmasını göstərmək üçün biz ilkin tənliyi yenidən yaza bilərik:
Nominal faiz dərəcəsi = Real faiz dərəcəsi + Inflyasiyanın templəri
Nominal faiz dərəcəsinin bu cür göstərilməsi ona görə maraq kəsb edir ki, bu tənliyin sağ və sol hissələrindəki kəmiyyətlərin formalaşmasına müxtəlif qüvvələr təsir edir. Əvvəlki fəsillərdən öyrəndiyimiz kimi, real faiz dərəcəsi borc vəsaitlər bazarındakı tələb və təklifdən asılıdır. Öz növbəsində, pulun kəmiyyət nəzəriyyəsinə uyğun olaraq pul təklifi inflyasiyanın templərini müəyyən edir.
Pul təklifinin artımının faiz dərəcəsinin miqdarına necə təsir etdiyinə nəzər yetirək. Uzunmüddətli dövrdə – pulun neytrallıq prinsipi işə düşən zaman onların miqdarının artması real faiz dərəcəsinin əhəmiyyətinə təsir etmir, ona görə ki, o, real kəmiyyətdir. Nominal faiz dərəcəsinə gəlincə, o, inflyasiya templərinin bütün hərəkətlərini təkrar etməlidir. Beləliklə, MB pulun təklifini çoxaltdıqda
inflyasiyanın templəri və
nominal faiz dərəcəsi artır. Nominal faiz dərəcəsinin dəyişikliyinin inflyasiya templərindən asılılığı
Fişer səmərəsi [təhlil etdiyimiz dəyişənlər arasındakı əlaqəni birinci olaraq tədqiq etmiş iqtisadçı Irvinq Fişerin (1867–1947) adı ilə] adlandırılır.
Fişer səmərəsi nominal faiz dərəcəsinin zamanla dəyişmələrinin başa düşülməsinə açardır. 27.5-ci şəkildə ABŞ iqtisadiyyatındakı 1950-ci ildən başlayaraq nominal faiz dərəcəsinin və inflyasiyanın templərinin dəyişmələri göstərilmişdir. Cədvəl iki dəyişən arasındakı qarşılıqlı əlaqə haqqında əyani məlumat verir. 1950-ci ildən 1980-ci ilə qədərki dövrdə nominal faiz dərəcəsi inflyasiyanın yüksəlməsi ilə bir vaxtda artırdı. 1980-ci ildən sonra nominal faiz dərəcəsinin azalması baş verirdi, ona görə ki, FES inflyasiyanı nəhayət ki, öz nəzarəti altına götürə bilmişdi.
Inflyasiya məsrəfləri
1970-ci illərin sonunda ABŞ-da illik inflyasiya 10%-ə çatdığı zaman qiymətlərin artımı problemi çoxsaylı iqtisadi diskussiyaların əsas mövzusu olmuşdur. Hətta 1990-cı illərdə qiymətin artım templərinin əhəmiyyətli dərəcədə aşağı düşdüyü bir zamanda inflyasiya ictimaiyyətin diqqətini cəlb edən makroiqtisadi göstəricilər arasında qalmaqda davam edirdi. 1996-cı ildə keçirilən bir tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Amerika qəzetlərində istifadə edilən iqtisadi terminlərin «populyarlıq nümayişində»
inflyasiya işsizliyi və əmək məhsuldarlığını çox geridə qoyaraq birinci yeri tutur.
Inflyasiya özünə diqqət cəlb edir və çoxsaylı diskussiyalar doğurur, ona görə ki, onu ciddi iqtisadi problem kimi dərk edirlər. Amma bu fikir ədalətlidirmi və belədirsə, nəyə görə?