27.Klassik dixotomiya və pulların neytrallığı

27.Klassik dixotomiya və pulların neytrallığı

THE CLASSICAL DICHOTOMY AND MONETARY NEUTRALITY
Biz pul təklifinin dəyişməsinin əmtəə və xidmətlərin qiymətinin orta səviyyəsinə necə təsir göstərdiyi ilə tanış olduq. Bəs pul-kredit sistemindəki dəyişikliklər istehsalat, məşğulluq, real əməkhaqqı və faiz dərəcəsi kimi başqa makroiqtisadi dəyişənlərə necə təsir göstərir? Bu sual iqtisadçıları çoxdan maraqlandırır. XIX əsrdə bu problemin tədqiqatı ilə görkəmli filosof Devid Yum məşğul olurdu. Bizim kitabda verəcəyimiz cavab, əsasən, onun tədqiqatlarının nəticələrinə əsaslanır. D.Yum və onun müasirləri bütün iqtisadi dəyişənləri iki qrupa bölmək təklifini irəli sürmüşlər. Birinci qrupu nominal dəyişənlər, yəni pul vahidləri ilə ölçülən kəmiyyətlər, ikinci qrupu isə real dəyişənlər – fiziki vahidlərlə ölçülən kə­miyyətlər təşkil edir.
Məsələn, qarğıdalının qiyməti dollarla ölçüldüyü üçün nominal də­yişənlərə, qarğıdalı məhsulunun kəmiyyəti isə sentner və ya tonlarla ölçüldüyü üçün real dəyişənlərə aiddir. Bunun kimi, nominal ÜDM no­minal kəmiyyətdir, çünki iqtisadiyyatda istehsal edilmiş əmtəə və xidmətlərin dəyəri dollarla ölçülür. Real ÜDM isə real kəmiyyətlərə aiddir, ona görə ki, istehsal olunan əmtəə və xidmətlərin ümumi miqdarını əks etdirir. Iqtisadi dəyişənlərin belə iki qrupa bölünməsi klassik dixotomiya adlanır (dixotomiya sözü iki qrupa bölünmə deməkdir, klassik epiteti isə bu ideyanın keçmiş mütəfəkkirlər tərəfindən irəli sürüldüyünü bildirir).
Biz əmtəə və xidmətlərin qiymətlərinə müraciət ediriksə, klassik dixotomiyanın tətbiqi çətinləşir. Iqtisadiyyatda qiymətlər, bir qayda olaraq, pul ifadəsi ilə təqdim olunur. Deməli, onlar nominal dəyişənlərdir. Məsələn, biz deyəndə ki, bir buşel qarğıdalının qiyməti 2 dollar və ya bir buşel taxılın qiyməti 1 dollar təşkil edir, onda qiymətlərin ikisi də nominal dəyişənlərə aiddir.Bəs onların nisbi qiymətləri barədə, yəni bir məhsulun qiymətinin digərinin qiyməti ilə müqayisəsində nə demək olar? Bizim misalda deyə bilərik ki, bir buşel qarğıdalının qiyməti iki buşel buğdanın qiymətinə bərabərdir. Fikir verin ki, nisbi qiymətin pul ifadəsi yoxdur. Biz iki əmtəənin qiymətlərini müqayisə edəndə «$» işarəsi ixtisar olunur və alınan nəticə fiziki vahidlərlə ölçülür. Buradan belə məlum olur ki, dollarla olan qiymətlər nominaldır, nisbi qiymətlər isə real dəyişənlərdir.
Bu nəticənin bir sıra mühüm tətbiqləri mövcuddur. Məsələn, real əməkhaqqı (muzdlu işçilərin inflyasiyanın nəzərə alınması ilə təshih olunmuş dollarla olan əməkhaqqı) real dəyişəndir, çünki iqtisadiyyatın əmtəə və xidmətlərin hər bir əmək vahidinə mübadilə etdiyi proporsiyanı ölçür. Eyni qaydada real faiz dərəcəsi də (inflyasiyanı nəzərə almaqla nominal faiz dərəcəsi) real dəyişənlərə aiddir, ona görə ki, iqtisadiyyat bu gün istehsal olunan əmtəə və xidmətlərin gələcəkdə istehsal olunacaq əmtəə və xidmətlərə mübadilə etməyə hazır olduğu proporsiyanı müəyyən edir.
Nəyə görə dəyişənləri bu iki qrupa bölmək lazımdır? Vaxtilə D.Yum fərz etmişdir ki, klassik dixotomiya iqtisadiyyatı analiz etmək üçün faydalı olar, çünki bəzi fəaliyyət göstərən qüvvələr nominal, başqaları isə real dəyişənlərə təsir göstərir. Məsələn, o, israr etmişdir ki, nominal kəmiyyətlər pul-kredit sisteminin dəyişilməsi təsiri altındadır, lakin orada gedən proseslərin analizi real dəyişənlərin hərəkətinə təsir edən əsas faktorları başa düşmək üçün lazımi informasiya əldə etməyə imkan vermir.
Ona fikir verin ki, D.Yumun bu ideyası iqtisadiyyatın uzunmüddətli dövrdəki hərəkəti haqqında mühakimələrimizdə üstüörtülü iştirak edirdi. Əvvəlki fəsillərdə biz real ÜDM-in əmanətlərin, investisiyaların, işsizliyin və real faiz dərəcəsinin dəyişmələrini pulun mövcudluğunu yada salmadan araşdırmışdıq. Biz qeyd etmişdik ki, iqtisadiyyatda əmtəə və xidmətlərin istehsal həcmi əmək məhsuldarlığından və istehsal faktorlarının təklifindən asılıdır; real faiz dərəcəsi borc vəsaitlərinə tələb və təklifin tarazlığını müəyyən edir; real əməkhaqqı  əməyin tələb və təklifinin balansı müəyyən edir, işsizlik isə real əmək haqqının müəyyən səbəblər üzündən tarazlıq səviyyəsini üstələyən vaxt əmələ gəlir. Bütün bu mühüm nəticələrin təklif olunan pulun miqdarı problemi ilə heç bir əlaqəsi yoxdur.
D.Yuma görə, pul təklifinin dəyişmələri yalnız nominal iqtisadi kəmiyyətlərə təsir göstərir, real iqtisadi kəmiyyətlərə isə heç cür təsir göstər­mir. Beləliklə, MB qiymətlərin təklifini ikiqat artırdıqda, qiymətlərin dərəcəsi, əmək haqqının dollarla ifadəsi və başqa dəyər ifadəsi olan kəmiyyətlər iki dəfə artacaqlar. Bu zaman istehsalın səviyyəsi, məşğulluq, real əmək haqqı və real faiz dərəcəsi kimi real kəmiyyətlər dəyişməz qalırlar. Real dəyişənlərin monetar dəyişənlərdən asılı olmaması pulların neytrallığı adlanır.
Növbəti misal pulların neytrallığı anlayışının mənasını müəyyən etməyə imkan verir. Yadınıza salın ki, dəyər ölçüsü kimi pullar iqtisadi sövdələrin qiymətinin miqdari göstəricisidir. MB pul təklifini ikiqat artırdıqda bütün qiymətlər iki dəfə artır, pulun dəyəri isə yarıbayarı azalır. Obrazlı desək, hökumət xüsusi qərar ilə uzunluq ölçüsünü  — 100 sm-i 50 sm-ə dəyişsə, eyni dəyişikliklər baş verər. Yeni ölçü vahidinin tətbiq edilməsi nəticəsində bütün ölçülən məsafələr (nominal kəmiyyətlər) iki dəfə artır, lakin həqiqi məsafələr (real kəmiyyətlər) dəyişməz qalır. Dollar metr kimi adi ölçü vahididir, ona görə də onun dəyərinin dəyişməsinin ciddi real effekti yoxdur.
Pulların neytrallığı haqqında nəticə biz yaşadığımız dünyanın həqiqi vəziyyətini əks etdirirmi? Yəqin ki, tam adekvat deyil. Metrin uzunluğunun 100 sm-dən 50 sm-ə dəyişilməsi uzunmüddətli perspektivdə ciddi nəticələrə səbəb olmayacaq, lakin ilk vaxtlarda mütləq çoxsaylı anlaşılmazlıqlara və səhvlərə gətirib çıxaracaq. Bu qisimdə iqtisadçıların əksəriyyəti güman edirlər ki, nisbətən qısa müddət ərzində (bir və ya iki il) pul-kredit sferasındakı dəyişikliklər real kəmiyyətlərə əhəmiyyətli təsir göstərir. Devid Yum həmçinin şübhə edirdi ki, pulların neytrallığı anlayışı qısamüddətli dövrdə iqtisadiyyatın hərəkət tərzinin analizinə tətbiq oluna bilər. (Növbəti fəsillərdə biz bu problemə qayıdacağıq və onun araşdırılması bizə FES tərəfindən vaxtaşırı pul təklifinin dəyişdirilməsinin səbəbini başa düşməyə kömək edəcək).
Lakin müasir iqtisadçıların əksəriyyəti uzunmüddətli dövrdə iqtisa­diyyatın təsviri üçün D.Yum tərəfindən irəli sürülən təkliflərdən istifadə edirlər. Pul-kredit siyasətində baş verən dəyişikliklər on ildən sonra da nominal kəmiyyətlərdə özünü büruzə verəcək, lakin onların real dəyişən­lərə təsiri son dərəcə cüzi olacaq. Pulların neytrallıq xüsusiy­yət­lərinin istifadəsi bizə uzunmüddətli dövrdə real iqtisadi prosesləri tam dəqiqliklə təsvir etməyə imkan verir.

Top