ÜDM-un səviyyəsi və iqtisadi rifah

ÜDM-un səviyyəsi və iqtisadi rifah

GDP AND ECONOMIC WELL-BEING
Fəslin əvvəlində ÜDM-u cəmiyyətin iqtisadi rifahının ən mükəmməl göstəricisi kimi xarakterizə etmişdik. Indi isə bu anlayışla yaxından tanış olduqdan sonra yeni mövqelərdən belə qiymətləndirmənin nə qədər  həqiqətə uyğun  olduğunu görmək imkanını əldə etmiş oluruq.
Məlum olduğu kimi ÜDM həm əmtəə və xidmətlər istehsalçılarının  gəlirlərinin ümumi məbləğini, həm də bunların ödənilməsinə yönəldilmiş xərclərin  ümumi məbləğini əks etdirir. Beləliklə, ÜDM-un adambaşına düşən kəmiyyəti ölkənin abstrakt sakininin orta gəlir və xərclərini xarakterizə edir və onun rifahının ölçüsü kimi çıxış edir.
Lakin bəziləri belə yanaşmanın qanuniliyinə şübhə ilə yanaşırlar. Məs: 1968-ci ildə öz prezident seçkiləri kompaniyası zamanı senator Robert Kennedi cəmiyyətin çiçəklənməsinin merkantil qiymət­lən­diril­məsinə qarşı belə bir emosional tənqidlə çıxış etmişdi:
O, (ÜDM) sizin övladlarınınzın sağlamlığının vəziyyətini, dərslərinin qiymətini, fərəh və sevincini nəzərə almır. Buraya poeziyanın gözəlliyi yaxud ailə bağlarının möhkəmliyi, siyasi diskussiyaların intellektual səviyyəsi yaxud dövlət adamlarının vicdanlılığı daxil deyil. Onun tər­kibində bizim cəsarə­timizdən, müdrikliyimizdən və vətənə səda­qəti­mizdən heç nə yoxdur. Onun tərkibinə bizim həyatımızı gözəl  edən məhfumlardan başqa hər şey daxildir. O, (ÜDM) bizə Amerika haqda nə üçün  amerikalı olduğumuza görə fəxr etdiyimizdən başqa hər şeyi danışır.
Şübhəsiz Robert Kennedi bir çox məsələlərdə haqqlı idi. Bəs nə üçün ÜDM-un göstəricisi bizim üçün bu qədər əhəmiyyətlidir?
Məsələ ondadır ki, ÜDM-un böyüklüyü bizə həyatımızı yaxşı­laşdırmağa imkan verir. Əlbəttə o, uşaqlarımızın sağlamlığının vəziyyətini yaxud onların təhsilinin keyfiyyətini nəzərə almır. Lakin ÜDM-u daha yüksək olan ölkənin təhsilə və səhiyyəyə daha çox xərc çəkmək imkanı vardır. ÜDM heç cür bizim mədəniyyətimizi, vicdanlılığımızı, cəsarətimizi, müdrikliyimizi və vətənə sədaqətimizi əks etdirmir. Lakin insan günlük maddi problemlərin həllinin qayğısına qalmadıqda bu xüsusiyyətləri ona təlqin etmək daha asandır. Şübhəsiz öz-özlüyündə ÜDM həyatımızı mənalı edən məhfumları qiymət­ləndirmək iqtidarında deyil, lakin o, bizim layiqli həyat sürmək imkanlarımızı əks etdirir.
Qeyd etmək lazımdır ki, cəmiyyətin rifahının meyarı kimi ÜDM-un digər çatışmamazlıqları da vardır.  O cümlədən, o, boş vaxt problemini nəzərə almır. Bir anlıq fərz edək ki, əmək qabiliyyəti olan bütün əhali həftənin yeddi günü işləyir.  Sözsüz ki, bu əmtəə və xidmətlərin istehsalının genişlənməsinə və ÜDM-un artımına gətirib çıxarardı, lakin bizim həyatımızı yaxşılaşdırmazdı, çünki boş vaxtın məhdudlaşdırılmasının mənfi nəticələri bütün maddi nailiy­yətləri üstələyərdi.
ÜDM-un hesablanması zamanı əmtəə və xidmətlərin bazar qiymət­lərin­dən istifadə olunduğu üçün buraya yalnız bazar vasitəsilə ifadə olunmuş əmə­yin nəticələri daxildir. Şübhəsiz uşaqların tərbiyəsi və kö­nüllü əsgərlərin fəa­liy­yəti cəmiyyətin rifahına böyük töhfədir, lakin bunlar uyğun olaraq ümu­mi iqtisadi göstəricilərdə öz əksini tapmırlar. Əgər hər hansı bir valideyn övladı ilə daha çox vaxt keçirmək məqsədilə iş öz vaxtını azaldarsa əmtəə və xidmətlərin istehsalı azalacaq, bu da ÜDM-un kəmiyyətində özünü göstə­rə­cək, lakin heç də mütləq olaraq həyat səviyyəmizin aşağı düşməsinə gətirib çıxarmayacaq. 
Nəzərdən keçirdiyimiz göstərici cəmiyyətin qarşısında duran ekoloji problemləri də əks etdirmir. Əgər dövlət ətraf mühitin mühafizəsi üzrə bütün qanunları ləğv etsəydi müəssisələr təbiəti mühafizə tədbirlərinə qənaət hesa­bına məhsul buraxılışını əhəmiyyətli dərəcədə artırardılar. Lakin atmos­ferin və suyun çirklənməsinin nəticələri istehsalın artmasının bəhrələrini heçə endirərdi.
Nəhayət ÜDM gəlirlərin bölgüsü haqda heç nə deyə bilmir. 100 nəfər əhalisi və adam başına düşən illik gəliri 50 min $ olan ölkənin ÜDM-u 5 mln.  $ — a bərabərdir, təəccüblü deyil ki, bu zaman adam başına düşən ÜDM 50 min $-dan ibarətdir. 10 nəfərin ildə 500 min $ 90 nəfərin isə heç bir şey almadığı ölkədə də belə hal müşahidə olunacaq. Lakin bu zaman heç kəs bu situasiyaların oxşar olduğunu iddia edə bilməz.
Sonda bir də qeyd etmək lazımdır ki, ÜDM cəmiyyətin rifahının bir çox aspektlərini tam uyğunluqla əks etdirsə də o, həyat səviyyəsinin bəzi mühüm keyfiyyət  göstəricilərini nəzərə almır və bunu yaddan çıxarmaq olmaz.

Praktiki məşğələ
Müxtəlif ölkələrdə ÜDM və həyat səviyyəsinin əlaqəsi

INTERNATIONAL DIFFERENCES IN GDP AND THE QUALITY OF LIFE

Varlı və kasıb dövlətlərdə adam başına düşən ÜDM bir neçə dəfə fərqləndiyi üçün ÜDM-un göstəricisi müxtəlif ölkələrin iqtisadi rifah səviyyəsinin müqayisəsi üçün əlverişli vasitədir. Bu göstərici hər bir ölkə üçün nə qədər yüksək olarsa, həmin ölkənin vətəndaşlarının həyat səviyyəsi də yüksək olar.
Cədvəl 21.3-də 12 əhalisi sıx olan ölkənin adam başına düşən ÜDM-un göstəricisi, əhalinin həyatının uzunluğu və savadının səviyyəsi göstərilmişdir. Buradan aydın  görünür ki,  ABŞ, Yaponiya və Almaniya kimi varlı dövlətlərdə insanlar orta hesabla 70 yaşdan çox yaşayırlar və bu ölkələrdə ümumi savadlılığa nail olunmuşdur.  Nige­riya, Banqladeş və Hindistan kimi kasıb dövlətlərdə isə həyatın uzun­luğu 60 ilə qədərdir və yetkin əhalinin yalnız yarısı yazıb oxumaq bilir.
Doğrudur, cədvələ həyat səviyyəsinin digər aspektləri barədə məlu­­matlar daxil edilməmişdir, onlar adətən, dövlətin iqtisadi rifahı ilə bağlıdır.
Cədvəl 21.3.
12 əhalisi sıx olan ölkənin adam başına düşən ÜDM-nun, əhalinin həyatının uzunluğu və savadının səviyyəsi göstəriciləri (1997-ci il)

Ölkələr

Adam başına düşən real ÜDM 1997-ci ildə, $

Əhalinin orta həyat uzunluğu, illərlə

Əhalinin savadlılığı, %

ABŞ

29 010

77

99

Yaponiya

24 070

80

99

Almaniya

21 260

77

99

Meksika

8370

72

99

Braziliya

6480

67

84

Rusiya

4370

67

99

Indoneziya

3490

65

85

Çin

3130

70

83

Hindistan

1670

63

53

Pakistan

1560

64

41

Banqladeş

1050

58

39

Nigeriya

920

50

59

Mənbə: Human Development Report 1999, United Nations
Adambaşına düşən ÜDM-un aşağı göstəricisi olan ölkələrdə çəkisi az olan uşaqlar daha çox dünyaya gəlir, ana və uşaq ölümünün göstəricisi yuxarıdır, məhsul qıtlığı və içməli suyun yoxluğu problemləri daha çox meydana gəlir, məktəb yaşlı uşaqların daha az hissəsi məktəbə gedir, təhsil alanlar isə həddindən artıq dolmuş siniflərdə dərs keçməyə məcburdurlar. Kasıb dövlətlərdə yolların vəziyyəti pisdir, elektrik­ləşdir­mənin səviyyəsi aşağıdır, əhalinin isə daha az radio, televizor və telefonları vardır. Beləliklə, beynəlxalq miqyasda problemin təhlili adam başına düşən ÜDM – un və əhalinin həyat səviyyəsi arasında birbaşa əlaqənin olması barədə şübhə yaratmır.

Nəticə
Bu fəsildə dövlətin ümumi gəlirlərinin ölçülməsi metodları ilə tanış olduq. Lakin makroiqtisadi problemlərin öyrənilməsində yalnız ilk addımı etdik. Sonradan ümumi məhsulun artımını müəyyən edən əsas qısamüddətli və uzunmüddətli amilləri  təhlil etmək və bir çox suallara cavab vermək  zəruri olacaqdır. Məsələn: nə üçün ÜDM ABŞ və Yaponiyada, Nigeriya və Hindistandan daha yüksəkdir? Istehsalın artımını təmin etmək üçün kasıb ölkələrin hökumətləri hansı tədbirləri görməlidirlər? ABŞ-ın ÜDM-unun çevik artımı dövrləri nə üçün tənəzzüllə əvəz olunur? Amerika siyasətçiləri  ÜDM-un  tərəddüdlərinin nəticələrini yumşaltmaq üçün nə edə bilərlər? Bütün bu problemləri digər fəsillərdə nəzərdən keçirəcəyik.
ÜDM-un hesablanmasının əhəmiyyətini artıq başa düşmüşük və iqtisadiyyatın həyatımıza təsiri barədə təsəvvürümüz var. Lakin öz ölkələrinin iqtisadi siyasətlərini müəyyən edən alimlər və dövlət adamlarına qərarlar qəbul etmək üçün iqtisadiyyatın vəziyyətinin konkret göstəriciləri  tələb olunur. Onun inkişafının ÜDM kimi kəmiyyət göstəricilərinin müəyyən edilməsi makroiqtisadiyyatla tanışlığımızda ilk addımdır.

Top