THE COMPONENTS OF GDP
Iqtisadiyyatda xərclər çox müxtəlif formalara malikdir: Smit ailəsi restoranda nahar edir, General Motors korporasiyası özünün yeni avtomobil zavodunu tikir, Hərbi Dəniz Gəmiçiliyi yeni sualtı gəmi sifariş verir, British Airways kompaniyası Boeingdən yeni təyyarə alır. ÜDM-a ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin ödənilməsinə yönəldilmiş xərclərin bütün növləri daxildir.
Resursların məhdudluğu şəraitində iqtisadiyyatın fəaliyyətinin daha yaxşı başa düşülməsi üçün alimlər müxtəlif növ xərclər üzrə ÜDM-un tərkibini aşağıdakı kimi təhlil edirlər. ÜDM-un həcmi (Y kimi işarə olunur) dörd əsas tərkib hissəsinə ayrılır: istehlak (C), investisiyalar (I), dövlət sifarişləri (G) və xalis ixrac (NX):
Y=C+I+G+NXBu tənlik əslində ona daxil olan dəyişənlərin istənilən qiymətində doğru olan bərabərlikdir, ona görə ki, ÜDM-da hesablanan hər dollar öz əksini dörd növ xərclərdən birində tapır.
ÜDM-un hər tərkib hissəsini ayrılıqda bir sadə misalla nəzərdən keçirək.
Istehlak -ev təsərrüfatlarının əmtəə və xidmətlərin əldə olunmasına çəkdiyi xərclər məsələn, Smit ailəsinin restoranda naharına görə hesabın ödənilməsi.
Investisiyalar – avadanlıqların və daşınmaz əmlakın alınmasına çəkilən xərclər məsələn,
General Motors kompaniyasının yeni zavodunun tikintisi zamanı. Buraya əslində investisiya olan, lakin formal olaraq ev təsərrüfatlarının məsrəflərini özündə əks etdirən yeni evlərin alınmasına çəkilən xərclər də aiddir.
Dövlət xərcləri – istənilən səviyyələrdə dövlət hakimiyyəti orqanlarının saxlanılması üçün zəruri olan bütün əmtəə və xidmətlərin alınmasına çəkilən xərclər buraya aiddir məsələn, Hərbi Dəniz Gəmiçiliyi tərəfindən yeni sualtı gəminin alınması.
Xalis ixrac – yerli malların xarici bazarlarda satışından (ixrac) əldə olunan gəlirlərin məbləği ilə xarici malların alınmasına (idxal) çəkilən xərclərin məbləği arasında fərqi əks etdirir. Yerli firma öz məhsulunu xaricə satırsa ABŞ-ın xalis ixracının göstəricisi yüksəlir, Amerikanın
Boeing kompaniyası və Ingiltərənin
British Airways kompaniyası arasındakı sövdələşmə halında olduğu kimi.
«Xalis» sözü belə bir faktı vurğulayır ki, bu göstəricinin hesablanması zamanı idxalın həcmi ixracın həcmindən çıxılır, ona görə ki, xaricdəki əmtəə və xidmətlər ÜDM-un digər komponentlərinin tərkibinə daxil edilir. Məsələn, fərz edək ki, Amerikalı 30.000 $ qiymətində «Volvo» markalı Isveç avtomobili alır, bu da istehlakın göstəricisini 30.000 $ artırır, çünki bu istehlak xərclərinə aiddir. Başqa sözlə desək xalis ixracın göstəricisinə «mənfi» işarə ilə xaricdə istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri daxildir, ona görə ki, bu əmtəə və xidmətlər istehlaka, investisiyalara, yaxud dövlət xərclərinə «müsbət» işarə ilə daxil edilir. Beləliklə, firma, ev təsərrüfatı, yaxud dövlət xaricdə istehsal olunan əmtəə, ya da xidmətin dəyərini ödəyirsə xalis ixracın həcmi azalır, lakin bu zaman istehlakın, investisiyaların, yaxud dövlət xərclərinin səviyyəsi artdığı üçün ÜDM-un ümumi kəmiyyəti dəyişmir.
Dövlət sifarişləri anlayışının mənasının da müəyyən izaha ehtiyacı vardır. Məsələn: dövlət hərbi qulluqçunun əmək haqqını ödədikdə sözsüz ki, bu pullar dövlət xərclərinə daxil edilir. Bəs, sosial sığorta proqramı üzrə təqaüdlərin ödənilməsinə istifadə olunan vəsaitlər haraya daxil edilməlidir? Adətən, belə xərclər
transfert ödəmələr adlanır, ona görə ki, bunlar əmtəə və xidmətlərin cari istehsalına görə haqq deyildirlər. Makroiqtisadi mövqedən transfert ödəmələr vergi güzəşti kimi qiymətləndirilir. Vergi güzəştləri kimi onlar da ev təsərrüfatlarının gəlirlərində dəyişikliklərə səbəb olurlar, lakin məhsul buraxılışında heç cür əks olunmurlar. ÜDM – da əmtəə və xidmətlərin istehsalından əldə olunan gəlirlər (və xərclər) nəzərə alındığı üçün transfert ödəmələr dövlət xərclərinin tərkib hissəsi kimi nəzərdən keçirilmir.
Cədvəl 21.1-də 1998-ci il üzrə ABŞ-ın ÜDM-un strukturu verilmişdir. Həmin il ÜDM 8,5 trln. $ həcmində idi, bu isə 270 milyon nəfər əhali üzrə adam başına 31522 $ deməkdir. ÜDM-un həcminin təxminən 2/3 -i, yəni adam başına hesabladıqda 21511 $ -ı istehlakın payına düşür. Orta statistik amerikalının payına düşən investisiyaların və dövlət xərclərinin ölçüsü isə uyğun olaraq 5063 $ və 5507 $ olmuşdur. Xalis ixracın göstəricisi isə mənfidir adam başına — 373 $, bu isə onu göstərir ki, amerikalılar xaricə satdıqlarından çox xarici mallar almışlar.
Cədvəl 21.1
1998-ci il üzrə ABŞ-ın ÜDM-u və onun tərkibi
| Cəmi, mlrd. $ | Adam başına, $ | Yekun üzrə faizlə |
ÜDM (Y) | 8511 | 31522 | 100 |
Istehlak (C) | 5808 | 21511 | 68 |
Investisiyalar (I) | 1367 | 5063 | 16 |
Dövlət xərcləri (G) | 1487 | 5507 | 18 |
Xalis ixrac (NX) | -151 | -559 | -2 |
Mənbə: U.S. Department of Commerce.