Ümumi daxili məhsulun hesablanması
Indi isə ÜDM-un mənasını ümumi şəkildə müəyyənləşdirdikdən sonra onun hesablanması üsullarının üzərində dayanaq. Beləliklə, ÜDM-un müəyyənləşdirməsinə qayıdaq.
Bu tərif ÜDM-u çox sadə ifadə edir, əslində isə onun hesablanması zamanı ilk baxışda nəzərə çarpmayan problemlər meydana çıxır. Buna görə də əvvəlcə tərifin ayrı-ayrı hissələrini nəzərdən keçirək.
«ÜDM müəyyən müddət ərzində …»
Ümumi daxili məhsul konkret zaman vahidi, adətən bir il, yaxud rüb ərzində istehsal olunan məhsulun kəmiyyətini əks etdirir.
Dövlət ÜDM-un rüb üzrə göstəricisini elan etdikdə adətən onun ölçüsü «illik hesablanma» ilə verilir. Bu o deməkdir ki, təqdim olunan rəqəmlər 3 ay ərzində bütün xərclərin və gəlirlərin məbləğinin 4 mislini əks etdirir. Belə yanaşma rüblük və illik ÜDM-un rəqəmlərinin daha əyani tutuşdurulması üçün istifadə olunur. Bundan əlavə bir rüb üzrə ÜDM-un səviyyəsi mövsümü düzəlişi nəzərə almaqla təqdim olunur. Mövsümi düzəliş il ərzində əmtəə və xidmətlərin istehsalı və istehlakındakı qeyri bərabərlikləri məsələn, yeni il qabağı satışlar zamanı əhalinin xərcləri ən yüksək həddə çatdığı zaman, aradan qaldırmağa imkan verir. Iqtisadçılar və siyasətçilər üçün ölkə ərazisində vəziyyət barədə obyektiv informasiyaya malik olmaq çox vacibdir, buna görə də rəsmi dərc olunan ÜDM-un qiymətinə həmişə mövsümü düzəliş də daxil olunur.
«… ölkə daxilində…»
ÜDM konkret dövlətin sərhədləri daxilində istehsal olunan məhsulun dəyərini hesablayır. Əgər Kanada vətəndaşı müvəqqəti ABŞ-da işləyirsə, bu zaman onun əməyinin nəticəsi ABŞ-ın ÜDM-unun bir hissəsi olur. Amerikalı Haitidə fabrik sahibi olursa, bu fabrikin məhsulu ABŞ-ın deyil, həmin ölkənin ÜDM-na daxil olur. Beləliklə, dövlətin ÜDM-una istehsalçının vətəndaşlığından asılı olmayaraq həmin dövlətin ərazisində istehsal olunan bütün əmtəə və xidmətlər daxildir.
«…istehsal olunan…»
ÜDM-a bütün yenidən istehsal olunan əmtəə və xidmətlər daxil edilir və nəzərdən keçirilən dövr ərzində satılmış, lakin keçmişdə istehsal olunmuş əmtəələr çıxarılır. Məsələn, əgər General Motors korporasiyası yeni avtomobil istehsal edir və satırsa onun qiyməti ÜDM-a daxil edilir. Lakin əgər bir nəfər öz köhnə avtomobilini başqasına satırsa sövdələşmənin dəyəri ÜDM-a daxil edilmir.
«…bütün…»
ÜDM-a mümkün qədər bütün qanuni istehsal olunan və satılan əmtəə və xidmətlər alma və portağallardan kitab və filmlərə; bərbərin kəsdiyi saçdan həkim və vəkilin məsləhətlərinə qədər daxil olunmalıdır.
ÜDM mənzil kirayəsinin bazar dəyərini də nəzərə alır. Icarəyə verilən yerlər üçün o, çox asanlıqla ya icarədarların xərclərinin məbləği kimi, ya da icarəyə verənlərin gəlirlərinin məbləği kimi müəyyən edilir. Lakin insanların çoxu öz şəxsi evlərində yaşayırlar və deməli, heç bir icarə xərcləri ödəmirlər. Dövlət vətəndaşların bu qrupunun ÜDM-a əlavəsini nəzərə alaraq, onun tərkibinə bu vətəndaşların «icarə ödəmələrinin» bazar qiymətlərinə uyğun ölçülmüş xəyali məbləğini daxil edir. Əslində ÜDM-a həm mənzil sahiblərinin «icarədar» kimi ehtimal edilən xərcləri, həm də icarəyə verənlər kimi onların gəlirlərinin xəyali məbləği də daxildir.
Dəyərinin ölçülməsinin çətinliyi ilə əlaqədar olaraq ÜDM-a daxil edilməyən bir qrup əmtəələr mövcuddur. Bunlara qeyri -qanuni yollarla istehsal olunan və satılan (məsələn, narkotik maddələr) ya da yalnız ailənin təlabatını ödəmək üçün ev təsərrüfatları tərəfindən istehsal olunan əmtəələr aiddir. Buna görə də ÜDM-da mağazadan alınan tərəvəzlər nəzərə alınır, lakin həyətyanı sahədə becərilib ailə tərəfindən istehlak olunanlar isə nəzərə alınmır.
Belə kənara çıxmalar bəzən paradoksal vəziyyətlərə gətirib çıxarır. Bağçadakı otları təmizləməyə görə Karen Duquya haqq ödədikdə onun əməyinin nəticələri ÜDM-a daxil edilir. Lakin Karenlə Duqu evlənərsə vəziyyət tamamilə dəyişir. Bu zaman əmək bazarında reallaşmayan Duqunun əməyi ÜDM-a daxil edilmir. Beləliklə, demək olar ki, Karenlə Duqunun ailə qurması ABŞ-ın ÜDM-nun azalmasına gətirib çıxara bilər.
«…son…»
International Paper kompaniyası Hallmark firmasının konvert istehsalı üçün kağız istehsal etdikdə kağız aralıq, konvert isə son məhsul hesab olunur. ÜDM-a yalnız son məhsulların dəyəri daxil edilir. Çünki, aralıq məhsulların dəyəri artıq onlara daxil edilmişdir. Yuxarıda göstərilən misalda ÜDM-a yalnız konvertlərin dəyəri daxil ediləcək, ona görə ki, onların dəyərinə kağızın dəyəri artıq daxil edilmişdir.
Bu zaman müstəsna olaraq aralıq məhsullar texnoloji prosesə dərhal daxil olmayıb, sonradan satılmaq, yaxud istehsalda istifadə olunmaq üçün firmaların balansında müəyyən müddət qaldıqda onların dəyəri ÜDM-a daxil edilir. Bu zaman müəyyən müddət çərçivəsində onlar son məhsul kimi nəzərdən keçirilir və ÜDM-a daxil edilir. Lakin sonradan onlardan istifadə edildikdə firmanın aktivləri azalır, ÜDM-un həcmi isə həmin məbləğdə aşağı düşür.
«…əmtəə və xidmətlərin…»
ÜDM-a həm maddi nemətlərin (ərzaq məhsulları, geyim, avtomobillər) istehsalı, həm də konkret olaraq fiziki ölçülə bilməyən xidmətlər (bərbərin saç kəsməsi, mənzilin yığışdırılması, həkim məsləhəti) daxil edilir. Əgər bəyəndiyiniz rok qrupun diskini əldə edirsinizsə siz bazar əmtəəsi alırsınız və onun dəyəri ÜDM-a daxil edilir. Bu qrupun konsertinə bilet əldə etdikdə isə xidmətin haqqını ödəyirsiniz və bu halda da xidmətin dəyəri ÜDM-a daxil edilir.
«…bazar qiymətidir.»
Yəqin ki, iqtisad elmində hesabdan fərqli olaraq «alma və portağalları cəmləmək mümkün deyil»dir kəlamı sizə məlumdur. Lakin ÜDM-un hesablanması zamanı tamamilə müxlətif növlü çoxlu əmtəələri bir iqtisadi göstəricidə cəmləməklə təxminən belə bir əməliyyatı həyata keçirmək lazım olur. Istehlakçının bu və ya digər əmtəəni əldə etmək üçün ödəməyə hazır olduğu pulların miqdarını əks etdirən bazar qiymətlərinin istifadəsi bu çətinliyi aradan qaldırmağa kömək edir. Beləliklə, əgər bir almanın qiyməti iki portağalın qiymətinə bərabərdirsə, bu zaman ÜDM-da almanın çəkisi portağala nisbətən iki dəfə çox olacaq.
Indi isə ÜDM-un tərifini bir daha təkrar edək.
Yaddaş guşəsi Gəlirlərin digər üç göstəricisi
Məcmu gəlirin müxtəlif göstəriciləri bir-birindən nəzərə çarpacaq dərəcədə fərqlənsələr də onların hər biri ümumilikdə iqtisadiyyatdakı vəziyyəti kifayət qədər obyektiv əks etdirirlər. ÜDM-un artması, yaxud azalması uyğun olaraq digər göstəricilərdə də özünü göstərir, buna görə də iqtisadiyyatın vəziyyətinin təhlili zamanı onlardan hər birinə əsaslanmaq olar. |
Aydındır ki, ÜDM iqtisadi aktivliyin qiymətləndirilməsinin çox mürəkkəb göstəricisidir. Makroiqtisadiyyatın sonrakı tədqiqində onun hesablanmasının digər xırdalıqları ilə tanış olacaqsınız, lakin indi isə ona diqqət yetirməliyik ki, onun sözlə ifadəsinin hər bir hissəsi çox dərin mənaya malikdir.