FINANCIAL INSTITUTIONS IN THE U.S. ECONOMY
Maliyyə vasitəçiləri-FINANCIAL INTERMEDIARIES Və sonda
Ən geniş mənada maliyyə sistemi sərbəstləşən vəsaitlərin yığımlarını toplamaq arzusunda olan şəxslərdən (qazandıqlarından daha az xərcləyən fərdlər) borc alanlara (qazandıqlarından daha çox xərcləyən insanlar) hərəkətini təmin edir. Əmanətlərin səbəbləri müxtəlifdir. Məsələn, fərd öz övladının kollec bitirmək imkanı olmasını arzulayır, yaxud müəyyən məbləği «qara gün» üçün saxlamaq qərarına gəlir. Borc alanın borca ehtiyacı olmasının motivləri də belə müxtəlifdir- yeni evin alışından tutmuş öz işinin açlışına qədər. Əmanətləri toplayan şəxslər öz vəsaitlərini müəyyən müddətdən sonra faiz gəliri ilə birlikdə geri almaq məqsədilə maliyyə institutlarının ixtiyarına verirlər. Borc alanlar isə öz növbəsində pulları müəyyən müddətdən sonra əsas borcu və ondan istifadəyə görə haqq kimi faizlə qaytarmaq şərti ilə götürürlər.
Maliyyə sistemi əmanətləri toplayan və borc vəsaitlərinə ehtiyacı olanların qarşılıqlı maraqlarının ödənilməsinə kömək edən müxtəlif institutlarından ibarətdir. Onun fəaliyyət mexanizminin təhlilinə keçməzdən əvvəl biz maliyyə sisteminin ən vacib institutları ilə tanış olacaq, bunlara maliyyə bazarları və maliyyə vasitəçiləri aiddir.
Maliyyə bazarları-FINANCIAL MARKETS
Maliyyə bazarları dedikdə biz əmanətləri toplamaq arzusunda olanlara öz resurslarını istiqraz bazarlarında və səhmlər bazarlarındakı birbaşa borc alana təqdim etmək imkanını verən maliyyə idarələrinin məcmusunu başa düşürük.
Istiqraz bazarları. Əgər kompüter mikrosxemlərinin aparıcı istehsalçısı Intel korporasiyasına yeni zavodun tikintisi üçün vəsait tələb olunarsa o, bu vəsaiti birbaşa olaraq əhalidən ala bilər. Bunun üçün o, istiqrazlar buraxmalıdır. Istiqrazlar - onların sahibləri qarşısında borc alanın borcuna təminat verən və onun öhdəliklərinin parametrlərini: borc vəsaitlərinin qaytarılma tarixi, yaxud ödəniş tarixi və dövrü olaraq ödənilən faiz gəlirinin göstəricisini müəyyən edən qiymətli kağızlardır. Bizim misalda istiqrazların alıcısı öz vəsaitlərini faiz gəliri və istiqrazın dəyərinin (borcun əsas məbləği adlandırılan) kreditora qaytarılmasının vəd edilməsi müqabilində Intel korporasiyasına təqdim edir. Istiqrazın sahibi ödəniş tarixinə qədər onu özündə saxlaya bilər, yaxud bu vaxt gələnə qədər istənilən onu almaq arzusunda olan şəxsə sata bilər.
Amerikanın maliyyə bazarlarında külli miqdarda ən müxtəlif istiqraz növləri dövr edir. Iri korporasiya, federal hökumət, yaxud ayrıca ştatın hakimiyyət orqanlarına yeni zavod tikintisi, yeni reaktiv qırıcı təyyarənin alışı, yaxud yeni məktəbin açılışı üçün vəsait tələb olunursa onlar istiqrazları buraxırlar. Əgər siz «The Wall Street Journal», yaxud hər hansı bir qəzetin iqtisadi bölməsini nəzərdən keçirsəniz orada bazar qiymətləri və ödənilən faizlər də göstərilməklə çoxlu istiqraz siyahısına rast gələcəksiniz. Öz parametrlərinə görə onlar bir-birlərindən xeyli fərqlənirlər, lakin hər şeydən əvvəl üç əsas göstəriciyə diqqət yetirmək lazımdır.
Birinci - tədavül müddəti - buraxılış tarixi və ödəniş tarixi arasındakı zaman kəsiyinin müddəti. Bəzi istiqrazlar qısa tədavül müddətinə malikdirlər - cəmi bir neçə ay, digərlrində isə bu müddət xeyli uzundur - 30 ilə qədər. (Böyük Britaniya hökuməti isə müddətsiz istiqrazlar buraxır, bu istiqrazlar üzrə faizlərin vaxt üzrə məhdudiyyətsiz ödənilməsinə təminat verilir, düzdür bu zaman əsas məbləğin ödənilməsi hüququ olmur.) Faizin həcmi xüsusilə tədavül müddətindən asılı olur. Uzunmüddətli istiqrazların alışı, qısamüddətli istiqrazların alışından daha riskli pul qoyuluşunu özündə əks etdirir, ona görə ki, onların sahibləri əsas məbləğin ödənilməsini daha çox gözləməli olurlar. Lakin uzunmüddətli istiqrazın sahibinə pulu ödəniş tarixindən əvvəl almaq gərək olarsa o, istiqrazı digər şəxsə müəyyən güzəştlə satmaq hüququna malikdir. Adətən, yüksək investisiya riskini kompensasiya etmək məqsədilə uzunmüddətli istiqrazlar üzrə qısamüddətli istiqrazlara nisbətən daha yüksək faiz ödənilir.
Istiqrazın ikinci vacib parametri - ödəməmə riski, yaxud kredit riskidir. Bu borc alanın iflas etməsi səbəbindən vəd olunan faizlərin ödənməməsi, yaxud əsas məbləğin qaytarılmaması ehtimalı ilə bağlıdır. Buna görə də yüksək ödəməmə riski olan istiqrazlar daha yüksək faiz gəlirinə malikdirlər. ABŞ hökuməti tam etibarlı borc alan sayıldığı üçün onun öhdəlikləri üzrə aşağı faiz ödənişləri müəyyən olunur. Əksinə, maliyyə baxımından dayanıqlı olmayan bir çox kompaniyalar zəruri vəsaitləri yüksək gəlirlər vəd edən dəyərsiz istiqrazlar adlanan istiqrazları buraxmaq yolu ilə əldə edirlər. Satın alma zamanı müxtəlif istiqrazlar üzrə ödəməmə risklərinin qiymətləndirilməsini aparan xüsusi agentliklərə müraciət etmək tövsiyə olunur.
Və nəhayət üçüncü əsas parametr - istiqrazlar üzrə faizlərə vergiqoyma qaydası. Adətən, bu istiqrazların əksəriyyətinin gəlirlərinə şamil olunur, buna görə də onların sahiblərinin real gəlirləri vergi ödənişlərinin məbləği qədər azalır. Lakin ABŞ-da bələdiyyə istiqrazları (yerli hakimiyyət orqanları tərəfindən buraxılan istiqrazlar) adlanan istiqrazlar üzrə gəlirlər vergiyə cəlb olunmur. Məhz buna görə də adətən, bələdiyyə istiqrazları üzrə korporasiya yaxud federal hökumətin istiqrazlarında olduğundan daha aşağı faiz müəyyən olunur.
Səhmlər bazarı. Yarımkeçiricilər texnikasının buraxılışı üzrə yeni zavodun tikintisi üçün Intel korporasiyasına zəruri olan vəsaitlərin cəlb olunmasının digər üsulu səhmlərin satışıdır. Səhm onun sahibinin firmanın kapitalında payını təsdiq edir və firmanın mənfəətinin bir hissəsini almaq hüququnu verir. Məsələn, əgər firmanın yaradılması zamanı 1 000 000 səhm buraxılarsa onların sahiblərinin hər biri kompaniyanın mülkiyyətinin 1/1 000 000 hissəsinin mülkiyyəti hüququna malikdir.
Korporasiya investisiyaların cəlb olunması üçün həm səhm, həm də istiqraz buraxılışından istifadə edir, lakin maliyyə bazarının bu alətlərinin mahiyyətləri müxtəlifdir. Belə ki, Intel korporasiyasının səhminin sahibi onun mülkiyyətçilərindən biri, istiqrazının sahibi isə ancaq onun kreditorudur. Intelin fəaliyyəti gəlir gətirərsə onun səhmdarları əlavə gəlir əldə edəcəklər, bu zaman istiqraz sahibləri isə yalnız müəyyən olunmuş faiz ala biləcəklər. Əgər kompaniya iflas edərsə onun əmlakı ilk növbədə kreditorlar qarşısında öhdəliklərin ödənillməsinə yönəldiləcək və yalnız bundan sonra yerdə qalan hissə kompaniyaların mülkiyyətçiləri arasında bölüşdürüləcək. Beləliklə, vəsaitlərin səhmlərdə yerləşdirilməsi istiqrazların alışı ilə müqayisədə potensial olaraq daha gəlirli, lakin daha risklidir.
Korporasiya yeni səhmlərin bütün buraxılışını yerləşdirdikdən sonra bu səhmlər üzrə sonrakı əməliyyatlar fond birjalarında həyata keçirilir. Səhmlərin bir əldən digərinə keçidi ilə müşayiət olunan bu əqdlərdən kompaniya heç bir mənfəət əldə etmir. ABŞ-nın mühüm fond birjalarına Nyu-York fond birjası, Amerika fond birjası, Fond dilerlərinin milli assosiasiyasının avtomatik məzənnə birjası (NASDAQ) aiddir. Dünya ölkələrinin əksəriyyəti öz şəxsi fond birjalarına malikdirlər.
Səhmlərin birca qiymətləri tələb və təkliflə müəyyən olunur. Səhmlərə sahib olmaq firmanın mülkiyyətində iştirak etməni nəzərdə tutduğu üçün birjada onlara olan tələb (və deməli, onların qiyməti də) səhmlərin gəlirliyi barədə təsəvvür yaradır. Əgər kompaniyanın gələcəyi parlaq görünürsə onun səhmlərinə tələb və qiymət artır. Əgər firmanın mənfəətinin azalması, yaxud zərəri gözlənilirsə kompaniyanın səhmlərinin dəyəri aşağı düşür.
Səhmlərin qiymətlərinin ümumi vəziyyətini müxtəlif birja indeksləri izləyir. Birja indeksi bir qrup kompaniyaların səhmlərinin birja qiymətlərinin orta səviyyəsi kimi hesablanır. Ən məşhur birja göstəricisi öz tarixini 1896-cı ildən başlayan Dou Consun sənaye indeksidir. Hazırki zamanda o, General Electric, General Motors, Coca-Cola, AT&T və IBM kimi 30 iri amerikan korporasiyasının səhmlərinin birja qiymətləri haqda məlumatları əsasında hesablanır. Eləcə də 500 aparıcı kompaniyanın səhmlərinin qiymətlərinin təhlili əsasında Standard & Poor agentliyi tərəfindən müəyyən olunan SP 500 indeksi də geniş yayılmışdır. Birja qiymətləri firmanın gözlənilən gəlirliyini əks etdirdiyi üçün birja indeksini iqtisadiyyatın gələcək vəziyyətinin göstərici kimi nəzərdən keçirmək olar.
Maliyyə vasitəçiləri o maliyyə insitutlarını adlandırırlar ki, onların vasitəçiliyilə əmanətlərinə yönəldilən vəsaitlər borc alanlara çatır. Bu paraqrafda biz iqtisadi nöqteyi nəzərdən ən mühüm iki maliyyə vasitəçisinin - banklar və borc (pay) fondlarının fəaliyyəti ilə tanış olacağıq.
Banklar. Əgər baqqaliyə köşkünün sahibi öz işini genişləndirmək qərarını gələrsə, Intel korporasiyasından fərqli olaraq onun vəsaitləri səhm və istiqrazların buraxılışı və satışından əldə etmək imkanı yoxdur. Buna görə də yəqin ki, o, ssuda üçün banka müraciət edəcək.
Banklar fəaliyyəti bir çox insanlara yaxşı məlum olan maliyyə vasitəçilərinə aiddirlər. Onların əsas funksiyası vəsaitləri əmanətlərini toplamaq arzusunda olanlardan onlara ehtiyacı olanların ixtiyarına verməkdən ibarətdir. Banklar pulların depozitlərdə saxlanılmasına görə müəyyən faiz ödəyirlər və təqdim olunan ssudalardan istifadəyə görə borc alanlardan daha yüksək faiz götürürlər. Bu fərq nəticəsində bankların cari xərcləri ödənilir və onların sahiblərinin mənfəəti formalaşır.
Lakin banklar iqtisadiyyatda digər mühüm bir rol da oynayırlar: müştərilərə onların bank hesablarındakı məbləğlər çərçivəsində çeklər yazmaq imkanını verməklə əmtəə və xidmətlərin haqlarının ödənişini asanlaşdırırlar. Başqa sözlə, banklar alqı-satqı əqdləri zamanı mübadilə vasitəsi kimi istifadə olunan xüsusi ödəniş vasitəsini yaratmağa kömək edirlər. Belə mübadilə vasitələrinin təqdim olunmasında bankların rolu digər maliyyə idarələrindən xeyli fərqlənir. Bank depozitləri kimi səhm və istiqrazlar da pulların yığımı vasitəsidir, lakin onlardan istifadə yolu çeklərin yazılması kimi tez, sadə və ucuz deyil. Bu fəsildə biz bankların bu funksiyasının üzərində dayanmayacağıq, lakin daha sonra pul tədavülü sistemi ilə tanış olduqda ona yenidən qayıdacağıq.
Borc fondları. Borc (hissədar) fondları - öz səhmlərini əhaliyə təqdim edib və əldə olunan vəsaitləri müxtəlif növ səhmlərin, istiqrazların yaxud da hər ikisinin xüsusi tərtib olunmuş dəstinin (portfelinin) alışı üçün istifadə edən idarələrdir. Beləliklə, borc fondunun səhmlərinin sahibləri portfel investisiyalarının riskləri və üstünlükləri ilə bağlı olan maliyyə məsuliyyətini bölüşdürürlər: portfelin dəyəri aşağı düşdükdə onlar zərərə düşürlər, artdıqda isə gəlir əldə edirlər. Hissədar fondlar - ABŞ iqtisadiyyatında xüsusilə mühüm rol oynayan maliyyə vasitəçilərinin bir növüdür.
Borc fondlarının əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar kiçik əmanətləri olan insanlara yığımları diversifikasiya etməyə imkan verir. Səhm və istiqraz alıcılarının əsas şüarına uyğun olaraq «bütün yumurtaları bir səbətə yığmaq» çox təhlükəlidir. Doğrudan da ayrıca firmanın səhminin birja dəyəri çoxlu təsadüfi amillərin təsirinə məruz qalır, buna görə də bütün vəsaitlərinizi onların alışına qoymaqla siz əmanətlərinizi böyük risk altına qoymuş olursunuz. Əksinə, müxtəlif firmaların qiymətli kağızlarını alanlar daha az risk etmiş olurlar, ona görə ki, ayrıca firmanın müvəffəqiyyətsizliyilə bağlı olan mümkün itkilər minimaldır. Istənilən hissədar fond investisiyaların diversifikasiyası problemini asanlıqla həll edir. Cəmi bir neçə yüz dollara sahib olan onun səhimdarına çevrilmiş investor faktiki olaraq yüzlərlə firmanın mülkiyyətçisinə yaxud kreditoruna çevrilir. Borc fondunun fəaliyyətini idarə edən kompaniya belə imkanın təqdim olunması müqabilində səhmdarlardan onların səhminin dəyərinin ilk artımının 0,5 %-dən 2%-dək ölçüsündə haqq çıxır.
Borc fonlarının idarəçilərinin bəyan etdikləri kimi borc fondlarının ikinci üstün cəhəti ondan ibarətdir ki, onlar sıravi səhmdarlara professional maliyyə menecmenti vərdişlərini əldə etməyə imkan verir. Əksər borc fondlarının menecerləri səhmləri onların portfelində olan müəssisələrin işlərinin vəziyyətinə və inkişaf perspektivlərinə xüsusi diqqət yetirirlər, fondun səhmdarlarının gəlirlərini artırmaq məqsədilə vaxtaşırı olaraq bu portfelin tərkibini dəyişirlər.
Lakin maliyyə sahəsinin mütəxəssisləri çox vaxt bu dəlilə şübhə ilə yanaşırlar. Onların fikrincə hər kompaniyanın perspektivlərinə diqqət yetirən ekspertlərin sayından asılı olmayaraq bu kompaniyaların səhmlərinin qiymətləri müəssisələrin real aktivlərinin dəyərini əks etdirir. «Yaxşı» səhmləri alıb, «pis» səhmlərdən qurtulmaq yolu ilə borc fondlarına bazarı «aldatmağa» nail olmaq o qədər də asan deyil. Təsadüfi deyil ki, indeks fondları adlanan, yəni hesablanmış fond indeksini müəyyən edən bütün səhmləri alan hissədar fondlar, maliyyə menecmentinin aktiv formalarına riayət edən kolleqalarından orta hesabla daha effektivdirlər. Bu onunla izah olunur ki, indeks fondlarının xərcləri daha az olur, ona görə ki, onlar səhmləri kifayət qədər nadir hallarda alıb-satırlar. Bundan əlavə onlar maliyyə menecerlərinin bahalı xidmət haqlarını ödəməyə məcbur olmurlar.
Amerika iqtisadiyyatında müxtəlif maliyyə institutları fəaliyyət göstərir. Səhm və istiqrazlar bazarları, bank və borc fondlarından əlavə təqaüd fondları, kredit ittifaqları və sadə sələmçilər mövcuddur. Bütün bu strukturlar bir-birlərindən nəzərə çarpacaq qədər fərqlənirlər. Lakin maliyyə sisteminin makroiqtisadi rolunun təhlili zamanı onların bənzərliklərinə xüsusi diqqət yetirmək lazımdır, ona görə ki, bütün maliyyə institutları eyni bir məqsəd güdür - kreditorların resurslarını borc alanlara yönəltmək.