Təsəvvür edin ki, siz təzəcə iqtisadi kolleci bitirib, öz şəxsi işinizi - iqtisadi proqnozların işlənib hazırlanması üzrə firmanı açmaq qərarına gəlmisiniz. Bu firma gəlir gətirməyə başlamazdan əvvəl siz biznesi təşkil etmək üçün vəsaitlər tapmalı olacaqsınız. Siz hesablamalar aparmaq üçün kompüter, stol, stul və ofis üçün şkaflar almalı olacaqsınız. Bu əşyalardan hər biri firma tərəfindən xidmətlərin istehsalı və satışı üçün istifadə ediləcək kapitaldır.
Lakin kapital nemətlərinin alışı üçün vəsaitləri haradan tapmaq olar? Ola bilər ki, siz bu vəsaitləri əvvəlki yığımlarınız hesabına maliyyələşdirəsiniz. Yəqin ki, əksər sahibkarlar kimi siz də yeni iş açmaq üçün kifayət qədər şəxsi vəsaitlərə malik deyilsiniz və bu vəsaitlərin digər mənbələrinin axtarışı ilə məşğul olacaqsınız.
Misal üçün siz bankdan ssuda götürə bilərsiniz, yaxud dostlarınızdan, ya da qohumlarınızdan borc ala bilərsiniz. Lakin bu halda siz müəyyən müddətdən sonra təkcə borc götürülən məbləği deyil, həm də ondan istifadəyə görə faizi də qaytarılmasına söz verməli olacaqsınız. Ola bilər ki, siz kimi isə əldə edəcəyiniz mənfəətin bir hissəsinin (onun az və ya çox olmasından asılı olmayaraq) müqabilində gərəkən məbləği sizə verməsinə inandırasınız. Lakin istənilən halda kompüterlərin və ofis mebellərinin alışının maliyyələşdirilməsi sizin şəxsi əmanətlərimiz hesabına həyata keçirilməyəcək.
Maliyyə sistemi yığımlarını toplamaq arzusunda olan şəxslərin resurslarını investisiyalar formasında borc vəsaitlərinə ehtiyacı olanlara yönəltməyə kömək edən iqtisadi institutların məcmusunu özündə əks etdirir. Əvvəlki fəsildə qeyd olunduğu əmanət yığım və investisiyalar iqtisadi artım üçün zəmin yaradan əsas amillərdir. Ölkə iqtisadiyyatında ÜDM-un əmanətə yönəldilən payı artarsa, sənaye investisiyaların həcmi yüksələr, daha yüksək sənaye potensialı isə əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin yüksəlməsinin əsas səbəblərindəndir. Lakin fəsil 23-də əmanət və investisiya proseslərinin koordinasiya mexanizmlərini nəzərdən keçirməmişdik. Bizə məlumdur ki, bəzi fərdlərdə vaxtaşırı olaraq gəlirlərinin bir hissəsini gələcək üçün kənarda yığmaq, digərlərində isə yeni işin açılması yaxud biznesin genişləndirilməsi üçün müəyyən məbləği borca götürmək arzusu əmələ gəlir. Bəs onlar bir-birlərini necə tapırlar? Əmanətə yönəldilən pul vəsaitləri təklifinin həcminin investorlar tərəfindən onlara olan tələblə tarazlaşmasının zəmini kimi nə çıxış edir?
Bu fəsil maliyyə sisteminin işləməsi ilə tanışlığa həsr olunmuşdur. Birincisi, biz amerika iqtisadiyyatının maliyyə sistemini təşkil edən müxtəlif institutları nəzərdən keçirəcəyik. Ikincisi, maliyyə sisteminin vəziyyəti və bəzi əsas makroiqtisadi parametrlər, əsasən əmanət və invertisiyaların göstəriciləri arasındakı qarşılıqlı əlaqəni müzakirə edəcəyik. Üçüncüsü, maliyyə bazarında borc vəsaitlərinin tələb və təklif modelini işləyib hazırlayacağıq. Bu modeldə tələb və təklifin tənzimlənməsinin əsas aləti kimi faiz dərəcəsi çıxış edir. Model dövlət siyasətinin müxtəlif variantlarının faiz dərəcəsindəki dəyişikliklərə və deməli, əhalinin məhdud maliyyə resurslarının bölüşdürülməsinə təsirini tədqiq etməyə imkan verəcək.