23. Əmək məhsuldarlığı və onu müəyyən edən amillər

23. Əmək məhsuldarlığı və onu müəyyən edən amillər

PRODUCTIVITY: ITS ROLE AND DETERMINANTS
Varlı və yoxsul ölkələrin həyat səviyyələrindəki əhəmiyyətli fərqlərin izahı bir tərəfdən çox asan görünür, lakin sonradan görəcəyimiz kimi əmək məhsuldarlığını sadə göstəricisinə müncər oluna bilər. Digər tərəfdən əmək məhsuldarlığını müəyyən edən amillərin hər tərəfli və dəqiq tədqiqi olmadan belə izah qənaətbəxş hesab edilə bilməz.

Əmək məhsuldarlığı göstəricisinin qiyməti nə ilə müəyyən olunur

WHY PRODUCTIVITY IS SO IMPORTANT
Gəlin iqtisadi artım və əmək məhsuldarlığı problemlərinin öyrənilməsinə Daniel Defonun məşhur «Robinzon Kruzo» romanının baş qəhramanının həyatından sadə bir misalı nəzərdən keçirməklə başlayaq. Bildiyiniz kimi Robinzon Kruzo tənha adaya atılmış dənizçi idi. Tam təklikdə yaşayırdı və özü təkcə balıq tutmağa, tərəvəz yetişdirməyə və ev alətlərini düzəltməyə məcbur idi. Robinzonun əmək fəaliyyəti iqtisadi modelə sadə misaldır, lakin onun təhlili daha mürəkkəb və mükəmməl modellər üçün doğru olan nəticələr əldə etməyə imkan verəcək.
Beləliklə, Robinzonun həyat səviyyəsini nə müəyyən edirdi? Cavab aydındır – onun fərdi əməyi. O, nə qədər çox balıq tutsa, tərəvəz yetişdirsə, yaxud məişətdə gündəlik istifadə olunan alətlər hazırlanmış olsaydı, bir o qədər çox yaxşı yaşaya bilərdi. Kruzo yalnız öz istehsal etdiyini istehlak etdiyi üçün onun həyat səviyyəsi bütövlükdə onun əməyinin nəticələrindən asılı idi.
Əmək məhsuldarlığı anlayışı vahid iş vaxtı ərzində işçi tərəfindən yaradılan əmtəə və xidmətlərin kəmiyyətini əks etdirir. Robinzonun misalı onu göstərir ki, əmək məhsuldarlığı həyat səviyyəsini müəyyən edən amildir; deməli, birinci göstəricinin artırılması ikincinin yüksəlməsini determinə etmiş olur. Kruzo bir saat ərzində nə qədər çox balıq tutardısa onun naharı bir o qədər doyumlu olardı. Balıq tutmaq üçün yeri o nə qədər yaxşı seçərdisə onun məhsuldarlığı bir o qədər yüksək olardı. Məh­suldarlığın artımı isə Robinzona ya daha çox balıq istehlak etməyə, ya da yemək əldə etməyə daha az vaxt sərf edib digər işlərlə məşğul olmağa imkan verir.
Həyat səviyyəsinin müəyyən olunmasında məhsuldarlığın əsas rolu barədə müddəa təkcə kimsəsiz adaya atılan dənizçi üçün deyil, həm də böyük və kiçik dövlətlər üçün də doğrudur. Yada salaq ki, məcmu ümumi daxili məhsul (ÜDM) eyni zamanda iki göstəricini əks etdirir: bütün əmtəə və xidmətlərin istehsalçılarının gəlirlərinin ümumi məbləğini və isteh­lakçıların onların əldə olunmasına yönəldilmiş xərclərinin ümumi məb­ləğini və bu iki göstərici sonda bir-birinə bərabər olmalıdır.
D.Defonun qəhrəmanının düşdüyü situasiyada olduğu kimi ölkə­lərin həyat səviyyəsi  onlarda istehsal olunan əmtəə və xidmətlərin kəmiy­yəti ilə müəyyən  olunur. ABŞ-nın vətəndaşları ona görə nigeriya­lılardan daha yaxşı yaşayırlar ki, amerika fəhlələrinin əmək məhsuldarlığı daha yüksəkdir. Yaponiyada həyat səviyyəsinin artım sürəti Argentinada olduğundan ona görə yüksəkdir ki, yapon fəhlələrinin əmək məhsuldarlığı argentinalılarınkından daha sürətlə artır. Yəni hər şey ölkənin əhalisinin həyat səviyyəsi iqtisadiyyatın əmtəə və xidmətləri istehsal etmək imkan­larından asılı olmasını iddia edən Iqtisadi nəzəriyyənin  on prinsipindən birinə əsasən baş verir.
Beləliklə, həyat səviyyələrinin fərqlənməsi səbəblərinin və müxtəlif ölkələrdə onların dəyişmə proseslərinin başa düşülməsi üçün bizə əmtəə və xidmətlərin istehsalı məsələlərinə diqqəti cəlb etmək zəruridir. Lakin həyat səviyyəsi və əmək məhsuldarlığı arasında qarşılıqlı əlaqəni müəyyən et­məklə biz yalnız ilk addımı atmış oluruq. Indi isə bizə nə üçün bəzi ölkə­lərdə əmtəə və xidmətlərin istehsalı digərlərinə nisbətən daha səmərəlidir -sualına cavab tapmaq lazımdır.

Əmək məhsuldarlığı necə müəyyən olunur
Robinzon Kruzonun həyat standartlarının müəyyən olunmasında mühüm rol oynayan onun əmək məhsuldarlığının səviyyəsi çoxlu amillərdən asılı idi. Əgər söhbət balıq ovundan gedirdisə bu işin müvəffəqiyyəti əhəmiyyətli dərəcədə tilovların miqdarı və keyfiyyəti ilə, balıq tutmaq bacarığı ilə, yerin seçilməsi və sahilyanı sularda balığın bolluğu ilə müəyyən olunurdu. Bu amillərdən hər biri hansı ki, biz onları fiziki kapital, insan kapitalı, texnoloji biliklər və təbii resurslar kimi adlandırırıq hər birdövlətin real iqtisadiyyatında analoqlara malikdir. Bunları daha ətraflı nəzərdən keçirək.
Fiziki kapital. Fiziki kapital, yaxud sadəcə kapital anlayışı altında əmtəə və xidmətlərin istehsalı üçün istifadə olunan avadanlıqları, bina və tikililəri başa düşürük. Məsələn, mebel istehsalı zamanı mişar, tokar dəzgahı və pərli preslər istifadə olunur. Alətlərin dəsti nə qədər geniş olarsa, iş bir o qədər tez və keyfiyyətlə yerinə yetirilər. Yalnız sadə Alət­lərdən istifadə edən fəhlə eyni müddət ərzində müasir ağacemaledici avadanlıqdan istifadə edən fəhlədən daha az mebel hazırlayacaqdır.
Istehsal amillərini əmtəə və xidmətlərin istehsalı üçün istifadə olunan resurslar kimi (əmək, kapital və s.) müəyyən etmişdik. Kapitalın əsas xüsusiyyəti onun istehsalın məhsulu olmasıdır. Beləliklə, mebelçi -fəhlə ağacemaledici avadanlıq istehsal edən zavod tərəfindən buraxılan tokar dəz­gahında stolun ayaqlarını hazırlayır. Zavod isə öz növbəsində dəzgahların yaradılmasında digər maşın və mexanizmlərdən istifadə edir. Başqa sözlə kapital yeni kapital da daxil olmaqla əmtəə və xidmətlərin yaradılması üçün istifadə olunan istehsal amilidir.
Insan kapitalı. Insan kapitalı anlayışı altında iqtisadçılar təhsil və əmək fəaliyyəti prosesində fəhlə tərəfindən əldə olunan bilikləri və əmək vərdişlərini başa düşürlər. Insan kapitalının yığımı həm məktəbəqədər dövrdə, həm məktəbdə, kollecdə, universitetdə, yenidən təlim etmə, yaxud ixtisas artırma kurslarında baş verir.
Biliklər və əmək vərdişləri maddi əşyalara aid olmasalar da dəzgah, buldozer yaxud binalar kimi insan kapitalı fiziki kapitalla bir çox oxşar xüsusiyyətlərə malikdir. Hər ikisi cəmiyyətin yeni əmtəə və xidmətləri istehsal etmək imkanlarını artırır, hər ikisi istehsal proseslərinin nəti­cə­lə­rindən ibarətdirlər. Beləliklə, insan kapitalının yaradılması üçün müəl­lim­lər, kitabxanalar və təhsil üçün vaxt lazımdır. Bəzən tələbələri gələcəkdə istifadə olunacaq insan kapitalının istehsalında məşğul olan müəyyən növ fəhlələr kimi nəzərdən keçirirlər.
Təbii resurslar. Əmək məhsuldarlığını müəyyən edən üçüncü amil bir çox istehsal proseslərinin son elementi olan təbii resurslardır - torpaq, su, xammal və faydalı qazıntı ehtiyatları. Təbii resurslar bərpa olunan və bərpa olunmayan olurlar. Birincilərə misal kimi meşəni göstərmək olar, belə ki, kəsilən ağacların yerinə müəyyən müddətdən sonra böyüyən cavan ağacları əkmək olar. Neft isə əksinə, məhdud ehtiyatları olan bərpa olunmayan resurslara aiddir, ona görə ki, təbii şərtlər daxilində onun yaranmasına çox minilliklər tələb olunur, bu da istifadə olunan yataqların təbii bərpasına ümid etməyə imkan vermir.
Təbii resurs ehtiyatlarının həcmlərindəki fərqlər müxtəlif ölkələrin əhalilərinin həyat səviyyəsi göstəricilərinə təsir göstərir. Məsələn, ABŞ-nın ilk iqtisadi müvəffəqiyyətləri qismən kənd təsərrüfatı məqsədləri üçün istifadəyə yararlı olan boş torpaqların bolluğu ilə bağlı idi.  Indiki zamanda Yaxın Şərqinin bəzi ölkələri Küveyt  yaxud Səudiyyə Ərəbistanın yalnız böyük neft ehtiyatlarına malik olduqları üçün dünyanın ən varlı dövlətləri siyahısına daxil olmuşlar.
Təbii resurs ehtiyatlarının iqtisadi çiçəklənmənin əsas amillərindən biri olmasına baxmayaraq onların mövcudluğu heç də yüksək səmərəli istehsalın yaradılmasının mütləq şərti deyildir. Məsələn, Yaponiya cüzi təbii resurs ehtiyatlarına malik olmasına baxmayaraq dünyanın ən varlı dövlətlərindən birinə çevrilmişdir.  Onun iqtisadi yüksəlişi daha çox xarici ticarətin müvəffəqiyyətləri hesabına mümkün olmuşdur.  Yaponiya bir çox  faydalı qazıntı növlərini xüsusilə nefti idxal edir və hazır məhsulu özündən daha varlı ölkələrə ixrac edir.
Texnoloji biliklər. Əmək məhsuldarlığının səviyyəsini müəyyən edən dördüncü amil texnoloji biliklər, yəni cəmiyyət tərəfindən əmtəə və xidmətlərin istehsalının ən yaxşı üsullarının başa düşülməsidir. Hələ yüz il əvvəl amerikalıların əksəriyyəti fermer təsərrüfatlarında işləyirdilər, çünki, o zamanlar mövcud olan kənd təsərrüfatı texnalogiyaları əhalinin ərzaq məhsulları ilə təmin olunması üçün böyük əmək məsrəfləri tələb edirdi. Indiki dövrdə elm və sənayenin nailiyyətləri hesabına ABŞ-nın əmək qabiliyyətli əhalisinin bir hissəsi bütün ölkəni ərzaqla təmin edir. Beləliklə, yeni kənd təsərrüfatı  texnologiyalarının inkişafı əməyi daha səmərəli etdi və əmtəə və xidmətlərin istehsalını genişləndirməyə imkan verdi.
Texnoloji biliklər müxtəlif formalarda mövcuddurlar. Onların bəziləri çox sadədirlər və ixtiraçı tərəfindən ilk dəfə tətbiq edildikdən sonra tezliklə geniş yayılmağa başlayır. Məsələn, Henri Ford ilk dəfə avto­mobillərin yığılması üçün konveyer üsulu ideyasını reallaşdırdıqdan sonra onun yeniliyi o andaca iri istehsalçılar tərəfindən əldə edildi. Digər texnologiyalar patentləşdirilir və öz məşhur içkisinin hazırlanma qaydasını sirr kimi saxlayan Coca-Cola korporasiyası ilə bağlı halda olduğu kimi onları icad edən kompaniyaların mülkiyyətinə çevrilirlər. Bəzi hallarda patentin istifadə müddəti məhduddur. Belə ki, əgər əczaçılıq firması yeni dərman preparatı hazırlayırsa, onda o, patent hüququ haqda Amerika qanununa əsasən  müəyyən müddət ərzində bu dərmanın inhisarçı isteh­salçısı olmaq imkanını əldə edir. Patentin istifadə müddəti bitdikdən sonra isə dərmanı istehsal etmək hüququnu bütün arzu edən kompaniyalar əldə edirlər. Texnoloji biliklərin müxtəlif formaları iqtisadiyyat üçün çox mühüm əhəmiyyətə malikdir.
Lakin texnoloji biliklər və insan kapitalı arasında sərhəd qoyul­masına ehtiyac vardır, belə ki, bu anlayışların yaxınlığına baxmayaraq onlar əhəmiyyətli fərqlərə malikdirlər. Texnoloji biliklərə cəmiyyətin istehsal prosesləri haqda təsəvvürləri aiddir. Insan kapitalı bu təsəvvürlərin əmək vərdişlərinə çevrilməsinə yönəldilən səylərin məsrəfləri ilə müəy­yən olunur. Məcazi  mənada dedikdə, texnoloji biliklər cəmiyyətin öyrəndiyi dərsliyin keyfiyyətini müəyyən edir, insan kapitalı isə onun oxunmasına sərf olunan vaxtla ölçülür. Əmək məhsuldarlığı həm dərsliyin keyfiy­yətindən, həm də onun öyrənilməsinə sərf olunan vaxtdan asılıdır.

Top