Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verərkən kompleks göstəricilər sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu, ümum-milli məhsuldur.
Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hüdudlarından kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların hamısı satılma-ya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə istehsal edilmiş bütün məhsullar ÜMM vasitəsilə ölçüldüyünə görə o, hesablanarkən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.
ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur.Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata — (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata-(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilmə-məlidir. Məhsulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mərhələsindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nəzərə alınmalıdır.
Son məhsul dedikdə satmaq və ya emal etmək məq-sədilə deyil, son nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nəzərdə tutulur ki, bu da ÜMM-in tər-kibində təkrar hesablamaları aradan qaldırır. Bunu aşağı-dakı misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər istehsal prosesi beş mərhə-lədən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödədiyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqabilində qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək üçün lazım olan ehtiyatların satın alınmasına sərf edilir. Tikiş fabrikində 175 mln. manatlıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yaranır. Tikiş fabriki məhsulu 250 mln. manata topdan satış təşkilatlarına, onlar isə öz növbəsində 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsulların istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin məhsulların istehsalı və tədavülü prosesində istifadə olunan ehtiyatlara görə mənfəət formasında bölünür.
Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan iba-rətdir ki, istehsal olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edilməlidir? Suala qısa şəkildə belə cavab vermək olar:
ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln. manatı daxil etmək lazımdır. Əgər hər mərhələdə son məhsul hesab edəilən, lakin əslində aralıq məhsul olan məhsulları cəmləsək (100+150+175+250+325=1000) və alınan 1000 mln. manatı ÜMM adlandırsaq, onda onun dəyərini süni surətdə artırmış olarıq.
ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində istehsal olunmuş əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar sövdələşmələr nəzərə alınmamalıdır. Qeyri-məhsuldar sövdələşmələrin isə iki əsas tipi vardır: 1) Xalis maliyyə sövdələşmələri; 2) Köhnə (işlədilmiş) əmtəələrin satışı.
Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət transfert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağızların alqı-satqısı.
Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə dövlət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödənişlərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmir-lər. Deməli, dövlət transfert ödənişlərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbələrinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik verdikləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.
ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələşmələr, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edilmir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması demək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu «yığan» adamın əlindən çıx-ması və qiymətli kağızlarla sövdələşmələr aparan adamın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.
Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə təkrarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu «Mersedes» markalı avtomobili kiməsə satmışdır. Bu sövdələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yalnız həmin ildə, ÜMM-ə daxil edilir.
Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nədən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəalardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metodlarının öyrənilməsindən ibarətdir.
Ümummilli məhsulun hesablanması metodları
Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alınmasına sərf etdiyi xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyələri, faiz və mənfəət formasında əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun olduğunu göstərir. Çünki istehlakçı-ların əmtəələrin satın alınmasına sərf etdikləri məbləğ hə-min məhsulların istehsalı prosesində iştirak edənlərin müx-təlif formalarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən firma-ların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.
Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər ara-sındakı bərabərliyə təminat vermək olar. Mənfəət forma-sında əldə edilən gəlir bunu deməyə əsas verir. Məlum oldu-ğu kimi, mənfəət, istehsalçıların məhsulların satışından əldə etdikləri məbləğdən əmək haqqına, renta tədiyələrinə və faizin ödənilməsinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal etmək üçün firmanın əmək haqqının, renta tədiyələrinin və faizin ödənil-məsi üçün sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə olduqda isə, zərər çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da eyni dəlilləri gətirmək olar.
Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci metoda məhsulun istehsal və ya xərclərə görə hesab-lanması metodu deyilir. Ikinci metodda isə əldə edilmiş gəlir-lər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü üzrə hesab-lanması metodu adlanır.
Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsərrüfatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, — yaxud da xarici istehlakçılar tərəfindən satın alınır.
ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşağıdakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əlaqədar xərcləri ©; 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).
Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın alınmasına, habelə göstərilən xidmətlərə (hüquqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir.
ÜMM xərclərə görə hesablandıqda istifadə olunan terminlərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.
Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – investisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi məsələsində isə bəzi məqamların aydınlaşdırılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların tikintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi istehlak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da investisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məqsədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir.
Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki, ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır" və investisiyadan başqa bir şey deyildir.
ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nəzərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əmtəə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olunduğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olunduğundan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.
Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağızların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mülkiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi deməkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir.
Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur:
1) Ümumi investisiyalar;
2) Xüsusi investisiyalar;
3) Daxili investisiyalar.
Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şirkətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata keçirilir.
Lakin «bütün» anlayışını müəyyən etmək təsəvvür olunduğu qədər asan deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeniləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisadiyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. Deməli, ümumi investisiyalar dedikdə ödəmə məbləği və investisiyaların artımı nəzərdə tutulur. Digər tərəfdən, «xalis daxili xüsusi investisiyalar» anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün lazımdır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in istehsalı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yığımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edilmişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.
Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiyyatın yüksəliş, durğunluq və ya azalma vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha doğrusu, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mərhələsində olduğunu göstərir. Ümumi investisiyalarla amortizasiya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğunluğun hökm sürdüyünü, yəni, ÜMM-in istehsalı prosesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi investisiyalar amortizasiyadan az olduqda, yəni il ərzində istehlak olunduğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata investisiya qoyuluşu azalır. Durğunluq da eyni vəziyyətin meydana gəlməsinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqtisadiyyatında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gətirib çıxarır.
ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alınması və xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssisələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvəsinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir.
ÜMM xərclər üzrə müəyyən olunduqda ölkənin ixrac etdiyi məhsulların dəyəri də nəzərə alınmalıdır. Məlum olduğu kimi, ölkə idxal olunan məhsulların satın alınmasına müəyyən məbləğdə vəsait sərf edir. Lakin bu məhsullar başqa ölkələrdə istehsal olunduğuna və həmin ölkələrin ÜMM-nə daxil edildiyinə görə onların dəyəri onu idxal edən ölkənin UMM-nə daxil edilməməlidir.
Bu iki göstəricinin uçotunu aparmaq üçün bir qayda olaraq onların arasındakı fərq müəyyən edilir və ona xalis ixrac, yaxud da xalis idxal deyilir. Ixrac olunan əmtəələrin və göstərilən xidmətlərin bazar dəyəri, idxal üzrə eyni dəyərdən çox olduqda bu, xalis ixracı, əksinə olduqda isə xalis idxalı əmələ gətirir. Məsələn, tutaq ki, 2006-cı ildə hər hansı bir ölkədən 14,5 mlrd. dollarlıq əmtəə ixrac olunmuş, 18,7 mlrd. dollarlıq isə əmtəə idxal edilmişdir. Bu o deməkdir ki, həmin il xalis idxal 4,2 mlrd. dollara bərabər olmuşdur.
Xalis ixracın xalis idxaldan çox olması ölkənin yüksək iqtisadi inkişaf səviyyəsində olduğunu göstərir.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı dörd xərc kateqoriyasının köməyilə ÜMM müəyyən edilir: 1) Şəxsi istehlakla əlaqədar olan xərclər; 2) Bütün daxili xüsusi investisiyalar; 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması; 4) Xalis ixrac. Bunu aşağıdakı düsturla ifadə etmək olar:
ÜMM = C + Iq + G + Xn
Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asanlıqla müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziyyəti bir qədər mürəkkəbləşdirir.
Bunlardan biri kapitalın istehlak edilməsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olunmuş dolayı vergilərdir.
Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xidmətetmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alınmasına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müddəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəssisələr bir tərəf-dən mənfəətin və bütün gəlirin azalmasına yol verməmək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artırmaq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəyyən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət etdikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əmtəələri öz dəyər-lərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər.
Ayrı-ayrı illərdə istehsal prosesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amortizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisadiyyatda yaradılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amortizasiya ayırmaları nəzə-rə alınmalıdır. Amortizasiya ayırmaları kapitalın istehlak olunması ilə əlaqədar olan ayırmalardır. Bu ayırmalar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.
Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olmayan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərclərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bunlara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 manata satmağı nəzərdə tutmuşdur. Lakin dövlət pərakəndə ticarətdə satılan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən etmişdir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiy-mətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Gö-ründüyü kimi, mahiyyətcə bu vergi istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mənbələrindən biridir. Dolayı ver-gilər formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məhsul onun üzərinə dolayı vergilər əlavə edildikdən sonra istehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.
Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfin-dən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.
Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisadiyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiy-yətçiləri mənimsəyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın müqabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində isteh-salata birbaşa vəsait qoymur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.
Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə, yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2) Korporasiyaların əldə etdikləri mənfəət.
Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tutulur.
Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi istifadə olunur: onun bir hissəsi mənfəət vergisi şəklin-də dövlətə verilir, yerdə qalan məbləğin bir hissəsi səhmdar-lar arasında dividend şəklində bölünür; vergi və dividend çıxıldıqdan sonra qalan məbləğ isə korporasiyaların bölüş-dürülməyən mənfəəti adlanır. Bölüşdürülməyən mənfəətin bir hissəsi istehlak olunmuş kapitalın bərpa edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni zavodlar tikilməsi və avadanlıqlar alınması üçün nəzər-də tutulur.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqoriyalarının köməyilə istehsalın illik bazar dəyəri, yəni ÜMM hesablanır:
1) Istehlak olunmuş kapitalın dəyəri (amortiza-siya məbləği);
2) Şirkətlərdən alınan dolayı vergilər;
3) Muzdlu işçilərin əmək haqqı;
4) Icarə haqqı;
5) Faiz;
6) Mülkiyyətə görə əldə edilən mənfəət;
7) Korporasiyaların əldə etdikləri mənfəətdən alınan vergilər;
8) Dividendlər;
9) Korporasiyaların bölüşdürülməyən mənfəəti.