Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək münasibətlərinin meydana çıxdığı bazar nəzərdə tutu-lur. Əmək bazarının mahiyyətinin aydınlaşdırılması sahə-sində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klassik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bunun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı konsepsiyasının tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu konsepsiyaya tərəfdar çıxmışlar. Onlar belə hesab edirlər ki, bütün başqa bazarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir.
Başqa sözlə, bazar tənzimləyicisi vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir. Onların fikrincə, məhz tələb və təklif əmək haqqının köməyilə tənzimlənir, onların tarazlığı təmin olunur. Təhsilə və ixtisasın artırılmasına qoyulan investisiyalar da maşın və avadanlıq-lara qoyulan investisiyaların analoqudur. Neoklassik nəzə-riyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı olaraq ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdükdə isə işsizlik aradan qalxır.
Keynsçilər və monetaristlər isə əmək bazarının mahiyyətinin aydınlaşdırılmasına başqa mövqedən yanaşırlar. Onlar, neoklassiklərdən fərqli olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçirirlər. C. M. Keyns, sonralar isə R. Qordon və başqaları iddia edir-dilər ki, iş qüvvəsinin qiyməti (əmək haqqı) müəyyən olun-muş kəmiyyətdir və demək olar ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata ehtiyacı olmayan bir fakt hesab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi ol-madığı üçün onu (yəni tənzimləyicini) kənarda axtarmaq la-zımdır. Onların fikrincə bu vəzifəni dövlət yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı aradan qaldırmalıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azaltmaqla tələbin və istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb, əməyin bazar qiymətindəki tərəddüdetmələrlə deyil, ümumi tələblə, başqa sözlə, istehsalın həcmi ilə tənzimlənir.
Monetarizm məktəbi nümayəndələrinin (M.Fridmen və başqaları) fikrincə, məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət tərəfindən əmək haqqının minimum məbləğinin müəyyən edilməsi, həmkarlar itti-faqlarının mövqeyinin möhkəm olması, boş iş yerləri haq-qında bütün zəruri informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pul-kredit siyasətindən, xüsusilə də mərkəzi bankın qeydiyyat normalarından, kommersiya banklarının mərkəzi bankların hesablarında olan məcburi ehtiyatların məbləğlərindən istifadə olunması-nı təklif edirdilər. Onların fikrincə, bunlar investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğulluğun artmasına səbəb ola bilər.
Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ideyalardan biri də C.Danlop, L.Ulman və başqalarının fikirləridir. Onlar əsas diqqəti iş qüvvəsinin strukturunda peşələr və sahələr üzrə müxtəlifliyin və əmək haqqının səviyyəsinin təhlilinə yönəldirlər. Göründüyü kimi, burada makroiqtisadi təhlildən bir növ imtina edilir və bazarın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dinamikasının xüsusiyyətləri ilə əlaqələndirilməklə izah olunmasına cəhd göstərilir.
Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərəfindən həmin dəyərin üzərinə keçirilir. Bu, iş qüvvəsini bütün digər ehtiyatlardan əsaslı surətdə fərqləndirir. Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan ümumi qanunauyğunluqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyətləri vardır. Belə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla, tələb və təklifə fəal təsir göstərə bilər.
Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamlamaqla, əmək bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.
Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir. Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin, yüksək ixtisaslı işçilərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi heyətin və orta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir. Bunlara xidmət işçilərini, ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluqçuları misal göstərmək olar.
Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qulluqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədəbiyyatda həm də «iqtisadi fəal əhali» deyilir. Bundan başqa, statistikada «mülki iş qüvvəsi» (hərbi qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesablanır.
Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam və natamam iş həftəsində muzdla işlə-yən, müstəqil surətdə yerinə yetirilən və gəlir gətirən sahə-lərdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il işçilərə və təhsil alanlara verilən məzuniyyət, bazar günlərin-də, habelə haqqı ödənilməməklə və ya müdiriyyətin təşəbbü-sü ilə haqqı qismən ödənilməklə verilən məzuniyyət dövrün-də, tətil günlərində işləməyən şəxslər.
Məşğul əhali tam və natamam iş həftəsi ərzində işləyənlərə bölünür. Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq məşğulluğa dair aşağıdakı göstəricilərdən istifadə olunur: məşğul əhalinin ümumi sayı, tam iş gününə çevril-məklə məşğul əhalinin sayı, müəyyən dövr ərzində işlənmiş adam – saatların miqdarı və i. a.
Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkə-lərdə muzdla işləyən işçilər bütün iş qüvvəsinin orta hesab-la 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin müəyyən hissəsini muzdlu əməkdən istifadə etməyən və müstəqil işçilər adlandırılan kiçik sahibkarlar və muzdla işləməyən bir çox peşə sahibləri (vəkillər, jurnalistlər, yazıçılar, rəssamlar, həkimlər və b.) təşkil edir.
Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quruluşunda baş verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd təsərrüfatında məşğul olanların sayının kəskin surətdə azalması, digəri isə xidmət sahələrinin genişləndirilməsi və əmək tətbiqinin apa-rıcı sahəsinə çevrilməsi ilə əlaqədar olaraq, burada məşğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd təsərrüfatında məşğul olanların sayı 1955-ci ildəki 6,5 mln. nəfər-dən, 1994-cü ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.
Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmənalı dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xarakterinə üç cür təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qalan funksiyalar maşınlara verilə bilər. Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin dəyişməsinə səbəb olur. Başqa sözlə, fiziki əməklə məşğul olanların sayı və xüsusi çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.