25. İş axtarışı

25. İş axtarışı

Iqtisadiyyatda tam məşğulluğun olmamasının səbəblərindən biri ondan ibarətdir ki, iş axtarışı həmişə müəyyən vaxt tələb edir. Əgər bütün adamlar və bütün iş yerləri tamamilə eyni olsaydılar, yəni hər kəs eyni səviyyədə hər bir iş yerinə uyğun gəlsəydi, yəqin ki, iş axtarışı xüsusi bir problemə çevrilməzdi və işsizlər onlara lazım olan iş yerlərini tez tapardılar. Lakin həqiqətdə insanlar öz istəkləri ilə və ixtisas vərdişləri ilə bir-birindən fərqlənirlər və iş yerlərinin müəyyən fərqli xüsusiyyətləri vardır. Mövcud vakansiyalar və iş axtaranlar barəsində məlumatlar isə firmalar və ev təsərrüfatları arasında çox yavaş yayılırlar.

Friksion işsizliyin müəyyən səviyyəsi nə üçün qaçılmaz olur?
WHY SOME FRICTIONAL UNEMPLOYMENT IS INEVITABLE
Friksion işsizlik bir çox hallarda müxtəlif şirkətlər arasında işçi qüvvəsinə olan tələbin dəyişməsinin nəticəsi olur. Məsələn, «Dell» kompaniyasının kompyuterlərinə nisbətən «Compaq» kompaniyasının kompyuterlərinə olan tələbat qalxdıqda, onda ikinci kompaniya əlavə işçilərin işə qəbulu haqqında elan verir, birincisi isə əməkdaşlarını işdən azad edir. Bu səbəbdən «Dell» şirkətinin işçiləri özünə yeni iş axtarmağa məcbur olurlar. «Compaq» şirkəti isə açılmış yeni vakansiyalara kimlərin işə qəbul edi­ləcəyi məsələsini həll etməyə başlayır. Belə proseslərin yaranması nəticə­sində müvəqqəti işsizlik meydana çıxır.
Eyni tərzdə, ölkənin müxtəlif regionlarında spesifik məhsul istehsal edildiyinə görə bu regionların bəzilərində işçi qüvvəsinə tələbat arta bilər, bəzilərində isə enə bilər. Dünya bazarlarında neftin qiymətinin aşağı düş­məsi nəticəsində nələr baş verdiyini nəzərdən keçirək. Bu zaman Texas ştatının neft şirkətləri neft çıxarılmasının həcmini azaldır və işçiləri işdən azad edirlər. Eyni zamanda benzinin qiymətinin aşağı düşməsi; avtomobil satışı həcminin yüksəlməsinə səbəb olur. Deməli, Miçiqan ştatında yerləşən avtomobil zavodları avtomobil istehsalını çoxaldır və yeni fəhlələrin qəbul edilməsi haqqında elan verir. Müxtəlif sahələr arasında işçi qüvvəsinə olan tələbatın dəyişməsi struktur dəyişiklik adlanır. Fəhlələrə başqa sahələrdə özlərinə yeni iş axtarmaq üçün vaxt tələb olunduğuna görə struktur dəyişikliklər müvəqqəti işsizliyi əmələ gətirirlər.
Iqtisadiyyatda daimi dəyişikliklər baş verdiyinə görə Friksion işsizlik qaçılmazdır. Yüz il bundan əvvəl ABŞ-da ən çox adam pambıq və yun parçaların istehsalında, kişi geyimləri istehsalında, ağac kəsilməsi və ağacın emalında çalışırdılar. Bu gün isə işçilərin əksəriyyəti avtomobil və aviasiya sənayesində, rabitə vasitələrinin və yarımkeçiricilər texnikasının istehsalında çalışırlar. Istehsalın strukturunda dəyişikliklər baş verdikcə, şirkətlərin bir qismində yeni iş yerləri yaranmış, digər qismində isə iş yerləri ixtisara düşmüşdür. Bu proseslərin nəticəsi olaraq əmək məhsuldarlığı artmış və əhalinin həyat səviyyəsi yüksəlmişdir. Lakin eyni zamanda istehsal tənəzzülünün əhatə etdiyi sahələrdə çalışan fəhlələr işsiz qalmış, ya ixtisaslarını dəyişdirmiş, ya da yeni iş yerləri axtarmalı olmuşlar.
Aparılmış araşdırmaların nəticələri göstərirlər ki, ABŞ-da hər il emal sənayesində iş yerlərinin 10%-i ixtisara düşür. Bundan əlavə, hər ay seçdikləri iş istəklərinə və ixtisaslarına uyğun olmadığına görə fəhlələrin 3%-i işdən azad olurlar. Bu fəhlələrin bir çoxu, xüsusilə gənclər daha yük­sək əmək haqqı olan yeni iş yerləri tapırlar. Kadrların belə axını dinamik şəkildə inkişaf edən bazar iqtisadiyyatında normal hadisədir. Lakin bu eyni zamanda friksion işsizliyin mövcudluğunu şərtləndirir.

Dövlət siyasəti və iş axtarışı
PUBLIC POLICY AND JOB SEARCH
Işsizliyin qaçılmazlığı münasib iş yerinin axtarışına səbəb olmasına baxmayaraq onun ölçüləri bir çox şərtlərdən asılı olaraq dəyişə bilərlər. Yeni açılmış vakansiyalar və iş tapmaq istəyənlər barəsində məlumatlar nə qədər tez yayılarsa, iqtisadiyyat da öz növbəsində işçilərin və firmaların maraqlarını qarşılıqlı şəkildə o qədər tez təmin edə bilər. Məsələn, Internet iş axtarışına və friksion işsizliyin azalmasına səmərəli şəkildə köməklik göstərə bilər. Bundan başqa, işsizliyin miqyasının azalmasında dövlətin də imkanları çoxdur. Hazır­la­nan dövlət proqramlarında iş axtarışını asan­laşdıran çoxlu üsullar nəzərdə tutulur. Proqramlardan biri vakansiyalar haqqında məlumatlara malik olan və onları işsizlərə təqdim edən xüsusi agentliyin yaradılmasından ibarətdir.
Ikincisi qeyri-perspektiv sahələrdə çalışanların inkişaf edən müəssi­sə­lərə keçidlərini asanlaşdırmaq məqsədi ilə ixtisasların yenidən hazır­lanması üçün xüsusi kursların təşkil edilməsindən ibarətdir. Belə proq­ram­lardan istifadə edilməsinin tərəfdarları hesab edirlər ki, onlar məşğulluğun səviyyəsinin artı­rıl­ması və daim dəyişilən bazar şəraitində qaçılmaz olan ədalətsizliklərin aradan qaldırılması hesabına iqtisadiyyatın səmərəli işlə­mə­sinə yardım göstərirlər.
Lakin qeyd edilən proqramların tənqidçiləri iş axtarışı prosesinə dövlət müdaxiləsinin zəruriliyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, məsələnin həllinin bazara tapşırılması daha məqsədəuyğundur. Lakin bir çox hallarda iş axtarışı dövlətin müdaxiləsi olmadan da həyata keçirilir. Qəzet elanları, müxtəlif informasiya bülletenləri, ixtisaslı kadrları cəlb edilməsi ilə məşğul olan agentliklər, bəzən hətta təsadüfi söhbətlər vakan­siyalar və namizədlər haqqında məlumatların tez yayılmasına köməklik göstərirlər. Analoji olaraq fəhlələrin peşə təlimi də əsas etibarı ilə dövlət kurslarında deyil, məktəblərdə və birbaşa iş yerlərində həyata keçirilir.

Işsizliyə görə sığorta
UNEMPLOYMENT INSURANCE
Işsizliyə görə sığorta sistemi işçilərin işdən azad edilməsi ilə bağlı maddi itkilərinin qismən kompensasiya edilməsinə yönəlmiş dövlət proqramıdır. Lakin bu vəzifənin icra edilməsi ilə yanaşı o, qeyri-ixtiyari olaraq münasib iş yeri axtarışı ilə bağlı işsizliyin səviyyəsinin artmasına da yardım edir. Bu proqramın təsiri öz arzusu ilə işdən azad olmuş, yaxud əmək müqaviləsini pozmuş şəxslərə, həmçinin ilk dəfə əmək bazarına çıxmış şəxslərə şamil edilmir. Kompensasiya iş verənin təşəbbüsü ilə işdən azad edilmiş şəxslərə ödənilir. Ödəmələrin müddəti və ölçüsünün hər bir ştat tərəfindən müstəqil şəkildə təyin edilməsinə baxmayaraq işsizliyə görə sığorta Amerika fəhləsinə 26 həftə ərzində sonuncu iş yerində aldığı əmək haqqının 50%-nin ödənilməsini təmin edir.
Dövlət yardımı haqqında bu proqram işdən azad olmanın iqtisadi nəticə­lə­rini yüngülləşdirir və eyni zamanda işsizliyin miqyasının geniş­lən­məsinə sə­bəb olur. Bu hadisənin izahı ekonomiksin on prinsip­lərin­dən birində əsas­landırıl­mışdır–insanların əməlləri onların davranışlarının stimulları ilə təyin edilir (I fəsil).
Işə daxil olduqda yardımın verilməsi dayandırıldığına görə işsizlər iş ax­tar­­mağa lazım olan vaxt sərf etmirlər və onların fikrincə az cəlbedici olan tək­lif­­ləri rədd edirlər. Bundan başqa, yardımın alınması işsizlərin münasib həyat sə­­viy­yəsini təmin etdiyinə görə onlar iş verənlərlə işə daxil olma zamanı apardıq­­ları danışıqlarda məşğulluğun təminatı məsələsində daha az ciddilik göstərirlər.
Işsizlik üzrə sığortanın iş axtaranların davranışına təsirinin dəyər­lən­dirilməsi ilə bir çox iqtisadçılar məşğul olmuşlar. Belə ki, araşdırmaların birində 1985-ci ildə İllinoys ştatında icra edilmiş bir eksperimentin nəticələri təhlil edilmişdir. Yardım almağa gələn işsizlər arasında təsadüfi olaraq bir qrup seçilmiş və bu qrupun üzvlərinə 11 həftə ərzində işə düzəl­mək şərti ilə 500 dollar mükafat verilməsi, təklif edilmişdir. Sonra bu qrupun müşahidələrinin nəticələrini nəzarətçi qrup üzvlərinin davranışları ilə müqayisə etmişlər. Axırıncı qeyd edilən qrupda iş axtarışının orta da­vamiyyəti üzvlərinə mükafat vəd edilmiş qrupdan 7% yüksək olmuşdur. Eksperiment belə bir nəticənin əldə edilməsinə imkan verdi ki, işsizlik üzrə sığorta siyasətinin məzmunu işə düzəlmə prosesinin intensivliyinə təsir edir.
Bir neçə tədqiqat isə zaman üzrə müxtəlif işsiz qruplarının davranı­şının təhlilinə həsr edilmişdir. Yəni yardımın verilməsi müddətləri hüdudsuz deyil, 6-12 aya qədər məhdudlaşdırılır. Tədqiqatların nəticələri göstərmişdir ki, yardımın müddəti bitən kimi işsizin işə düzəlmək ehtimalı xeyli yüksəlir. Başqa sözlə, işsizlik üzrə sığorta yeni iş axtarışının aktivliyini aşağı salır.
Işsizlik üzrə sığortanın məşğulluğun səviyyəsinə mənfi təsir etməsi və işə düzəlmək cəhdlərini stimullaşdırmaması faktı onun neqativ rola malik olmasına dəlalət etmir. Hər şeydən əvvəl, sığorta əsas məqsədini, yəni işdən azad olunduqda fəhlələrin müəyyən gəlir əldə edəcəklərinə inamını təmin edir. Bundan başqa, sığorta sistemi işçilərə cəlbedici olma­yan təkliflərdən imtina etməyə və onların öz meyl və ixtisaslarına daha yaxşı uyğun olan iş yerlərini tapmalarına imkan verir. Buna görə də bəzi iqtisad­çılar qeyd edirlər ki, işsizlik üzrə sığorta işçinin imkanları ilə iş ye­rinin tərkibi arasında dəqiq uyğunluğun tapılmasında iqtisadiyyatın imkanlarını artırır.
Işsizlik üzrə sığorta məsələlərinin öyrənilməsi göstərir ki, onun səviyyəsi iqtisadi rifahın səviyyəsinin mükəmməl kriteriyası deyildir. Iqtisadçıların çoxu sığortadan imtina edilməsinin kriteriyanın səviyyəsinin aşağı düşməsinə səbəb olacağı ilə razıdırlar. Lakin onların arasında bunun cəmiyyətin maddi rifahının yüksəlməsinə, yaxud enməsinə səbəb olacağı məsələsində vahid fikir yoxdur.

Top