Istehsal xərcləri

Istehsal xərcləri

Məhsulların istehsalı prosesində xammal, material, yanacaq, elektrik enerjisi, əməyin müxtəlif növləri sərf olunur, əsas kapital ün­sürləri – maşın və avadanlıqlar, binalar istifadə olunduqca köhnəlir və öz dəyərlərinin bir hissəsini amortizasiya ayırmaları formasında istehsal edi­lən məhsulların üzərinə keçirirlər. Deməli, bu və ya digər məh-sulun istehsalına müəyyən miqdarda canlı və maddiləşmiş əmək sərf olunur və bunlar istehsal xərclərini əmələ gətirir.
Lakin istehsal xərcləri kateqoriyası ilə əlaqədar iqtisadçılar ara­sında fikir birliyi yoxdur. Demək olar ki, iqtisadi məktəblərin ha­mı­sının tanınmış nümayəndələri bu barədə fikir söyləmişlər. Məsələn, klas­sik burjua siyasi iqtisadının nümayəndələri A. Smit və D. Rikardo is­tehsal xərcləri haqqında öz mülahizələrini bildirir və onu istehsal qiy­məti ilə eyniləşdirirlər. Ingiltərə iqtisadçıları R. Torrens, C. Mill, C. Mak-Kulloh belə hesab edirdilər ki, əmtəələrin dəyəri əmək haqqı, mən­fəət və rentadan ibarətdir. J. B. Seyin fikrincə istehsal xərcləri üç amildən – əmək, torpaq, kapital – əmələ gəlir. Fransız iqtisadçısı N. Se­nior istehsal  xərclərinin izahının subyektiv variantını irəli sürmüş­dür. Onun fikrincə dəyərin kəmiyyəti işçilərin və sahibkarların şəxsi isteh­lakdan imtina etmələrinin nəticəsidir.

K. Marksa görə əmtəələrin istehsalı üzrə  cəmiyyətin və müəssi­sələrin istehsal xərclərini bir-birindən fərqlən-dirmək lazımdır. Məhsul­ların hazırlanması ilə əlaqədar sərf olunan bütün canlı və maddiləşmiiş (keçmiş) əmək məsrəfləri cəmiyyətin istehsal xərclərini əmələ gətirir.  A. Marşall is­tehsal xərclərinin obyektiv və subyektiv variant-larını birləşdirməyə cəhd göstərmişdir. O, belə hesab edirdi ki, istehsal xərcləri işçilərin «əziy­yəti» və sahibkarların «imtinasının» cəmidir.  Müasir dövrdə Qərb ölkələrin-də istehsal xərclərini həm mahiyyət, həm də quruluş və terminologiya cəhətdən onun marksist konsepsiya­sından fərqləndirirlər. Əgər əvvəllər istehsal xərclə-rinin əsas hissəsi isteh­salda bilavasitə çalışan işçilərin əmək haqqından ibarət idi­sə, hazırda onun tərkibində qeyri-istehsal işçilərinin əməyi, marke­tinq, idarəetmə, reklam və s. əlaqədar xərclər çoxluq təşkil edir.
Kempbell R. Makkonnell və Stenli L. Bryunun  «Eko­no­miks» kitabında istehsal xərcləri belə səciyyələndirilir: «Istehsal xərclə­ri­nə mülkiyyətçiyə məxsus olan və istehsal prosesi üçün ehtiyatlardan kifayət qədər göndərilməsinə təminat verən bütün ödənişlər daxildir. Burada malgöndərənlərə ödənilən kənar (xarici) xərclər, habelə daxili xərclər nəzərdə tutulur. Daxili xərclərin ünsürlərindən biri sahibkarın yerinə yetirdiyi vəzifələrin müqabilində götürdüyü normal mənfəətdir»

Beləliklə, müxtəlif iqtisadi məktəblərin nümayəndə-lərinin fikrincə, hər bir məhsulun istehsalına müəyyən miq-darda iqtisadi ehtiyatlar və ya istehsal amilləri (əmək, kapital və s.) sərf olunur ki, bazar iqtisadiyyatı şəraitində bunlar dəyər forması alır və istehsal xərclərini əmələ gətirir.
Iqtisadi ədəbiyyatda istehsal xərcləri aşağıdakı kimi təsnif­ləş­dirilir:
1) Kənar və daxili xərclər;
2) Alternativ xərclər;
3) Sabit, dəyişən və ümumi xərclər;
4) Orta və son hədd xərcləri.
Istehsal xərclərini hər şeydən əvvəl, firma miqyasında nəzərdən keçirmək lazımdır. Bu, onunla əlaqədardır ki, ayrı-ayrı firmalar hər hansı bir məhsulu istehsal etməyi qarşılarına məqsəd qoyarkən birinci növbədə daha çox mənfəət əldə etməyə çalışırlar. Başqa sözlə, hər bir firma elə istehsal prosesi seçməli və təşkil etməlidir ki, bu, eyni miq­dar­da məhsul istehsal etmək üçün daha az istehsal amillərindən istifadə etməyə imkan versin, sahibkar üçün sərfəli olsun.
Firmaların məhsul istehsalı ilə əlaqədar çəkdikləri xərcləri iki yerə bölmək olar: 1) Kənar (xarici) xərclər; 2) Daxili xərclər.
Məlum olduğu kimi, firmalar istehsal prosesini təşkil etmək üçün kənardan müəyyən iqtisadi ehtiyatları – xammal, yanacaq, elek­trik enerjisi satın alır, muzdla tutulmuş işçilərə əmək haqqı verir, gös­təri­lən nəqliyyat xidmətlərinin dəyərini ödəyir. Bütün bunlarla əlaqədar olan xərclər kənar (xarici) xərclər adlanır. Lakin firmalar öz­lərinə məxsus ehtiyatlardan da istifadə edirlər ki, bunlara da daxili xərclər deyilir.       Məhsulların istehsalına çəkilən xərclər həm də onların «sərf olunduğu yerlər», məhsulların və xərclərin növləri üzrə qruplaşdırılır. Xərclərin sərf olunduğu yerlər dedikdə onla-rın sexlər,sahələr və digər bölmələr üzrə müəyyən edilməsi nəzərdə tutulur. Hər məhsul və yerinə yetirilmiş iş növü üzrə də xərclər hesablanır. Bununla əlaqədar olaraq xərclər, kalkulyasiya maddələri və xərc ünsürləri üzrə təsnifləşdirilir.
Bazar iqtisadiyyatına keçildiyi müasir şəraitdə kiçik və orta müəssisələrin çoxunda kalkulyasiya maddələrinə aşağı-dakı xərclər daxil edilir: maddi xərclər (xammallar, materi-allar, yanacaq və texnoloji məqsədlər üçün elektrik enerjisi); əmək haqqı xərcləri; idarəetmə və istehsala xidmət göstəril-məsi ilə əlaqədar xərclər (üstəlik xərclər). Geniş mənada isə kalkulyasiya maddələri üzrə xərclərə aşağıdakılar daxildir: 1)Xammal və materiallar (tullantılar çıxılmaqla); 2)koope-rasiya əlaqələrində olan müəssisələrdən satın alınmış məmu-lat və yarımfabrikatlar; 3) əsas istehsalat işçilərinin əmək haqqı; 4) istehsalat işçilərinin əlavə əmək haqqı; 5) istehsalat işçilərinin əsas və əlavə əmək haqqına görə hesablanmış so-sial sığorta ayırmaları; 6) istehsalın hazırlanması və mənim-sənilməsi ilə əlaqədar xərclər; 7)Avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclər; 8) sex xərcləri; 9) ümumzavod xərcləri; 10) zay məhsula görə itkilər; 11) Istehsaldankənar xərclər.
Xərclər iqtisadi məzmununa (xərc ünsürlərinə) görə aşağıdakı kimi qruplaşdırılır: 1)maddi xərclər (istehsalata qaytarılmış tullantıların dəyəri çıxılmaqla); 2) əmək haqqı üzrə xərclər; 3) sosial ehtiyaclar (məqsədlər) üçün ayırmalar 4)əsas kapi-talın (əsas fondların) amortizasiyası; 5)digər xərclər.

Firmaların fəaliyyətinə qiymət verərkən alternativ xərclər xü­su­si əhəmiyyət kəsb edir. Alternativ xərclər de-dikdə, daha çox gəlir əldə etmək məqsədilə eyni məbləğdə vəsaitin tətbiq olunması üçün əlverişli, daha çox səmərə verən fəaliyyət növünün seçilməsi nəzərdə tutulur.
Sabit və dəyişən xərcləri də bir-birindən fərqləndir-mək la­zım­dır. Istehsalın həcminin dəyişməsindən asılı olmayan xərclərə sabit xərclər deyilir (FC – ingiliscə fixed costs). Sabit xərclər firmaların isteh­sal avadanlıqlarının mövcudluğu ilə əlaqədardır və buna görə də hətta həmin avadan­lıq­lar­dan istifadə olunmadıqda da ödənilməlidir. Sabit xərclərə istiqrazlar üzrə təəhhüdlərin ödənilməsi, ren-ta tədiyələri, bina və avadanlıqların dəyərindən hesablanan amortizasiya ayırmaları­nın bir hissəsi, sığorta haqları, firmanın idarə heyətinin əmək haqqı, müəs­sisədə işləmək üçün gələcək mütəxəssislərin hazırlanması ilə əlaqədar olan xərclər aid edilir. Elə xərclər də vardır ki, onlar istehsalın həcminin dəyişməsindən bila­va­sitə asılıdır. Başqa sözlə istehsalın həcmi dəyişdik­də həmin xərclər də dəyişir. Bu xərclərə dəyişən xərclər deyilir (VC – in­giliscə variable costs). Dəyişən xərclərə xam­mal, yanacaq, enerji sərfi, nəqliyyat xidmətinin ödənilməsi ilə əla­qədar olan xərcləri misal göstər­mək olar. Lakin qeyd etmək lazımdır ki, istehsalın həcmi­nin artması ilə əlaqədar olaraq məhsul vahidinə düşən bütün dəyişən xərclərin artması daimi xarakter daşımır. Belə ki, dövrün əvvəlində istehsalın artması ilə əlaqədar olaraq dəyişən xərclər aşağı sürətlə  artır və müəyyən müddə­tədək (adətən is­teh­sal olunan məhsulun dördüncü vahidinədək) da­vam edir. Bundan sonra isə dəyişən xərclər sonrakı hər məhsul vahidi hesabı ilə sürətlə artmağa başlayır.
Sabit və dəyişən xərclər ikisi birlikdə ümumi istehsal xərclərini əmələ gətirir (TC = FC + VC; TC–ingiliscə total costs). Deməli, istər sabit, istərsə də dəyişən xərclərə qənaət edilməsi ümumi xərclərin azalmasına səbəb olur. Odur ki, istehsalçılar ümumi xərclərə biganə qala bizməzlər. Çünki orta, yaxud da məhsul vahidinə düşən istehsal xərcləri ümumi istehsal xərc­lərindən asılıdır. Bundan başqa, qiy-mətlər bir qayda olaraq orta is­teh­sal xərcləri ilə müqayisə edilir. Orta istehsal xərclərini üç yerə böl­mək olar: 1) Sabit orta istehsal xərcləri; 2) Dəyişən orta istehsal xərc­ləri; 3) Ümumi orta istehsal xərcləri.
Sabit orta istehsal xərcləri (AFC – ingiliscə average fixed costs) sabit istehsal xərclərinin (FC) ümumi məbləğini istehsal edilmiş məh­sulların miqdarına (Q – ingiliscə quantity) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır.
AFC = FC: Q
Sabit istehsal xərcləri istehsalın həcmindən asılı olmadığına görə istehsal olunan məhsulun miqdarı artdıqca sabit orta istehsal xərcləri azalırDəyişən orta istehsal xərcləri (AVC – ingiliscə average variable costs) dəyişən istehsal xərcləri­nin (VC) ümumi məbləğini istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağıdakı düsturla hesablanır:
AVC = VC: Q
Dəyişən istehsal xərclərinin ümumi məbləği «səmə-rəliliyin azal­ması qanunu»na tabe olduğuna görə, bu, öz əksini dəyişən orta istehsal xərclərində tapmalıdır.
Ümumi orta istehsal xərcləri (ATC) ümumi istehsal xərclərini (TC) istehsal edilmiş məhsulların miqdarına (Q) bölmək yolu ilə aşağı­dakı düsturla müəyyən edilir:
ATC = TC: Q
Son hədd xərcləri (MC – ingiliscə marginal costs) dedikdə, əla­və məhsul vahidinin isteh­salı ilə əlaqədar olaraq sərf edilən əlavə xərc­lər nəzərdə tutulur. MC məhsulun hər əlavə vahidinə görə hesablana bilər. Bunun üçün sadəcə olaraq əlavə məhsulun istehsalına sərf olunan xərci, istehsal edilmiş əla­və məhsulun miqdarına bölmək lazımdır. Bunu belə ifadə etmək olar:
MC = TC-nin dəyişməsi: Q-nin dəyişməsi
Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çün­ki bu, firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi xərci, yaxud da istehsalın həcmi ixtisar edil­dikdə və buna görə də son məhsul vahidinin istehsalı dayandı­rıl­dıqda əldə edəcəyi «qənaəti» göstərir.

Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qar­şılıqlı əlaqə vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiy­mətə satın alındığı fərz edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla əlaqədardır ki, son hədd  xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir, yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir.
Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir: 1) istifadə olunan texnologiya; 2) iq-tisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi texnologiya-dan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn, digər şərtlər sabit qalmaqla, istifadə olunan texno-logiya və ona uyğun gələn texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifa-də olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində 1manat əmək haqqı alır. Deməli, mə-mulat vahidinin hazırlanmasına çəkilən xərc 10 qəpiyə bəra-bərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc 10 qəpikdən 8 qəpiyə düşmüşdür.
Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti yüksəlir, bəzilərininki isə aşağı düşür.
Top