İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub( concurere) “toqquşma”mənasını verir. Rəqabin meydana gəlməsi tarixən mülkiyyət ayrıseçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir.Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlm k istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsür olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.
Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır.
Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur. Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaranır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehsalçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir. Bu isə nəticə etibarı ilə istehlakçıların tələbatlarını mövcud resurslardan səmərəli istifadə etməklə daha dolğun ödənilməsinə şərait yaradır. Digər tərəfdən rəqabət təsərrüfat subyektlərini məcbur edir ki, istehsal güclərinin bir hissəsini ehtiyatda saxlasınlar. Daha əlverişli bazar şəraiti yaranan kimi həmin ehtiyatda olan resursları istehsala cəlb etməklə özləri üçün əlverişli istehsal və bazar şəraiti yaratsınlar. Qərb ölkələrinin təcrübəsi göstərir ki, istehsal güclərinin bir hissəsinin ehtiyatda saxlanılması rəqabət mübarizəsində məhv olmamaq zərurətindən irəli gəlir.
Rəqabət həmçinin istehsalçılarla istehlakçılar arasında təzahür edir. Bunun da məzmunu satıcının alıcı üzərində hökmranlığına, bazarın istehsalçıların inhisarına çevrilməsinə və s. yol verməməkdən ibarətdir.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlçəsinə baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitndə o, təkcə fərdi istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə məşğul olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi təzahür edir.
Bazar sisteminə malik bütün ölkələrdə, xüsusilə də keçid dövrünü yaşayan hər bir ölkədə rəqabətin ədalətli aparılması iqtisadi inkişafda əhəmiyyətli rola malikdir. Bu ölkələrdə təsərrüfat subyektləri arasında rəqabət aparmaq ənənəsinin olmaması haqsız rəqabətə gətirib çıxarır ki, bu da nəticədə əsas etibarı ilə istehsalın inkişafını stimullaşdırmaq əvəzinə ona mane olan bir amil kimi çıxış edir.
Bazar sisteminə malik ölkələrdə ədalətsizliyə yol verməmək üçün “ Haqsız rəqabət haqqında” qanun qəbul edilir. Haqsız rəqabət dedikdə, bazar subyektlərinin ədalətsiz üsullarla üstünliük əldə etməyə yönəldilmiş, bununla da digər bazar subyektlərinə( rəqiblərinə), yaxud onların işgüzarlıq nüfuzuna zərər vura bilən fəaliyyəti nəzərdə tutulur.
Haqsız rəqabətə aşağıdakılar aid edilir:
- rəqibin təsərrüfatının təqlidi;
- rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması;
- rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- haqsız sahibkarlıq fəaliyyəti;
- haqsız işgüzarlıq davranışı;
- istehlakçıların çaşdırılması.
Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır.
Rəqabətin əsas üstün cəhətlərindən biri də bütövlükdə cəmiyyət miqyasında biznesi canlandırmaq, stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir. Xüsusilə iqtisadi inkişafında bazar münasibətlərinə keçidi öz qarşısına məqsəd qoyan hər bir ölkənin iqtisadiyyatı üçün rəqabət mühitinin yaradılması əhəmiyyətli rola malikdir. Keçmiş İttifaqa daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda da bazar münasibətlərinə keçidin müvəffəqiyyətliliyi bazar mühitinin formalaşması ilə, bazar elementlərinin fəaliyyəti ilə müəyyən olunur. Bazar elementlərindən biri də rəqabətin formalaşması xüsusi və azad sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatda dövlətin və istehsalçıların inhisarçı mğvqeyinin aradan qaldırılması ilə müəyyən olunur. Uzun illər inzibati amirlik sistemi şəraitində mövcud olan Azərbaycan iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxartmaq üçün keçid dövrünün mühüm problemlərindən biri olan dövlət mülikyyətinin özəlləşdirilməsi yolu ilə mülkiyyətin çoxnövlüyünə və təsərrüfat fəaliyyətinin azadlığına nail olmaqla rəqabətə əlverişli şərait yaradılmalıdır.
Rəqabətin tipləri və modelləri
Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar( mükəmməl rəqabət) və qeyri- mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və onhisarçı rəqabət bazarlarına ayrılır.
Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir:
- satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;
- bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;
- bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər;
- satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;
- bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz- özünə “ gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar- müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.
İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır:
- Mükəmməl rəqabətli bazar;
- İnhisarçı rəqabətli bazar;
- Oliqapolik bazar;
- Xalis inhisarçı bazar.
Bazarın rəqabətli olması- istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən amillərdir. Bazarın rəqabətli olması- onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir. Yuxarıda göstərildiyi kimi xalis rəqabət( mükəmməl rəqabət) şəraitində standartlaşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün olur.Əksinə, xalis inhisar isə özündə satıcı şəklində yalnız bir firma fərqləndirilməmiş məhsul və sahəyə daxil olmaq yolunda müxtəlif maneələrin olmasını əks etdirir. İnhisarçı rəqabəti yuxarıdakılarla müqayisədə fərqli məhsul istehsal edən( ayaqqabı, geyim) iri firmaların çoxluğu və sahəyə azad daxil olmaqla xarakterizə olunur. Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir.
Qeyri- mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparılmışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı( bir alıcını inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu sayda alıcı olur( bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir). Oliqopsoniya( alıcının inhisarı)- bu zaman bazarın şərtlərini dikdə etməyə malik olan bir neçə iri alıcı və çoxlu sayda satıcı ilə rəqabətli bazar olur. Buna görə də azad rəqabətli bazarda iqtisadi resursların daha səmərəli işləyənin xeyrinə yenidən bölgüsü baş verəcək. Bu cür bazarın əsas yaxşı cəhəti bundan ibarətdir.
Yüksək rəqabətli bazarın zəif cəhətləri də vardır. Bir əmtəənin satıcıların sayının qeyri- məhdudluğu prinsipi, bazarın hər bir iştirakçısının kapitalının məlum ölçüsünün eyniliyinin cüziliyidir. Mükəmməl rəqabətli bazar iri istehsalının yaradılmasının, elmi- texniki inkişafın, iri miqyaslı problemlərin onsuz realizə edilməsinin mümkün olmamasından olan kapitalın mərkəzləşdirilməsinə qarşı hədlər qoyur. Bundan, əlavə göstərildiyi kimi praktik olaraq bütün şərtlərin eyni vaxtda yerinə yetirilməsi, azad bazarın kriteriyalarının gözlənilməsi imkanı qeyri- mümkündür.
Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri- mükəmməl rəqabətli bazarda ayrı- ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların qiymətlərinə təsir göstərmək vəziyyətindədir.Buna görədə bütün qeyri- mükəmməl bazarların hamısını “ qiyməti yaradan bazar” adlandırırlar. Onların əsas fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.
İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların( istehsalçıların)məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı rəqabətə keçir. Daha ümumi görünüşdə inhisarçı rəqabəti özündə oxşar, lakin identik olmayan məhsulları satışa təklif edən, satıcıların sayının çox olduğu( onlarla) bir bazar strukturunu əks etdirir. Bu zaman inhisarçı rəqabət bazarında təmsil olunan hər bir firma başqa firmların hərəkətlərinə reaksiya, fikir vermədən özünü tam müstəqil hiss edə bilər.Bu cür sahələrə üst geyimləri, ayaqqabı, kosmetika mallarının istehsalını, kitab nəşrini, turizmi misal göstərmək olar.
İnhisarçı rəqabət şəraitində rəqabətin aləti nəinki qiymət, hətta bu və ya digər əmtəənin keyfiyyəti də çıxış edir.İnhisarçı rəqabət bazarında material, stil, işin keyfiyyəti cəhətdən fərqlənən geyim, daimi alıcılar güzəştlər, kreditə satılmaqla bağlı olan ticarət təklif olunur.
İnhisarçı rəqabət şəraitində istehsalçıların məhsulların qiymətlərinə nəzarət etməyə imkanları məhduddur. Çünki, alıcılar və satıcılar bir- birilərinə təbii bağlı deyillər, alıcılar özləri bu və ya digər məhsulun qiymətini müəyyən edirlər.
İnhisarçı rəqabəti xarakterizə edən cəhətlərdən biri də odur ki, bu şəraitdə sahəyə yeni firmanın daxil olması asandır, bu da praktiki olaraq firmalar arasında gizli danışıqların, sazişlərin yaranmasının qeyri- mümkünlüyünə səbəb olur.
Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik bazardır( yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti- bazarda hakim satıcıların( istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.
Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya zamanı isə qiymətlər tez- tez deyil, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə dəyişilir. Oliqapoliya tez- tez “qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da özündə hamının marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan firmaların, lider- firmanın qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın iqtisadi səmərəliliyinə müxtəlif mövqeyi- nəzərdən baxışlar mövcuddur.
Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı( istehsalçı)- firmaların sayının ikiyədək ixtisar edilməsidir.Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:
- bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma tərəfindən təmsil olunur;
- əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur.Alıcı ya bu əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;
- satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;
- satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti dikdə edir. Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın yerini əvvəldən müəyyən edir;
- sahəyə daxil olmaq imkanı yoxdur.
Beləliklə, xalis inhisarçı bazar birbaşa rəqiblərə malik olmur və bunun nəticəsində digər təsərrüfat subyektlərinin inhisarın nüfuz dairəsində olan sahələrə daxil olması məhdudlaşır.
Mükəmməl rəqabətli bazar özündə cəmiyyətin resurslarının daha rasional istifadəsini, məhsul istehsalına çəkilən ictimai xərclərin minimumlaşdırılmasını əks etdirir.
Qeyri- mükəmməl rəqabətli bazar isə mükəmməl rəqabət zamanı yaranan tarazlıqdan yayınma halını əks etdirir.
Rəqabətin metodları
Rəqabət mübarizəsində müxtəlif metodlar tətbiq edilir. Onlara iqtisadi və qeyri- iqtisadi məzmunlu tədbirlər kompleksi daxildir. Rəqabət mübarizəsində istifadə olunan metodlar iki qrupa bölünür:
- qiymət metodu
- qeyri- qiymət metodu.
Qiymət rəqabəti bazarda iqtisadi bəhsləşmənin əsas metodudur. Bu vaxt satıcılar məhsulların qiymətini aşağı salmaqla satışın həcmini çoxaldaraq daha çox gəlir əldə etməyə səy göstərirlər. Qeyri- qiymət metodu isə qiymətin bilavasitə dəyişməməsi ilə bağlıdır.
Firmalar bu metodun köməyi ilə qiymətləri dəyişmədən onun satışını artırmağa səy edirlər. Bu vaxt firmalar aşağıdakı vasitələrdən istifadə edirlər:
- məhsulun texniki üstünlüklərinin təmin edilməsi;
- satış metodlarının təkmilləşdirilməsi;
- istehlakçılara xidmət göstərilməsi və güzəşt edilməsi;
- reklam və s.
Qeyri- qiymət rəqabətinin aşağıdakı formaları geniş yayılmışdır:
- məhsulun keyfiyyətinin diferensiasiyası. Bu vaxt istehlakçılara eyni adlı məhsulun müxtəlif çeşidləri təklif edilir və onlar bunun içərisindən özlərinə lazım olanı seçirlər;
- möhlətlə satışın təşkili. Bu vaxt firmalar məhsulların kredit vasitəsilə satışını gücləndirir. Alıcılar ona görə də nəğd şəkildə pulları olmadığı halda buna üstünlük verirlər. Nəticədə möhlətlə satışı təşkil edən firmalar digər firmalar nisbətən daha çox məhsul sataraq çox gəlir əldə edirlər.
- təminatlı xidmət müddətinin uzadılması. Təminatlı xidmət müddətinin uzadılmasının əsasını yüksək keyfiyyətli məhsul istehsalı təşkil edir.Firmalar məhsulun keyfiyyətini yüksəltməklə təminatlı xidmət müddətini artıraraq daha çox məhsul satmağa səy göstərir. Alıcılar bazarlardan məhsul alarkən həmişə çalışır ki, təminatlı xidmət müddəti çox olsun.
- lizinq xidmətinin təşkili. Bu əsasən istehsal vasitələrinin satışı ilə məşğul olan firmalar aiddir, onlar lizinq xidməti vasitəsilə istehsal vasitələrini uzunmüddətli icarəyə verirlər. Bu metodun üstünlüyü ondan ibarətdir ki, istehsal vasitələrini istehsal edən firmalar lizinq xidməti vasitəsilə öz məhsullarını icarəyə verməklə onların mənəvi aşınmasının qarşısını alırlar.
- reklamlaşmanın təşkili.
Bu rəqabət metodları ədalətlidir. Haqlı rəqabətlə yanaşı haqsız rəqabət də mövcuddur. Haqsız rəqabət təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə zidd gələn rəqabət mübarizəsidir.