Əmtəə

Əmtəə

Bazar iqtisadiyyatının əsasını  xüsusi mülkiyyət və əmtəə istehsalı təşkil  edir.  Lakin cəmiyyətlərin tarixi inkişaf  prosesinin müxtəlif mərhələlərində  iqtisadi həyatın ümumi  formaları fəaliyyət göstərir.
Təsərrüfat tiplərinin  təşkili və onların təkamülü iqtisadi inkişafın qanunauyğunluqları  çərçivəsi daxilində  həyata keçirilir. Iqtisadi həyatda fəaliyyət göstərən  təsərrüfat tiplərinin təşkili formaları bunlardır: a) natural təsərrüfat; b) sadə əmtəə təsərrüfatı; v) kapitalist əmtəə təsərrüfatı; q) planlı əmtəə təsərrüfatı.
Təsərrüfat təşkili  tiplərinin tarixən  ilkin forması natural istehsaldır. Təsərrüfatın belə bir təşkili formasında  istehsal ilə istehlakın  həcmi üst- üstə düşür. Natural təsərrüfat  feodal mülkiyyəti ilə də çox xarakterikdir.
Əmtəə təsərrüfatı forması natural təsərrüfatın əksi kimi  yaranmışdır. Təsərrüfat tiplərinin sonrakı təkamülü ictimai əmək bölgüsünü  yaradır. Ictimai əmək bölgüsü- bir məhsul və ya məhsulun bir hissəsini  istehsal etmək üçün ixtisaslaşmasıdır.
İctimai əmək bölgüsünün  formaları aşağıdakılardır:
  1. Maldar tayfaların  əkinçilikdən  ayrılması birinci ictimai əmək bölgüsünü yaradır.
  2. İctimai sənətkarların formalaşması  və sənətkarlıq sahələrinin  meydana gəlməsi  ikinci iri ictimai əmək  bölgüsünü yaradır.
  3. Tacirlərin bir sinif  kimi formalaşması üçüncü iri ictimai əmək bölgüsünü yaradır.
Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formasıdır ki,  burada istehsal olunan məhsullar  ancaq mübadilə sferasına  daxil olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur:
  1. İctimai əmək bölgüsü. Əmtəə istehsalı  şəraitində müxtəlif təsərrüfat  sahələri fəaliyyət göstərir. Bu təsərrüfat sahələri  müxtəlif növ məhsul istehsalı  üzrə ixtisaslaşırlar. Sənaye kənd təsərrüfatından ayrılır.  Sənaye istehsalının  müxtəlif sahələri yaranır.
  2. Mülkiyyət formaları. Istehsal vasitələri  üzərində xüsusi mülkiyyətin olması əsas amillərdən biridir.  Əmək məhsulu olan əmtəə istehsal  vasitələri üzərində olan mülkiyyət  sahibinə məxsusdur. Bu səbəbdəndir ki, sahibkar öz  məhsulunu əmtəə kimi digər zəruri əmtəəyə dəyişdirməlidir, yəni məhsul mübadilə olunmalıdır.
  3. İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi olmalıdır.
  4. Təsərrüfatın  bazarla tənzimlənən xarakteri.
Əmtəənin 2 xassəsi vardır:
  1. istehlak dəyəri
  2. mübadilə dəyəri
Əmtəənin faydalılığı, insanın bu və ya digər  bir tələbatını  xassəsi onu istehlak dəyəri edir. İstehlak dəyəri hər hansı  bir şeyin  təbii xassəsindən asılıdır. Lakin istehlak dəyəri onu yaradan əməyin kəmiyyət miqdarından asılı deyildir.
Məhsulun əmtəəyə çevrilməsi üçün mübadilə dəyərinin olması şərtdir. Çünki, mübadilə dəyəri kimi bütün əmtəələr müəyyən bir kəmiyyət nisbətində bir- birinə dəyişdirilməlidirlər. İstehlak dəyəri baxımından əmtəələri ölçmək olmaz. Lakin mübadilə dəyəri nöqteyi nəzərindən əmtəələr ölçülürlər, çünki əmtəələr dəyişdiriləndə onların əsasını  mübadilə nisbəti təşkil edir.
İstehlak dəyərinin müxtəlifliyinə baxmayaraq əmtəələrin istehsalına sərf edilən  əmək eyni olduğuna görə  bu əmtəələrin dəyərini ölçmək mümkündür. Əmtəələrin istehsalına sərf edilən əməyin  miqdar kəmiyyəti həmin əmtəələrin dəyərini ölçmək imkanı verir və bunun əsasında əmtəələri dəyər baxımından bir- birilə  müqayisə etmək olar.
Deməli, əmtəənin müəyyən bir miqdar nisbətində başqa əmtəəyə dəyişdirilmə qabiliyyəti onu mübadilə dəyəri edir.
İstehlak dəyəri və  mübadilə dəyəri kateqoriyalarını elmi ədəbiyyata Aristotel, A. Smit, D. Rikardo, T. Maltus, K. Marks,. C. S. Mill və başqa alim- iqtisadçılar gətirmişdir.
Əmək- dəyər nəzəriyyəsinin tərəfdarları  göstərirdilər ki, keyfiyyətcə müxtəlif, kəmiyyətcə ölçülə bilməyən  əmtəələr mübadilə oluna bilər. Onların fikrincə dəyişdirilən əmtəələrin ümumi bir əsası var. Bu ümumi əsas əmək məsrəfləridir və həmin əmək məsrəfləri  mübadilə dəyərini  müəyyən edir.
Müasir Qərb iqtisadi ədəbiyyatında əmək- dəyər nəzəriyyəsindən fərqli olaraq  yeni bir nəzəriyyə- faydalılıq nəzəriyyəsi meydana gəlmişdir. Faydalılıq nəzəriyyəsinin yaradıcıları K. Mengerin, E. Bem- Baverkin və F. Vizerin  yaratdıqları son faydalılıq nəzəriyyəsinə əsaslanırlar. Bu nəzəriyyəyə görə mübadilənin əsasını dəyər deyil, faydalılıq təşkil edir.
A. Smit əmtəə istehsalına sərf edilən əməyi, alınan əməyi( əmək haqqını), mənfəəti və torpaq rentasını dəyərə aid edir. D. Rikardo və D. R. Mak- Kullox dəyəri istehsal xərcləri kimi, J. B. Sey isə şeyin faydalılığı kimi izah edirlər. D. Loderdel dəyəri təklif və tələblə  əlaqədə izah edir.
Tarixən əmtəə istehsalı təşkilinin üç forması ( tipi) mövcuddur: sadə əmtəə təsərrüfatı, kapitalist əmtəə istehsalı və planlı əmtəə təsərrüfatı.
Sadə əmtəə istehsalı  təsərrüfat təşkilinin elə bir formasıdır ki,  burada istehsal vasitələri üzərində   istehsalçıların xüsusi  mülkiyyəti var və onlar məhsulu mübadilə üçün, bazarda satmaq məqsədilə istehsal edirlər.
Kapitalist əmtəə istehsalının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, müstəqil olan kapitalist- sahibkar istehsal amilləri əsasında öz iqtisadi fəaliyyətini təşkil edir. İstehsalın amilləri dedikdə, kapital, əmək, torpaq və sahibkar- kapitalist nəzərdə tutulur. Onu qeyd etmək lazımdır ki, kapitalist- sahibkar iri istehsalı təşkil edir. Fərdi kapitalist istehsalı ilə yanaşı  kollektiv təsərrüfat formaları da təşkil olunur. Məsələn, müştərək sahibkarlıq, səhmdar cəmiyyətləri və s.
Təsərrüfat  tiplərinin xüsusi formalarından biri də  inzibati- amirlik, mərkəzləşdirilmiş planlı iqtisadiyyatdır. Planlı iqtisadiyyatda əmtəə- pul və bazar əlaqələri saxlanılır. Lakin iqtisadiyyatın idarə edilməsinə  dövlət həddən artıq nüfuz edir. Planlı əmtəə təsərrüfatında  istehsalçılarla istehlakçılar arasında olan əlaqələri dövlər özü nizamlayır.
Planlı əmtəə təsərrüfatı özünü doğrultmadığı üçün müasir mərhələdə bütün keçmiş sosialist ölkələri bazar  iqtisadi sisteminə keçmişlər.

Əmtəə tədavülü və pulun meydana gəlməsi


Əmtəədə təcəssüm olunan  və mübadilə zamanı təzahür edən ictimai əmək əmtəənin dəyərini yaradır. Bərabər dəyərə malik olan əmtəələr  bir- birinə mübadilə edilir, bu əmtəələr ekvivalentdirlər.  Dəyər mübadilə dəyərilə bağlıdır. Dəyər əmtəənin  daxili xassəsidir, mübadilə dəyəri isə əmtəə dəyərinin təzahür formasıdır.
Əmtəələrin dəyərlərinin  bərabərləşdirilməsi və  mübadiləsi əmtəə istehsalında  xarakterik cəhətdir.  Natural təsərrüfat şəraitində  istehsalçılar vaxt vahidi əsasında ( saat, gün) sərf etdikləri əməklərini  nəzərə alır və onun nəticəsini ölçürdülər.  Lakin natural təsərrüfat şəraitində  onların sərf olunmuş əməyi  dəyər forması almırdı.  Əmtəə təsərrüfatında isə  əmək dəyər münasibətləri kimi  təzahür edir. Deməli, əmtəə təsərrüfatında  ictimai əmək birbaşa  vaxt vahidi ilə ifadə olunur.  İctimai əmək əmtəə istehsalında  dolayısı yolla- yəni mübadilə prosesində təzahür edir. Məsələn,  bir cüt ayaqqabı 3 kq. pambığa bərabər tutulur.  Dolayısı yolla bu o deməkdir ki, bir cüt ayaqqabıya sərf edilən  ictimai əmək 3 kq  pambığa sərf edilən ictimai əməyə bərabərdir.  Beləliklə, dəyər  təkcə əmək məsrəfi deyil,  o eyni zamanda əmtəə istehsalına sərf  edilən ictimai əməkdir ki,  mübadilə prosesində təzahür edir.
Deməli, əmtənin dəyəri istehsal prosesində  əmək vasitəsilə yaradılır. Mübadilə prosesində dəyər  bir əmtəəni digər əmtəəyə dəyişdirəndə təzahür edir.  Buna mübadilə dəyəri deyilir.  Dəyərin ilkin  inkişaf forması sadə dəyər formasıdır. Məsələn, bir balta = 20 kq. taxıl.  Burada baltanın dəyəri 20 kq. taxılda ifadə olunmuşdur.  Taxıl baltanın dəyərini əks etdirir. Baltanın dəyəri  taxılın istehlak dəyərində  ifadə olunmuşdur, çünki həm taxılın, həm də baltanın istehsalına əmək sərf olunmuşdur.  Bu iki əmtəənin bir- birinə bərabər tutulması o deməkdir ki,  onların hər ikisinin istehsalına  sərf olunmuş əmək bərabərdir. Əmtəələrin bir- birinə bərabər olmasının əsasını bu əmtəələrdə  təcəssüm edən bərabər əmək sərfi təşkil edir.  Öz dəyərini digər əmtəədə ifadə edən əmtəə ( balta) nisbi dəyər forması, öz dəyərini ( taxıl) baltanın istehlak dəyərində  əks etdirən əmtəə ekvivalent dəyər formasıdır.
İlk mübadilə təsadüfi xarakter daşımış və bir növ məhsulun başqa növ məhsula  dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfi dəyər  forması deyilir. <
Birinci  iri ictimai əmək bölgüsünün yaranması ilə mübadilə müntəzəm şəkil alır. Məsələn, maldar tayfalar maldarlıq məhsulları istehsal etdikcə əkinçi tayfaların və sənətkarların  istehsal etdiyi məhsullara ehtiyacı artır. Beləliklə, bu tayfalar  arasında olan mübadilə müntəzəm xarakter daşıyır. Belə bir tarixi inkişaf  nəticəsində dəyərin ikinci mübadilə forması- tam və ya dolğun dəyər forması yaranır.
Dəyərin inkişafının ikinci formasında dəyər öz təcəssümünü  bir neçə əmtəənin istehlak dəyərində  tapır.  Lakin bu prosesdə də əmtəələr əmtəələrə dəyişdirilir.  İctimai əmək bölgüsünün  və əmtəə istehsalının inkişafı,  onların dərinləşməsi,  bir əmtəənin digər əmtəəyə dəyişdirilməsi  qənaətbəxş olmur.  Mübadilə prosesi çətinləşir.  Məsələn, ayaqqabı sahibinin baltaya ,  balta sahibinin taxıla olan ehtiyacı artır. Beləliklə, əmtəə təsərrüfatı genişləndikcə  əmtəə istehsalçıları arasında elə bir ümumi  ekvivalent dəyər forması ortaya çıxır ki,  bütün əmtəə istehsalçılarının bu  ekvivalent dəyər formasına ehtiyacı artır. Beləliklə, bir əmtəə  bütün əmtəələr sırasından ayrılır və ümumi ekvivalent dəyər forması kimi  mübadilə olunur. Dəyər formalarının inkişafının  bu mərhələsinə ümumi dəyər forması deyilir.
Ümumi dəyər forması onunla xarakterizə edilir ki,  bütün əmtəələr bir əmtəəyə, yəni ümumi ekvivalent rol oynayan  əmtəəyə mübadilə olunur.  Dəri, xəz, duz və s.  müxtəlif yerlərdə ümumi ekvivalent rolunu oynamışlar. Müxtəlif əmtəələrin ümumi  ekvivalent rol oynaması  genişlənməkdə və artmaqda olan  bazar tələbatını ödəyə bilmir. Əmtəə təsərrüfatında ziddiyyətlər yaranır. Beləliklə, müəyyən bir əmtəə  uzun müddət ümumi ekvivalent  rol oynamaqda  passivləşir və dəyərin pul forması yaranır, yəni ümumi ekvivalent rol oynayan  əmtəə öz yerini  dəyərin  pul  formasına  verir. Pul rolunu  müxtəli metallar yerinə yetirib və nəhayət, gümüş və qızıl öz xassələrinə  görə tədavüldən  bütün ekvivalentləri sıxışdırıb çıxarır. Çünki qızıl öz dəyərini həmişə saxlayır, paslanmır, xarab olmur, çəkisi və həcmi əlverişlidir, bölünmə xassəsinə  malikdir, istənilən yerə aparıla bilir.
Dəyərin pul formasında  bütün əmtəələr  ümumi ekvivalent rol oynayan  qızılın istehlak dəyəri  vasitəsilə ifadə olunur. Beləliklə, əmtəə təsərrüfatında  uzun bir tarixi inkişaf nəticəsində  ümumi ekvivalent  rol oynayan xüsusi bir əmtəə- pul yaranır.
Əmtəə təsərrüfatının mərkəzi  kateqoriyalarından biri əmtəə olsa da “ nemət” anlayışı həm tarixi, həm də məntiqi mövqeyi  nəzərdən əmtəədən  qabaq yaranmışdır. Nemət dedikdə, hər hansı bir məna, əşya, hadisə, əmək məhsulu və s. nəzərdə tutulur ki, bunlar insanların bu və ya  başqa bir tələbatını ödəmək  qabiliyyətinə malikdirlər,  insanların mənafelərinə, məqsədlərinə, cəhdlərinə cavab verə bilirlər.
İqtisadi ədəbiyyatda belə bir fikir vardır ki,  nemət hər hansı  bir şey və ya əşyadır, o insanın tələbatını ödəyir. Nemətə belə bir tərifin verilməsi  məhdud xarakter daşıyır. Digər baxışlara görə isə nemət faydalı ola biləcək hər hansı bir əşyanın  təcəssümüdür, o əmək məhsulu da, təbiətin bəhrəsi də ola bilər.
Insanlara zəruri olan nemətlər içərisində xidmətlərin  xüsusi rolu və yeri vardır. Xidmət insanın  məqsədəuyğun fəaliyyətidir,  bu fəaliyyətin nəticəsi faydalı səmərədir,  o insanların bu və ya digər tələbatını ödəyir.
Nemət anlayışını daha dərindən başa düşmək üçün onu əmtəədən fərqləndirmək  və təsrifləşdirmək  lazımdır. Müxtəlif kriteriyalar əsasında nemətləri müxtəlif  növlərə ayırmaq olar. Nemətlərin qruplara ayrılmasının ən geniş  yayılmış forması  maddi və qeyri- maddi nemətlərdir.
I. Maddi nemətlərə aşağıdakılar aid edilir: təbiət bəxş etdiyi nemətlər torpaq, hava, iqlim; istehsal  nəticəsində yaranan məhsul – yeyinti məhsulları, binalar, tikililər, maşınlar, avadanlıqlar və s.
Beləliklə, maddi nemətlər anlayışına müxtəlif xarakterli faydalı şeylər daxil edilir. Digər fikrə əsasən  bu nemətləri  mənimsəmə baxımından göstərilən kateqoriyaya aid edirlər.
II. Qeyri- maddi nemətlər. Buraya aşağıdakılar aid edilir: insanların qabiliyyətinin bacarığının inkişaf etdirilməsinə  təsir edən nemətlər. Bu nemətlər qeyri- istehsal dairəsində yaradılır- səhiyyə, təhsil, incəsənət, təhsil, kino, teatr, muzeylər və ilaxır.
Qeyri- maddi nemətlər də öz növbəsində iki qrupa bölünür:
a) daxili qeyri- maddi nemətlər. Buraya aiddir: təbiətin insanlara bəxş etdiyi nemətlər( səs, deklamasiya, musiqi qabiliyyəti, elmə olan bacarıq və s. );
b) xarici qeyri- maddi nemətlər- insanların tələbatlarının ödənilməsi üçün xarici mühit ( işgüzar əlaqələr, etibar, himayə və s.)
Göstərdiklərimizdən əlavə indiki və gələcək, birbaşa və dolayısı, uzunmüddətli və qısamüddətli nemətlər də mövcuddur.
Nemətlərin təsnifatında  ən mühümü, ən əsası iqtisadi  və qeyri- iqtisadi nemətlərdir. Iqtisadi nemətlər iqtisadi fəaliyyət nəticəsində yaradılır. Iqtisadi nemətlər, ümumiyyətlə, nemətlərin məhdudluğu ilə
( məhdud resurslar ) əlaqədardır. Qeyri- iqtisadi nemətlər, yəni təbiətin bəxş etdiyi nemətlər insan əməyinin fəaliyyətinin nəticəsi deyildir. Bu nemətlər təbiətin özündə mövcuddur ( hava, su, işıq və s.). Deməli, nemətlərin iqtisadiyyat baxımından istifadə oluna biləcəyi və məhdudluğu onları iqtisadi və qeyri- iqtisadi kateqoriyalara ayırmağa əsas verir.
Nemət anlayışı ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemətə əmtəə deyilir. Nemətin heç bir xarakterindən asılı olmayaraq onun mübadilə üçün, satılmaq üçün istehsal olunması həmin neməti əmtəə edir.
Xidmət də əmtəə kimi çıxış edir. Lakin, xidmətin istehlak dəyəri, əşyalaşmış forması yoxdur. Ikincisi, xidmətin istehlak dəyəri canlı əməyin faydalı səmərəsinin nəticəsidir. Üçüncüsü, xidmət əşya forması almır. Onu sərvət kimi yığmaq olmur, o istehsal prosesində istehlak olunur.
Top