ABŞ-da işsizliyin səviyyəsinin ölçülməsi ilə Əmək statistikası bürosu (ƏSB) məşğul olur. Bu qurum Əmək Nazirliyinin şöbələrindən biridir. ƏSB hər ay işsizliyin səviyyəsi və əmək bazarının başqa parametrləri, yəni müxtəlif sahələrdəki məşğulluq, iş həftəsinin orta davamiyyəti və işsizin işlə təmin edilməsi üçün lazım olan orta vaxt haqqında məlumatlar nəşr edir. Bu göstəricilərin hesablanması üçün ilkin məlumatlar təxminən 60 000 ev təsərrüfatından alınmış sorğunun nəticələrindən ibarətdir.
ƏSB 16 yaşından böyük olan hər bir vətəndaşı aşağıdakı üç qrupdan birinə aid edir:
Birinci qrupa ötmüş həftənin böyük hissəsini haqqı ödənilən işdə işləyən adamlar daxildirlər. Ikinci qrupa müvəqqəti olaraq işləməyən, iş axtaran, yaxud müəyyən bir müddətdən əmək fəaliyyətinə başlayacağını gözləyən şəxslər daxil edilirlər. Bu iki qrupa daxil olmayan adamlar, məsələn, tələbələr, evdar qadınlar, pensiyaçılar işçi qüvvəsinə aid edilmirlər. 25.1. saylı şəkildə ABŞ-ın yaşlı əhalisinin 1998-ci ildə bu cür qrup üzrə bölgüsü göstərilmişdir
ƏSB sorğu aparılmış hər kateqoriyanın sayını təyin edən kimi əmək bazarının vəziyyətinin müxtəlif statistik göstəricilərini hesablayır. Məsələn, işçi qüvvəsinin miqdarı işləyən və işləməyənlərin sayının cəmi kimi hesablanır:
Işçi qüvvəsi = işləyənlərin sayı + işləməyənlərin sayı
Işsizliyin səviyyəsi işsizlərin sayının işçi qüvvəsinin sayına olan faiz nisbəti kimi hesablanır:
ƏSB işsizliyin səviyyəsi göstəricilərini həm bütün yaşlı əhali üçün, həm də ayrı-ayrı sosial qruplar üçün hesablayır. Bundan əlavə, ƏSB ölkənin yaşlı əhalisinin ümumi sayında işçi qüvvəsinin payını müəyyən etmək üçün sorğunun nəticələrindən istifadə edir.
Bu göstərici əmək bazarında mövcud olan əhalinin payını əks etdirir. Işsizliyin səviyyəsi kimi bu kəmiyyət həm ümumi olaraq yaşlı əhali üçün, həm də onun ayrı-ayrı qrupları üçün hesablanır.
Hesablamaların necə icra olunmasını daha yaxşı başa düşmək üçün 1998-ci ilin məlumatlarına müraciət edək. Həmin ildə ABŞ iqtisadiyyatında məşğul olan əhalinin sayı 131,5 mln. nəfər idi. Işsizlərin sayı isə 6,2 mln. nəfər təşkil edirdi. Beləliklə, işçi qüvvəsinin sayı 131,5 mln. + 6,2 mln. = 137,7 mln. nəfər olmuşdur.
Işsizliyin səviyyəsi (6,2 : 137,7) x 100% = 4,5% olmuşdur.
Yaşlı əhalinin ümumi sayının 205,2 mln. nəfər olduğunu nəzərə alaraq ölkənin yaşlı əhalisinin ümumi sayında işçi qüvvəsinin payı (137,7:205,2)x100% = 67,1% təşkil etmişdir.
Deməli, 1998-ci ildə ABŞ əhalisinin üçdə iki hissəsi əmək bazarına cəlb edilmişdi və bunun 4,5%-ni işsizlər təşkil etmişlər.
25.1. saylı cədvəldə amerikalıların ayrı-ayrı qrupları arasında işsizlik və işçi qüvvəsinin payı haqqında məlumatlar verilmişdir. Bu cədvəlin təhlili kifayət qədər əyani olan üç nəticənin əldə edilməsinə imkan verir. Birincisi, işçi qüvvəsinin tərkibində kişilər üstünlük təşkil edirlər. Lakin hər iki cinsin nümayəndələri arasında işsizlik səviyyəsinin göstəriciləri təxminən eynidir.
Ikincisi, ağ dərili əhali ilə müqayisədə qara dərili əhali işçi qüvvəsinin tərkibində daha aşağı paya malikdir və qara dərili əhali arasında işsizliyin səviyyəsi daha yüksəkdir. Üçüncüsü, əhalinin qalan hissəsi ilə müqayisədə gənclər də işçi qüvvəsinin tərkibində nisbətən az paya malikdirlər və onlar arasında işsizliyin səviyyəsi daha yüksəkdir. Beləliklə, bu məlumatlar göstərir ki, əhalinin müxtəlif qrupları üçün əmək bazarının parametrləri əhəmiyyətli dərəcədə bir-birindən fərqlənirlər.
Cədvəl 25.1.
1998-ci ildə ABŞ-da müxtəlif demoqrafik qruplar
üçün əmək bazarının parametrləri
Demoqrafik qruplar |
Işsizliyin səviyyəsi |
ABŞ-ın yaşlı əhalisinin ümumi sayında işçi qüvvəsinin payı, % |
Yaşlılar (20 yaşdan yuxarı) |
||
Ağ dərili kişilər |
3,2 |
77,2 |
Ağ dərili qadınlar |
3,4 |
59,7 |
Qara dərili kişilər |
7,4 |
72,5 |
Qara dərili qadınlar |
7,9 |
64,8 |
Gənclər (16 yaşından 19 yaşa qədər |
||
Ağ dərili oğlanlar |
14,1 |
56,6 |
Ağ dərili qızlar |
10,9 |
55,4 |
Qara dərili oğlanlar |
30,1 |
40,7 |
Qara dərili qızlar |
25,3 |
42,5 |
ƏSB-nin məlumatları alimlərə və siyasətçilərə iqtisadiyyatda baş verən cari dəyişiklikləri müşahidə etmək imkanı verir. 25.2. saylı şəkildə 1960-cı ildən başlayaraq ABŞ-dakı işsizlik səviyyəsinin enib qalxması göstərilmişdir. Təqdim edilən qrafikdən görünür ki, iqtisadiyyatda həmişə işsizliyin bəzi səviyyələri mövcud olmuşdur və onun kəmiyyəti müxtəlif illərdə müxtəlif olmuşdur. Ətrafında enib qalxmaların baş verdiyi onun adi səviyyəsi işsizliyin təbii səviyyəsi adlanır və işsizliyin təbii səviyyəsindən sapmalar mərhələli işsizlik adlanır. Qrafikdə işsizliyin təbii səviyyəsi 5,5% səviyyəsində düzgün xətt kimi verilmişdir və bu nəzərdən keçirilən dövrdə amerika iqtisadiyyatında onun əhəmiyyətini təxmini olaraq əks etdirir. Irəlidə bu kitabda (başqa bir fəsildə) iqtisadiyyatın müxtəlif parametrlərində baş verən qısa müddətli enib-qalxmaları, o cümlədən işsizlik səviyyəsinin illik dəyişmələrini nəzərdən keçirəcəyik. Bizim vəzifəmiz belə bir suala cavab axtarmaqdan ibarət olacaqdır ki, işsizlik nə üçün bazar iqtisadiyyatının xroniki probleminə çevrilmişdir.
Işsizliyin səviyyəsi düzgün ölçülürmü?
Ilk baxışda göründüyündən fərqli olaraq işsizliyin hesablanması çətin işlərdən biridir. Məsələn, bütün həftə ərzində işləmiş adamı, ümumiyyətlə, işləməyən adamdan fərqləndirmək asandır, lakin işsiz ilə işçi qüvvəsinə malik olmayan əlil arasındakı fərqi müəyyənləşdirmək çox çətin işdir. Vətəndaşların bir hissəsinin işçi qüvvəsinin tərkibindən çıxması və onun sıralarının başqaları ilə əvəz olunması adi hadisədir. Belə ki, bu günkü işsizlərin üçdə bir hissəsindən çoxu bu yaxınlarda işçi qüvvəsinin tərkibinə daxil olmuşlar. Belələrinə birinci dəfə işə düzəlmək problemi ilə üzləşən kollec məzunları kimi gənclər də aid edilirlər. Lakin bu qrupun ən böyük hissəsini işçi qüvvəsinin tərkibindən çıxmış və iş axtarmaq üçün yenidən onun sıralarına daxil olmuş yaşlı adamlar təşkil edirlər. Bundan əlavə bütün işsizlər iş tapa bilmirlər və təxminən onların yarısı özünə ödənilə bilən məşğulluq tapmadan işçi qüvvəsinin sıralarını tərk edirlər. Işçi qüvvəsinin sıralarında dəyişikliklər adi bir iş olduğuna baxmayaraq işsizliyin səviyyəsi haqqında məlumatların təhlili olduqca çətin məsələdir. Bir tərəfdən, özünün işsiz olduğunu elan edənlərin çoxu işə düzəlmək üçün xüsusi səy göstərmirlər. Onlar özlərini bu sosial qrupa ona görə aid edirlər ki, hökumətdən işsizliyə görə müavinət ala bilsinlər. Bu səbəbdən bu qrupdan olan adamların işçi qüvvəsinin sıralarından çıxarılması daha məqsədəuyğun olardı. Digər tərəfdən özlərini işçi qüvvəsinə aid etməyənlərin arasında işləmək istəyən çoxlu adamlar vardır. Bu adamlar uzun müddət iş axtarmış və sonda ümidlərini kəsərək öz axtarışlarını dayandırmışlar. Ümidini kəsmiş işçilər adlandırılan əhalinin bu qrupu tam hüquqla bu kateqoriyaya aid oluna bilmələrinə baxmayaraq onlar işsizlərin sayı haqqında olan məlumatlara daxil edilmirlər.
Beləliklə, ƏSB-nun işsizlik haqqında məlumatlarına əmək bazarındakı vəziyyətin mütləq etibarlı göstəriciləri kimi baxmaq olmaz. Onlara işsiz əhalinin sayını qiymətləndirən faydalı, lakin qeyri-mükəmməl kriteriya kimi yanaşmaq olar.