9. Azad ticarət üçün arqumentlər

9. Azad ticarət üçün arqumentlər

Milli təhlükəsizlik THE NATIONAL-SECURITY ARGUMENT
Əgər hər hansı bir sahə üçün xarici istehsalçılar tərəfindən rəqabət təhlükəsi varsa, azad ticarətin əleyhdarları milli təhlükəsizliyin qayğısına yüksək səviyyədə qalmağa başlayırlar. Bizim misalda Izolandiyanın metallurgiya şirkətləri göstərə bilərlər ki, polad silah istehsalı məqsədi ilə istehsal edilir, azad ticarət isə Izolandiyanı digər mal göndərən ölkələrdən asılı vəziyyətə salır. Əgər müharibə başlayarsa, Izolandiya özünü müdafiə üçün zəruri olan polad və silah istehsalı ilə təmin edə bilməyəcəkdir.
Iqtisadçılar etiraf edirlər ki, milli təhlükəsizlik üçün qorxu yara­narsa, əsas sahələrin müdafiəsi zəruridir. Lakin onlar göstərirlər ki, bu dəlil bir qayda olaraq, istehlakçılar hesabına varlanmaq istəyən istehsalçılar tərəfindən istifadə edilir. Buna görə də özünü xarici şirkətlərin rəqa­bətindən qorumaq üçün milli müdafiədə öz rolunu yüksəltmək daha cəlbedici görünür.

 

Yeni sahələr THE INFANT-INDUSTRY ARGUMENT
Bəzən ticarətin müvəqqəti məhdudlaşdırılması tərəfdarları kimi dövlətin onların inkişafına kömək etməli olduğunu hesab edən yeni sahələrin şirkətləri çıxış edirlər. Onlar iddia edirlər ki, ticarət məhdudiyyətlərinin tətbiqi milli istehsalçılara qüvvə toplamağa və xarici istehsalçılarla uğurla rəqabət aparmağa imkan verəcəkdir. Yetkin, inkişaf etmiş sahələrin də nümayəndələri iddia edirlər ki, milli istehsalçıları ayağa qaldırmaq üçün Amerikanın avtomobil istehsalçılarına vaxt vermək və buna görə də, onları müvəqqəti müdafiə etmək lazımdır.
Iqtisadçılar bu dəlillərə skeptikcəsinə yanaşırlar. Himayədarlıq  tədbirlərindən səmərəli istifadə etmək üçün hökumət müəyyən etməlidir ki, son nəticədə hansı sahələr mənfəəti təmin edəcəklər və onun inkişafının səmərəsi istehlakçılar üçün ticarət məhdudiyyətləri ilə bağlı məsrəflərdən nə dərəcədə yüksək olacaqdır. «Qalibləri» seçə bilmək xeyli mürəkkəbdir. O da çətindir ki, siyasətçilər ilk növbədə siyasi cəhətdən nüfuza malik olan sahələrin mənafeyini müdafiə edirlər. Özlərini xarici rəqabətdən qorumağa nail olan kimi, «müvəqqəti» tədbirləri ləğv etmək mümkün olmur. Bundan əlavə, bir çox iqtisadçılar yeni sahələrin qorunması haqqında dəlillərə tənqidi yanaşırlar. Fərz edək ki, Izolandiyanın metallurgiya sənayesi gəncdir və xarici rəqiblərlə rəqabət şəraitində mənfəətlə işləyə bilmir. (Baxmayaraq ki, uzunmüddətli dövrdə sahənin mənfəətli olacağına hər cür əsas vardır). Firma sahibləri son mənfəət əldə etmək istəyirlərsə, onlar müvəqqəti itkilərlə barışmalı olacaqlar. Proteksionizm (himayədarlıq) heç də sahənin uğurlu inkişafının vacib şərti deyildir. Müxtəlif sahələrin, məsələn, biotexnoloji sahənin firmaları gələcəkdə inkişaf etmək və mənfəət qazanmaq ümidi ilə müvəqqəti itkilərə məruz qalırlar. Onlardan bir çoxu dövlət tərəfindən xarici rəqabətdən qorunma tədbirləri olmadan da uğurla fəaliyyət göstərirlər.

Haqsız rəqabət haqqında arqument (dəlil) THE UNFAIR-COMPETITION ARGUMENT
Ümumi dəlil ondan ibarətdir ki, azad ticarət yalnız bütün ölkələrin eyni oyun qaydaları əsasında çıxış etdikləri zaman arzuediləndir. Amma milli şirkətlər müxtəlif qanunlara və məhdudiyyətlərə əsaslandıqları üçün dünya bazarında bərabərhüquqlu rəqabətdən danışmaq yəqin ki, düzgün olmaz. Fərz edək ki, Neybolandiya hökuməti poladtökmə şirkətlərinə böyük vergi güzəştləri verərək, metallurgiya sənayesini subsidiyalaşdırır; Izolandiya metallurqları isə haqsız rəqabətdən müdafiə olunmalarını tələb edirlər.
Dempinq qiymətləri ilə idxal Izolandiyaya ziyan ola bilərmi? Onun daxili istehsalçıları, şübhəsiz ki, zərərə düşəcək, lakin Izolandiya isteh­lakçıları daha ucuz qiymətlərdən udacaqlar. Bundan əlavə, istehsalçıların qa­zancı ölkə istehsalçılarının itkilərindən çox olacaq. Ola bilsin ki,me­tal­lurgiya sənayesinin subsidiyalaşması doğru siyasət deyildir, lakin onun ağırlığı Neybolandiyanın vergi ödəyicilərinin çiyninə düşəcəkdir. Izo­lan­diya isə poladın subsidiyalaşdırılmış qiymətindən qazanc əldə edəcəkdir.

Himayədarlıq hədə-qorxusu danışıqlarda istifadə olunan dəlil kimi THE PROTECTION-AS-A-BARGAINING-CHIP ARGUMENT
Ticarət məhdudiyyətlərinin xeyrinə olan digər dəlil danışıqların stra­tegiyası ilə bağlıdır. Bir çox siyasətçilər azad ticarətə tərəfdar ol­duqlarını bildirirlər, lakin eyni zamanda göstərirlər ki, ticarət məh­dudiyyətləri ticarət tərəfdaşları ilə danışıqlar prosesində faydalı ola bilər. Onlar iddia edirlər ki, ticarət məhdudiyyətləri hədə-qorxusu xarici höku­mətlər tərəfindən artıq tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırmağa kömək edir. Məsələn, Neybolandiya taxılla bağlı idxal kvotalarını ləğv etməyəcəyi halda, Izolandiya hökuməti onu poladla bağlı gömrük ta­riflərini tətbiq edəcəyi ilə qorxudur. Neybolandiya öz razılığını bildirsə, azad ticarətin səviyyəsi də yüksəlir.
Problem ondadır ki, hədə-qorxular heç də həmişə həqiqətə çevrilmir və bu halda ölkə çətin bir seçim qarşısında dayanır. Ticarət məh­du­diyyətlərinin tətbiqi onun iqtisadi rifahına mənfi cəhətdən təsir edəcəkdir. Əgər o, öz vədinə əməl etməzsə, bu, beynəlxalq sahədə onun nüfuzuna ziyan vuracaqdır. Seçim imkanının olmadığını dərk edərək sizin ölkəniz danışıqlar prosesində hədə-qorxunu önə çıxarmayacaqdır.
1999-cu ildə baş verən hadisə deyilənləri təsdiq edə bilər. Həmin dövrdə ABŞ hökuməti Avropa ölkələrini Amerika bananlarının idxalının məhdudlaşdırılmasında ittiham edirdi. Adətən, Amerikanın müttəfiqləri rolunda çıxış edən ölkələrin hökumətləri ilə uzun sürən mübahisələrdən sonra ABŞ höküməti pendirdən tutmuş kəşmirə qədər bir çox Avropa mallarının idxalına yüz faizlik kvotalar tətbiq etdi. Nəticədə avropalılar amerikan bananlarından, amerikalılar isə Avropa pendirindən məhrum oldular. Buna görə də, hökumətlər bir-biri ilə ticarət müharibələri apararkən, ilk növbədə onların rəhbərlik etdikləri ölkələrin əhalisi ziyan çəkir.

Nəticə
Azad ticarət haqqında iqtisadçıların və ictimaiyyətin fikirləri çox vaxt üst-üstə düşmür. Məsələn, 1993-cü ildə ABŞ hökuməti Birləşmiş Ştatlar, Kanada və Meksika arasında ticarət hədlərini azaldan azad ticarət haq­qında Şimali Amerika sazişini (NAFTA) ratifikasiya etmək zərurəti qarşısında qaldı.
Ictimai rəy sorğusu göstərdi ki, ABŞ ictimaiyyəti bu məsələdə praktiki olaraq iki yerə bölünmüşdür. Konqresə isə bir neçə azad ticarət tərəfdarlarının səsləri hesabına onu ratifikasiya etmək mümkün oldu. NAFTA əleyhdarları göstərirdilər ki, ticarət maneələrinin ləğvi ame­rikalıların iş yerləri və həyat səviyyəsi üçün təhlükə törədir. Bunun əksinə olaraq, iqtisadçıların çoxu bu sazişə tərəfdar çıxdılar. Onlar hesab edirdilər ki, azad beynəlxalq ticarət hər üç ölkədə resursların səmərəli bölgüsünə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Iqtisadçılar ABŞ siyasətini azad ticarətin səmərəliliyini təsdiq edən eksperimentin davamı kimi qiymətləndirirlər. Tarixən Amerika ştatları heç bir məhdudiyyət olmadan bir-biri ilə ticarət etmişlər, ölkə isə bütövlükdə mal mübadiləsinin yaratdığı ixtisaslaşmadan fayda əldə etmişdir. Belə ki, məsələn, Florida naringi istehsal edir, Texas neft çıxarır, Kaliforniya çaxır buraxır və s. Amerikalılar yalnız öz doğma ştatlarında istehsal edilmiş məhsul və xidmətləri istehlak etsəydilər, amerikalıların həyat səviyyəsi yəqin ki, bugünkü kimi yüksək olmazdı. Deməli, hər bir ölkə beynəlxalq ticarətdən fayda əldə etmək imkanına malikdir.
Iqtisadçıların ticarət haqqında fikirlərini bilmək üçün misalımızı davam etdirək.
Fərz edək ki, Izolandiya höküməti iqtisadçılar qrupunun məsləhətini qəbul etmir və poladla bağlı azad ticarəti qadağan edir. Bazar ticarətin olmadığı şəraitdə tarazlıq vəziyyətində qalır. Hər hansı bir izoland ixtiraçısı polad ilə bağlı məsrəfləri əhəmiyyətli şəkildə azaltmağa imkan verən yeni üsul kəşf edir, lakin onu gizli saxlamağı tələb edir. Təəccüblü odur ki, işi təşkil etmək üçün innovatorun nə fəhlələrə, nə də ki, dəmir filizinə ehtiyacı yoxdur. Poladı yeni texnologiya əsasında istehsal etmək üçün ona lazım olan yeganə xammal taxıldan ibarətdir.
Ixtiraçını dahi hesab edirlər. Həqiqətən də, müxtəlif məhsulların istehsalında poladdan istifadə edildiyi üçün yeni texnologiyanın tətbiqi məhsulun geniş dairəsinin qiymətini aşağı salmağa və bütün izolan­diyalıların həyat səviyyəsini yüksəltməyə imkan verir. Zavodlar bağlanır, metallurqlar işdən azad olunur, lakin son nəticədə onlar başqa sahələrdə özlərinə iş yeri tapırlar. Bəziləri fermerlərə çevrilirlər və ixtiraçının polada çevirdiyi taxıl istehsalı ilə məşğul olmağa başlayırlar. Digərləri izo­land­lıların həyat səviyyəsinin yüksəlməsi nəticəsində yaranan yeni sahələrdə özlərinə iş tapırlar. Ölkənin hər bir sakini başa düşür ki, metallurqların işdən azad edilməsi tərəqqinin zəruri şərtidir.
Bir neçə ildən sonra bir qəzet müxbiri poladın yeni istehsal pro­sesinin sirrini öyrənməyi qət edir: Bu halda o nəyi öyrənir? Sən demə, ixtiraçı ümumiyyətlə, polad istehsal etməmişdir. Bunun əvəzinə o, qanunsuz olaraq xarici alıcılara taxıl göndərmiş, digər ölkələrdən isə metal idxal etmişdir. Ixtiraçının yeganə kəşfi beynəlxalq ticarətin faydalı olması ideyası olmuşdur.
Hökumət bunu bilən kimi «fırıldaqçını» azadlıqdan məhrum etmişdir. Nəticədə, metalın qiyməti dərhal yüksəlmiş, işçilər domna və marten sobalarının yanına qayıtmışlar, Izolandiyada həyat səviyyəsi isə aşağı düşmüşdür. Ixtiraçı barmaqlıqlar arasında oturur və ona göndərilən məhsullardan istifadə edir. O, çox pis ixtiraçı, lakin gözəl iqtisadçıdır.

Top