Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlverişli üsuludur
SSRI və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələrində dövlət iqtisadi fəaliyyəti idarə edən, hansı əmtəə və xidmətləri istehsal etmək, hansı miqdarda və bu işlə kimin məşğul olacağı barədə qərarlar qəbul edən planlaşdırma mərkəzi kimi çıxış edirdi. Mərkəzləşdirilmiş planlaşdırma yalnız dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çiçəklənməsini təmin edəcək səviyyədə təşkil etməsi imkanına malik olması haqda nəzəriyyəyə əsaslanırdı.
Bu gün iqtisadiyyatları mərkəzləşmənin yüksək həddi ilə fərqlənən bir çox ölkələr bu sistemdən imtina etmişlər və bazar təsərrüfatının əsaslarını yaratmağa çalışırlar. Bazar iqtisadiyyatında planlaşdırma mərkəzinin qərarları milyonlarla firma və ev təsərrüfatlarının qərarları ilə əvəz olunur. Kompaniyalar kimi işə götürmək və nəyi istehsal etmək barədə qərarları yalnız özləri qəbul edirlər. Ev təsərrüfatları öz üzvlərinin hansı firmalarda işləməsi və onların gəlirlərindən necə istifadə etmək barədə qərarlar qəbul edirlər. Firma və ev təsərrüfatları bazarında qarşılıqlı əlaqəli qərarların qəbul olunmasının əsasında qiymətlər haqda informasiya və şəxsi maraq durur.
Ilk baxışdan bazar iqtisadiyyatının müvəffəqiyyətləri təəccüb doğurur. Bəzən elə görünə bilər ki, şəxsi maraqları olan milyonlarla ev təsərrüfatları və firmalar tərəfindən qərarların qeyri-mərkəzləşdirilmiş surətdə qəbul olunması mütləq hərc-mərcliyə gətirib çıxaracaqdır. Lakin əslində, bazar iqtisadiyyatının iqtisadi fəaliyyəti səmərəli təşkil etməsi və bunun da iqtisadi çiçəklənməyə gətirib çıxarması üzə çıxdı.
1776-cı ildə məşhur şotlandiyalı Adam Smit «Xalqların sərvəti» kitabında iqtisadi nəzəriyyənin məşhur müddəasını ifadə etmişdir: ev təsərrüfatları və firmalar bazarda qarşılıqlı əlaqədə olaraq sanki «görünməz əl» vasitəsilə idarə olunurlar və bu əl onları arzuolunan bazar nəticələrinə gətirir. Kitabın məqsədlərindən biri də bazarın «görünməz əl» sehrli mexanizmini hissələrə ayırmaqdan ibarət idi. Iqtisadi nəzəriyyəni öyrənərkən siz «görünməz əl» vasitəsilə iqtisadi fəaliyyətin idarə olunmasının əsas alətinin bazar qiymətləri olduğunu biləcəksiniz. Qiymət həm əmtəələrin cəmiyyət üçün dəyərini, həm də onların istehsalına çəkilən ictimai xərcləri əks etdirir. Beləliklə, ev təsərrüfatları və firmalar alış və satış barədə qərarlar qəbul etdikdə, ilk növbədə, qiymətlərə istiqamətlənirlər, onlar özləri də bilmədən öz fəaliyyətlərinin sosial fayda və məsrəflərini qiymətləndirirlər. Sonda alınan nəticə bir çox hallarda bütövlükdə cəmiyyətə maksimal fayda gətirmiş olur.
Digər çox mühüm nəticə aşağıdakından ibarətdir: qiymətlərin tələb və təklifin səviyyəsinə təbii uyğunlaşmasına təsir etməyə cəhd göstərdiyi hallarda dövlət iqtisadiyyatın əsasını təşkil edən milyonlarla ev təsərrüfatları və firmaların qarşılıqlı əlaqəsinin koordinasiyasına maneə törətmiş olur. Buna görə də, dövlət tərəfindən qoyulan vergilər resursların bölgüsünün optimallığı səviyyəsinə mənfi təsir göstərir: vergilər qiymətləri təhrif edirlər və deməli, ev təsərüfatları və firmalar səhv qərarlar qəbul edirlər. Dövlətin qiymətlərə nəzarət etməsi daha çox zərər gətirir. Yuxarıda göstərilənlərin hamısı kommunizmin süqutunun iqtisadi səbəblərini izah edir. Kommunist ölkələrində qiymətlər bazarla müəyyən edilmir, mərkəzi plan orqanı tərəfindən diktə edilirdilər. Sonuncu isə azad bazar qiymətlərinin özündə əks etdirdikləri analoji informasiyanı almaq və təhlil etmək imkanına malik deyildi. Mərkəzləşdirilmiş planlaşdırılma ona görə süquta uğradı ki, hökumət iqtisadiyyatı «görünməz əl»siz idarə etməyə çalışırdı.
PRINCIPLE #6: MARKETS ARE USUALLY A GOOD WAY TO ORGANIZE ECONOMIC ACTIVITY
Həmçinin bax: