Qərarların qəbul edilməsi barədə ilkin nəticə aşağıdakı kimi dürüst ifadə olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşyadan imtina etməyə məcbur olur. Qərarların qəbul edilməsi bir məqsədin digərinə qarşı qoyulmasını tələb edir.
Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən tələbəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxunmasına, ya psixologiyanın öyrənilməsinə, ya da bu iki elmin öyrənilməsinə sərf edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənilməsinə sərf etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqiqəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa, teleproqramları seyr etməyə, istirahətə və ya qonşuluqdakı kafedə işləməyə sərf edə bilər.
Digər bir misal kimi, onun valideynlərinin həll etməli olduqları ailə gəlirlərinin bölüşdürülməsi problemini göstərə bilərik. Onlar bu gəliri yeməyin, təzə geyimin, ya da turist putyovkasının alınmasına sərf edə bilərlər. Bəlkə də, valideynlər gəlirin müəyyən hissəsini «qara gün» üçün saxlamaq, ya təqaüdə əlavə etmək, ya da uşaqların təhsilinə yönəltmək barədə qərar qəbul edəcəklər. Əgər onlar əlavə hər dolları bu məqsədlərin hər hansı birinə yönəltmək barədə qərar qəbul edirlərsə, digər dəyərlərin əldə olunmasına istifadə oluna biləcək pulların dəyəri həmin bir dollar qədər azalır.
Cəmiyyətdə birləşən fərdlər bir çox belə analoji problemlərin həlli zəruriyyəti ilə qarşılaşırlar. «Toplar, yaxud yağ» klassik seçim. Xarici aqressorlara qarşı sərhədlərimizi daha etibarlı müdafiə etmək üçün milli müdafiəyə nə qədər çox xərcləyiriksə (toplar), həyat səviyyəsinin yüksəldilməsinə (yağ) və əmtəələrin istehsalına bir o qədər az resurs yönəldirik. Müasir cəmiyyətdə ətraf mühitin mühafizəsi və gəlirlərin yüksək səviyyəsi arasındakı seçim mühüm əhəmiyyət kəsb edir. Kompaniyalara resursların bir hissəsini təbiətin mühafizəsinə yönəldilməsi barədə qanunvericilik aktı istehsal olunan əmtəə və xidmətlərin dəyərinin artmasına gətirib çıxarır. Istehsal xərcləri artan kompaniyalar daha az gəlir əldə edirlər, öz işçilərinə daha az əmək haqqı ödəyirlər, əmtəələri daha yüksək qiymətlərlə satırlar, yaxud bu üç mümkün variantı kombinə edirlər. Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik aktları cəmiyyət üzvlərinə təbiətin töhvələrindən bəhrələnmək imkanı verdiyi zaman kompaniya sahiblərinin, muzdlu işçilərin və istehlakçıların gəlirləri azalır.
Cəmiyyətin həlli yollarını tapmaq məcburiyyətində qaldığı digər məsələ səmərəlilik və bərabərlik arasında seçim məsələsidir. Səmərəlilik dedikdə, məhdud resurslardan istifadədən cəmiyyətin maksimum mümkün nemətlərin əldə etməsini başa düşürük. Bərabərlik o deməkdir ki, əldə olunan nemətlər cəmiyyətin bütün üzvləri arasında bərabər bölüşdürülür. Başqa sözlə desək, səmərəlilik – iqtisadi piroq, bərabərlik isə onun hissələrə bölünməsi üsuludur. Dövlətin siyasəti dəyişdikdə, çox vaxt səmərəlilik və bərabərlik bir- biri ilə ziddiyyətdə olur.
Misal üçün, iqtisadi nemətlərin ədalətli bölgüsünə nail olunmasına yönəldilmiş siyasəti nəzərdən keçirək. Işsizliyin sığortası, yaxud sosial yardım sistemi kimi dövlət proqramlarının məqsədi ehtiyacı olan cəmiyyət üzvlərinə yardım etməkdən ibarətdir. Digər tərəfdən, gəlir vergisi sistemi maliyyə baxımından daha imkanlı fərdlərin əhəmiyyətli məbləğdə vəsaitlərinin dövlət ehtiyacları üçün verilməsini nəzərdə tutur. Lakin cəmiyyət üzvləri arasında bərabərliyin təmin olunmasına yönəldilmiş tədbirlər səmərəliliyin aşağı düşməsinə gətirib çıxarır. Dövlət tərəfindən varlılardan kasıblara gəlirlərin bölüşdürülməsi gərgin işə görə mükafatlandırmanı dəyərdən salır, bunun da nəticəsində insan əməyinin intensivliyi, əmtəə və xidmətlər buraxılışı aşağı düşməyə başlayır. Başqa sözlə desək, dövlət iqtisadi piroqu daha bərabər hissələrə bölməyə cəhd etdikcə, piroqun özünün həcmini azaldır.
Insanın qərarları öz-özlüyünə qəbul etməməsinin etiraf edilməsi onun hansı qərarı qəbul edəcəyini, yaxud qəbul etməli olduğunu bizə göstərir. Tələbə psixologiyanın öyrənilməsinə yalnız ona görə barmaqarası baxa bilməz ki, bu, ona ekonomiksin problemlərinin daha dərin öyrənilməsinə imkan verəcək. cəmiyyət ətraf mühitin mühafizəsi tədbirlərindən yalnız bu tədbirlərin həyata keçirilməsinə yönəldilmiş xərclərin cəmiyyət üzvlərinin maddi gəlirlərinin səviyyəsinin azalmasına gətirib çıxaracağına görə imtina edə bilməz. Eləcə də, yoxsulluğa yalnız ona görə diqqət yetirməmək olmaz ki, cəmiyyətin köməyi əməyə stimula mənfi təsir göstərir. Seçim zəruriliyinin etiraf edilməsi ona görə xüsusi ilə vacibdir ki, əgər biz onun nəticələrini başa düşürüksə, düzgün qərar qəbul etmək imkanını əldə edirik.