Söz yaranandan bəri insan cəmiyyətində ən çox istehsal edilən və istehlak olunan mal məhz informasiyadır. Söz isə, müqəddəs kitabda deyildiyi kimi, hər şeydən əvvəl yaranıb.
Bəşər tarixi informasiya istehsalının, vasitələrinin və ötürücülərinin inkişafı tarixi ilə üst-üstə düşür. Bugünün qəzetləri, jurnalları, tele- və radiostansiyaları bir zamanlar şamanların, orakulların, carçıların, salnaməçilərin qördüyü işi başqa səviyyədə və müstəvidə davam etdirir. Əlbəttə, indi informasiyanın mənbələri və istehsal prinsipləri, bütövlükdə dövrün tələbatına uyğun olaraq, əvvəlkindən tamam fərqlidir. Mətbuat xidmətləri də həmin tələbatdan doğan həm yeni mənbə, həm də yeni istehsal prinsipi deməkdir.
Yeni mənbə
Hər bir fərd, hər bir təşkilat potensial informasiya mənbəyidir. Mənbənin informativ dəyəri iki göstəricidən asılıdır: birincisi, onun ictimai və siyasi ierarxiyada tutduğu mövqe və statusundan. Məsələn, əgər səkkiz iri binanı əhatə edən əraziyə xidmət göstərən hansısa mənzil-istismar sahəsinin rəhbəri, «köhnə» dildə" desək, «JEK» müdiri" özünə mətbuat xidməti yaratmaq fikrinə düşsə, bu, onun ağlının başında olmasına bizdə ciddi şübhə oyadar. Amma üzvlərinin sayı bir binanın sakinlərindən çox olmayan qeyri-hökumət təşkilatının mətbuat xidməti yaratmasına adi bir şey kimi baxırıq.
İnformasiya mənbəyinin dəyərini müəyyənləşdirən ikinci göstərici bütövlükdə cəmiyyətdə demokratiyanın səviyyəsindən ibarətdir. Məsələn, indi Respublika prokurorluğunun mətbuat xidmətinin məlumatlarının vaxtaşırı qəzetlərdə dərc olunmasına o qədər öyrəşmişik ki, bir-iki həftə dalbadal prokurorluğun səsi çıxmayanda özümüzü narahat hiss edirik. Amma yaşı otuzu keçmiş jurnalistlər çox yaxşı xatırlayırlar ki, sovet dövründə nə prokurorluqda, nə ədliyyə sistemində, nə gömrük idarəsində belə qurumlar yerli-dibli yox idi və onlara ciddi ehtiyac da hiss olunmurdu.
Demokratiya inkişaf etdikcə, cəmiyyətin buzu açılır, insanların siyasi və iqtisadi fəallığı artır. Seçmək hüququnu reallaşdırmaq istəyən seçici namizədlər, dövlət orqanlarının və siyasi partiyaların proqramları, ictimai təşkilatların ədalətli seçkilərin keçirilməsini təmin etmək istiqamətində fəaliyyəti haqqında ətraflı informasiya tələb edir. Yemək, geymək, gəzmək istəyən hər bir vətəndaş iqtisadiyyatda və sosial həyatda baş verən dəyişikliklər, hökumətin bu sahədə qəbul etdiyi yeni normativ sənədlər, istehlakçıların mənafeyini güdən QHT-nın gördüyü tədbirlər barədə mütəmadi məlumat almaq istəyir. Haqqını tələb edən insan Milli Məclisin fəaliyyətinə, ədalət məhkəməsinin işinə, hüquq müdafiəçilərinin tədbirlərinə daimi maraq göstərir. Nəticədə, dövlət strukturları, siyasi və ictimai institutlar əhalidən, konkret desək, onun marağını ifadə edən, mikrofon, diktofon, fotoaparatlarla silahlanmış jurnalistlərdən güclü təzyiq hiss edirlər. Digər tərəfdən, dövlət orqanları və siyasi təşkilatlarla yanaşı, QHT özləri də informasiyanı mümkün qədər geniş kütləyə çatdırmaqda get-gedə daha çox maraqlı olurlar. Buna onları ictimai rəyin artan rolu, cəmiyyətdə dayaqlarını genişləndirmək və dəstək əldə etmək, habelə gördükləri (bəzən hətta görmədikləri) işə mümkün qədər yaraşıqlı don geyindirmək istəyi məcbur edir. Beləliklə, bu iki amilin «izdivacından» yeni qurum, jurnalistlər və əhali üçün isə çox mühüm informasiya mənbəyi — mətbuat xidməti yaranır.
Yeni istehsal prinsipi
Mətbuat xidmətinin öncədən iki başlıca funksiyası olub: maraqlarını qoruduğu təşkilatın mətbuatla və mətbuat vasitəsi ilə cəmiyyətlə əlaqələrini təmin etmək, onun fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və həmin təşkilatın rəhbərliyini müxtəlif sahələr üzrə mətbuatda gedən informasiya ilə, habelə ictimai rəylə tanış etmək, bu əsasda müvafiq sənədlər hazırlamaq. Son dövrlər mətbuat xidmətlərinə üçüncü bir funksiya da aid edilməyə başlayıb: imic yaratmaq, pablik rileyşnz səhasində tədbirlər həyata keçirmək.
Deməli, mətbuat xidməti təşkilat-cəmiyyət və ya lider- cəmiyyət formulu üzrə ikitərəfli əlaqə yaradır.
Mətbuat xidmətlərinin konkret vəzifələrinə press-relizlər və rəsmi məlumatlar tərtib etməkdən savayı, brifinqlər keçirmək, liderlərin mətbuat-konfranslarını və müsahibələrini hazırlamaq, bəzən hətta onların çıxışlarını yazmaq da daxildir. hərçənd, sonuncu vəzifə çox az-az hallarda mətbuat xidmətlərinin öhdəsinə qoyulur, bunun üçün əksər siyasətçilər xüsusi hazırlığa malik spiçrayterlərlə (mətnyazanlarla) işləməyə üstünlük verirlər.
Deyilənlərdən əlavə, mətbuat xidmətləri monitorinqlər keçirir, mətbuat xülasələri, bülletenlər, daxili istifadə üçün nəzərdə tutulan müxtəlif sənədlər hazırlayır. Nəzərdə saxlamaq lazımdır ki, mətbuat xidməti də, prinsipcə, kütləvi informasiya vasitəsidir: onun öz efiri yoxdur, amma ağıllı tərpənsə, eyni vaxtda bir neçə kanalla efirə çıxa bilər; onun qəzeti yoxdur, lakin işini düz qursa, bir gündə bütün aparıcı nəşrlərin birinci səhifəsini tuta bilər. Sadəcə olaraq o, konkret maraqlara xidmət edir və mətbuat xidmətinin hazırladığı məhsul tamam başqa — spesifik bir prosesin nəticəsidir.
Press — reliz
- Press-reliz lazımi informasiyanı jurnalistlərə çatdırmağın ən geniş yayılmış üsuludur. Press-reliz tərtib edərkən aşağıdakı qaydalara əməl etmək vacibdir:
- Press-relizə lazımi forma verin: təşkilatın rəsmi blankından istifadə edin, blankda ünvanın,telefon nömrələrinin və əlavə məlumat üçün kiminlə əlaqə saxlamağın lazım olduğunu göstərən qeydlərin olmasına fikir verin;
- Diqqəti cəlb edin.
- elə başlıq seçin ki, jurnalisti o dəqiqə maraqlandıra biləsiniz, başlığı iri hərflərlə çap edin;
- ən vacib informasiyanı birinci abzasda verin, əgər başlıq və ilk abzasla jurnalistin diqqətini cəld edə bilmədinizsə, bilin ki, sizin press-relizinizi ondan başqa heç kim görməyəcək;
- Uzunçuluq etməyin — çalışın ki, mətniniz bir səhifədən çox olmasın;
- Konkret və aydın yazın — press-relizin oxunaqlı olmasının qeydinə qalın, lakin ştamplardan kənar olun, yalnız hamıya aydın olan parlaq obraz və misallardan istifadə edin; press-relizin həsr olunduğu məsələyə dair təşkilatın rəhbərliyinin münasibətini bildirən sitatlardan istifadə edin;
- Altı suala cavab verin. mətni elə tərtib edin ki, altı jurnalist sualına cavab tapmaq mümkün olsun: kim, nə, nə vaxt, harada, niyə və necə? Əgər suallardan bircəciyi cavabsız qalsa, işiniz çətinliyə düşə bilər;
- İki göz də borc alın — mütləq bütün orfoqrafik səhvləri düzəldin. Adda, tarixdə və hətta adi sözdə buraxılan hərf səhvi jurnalistin informasiya mənbəyinə inamını azaldır.
Mətbuat konfransı. Görüş yerini və vaxtını dəyişmək olmaz
- Mətbuat konfransı üçün vaxt təyin edəndə qəzetlərin çap qrafikini nəzərə alın. Əmin olun ki, həmin gün böyük rəsmi tədbir və ya mətbuatın diqqətini yayındıracaq heç bir hadisə olmayacaq. Mətbuat konfransından 2 gün əvvəl kütləvi informasiya vasitələrinə xəbər çatdırın. Sonra isə zəng vurub konfransın keçiriləcəyini xatırladın, əlavə informasiya verin.
- Tədbiriniz üçün əlverişli yer seçin. Yaxşı olar ki, həmin yerin mövzu ilə və ya bəyanatınızla bağlı rəmzi mənası da olsun. Bu, xüsusən, TV üçün vacibdir.
- Jurnalistlər üçün süni çətinliklər yaratmayın: bu, onların ilkin əhval-ruhiyyəsinə və tədbirinizin gedişinə təsir edə bilər. İnteryerə fikir verin, texniki avadanlığı yoxlayın. Televiziya çəkilişlərinə heç nə mane olmamalıdır. Sizin mətbuat xidmətinizin tədbirin bütün gedişini lentə yazması vacibdir. Ehtiyatlı adamı Allah da qoruyur, kim bilir, bəlkə sözləriniz təhrif edildi.
- Çalışın ki, mətbuat konfransının yerini və vaxtını dəyişməyəsiniz. Mətbuat konfransına elə hazırlaşın ki, elə bil rəqiblə görüşə gedirsiniz, amma jurnalistləri dost kimi qarşılayın.
Ev hazırlığı və ya yaxşı olar ki, ekspromtsuz keçinəsiniz
- Mətbuat konfransına ciddi hazırlaşmaq lazımdır. Siz, yəqin, təcrübənizdən bilirsiniz ki, jurnalistlər ictimai və ya siyasi xadimi hansı məsələdəsə «tutmağı», dolayı suallarla onu çətin vəziyyətə salmağı xoşlayırlar. Ona görə də mühüm suallara, xüsusən, onlardan sizin üçün daha xoşagəlməz olanlarına qabaqcadan cavablar hazırlayın. Fransızlar nahaq demirlər ki, "öncədən görə bildiyin təhlükə, artıq təhlükə deyil".
- Unutmayın ki, mətbuat konfransı konkret mövzuya həsr olunsa və jurnalistlər sizə çox həvəslə qulaq assalar da, onlar heç vaxt təklif olunan mövzu çərçivəsində qalmırlar.
- Daha bir məsləhət: danışmaqla işinizi bitmiş hesab etməyin, jurnalistlərin əvəzinə yazmağa da çalışın. Mətbuat konfransından qabaq dəvət olunanlara çıxışınızın qısa mətni yazılmış press-reliz paylayın. İctimaiyyətə tam dəqiqliyi ilə çatdırmaq istədiyiniz tezis və fikirləri həmin mətnə daxil edin. Press-relizə tədbirlə bağlı digər materiallar da əlavə oluna bilər.
- Tədbirinizdə iştirak edə bilməyən jurnalistlərə sənədlər paketi göndərməyi yaddan çıxarmayın.
Uğurlu başlanğıc müvəffəqiyyətin rəhnidir
- Mətbuat konfransı siz zalda görünən andan başlanır. Bu isə, düz təyin olunmuş vaxtda baş verməlidir. Dəqiqlik təkcə kralların nəzakəti deyil. Bir də ki, bu, yaxşı təəssürat deməkdir.
- Aydın və səlis danışın. Telekameralara, fotoaparatlara və mikrofonlara fikir verməyin. Elə bilin ki, özünüzə ən yaxın saydığınız, rəyini xüsusilə qiymətləndirdiyiniz seçicilərinizlə görüşürsünüz.
- Konfransı mətbuat katibi ilə birlikdə keçirməyiniz daha məqsədəuyğundur. O zaman söz istəyənlərə növbəsini xatırlatmalı olmayacaqsınız və hər kiçik şey diqqətinizi yayındırmayacaq. Həm də bu, sizə bir çox üstünlüklərinizi xüsusi nümayiş etdirməyə imkan verər. Bəzən hətta mini-tamaşa da qura bilərsiniz. Məsələn, aparıcı, sizi arzuolunmaz sualdan xilas etmək, çətin vəziyyətdən çıxarmaq üçün jurnalistə deyir ki, bu sual mövzudan kənardır, siz isə təşəbbüsü ələ alıb birbaşa cavab verirsiniz. Ya da mətbuat katibi konfransın bitdiyini elan edir, siz isə alicənablıq göstərib, «bayaqdan əl qaldıran o-o-o… cavan jurnalistə» də" söz verirsiniz.
- Son zamanlar çoxlarını belə bir problem düşündürür: «Mətbuat konfransını necə aparmalı: ayaq üstə, yoxsa oturmuş vəziyyətdə?» Əslində, jurnalistlərin əksəriyyəti üçün bunun heç bir əhəmiyyəti yoxdur. Hansı variant sizə rahatdırsa, onu seçin. Yalnız təbii və səmimi olun. Bu iki amil sizi istənilən çətin vəziyyətdən çıxaracaq.
- Hər halda yadda saxlayın ki, bir qayda olaraq, aparıcı brifinqi ayaq üstə, mətbuat konfransını isə masa arxasında oturaraq keçirir.
- Mətbuat konfransını bəyanatla başlamaq daha yaxşıdır, bu bəyanatda siz jurnalistləri dəvət etməkdə məqsədinizi və müzakirə olunacaq əsas məsələ barəsində fikirlərinizi tezis şəklində açıqlaya bilərsiniz. Çıxış zamanı özünüz-özünüzə veriləcək sualları «hazırlamağı» da unutmayın.
İstedadın əkiz bacısı
- Sizin bəyanatınız qısa (5-8 dəqiqə) və maraqlı olmalıdır. Çıxış uzun və təfsilatlı olanda, jurnalistlərin verməyə az sualı qalır. Bu da nəinki mətbuat konfransını maraqsız edir, həm də jurnalistlərin «ağıllı» suallar" vermək bacarığını nümayiş etdirmək imkanını onların əlindən alır. Sonuncusu isə, inanın ki, jurnalistlərin özləri üçün heç də sizin qiymətli fikirlərinizdən az əhəmiyyət kəsb etmir. Ona görə də qısa danışın, müxbirlərdə maraq oyadın, onlara elə «alayarımçıq» informasiya verin ki, bu informasiyadan sizə «lazım olan» suallar" doğsun.
- Bəyanatın sonunda sual-cavablara vaxt ayırın — bunun üçün yarım saat kifayətdir. Mətbuat konfransı uzun və darıxdırıcı olmamalıdır. Lazım olsa, siz vaxtı uzada da bilərsiniz, amma heç vaxt elan etməyin ki, sonadək bütün suallara cavab verməyə hazırsınız. Tədbiri ona maraq sönməmiş yekunlaşdırmaq lazımdır. Maraq tükənəndə, jurnalistlər ən «iynəli»" suallarını verməyə başlayırlar.
- Unutmayın, mürəkkəbi litrlərlə, kağızı isə tonlarla işlədənlərə qarşı heç vaxt müharibə aparmayın. Və bu aforizmin nə dərəcədə doğru olub-olmadığını öz təcrübənizdə yoxlamaq fikrinə düşməyin.
Hər sözünüzü nəzarətdə saxlayın
Mətbuat konfransının ən çətin aspekti də elə budur. Bəzən elə axmaq sual verilir ki, istəyirsən onu lağa qoyasan. Yaxud elə zəhərli sual səslənir ki, adamı özündən çıxarır, çox kəskin söz deməyə sövq edir. Və nəhayət, həddən artıq ağıllı suallar da olur ki, onlara cavab verməzdən qabaq dərindən düşünüb-daşınmaq istəyirsən.
Bunların heç birini etməyin. Heç vaxt, hətta ən küt sualla üzləşəndə belə şəxsiyyətə toxunmayın. Siz həmin sualı verənə qarşı onun qələm yoldaşlarından daha kəskin tənqidi mövqe tuta bilməzsiniz. Odur ki, zarafata salın, mətbuat konfransının digər iştirakçılarına sizin incə yumor hissinizdən zövq almaq imkanı verin. Sözlərinizə daim nəzarət etməyi bacarın. Ən acı, «düşmən» sualları belə ironiya ilə qarşılayın. Amma səhv salmayın — sarkazmla yox, ironiya ilə, yoxsa tələyə düşərsiniz. Özünüzü elə aparın ki, qabağınızda düşmən yox, sadəcə məlumatsız, yaxud səhv məlumata malik (hətta əgər bu, belə deyilsə də) bir şəxs dayanıb. Bununla siz alicənablığınızı nümayiş etdirərsiniz.
Cavabdan yayınmağın sınanmış bir yolu var: sualı yarımsuallara parçalayın, onlardan bir neçəsinə təfsilatı ilə cavab verib, digərlərini — əslində isə cavab vermək istəmədiyiniz hissələri kölgədə qoyun.
Əgər suala ümumiyyətlə cavab verə bilmirsinizsə, yaxud bunun üçün kifayət qədər hazırlığınız yoxdursa, üç şeydən ehtiyatlanın: özünüzü eşitməzliyə vurmaqdan, yalan danışmaqdan və elə yerindəcə cavab tapmaq üçün fikirləşməkdən. Sonuncusu jurnalistlərdə elə təsəvvür yarada bilər ki, «sizi yaman yerdə yaxalayıblar». Odur ki, sualı zarafata salın, ya da bərk ayaqda buna bənzər bir şey deyin: «Vəziyyət hələ tam aydınlaşmadığı üçün hələlik dəqiq fikir söyləmək olmaz, qeyri-dəqiqliyə isə yol vermək istəmirəm», ya da: «Mən bu barədə fikirləşmişəm, amma tam informasiyam olmadığı üçün hələlik qərara gəlməmişəm, söz verirəm ki, qərarım haqqında birinci Sizə məlumat verəcəyəm». (Sonradan jurnalistə verdiyiniz bu vədi isə hökmən yerinə yetirin).
Sual verənə adıyla müraciət etməyin də böyük rolu var. Ümumiyyətlə, çalışın cavabınızı ünvanladığınız jurnalistin adını çəkəsiniz, onu tanıdığınızı, şəxsən ona müraciət etdiyinizi göstərəsiniz.
İctimai və ya siyasi xadim hansısa məsələ ilə bağlı öz rəyini cəmiyyətə çatdırmaq istəyirsə, bunun üçün onun bu rəyi jurnalistə bildirməkdən yaxşı yolu yoxdur. Odur ki, mətbuat işçiləri ilə yaxşı münasibətlər qura bilməkdən çox şey asılıdır.
Mətbuat konfransının axırında bütün iştirakçılara təşəkkür edin, sonra isə otağı tərk edin. Hamının gözü qarşısında göstərməyin ki, siz jurnalistlərdən kiməsə daha çox diqqət yetirir, sual-cavabdan sonra onunla ayrıca söhbəti davam etdirirsiniz.
Mənbə İlham Məmmədov
Mətbuat Xidməti və İctimai Əlaqələr kitabı