Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxanması ola bilər.
Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.
Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir.
Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxanma yaranır.
Tıxanmanın yaranma səbəbi:
- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;
- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;
- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;
- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;
- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi.
Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxanmanın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.
Qulaq kirinin təmizlənməsi:
- 1.Əvvəlcə qulaqdakı tıxanmanı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxanma tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxanmanın hissəcikləri də xaric olunur. Çirk tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq lazımdır.
- 2.Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı küncüt yağına xırda doğranmış və ya əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.
Qulaq tıxanmasını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.
Mənbə: Herba Flora jurnalı