Şərqdə muğam dəstgahlarının ilk ifaçısı

Şərqdə muğam dəstgahlarının ilk ifaçısı

Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qədim sənətkar, səhnəmizin lirik Leylisi, ustad xanəndə, muğam və mahnılarımızın ilkinliyini ustalıqla qoruyaraq, nəsildən-nəsilə ötürən, Xalq artisti Sara xanım Qədimovanın yaradıcılıq yolu yeni nəsillər üçün əsl vətənpərvərlik, fədəkarlıq və sənətə sədaqət nümunəsi olmuşdur. O, xalqımızın qəlbində əbədi məskən salmış sənətkar olaraq mahnı və muğamlarımızın ifaçısı kimi Cabbar Qaryağdıoğlu, Bülbül, Seyid Şuşinksi, Xan Şuşinski, Rəşid Behbudov, Həqiqət Rzayeva kimi qüdrətli sənətkarların sırasımda layiqli yer tutmuşdur. O, ecazkar səsi ilə yeni həyat verdiyi mahnı və muğamlar Azərbaycan musiqi sənətinin qızıl fonduna həmişəlik daxil olmuşdur.
Sara xanımın böyük sənətinin sirlərini öyrənərkən belə təsəvvür yaranır ki, onun səsi Allah vergisidir. Eyni zamanda istedadın qanla, genlə nəsildən-nəsilə keçdiyini nəzərə alsaq, demək olar ki, onda ifaçılıq istedadının yaranmasında atasının böyük təsiri olmuşdur. Eyni zamanda bu xanımda böyük fədakarlıq, daim öz üzərində işləmək, sənətini cilalamaq, təkmilləşdirmək, sələflərindən öyrənmək, zəhmətkeşlik, çalışqanlıq var idi.
Sara Qədimova
Onun atası Bəbiş kişi əslən Ağdam rayonunun Gülablı kəndindən idi. Bir qarabağlı kimi musiqiyə, xüsusilə muğamlarımıza böyük maraq göstərirdi. Muğamları yaxşı bilir, hərdən pəsdən oxumağı da var idi. İslam Abdullayev, Zülfü Adıgözəlov, Qurban Pirimov, Xan Şuşinski tez-tez Bəbiş kişinin evinə toplaşar, muğamlardan və xalq mahnılarından söhbət açardılar. Bu mühit balaca Saranın sənət seçimində mühüm rol oynayır. Uşaq yaşlarıdan mahnı ifa etməyi başlayan Sara Qədimovanın gələcəkdə müğənni olacağına şübhə yeri qalmırdı. Sara orta məktəbdə və Tibbi Texnikumunda bayram konsertlərində mahnılar oxuyardı. Onun bu qabiliyyəti görkəmli xanəndə Zülfü Adıgözəlovun diqqətindən yayınmadı. Zülfü bəy 16 yaşlı Saranı Əlilov adına Mədəniyyət evində rəhbərlik etdiyi musiqi dərnəyinə cəlb etdi. O, yeniyetmə qıza xalq mahnılarını öyrətdi. Zülfü bəy Saranın ifasını çox bəyənirdi. O, deyirdi ki, sən gələcəkdə hökmən böyük səhnəyə çıxmalısan, Filarmoniyaya getməlisən.
1938-ci ildə bədii özfəaliyyət kollektivlərinə respublika baxışı keçirlildi. Əbilov adına Mədəniyyət evinin solisti Sara Qədimovanın bu baxışda oxuduğu “Qatar” muğamı munsiflər heyyətinin üzvləri Üzeyir Hacıbəyovu, Hüseyinqulu Sarabskini, Əhmədxan Bakıxanovu məftun etdi. Elə oradaca Üzeyir bəy Saranı A.Zeynallı adına musiqi məktəbində dərs deyən H.Sarabskiyə tapşırdı və dedi ki, bundan sonra sənin nəzərlərin bu gənc qızın üzərində olsun.
1938-1941-ci illərdə Sara xanım H. Sarabskinin sinifində muğamdan dərs  alır, muğam ifaçılığını xeyli zənginləşdirir və oxumaq təcrübəsini get-gedə artırır.
1941-ci ilin sentiyabr ayında indiki Musiqili Komediya Teatrının binasında, maraqlı bir konsert olur. H. Sarabski şagirdləri ilə burada “ Rast” muğamını ifa edirlər. Muğamın bəm və orta hissələrini Şövkət Ələkbərova, Gülağa Məmmədov, Hüseyinqulu Sarabski, ən zil yerlərini isə Sara ifa edir. Yazıçı Qılman İlkinin bu konsertlə bağlı xatirələrindən:
— Müharibə yenicə başlamışdır. Hamı dərd-sər içində idi. Həmin konsterdə Üzeyir Hacıbəyov ön sırada əyləşmişdir. H. Cavidin ailəsi də onun yanında oturmuşdu. Mən də çox çətinliklə konsertə bilet tapa bildim. “Rast” muğamı böyük alqışlarla oxunub qurtardıqdan sonra Hüseyinqulu Sarabski səhnədə bir qədər irəli keçib gənc ifaçıları təqdim etdi və dedi: “Şövkətlə Gülağanın üslubu estrada ifaçılığına daha yaxındır. Sara isə sırf xanəndədir". Üzünü onlara tutdu və dedi ki, hər biriniz öz yolunuzu müəyyən etməlisiniz.
Üzeyir bəy və Hüsüyinqulu Sarabski istedadlı şagirdinin gözəl səsini və muğam ifaçılığını qoruyub saxlamasına çalışırdılar. Məhz H. Sarabskinin son dərəcə həssas, qayğıkeş münasibəti, rəhbərliyi sayəsində Sara peşəkarlığa yiyələnir.
Həmin vaxtdan etibarən və sonralar da gənc Sara muğamların və mahnıların mahir ifaçısı kimi Ü. Hacıbəyovun gözlərində bir nömrəli sənətkarlardan birinə çevrilir.
Sara xanım mahnı ifaçılığı ilə yanaşı bütün əsas muğamlarımızı ifa etmiş yeganə qadın xanənədə idi. Ona qədər qadın müğənnilər yalnız “Şahnaz”, “Qatar” və “Segah” muğamlarını oxuyardılar. 1943-cü ildə 21 yaşındaykən Hüseyinqulu Sarabski və Zülfü Adıgözəlovdan “Rast”, “Mahur-hindi”, “Bayatı şiraz” və digər çətin muğamları öyrənib oxumağa başladı. Hətta bir dəfə Cabbar Qarayağdı oğlu və Seyid Şuşinskinin yanında Qurban Pirimov və Qılman Salahovun müşayəti ilə “Mahur hindi” muğamını ifa edib, onların xeyir-duasını aldı. Əvvəllər bu muğamları qadın müğənnilər ifa etməzdilər. Belə bir fikir kök salmışdır ki, guya qadın səsi bu muğamları ifa etməyə qadir deyil. Bütün bu steorotipləri ilk dəfə sındıran Sara xanım Qədimova olmuşdur.
Yüksək virtuoz ifa imkanlarına baxmayaraq, Sara xanımın əsas qüdrəti muğamlarda idi və yaradıcılığında muğam əsas yerdə dururdu. Bu qədim milli musiqi sahəsində o, çox uca bir zirvəyə yüksəlmişdir. Sara Qədimova muğamın əsas kökünü, saflığını və klasik ifa tərzini saxlamağa olduqca diqqət edirdi. O, sözün həqiqi mənasında monumental muğam ifaçısıydı.
1965-ci ildə xanəndələrin çox ehtiyyatla müraciət etdikləri son dərəcə mürəkkəb ”Şur dəstgahı” və “Cahargah” muğamını oxumağa başladı. “Cahargah” muğamını Seyid Şuşinskidən, ”Şur dəstgahı”nı isə Hacıbaba Hüseyinovdan və Bəhram Mənsurovdan öyrənmişdir. “Şur dəstgahı” xanəndənin muğamda əsas möhürüdür. Sara xanım həm də “Şur dəstgahı”nı öz kökündə oxuyan ilk qadın ifaçı olub. “Şur dəstgahı”nı oxumaq müğənnilərə çox çətindir. Buna baxmayaraq, Sara dəstgaha görə həm qəzəl seçməkdə, həm də onu ifa etməkdə mahir sənətkar idi. Muğam aləmində qadın müğənnilər arasında bu görünməmiş işdir. “Görünməmiş iş” adlandırılan bu uğurun əsas səbəbi xənəndənin görünməmiş səsində idi. Seyid Şuşinski qeyd edirdi ki, Sara xanımın səs diapozonu çox geniş olduğu üçün, onun səsi muğam ifaçılığına çox yatımlıdır. Ona görə də o, musiqimizin incisi olan mürəkkəb muğamlarımızın ən məşhur ifaçılarından biri kimi şöhrət qazanmışdır, Qadın xanənədələr arasında “Mahur hindi”, “Xarici segah” və “Şur dəstgahı” muğamlarının ilk ifaçısı Sara xanım Qədimova olmuşdur. Bu ağır və çətin muğamları oxumaq xanəndədən böyük məharət tələb edirdi. Xanəndələrdən Rübabə Muradova, Qəndaf Quliyeva və başqaları”Xarici segah” muğamını öyrənərkən, Sara xanımın “Xarici segah” muğamına müraciət etmişlər. Uzun illər onu tarda müşayət etmiş Bəhram Mansurovun dediyinə görə, Sara xanımın səsi və nəfəsi tarın bütün pərdələrinə çatır, hətta ötüb keçirdi, belə bir səs diapozoni ilə muğam oxuması heç bir azərbaycanlı qadın xanəndələrdə  görünməmişdi və belə bir səs registrinin nəticəsiydi ki, o əsasən kişi xanəndələrin oxuduğu “Rast”, “Bayatı-Şiraz”, “Mahur-hindi” və “Cahargah” dəstgahlarında da onlardan geri qalmırdı. Bir sözlə Sara Qədimova muğamda nə oxuyubsa, hamısını məktəb səviyyəsində oxuyub və xoşbəxtlikdən, əksər ifaları səs xəzinəmizdə qorunub saxlanır. Yüksək musiqi duyumu və klassik şeir savadı olduğundan muğamın estetik-fəlsəfi mahiyyətini ustalıqla çatdırırdı. Muğamda istifadə olunan bütün qəzəlləri əzbərdən bilirdi və heç bir qadın xanəndə onun qədər qəzəl bilmirdi.
Xanəndələr və müğənnilər öz aralarında Sara xanımı “qəzəlxan” adlandırırdılar. Çünki o, savadlı xanəndə idi. Əvvəllər oxuduğu Tibbi Texnikamunu əla qiymətlərlə bitirdiyinə görə, imtahan vermədən Tibbi Universitetinə qəbul olunmuşdur. Akademik Zərifə Əliyeva ilə bir qrupda oxuyurdu. Musiqi dünyası onu daha çox cəlb etdiyinə görə dördüncü kursda institutu buraxıb, öz taleyini həmişəlik incəsənətə bağladı.
O, yüzdən çox qəzəl bilirdi. Bir dəfə ifa etdiyi qəzəli, ikinci dəfə oxumazdı., Fizulinin, Nizaminin, Nəsiminin, Hüseyin Cavidin, Mikayıl Müşviqin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidi, İran şairi Əbülhəsən Racinin, Qarabağ şairlərindən Məşədi Əyyub Bakinin və Natəvanın çoxlu qəzəllərini bilirdi. Hətta kişi xanəndələrə qəzəl lazım olanda Sara xanımdan alırdılar.
Sara xanımı zamanəsinin xanəndələrindən fərqləndirən daha bir üstün cənəti var idi. İti hafizəsi olan Sara xanım ən mürəkkəb qəzəli 4-5 dəfə oxuyandan sonra əzbər öyrənirdi. Az-az adamların yaddaşı bu qədər güclü ola bilərdi. Qəzəllərin sözlərini hərifbəhərif tələffüz edərdi. İkinci bir belə xanım xanəndə tapmaq çətindir ki, qəzəlləri bu dərəcədə səlis bilsin və ifa etsin. Əruz vəznini və əruz qafiyəsini yaxşı bildiyindən, qəzəlləri də gozəl və düzgün oxuyardı.
Gənc Sara Üzeyir Hacıbəyovun ümid bəslədiyi müğənnilərdən biri idi. Ondan daim muğayət olur və qayğı ilə yanaşardı. Gənc qızın tərbiyəsi və inkişafı məsələsini nəzərə alardı. Hüseyinqulu Şarabskinin muğam sinifini bitirdikdən sonra o, 1941-ci ildə yanvar ayının 17-də 19 yaşında Azərbaycan Dövlət Filarmonoyasına solist qəbul olundu. Filarmoniya o illərdə mədəni-maarif müəssisələri arasında xüsusi çəkisi olan bir sənət ocağı idi. Ora müqəddəs bir məbədgah kimi sayılırdı. Çalıb, oxumağı bacaranlar Filarmoniyaya solist olmaq üçün sinov gedirdilər. Hələ bu yaşda heç kəs böyük səhnədə oxumağa cürət etməzdi. Onunla bir sinifdə muğamları öyrənən Şövkət Ələkbərova və Gülağa Məmmədov, həmçinin Fatma Mehrəliyeva və Əbülfət Əliyev Sara xanımdan 5 il sonra 1945-ci ildə Filarmoniyaya solist qəbul ediləcəkdilər. Əlbəttə Üzeyir bəyin razılığı olmadan Filarmonyaya heç kəs solist qəbul oluna bilməzdi. Tarzən Qurban Pirimov deyərdi ki, Sara Filarmoniyaya gələndə, burada 7 nəfər xanəndə və tarzən var idi. Onların hamısının yaşı 40-dan çox idi. 19 yaşlı qızın Filarmoniyaya gəlişi böyük maraq doğurdu. Bu bəstboy, deyib gülən, şən çöhrəli qız Filarmoniyaya bir canlılıq, bir hərarət gətirmişdir. Az sonra Sara Filarmoniyanın sayılıb-seçilən “ulduzlarından” biri oldu. Uzun illər Üzeyir bəyin katibi olmuş Ramazan Xəlilovun xatirələrindən: Sara çox geniş səs imkanlarına malik olduğuna görə Üzeyir Hacıbəyov ona daim istiqamət verir və düzgün yol göstərirdi. Onun ailə tədbirlərində Bülbüllə yanaşı gənc Sara da iştirak edirdi. Üzeyir Hacıbəyov “Qara göz” və “Şəfqət bacısı” mahnılarını qadın müğənnilər araslnda ilk dəfə Sara xanıma etibar etmişdir. O, respublikanın bütün bayram tədbirlərində Sara Qədimovanı konsert proqramlarına daxil edirdi. Hələ uşaqikən ata-anasını itirib tənha qaldığına görə, Üzeyir bəyin arvadı Məleykə xanım da onu öz qızı kimi sevərdi.
Sara xanım Filarmoniyada yenicə işə başlamışdır ki, Böyük Vətən müharibəsi başladı. Gənc qız hələ müharibənin nə olduğunu bilmirdi. Hər gün məhəllələrdə oğlunu, ərini, qardaşını davaya yola salan anaların, bacıların və gənc qadınların vay-şüvəni eşidilərdi.
Filarmoniyanın solisti kimi tez-tez cəbhə bölgələrində olmalı idi. Qışda qarın, yağışın və palçığın içində əsgərlər qarşısında çıxış etmək hər müğənninin işi deyildi. Çox gənc olan, 19 yaşlı yeniyetmə qızın kişi kimi qorxmadan, cəbhə bölgələrinə getməsi, sonralar onun xasiyyətində bu keyfiyyəti qabartdı. O, çətin günlərdə əsgərlərin qarşısına cəsarətlə çıxması, səhnədə mərdi-mərdanə dayanması, muğam və mahnıları böyük şövqlə ifa etməsi böyük maraq doğururdu.
Bir dəfə Səməd Vurğun, Qurban Pirimov, rəqqasə Leyla Bədirbəyli, akademik Heydər Hüseyinov, Vera Şirye, Zülfü Adıgözəlovla birlikdə Sara Qədimova cəbhə bölgələrinə gedirdi. Odövrdə Mahnı və Rəqs ansanblılının rəqqasəsi olan Leyla Bədirbəylinin xatirələrindən:
— Qatarla yol gedirdik. Səməd Vurğun gənc Saraya yaxınlaşıb soruşdu: -Qızım, gözəl səsin var. Bir neçə konsertində olmuşam. Oxumağın xoşuma gəlir. Cəbhədə əsgərlər üçün nə oxuyacaqsan?
Sara ayağa qalxıb imtahan verən şagird kimi əllərini yanına saldı:
-“Segah”muğamını, Üzeyir bəyin “Şəfqət bacısı”, “Kürdün gözəli”, “Qubanın ağlaması” mahnılarını – deyə cavab verdi.
Səməd Vurğun nə fikirləşdisə, elə bizim yanımızda cibindən “Avrora” siqaretini çıxarıb, onun  üstünə bir şer yazıb, Saraya uzatdı. Bu şeri sənə həsr edirəm. Onu əzbərlə və “Segah” üstündə oxu –dedi.
                                        Yenə qılıncını çəkdi üstümə,
                                        Qurbanı olduğum o ala gözlər.
                                        Yenə cəllad olub durdu qəsdimə,
                                        Qələm qaş altında o ala gozlər.
                                        Gərdəni minadır, boyu tamaşa ,
                                        Ay da həsrət çəkir o qələm qaşa.
                                        Bir cüt ulduz kimi verib baş-başa,
                                        Yanıb şölə saçır camala gözlər.
Sara Qədimova cəbhədə verilən konstertlərin hamısında “Segah” muğamını S. Vurğunun yuxarıdakı şeiri ilə başlayırdı. Kim nə deyir desin, bizim hamımızda belə bir fikir yarandı ki, Səməd Vurğun o şeiri Sara xanıma həsr etmişdir.
Sara xanımın ifasında “Segah” muğamına şair məftun olurdu. O, deyirdi ki, bu muğamı Saranın ifasında dinləyəndə ruhu dincəlir.
1956-cı ildə Səməd Vurğun ağır xəstə idi. May ayının 12-də Opera və Balet teatrında şairin 50 illik yubileyi qeyd olunurdu. Səməd xəstə olduğu üçün tədbirdə iştirak edə bilmirdi.Yubileyə radioda qulaq asırdı.Yubleyin bədii hissəsi S. Vurğunun sevdiyi muğam və mahnılardan təşkil olunmuşdur. Sara xanım yubley konsertində “Segah” muğamında şairin yuxarıdakı şeirni ağlaya-ağlaya oxudu. Sara xanım ömrünün son günlərinə qədər hər dəfə Xavər xanımla Aybəniz onunla görüşərkən qucaqlaşır və hönkü-hönkür ağlayardılar.
1946-cı ildə Üzeyir Hacıbəyovun təklifi ilə Sara Qədimova Moskva şəhərində keçirilən estrada müğənnilərinin ümumittifaq müsabiqəsinə göndərildi. O, burada Nizaminin qəzəli ilə “Şahnaz” muğamını yüksək səviyyədə ifa edib, müsabiqənin laureatı diplomunu aldı. Bundan bir il sonra isə o, yenidən Moskvaya dəvət olunaraq, Nizamini yubleyinə həsr olunmuş dövlət konsertində yenə də “Şahnaz” muğamı ilə çıxış etdi.
Sara xanımın repertuarında mahnı yaradıcılığı əsas yer tutur. Əvvəllər yalnız xalq mahnılarını oxuyardı. 1950-ci ildən sonra o, bəstəkarlarla tez-tez görüşür, onlarla yaradıcılıq əlaqəsi saxalyidi. O, şeirə, sözə qarşı həssas, son dərəcə məsuliyyətli idi. Qadın müğənnilər içində o, ən zəngin repertuarı olan sənətçilərdən biri idi. Onda unkal musiqi duyumu və möhkəm hafizə vardı. İstənilən musiqini, mətni bircə dəfə dinləməklə yaddaşına həkk edir, mahnının mahiyyətini, bəstəkarın istək və məramını dərhal qavrayır, ən başlıcası mahnıya bağlanaraq oxuyurdu. Bu keyfiyyətlərinə görə, başda Üzeyir Hacıbəyov olmaqla bütün tanınmış bəstəkarlar- S. Rüstəmov, T. Quliyev, A. Babayev, Q.Hüseyinli, Ş.Axundova, A. Əlizadə, A. Gəray, A. Məlikov, R. Mirişli, V. Adıgözəlov, həvəskar bəstəkarlardan Bəhram Nəsibov, Əlkbər Tağıyev, Qulu Əsgərov, Habil Əliyev, Tamella Məmmədzadə  onunla birgə işləməkdən və mahnılarının belə bir sənətkarın ifasında səslənməsindən böyük qürür və məmnunluq duyurdular.Sara xanım istəyirdi ki, hər mahnısında nəsə təzə bir söz desin, məlum deyilişlərə qayıtmasın, qayıtsa da ona təzə can versin. O, ilk növbədə şeirin, mahnının musiqisinə uyğun gəlib-gəlməməsi ilə maraqlanırdı. Mahnını öyrənməmişdən əvvəl şeiri dönə-dönə oxuyardı. Şeir xoşuna gəlməyəndə mahnını ifa etməzdi.
Sara xanım populyarlıq qazanmaq, dinləyicini necə olur-olsun cəlb etmək istəyən, başqa sözlə asan şöhrət dalınca gedən müğənni deyildi. Onun ifa etdiyi “Göygöl”, “Nə deyim” ,”Nədən oldu”, “Tar çalan oğlan”, “Pıçıldasın ləpələr”, “Ay işığında”, “Könül təranələri”, “Bulaq üstə gedən gözəl”, “Küsüb getdi”, “Qonşu qız” və bir çox  mahnılarında həm dərin xəliqlik, həm də son dərəcə fərdilik vardı. Bu da müğənninin sənətinə həmişə özünəməxsusluq gətirirdi. Sara xanım ifa etdiyi mahnıların daxilinə “səfər” etməyə, bu mahnıların mühitdə, cəmiyyətdə yaratdığı rezonanslara diqqət yetirirdi. O, mahnı və muğam ifaçılığında bayağılığa, qışqırığa, yersiz zəngulələrə yol verməzdi. O, deyərdi ki, hər bir müğənninin öz yolu olmalıdır, öz fərdi üslubunu təsdiq etməli, heç kəsi yamsılamamalıdır.
Sara Qədimovanın yaradıcılığında xüsusi ifaçılıq üslubu, Azərbaycan xalq musiqisi, nəğmə incəsənətin dərin ruhunu və xarakterini əks etdirən cəhətlərin qüvvətli olması xüsusilə qeyd edilməlidir. Böyük sənətkar deyərdi: Sənətkar daim öz üzərində işləməlidir. O, tamaşaçıları sənəti ilə məftun etməlidir.
Onun oxuması təkcə səsi ilə iə deyil, eyni zamanda özünəməxsus ifa tərzi ilə fərqlənirdi. Elə mahnılar var ki, aktrisa təkrar-təkrar oxuyurdu. Hər dəfə bu mahnılar yeni formada səslənirdi. Hər dəfə müğənni bizim qarşımızda melodiyanın yeni xüsusiyyətlərini, detallarını açır, onu cilalayır, zənginləşdirir və bir növ bəzəyirdi. O, təzə müğənni deyildi, əsl sənət adamı idi.
Bəstəkarlardan Qənbər Hüseyinli və Şəfiqə Axundova əksər mahnılarını Sara xanımın ifası üçün bəstələyirdilər. Cahangir Cahangirov “Gəl gözəlim”, “Qarabağ” və “Bahar olsun” mahnılarını, səs imkanlarını nəzərə alaraq, Sara xanım üçün yazmışdı.

Sara xanım ən çətin və ən mürəkkəb mahnıları ustalıqla ifa edirdi. Güclü səs tələb olunan xalq mahnısı “Qara qaşın vəsməsi”, Şəfiqə Axundovanın “Lirik mahnısı”, “Axı mən nə dedim”, “Nə deyim”, Əfrasıyab Bədəlbəylinin Cəfər Cabbarlının “Od gəlini” tamaşasına yazdığı Solmazın mahnısı, Ramiz Mirişlinin “Səni tapdım”, Habil Əliyevin “Ürəkdir sevən səni”, Arif Məlikovun “Naz edirsən sən”, Hacıbaba Həsənovun “Xatirələr”, “Tar çalan oğlan” və digər mahnıları ilk dəfə Sara xanım ifa edərək, bu mahnılara öz “möhürünü” vurmuşdur. Sara xanımın dövründə və hal-hazırda da heç bir müğənni bu mahnıları oxumağa cürət etmir. Çünki, onları oxumaq elə də asan deyil, dərin nəfəs və boğaz xırdalıqları tələb olunur. O, köhnə mahnıları dirildirdi, adilikdən, yekrənglikdən çıxarıb ona yeni həyat verirdi. “Sürəyya”, “Kürdün gözəli”, “Ay qız kimin qızısan”, “Gül bağçalar”, “Gül açdı” mahnılarnı oxuyanda elə bilirdik ki, təzə mahnılardır və birinci dəfə oxuyur. “Göy-göl”, “Tarla qızaları”, “Yaraşıqlı kəndimiz” mahnılarını ifa edəndə hər mahnıda bir mənzərə yaradırdı.
Sara xanımın səsində o qədər xırdalıqlar var idi ki, bu xırdalıqlar hamını valeh edirdi. Bu xırdalıqları duymaq üçün Sara xanımın ifasında Hacıbaba Həsənovun “Tar çalan oğlan” və “Xatirələr”, Şəfiqə Axunovanın “lirik Mahnı”, Qənbər Hüseyinlinin “Nə vaxta qaldı”  və “Ay işığında” mahnılarını dinləmək kifayyətdir. Bu mahnılarda onun qəlbini səsi eşidilirdi. Bəstəkar Tofiq Quliyevin “Ögey ana” filmində Dilarənin birinci mahnısını Şövkət Ələkbərova oxumasına baxmayaraq, səs xırdalıqları tələb olunan “Yaylay” mahnısını isə Sara xanım böyük məharətlə ifa etmişdir.
50-60-cı illər onun şöhrətinin və məşhurluğunun zirvəsi idi. Çox dəbdə olan müğənni idi. Xalq onu çox sevirdi. Mağazaların vitrinlərində, evlərin divarlarında, sürücülər maşınların kabinələrində onun şəkillərini asırdılar. Onun səhnədə duruşunda və ifa tərzində bir xanımlıq ədası var idi.
Keçən əsrin 50-70-cı illərində Sara Qədimova xarici ölkələrə çoxsayılı qastrollara başlayır. Onu hər yerdə Azərbaycan musiqisinin xarici ölkələrdə Fövqaladə və Səlahiyyətli səfiri adlandırırdılar. Rəşid Behbudovdan sonra, xarici ölkələrdə Azərbaycan musiqisini təbliğ etmək sahəsində birincilik Sara xanımda idi.
1959-cu ildə “Bakı” qəzetinə müsahibə verən Azərbaycan Dövlət Filarmoniyasının direktoru, bəstəkar Tofiq Quliyev yazırdı:
— İndiyədək xarici ölkələrdə böyük müvəffəqiyyətlə çıxış edən Sara Qədimovanın növbəti səfərinin marşrutu İndoneziya, Nepal, Seylon və Pakistandır. Onu bu ölkələrəd tarzən Əliağa Quliyev, kamançaçı Tələt Bakıxanov və dəfçalan İrşad Məmmədov müşayət edəcəklər.
O, 22 ölkədə (Mərakeş, Efiopiya, Sudan, Yəmən, İraq, Misir, Livan, Liviya, Türkiyə, İran, İndoneziya, Qana, Malaziya və s.) qastrolda olmuşdur. Sara xanım hansı ölkəyə gedirdisə, o ölkınin mahnılarını tezliklə öyrənib ifa edirdi. 1960-cı ildə Misirdə qastrolda olarkən ərəb bəstəkarı və müğənnisi Fərid Əl-Ətrasın “Xəyalımın nuru” mahnısını ifa etmişdir. Konsertə gözləri tutulmuş məşhur ərəb müğənnisi Um-Gülsüm, mahnının bəstəkarı Fərid Əl-Ətras, Livandan Fehruz xanım gəlmişdilər. Rəşid Behbuodvun xatirələrindən:
“Sara xanım xarici ölkə xalqlarının mahnılarını heç bir çətinlik çəkmədən, asanlıqla öyrənirdi. Onun Qahirədə oxuduğu “Xəyalımın nuru” mahnısı hamını valeh etdi. Konsterdə iştirak edən onlarca gənc səhnəyə çıxıb bu mahnının sədaları altında “Tanqo” rəqsini oynayırdı. Bu mahnı Sara xanım tərəfindən alqışlar altında dəfələrlə təkrar ifa olundu. Bundan qiymətli nə ola bilərdi? Həmin mahnı 1960-cı ildə Misirdə “İlin ən yaxşı mahnısı” elan olundu.
Rəşid Behbudov sözünü davam etdirərək deyidi ki, “bizi, xüsusilə Sara xanımı Qahirədə çox isti qarşıladılar. Bizə məlumat verdilər ki, Prezident Camal Abdul Nasir ailəsi ilə birlikdə konsertə gələcəkdir. Məncə bu diqqət onun Bakıda “Leyli və Məcnun” tamaşasına baxması ilə əlaqədar olmuşdur”.
Sara xanım Qvineyada səfərdə olarkən “ Rast” muğamını ifa etmişdi. Sara xanım danışırdı ki, “muğamı ifa etməyə başlayanda böyük həyacan keçirməyə başladım. Düşünürdüm ki, qvineyalılar muğamı başa düşməyəcəklər. Lakin belə olmadı. İfam alqışlarla qarşılandı. Baxıb gördüm ki, Əliağa Quliyevin gözlərindən sevinc yaşları axır. Sonra “Sili” qvineya mahnısını oxudum. Necə qarşılandığımı dilə gətirməkdə, təsvir etməkdə çətinlik çəkirəm”.
1963-cü ildə Sara xanım İndoneziyada 3 aya yaxın bir dövürdə qastrolda oldu. Cakartada sovet inşaatçılarının tikdikləri 100 min nəfərlik satdionda –“Cakarta gölməçəsi”ndəki konsterdə Prezident Sukarnonun sevdiyi mahnını ifa edərkən, hamı Sara xanıma qoşulub həmin mahnını birlikdə oxumuşdur. Müğənninin səsinə valeh olan Sukarnonun həyat yoldaşı xanım Hartini Sara xanımı evinə qonaq dəvət etmiş və ona qiymətli hədiyyələr bağışlamışdır.
Sara xanım gözəl ifaçılıq sənətinə görə İranın, İndoneziyanın, Efiopiyanın və Özbəkistanın dövlət mükafatları ilə təltif olunmuşdur.
İndoneziya səfərindən sonra SSRİ Mədəniyət naziri Yekaterina Furtseva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə göndərdiyi teleqramda yazırdı: “Azərbaycan Respublikasının Xalq artisti Sara Qədimova İndoneziyada verdiyi konsertdə böyük müvəffəqiyyət qazandı. Kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi və SSRİ inşaatçılarının iştirakı ilə tikib istifadəyə verdiyi 100 min nəfərlik stadionda Sara Qədimova Prezident Sukaronun sevdiyi İndonezuya mahnısını böyük məharətlə oxudumuşdur. 100 min nəfərlik publika həmin mahnını S. Qədimova ilə birlikdə ifa etmişdir. Sara Qədimova sovet adamının yüksək adına xələl gətirən heç bir hərəkətə yol verməmişdir.
İndoneziya səfərindən sonra Sara xanımı bir-birinin ardınca tez-tez xarici ölkələrə qastrol səfərinə göndərirdi.
SSRİ Mədəniyyət Nazirliyi 1963-cü ildə Sara Qədimovanın hər konster üçün “stavka”sını 25 manata qaldırdı. Bu Flarmonoiyada ən yüksək “stavka” idi.
Sara xanım çox zəhmətkeş, fədəkar, çalışqan, sənətkar idi. Ayın ən azı 10-15 gününü respublikanın rayonlarında qastrolda olurdu. Onun əmək haqqı bütün müğənnilərdən yüksək idi. Ayda 700-900 manat alardı.
Sara xanımın əməyi və istedadı dövlət və xalq tərəfindən yüksək qiymətləndirlidi. Onun xalq arasında yaxşı nüfuzu vardı. Xalqın ona olan ehtiramı, hörmət-izzəti onun özünün halal haqqı idi. Görkəmli şəxslər onun barəsində ürəkaçan fikirlər söyləmişlər:
Heydər Əliyev: «Sara Qədimova xalqın böyül sənətkarıdır. Azərbaycan    incəsənəti hamısı onda əks olunub. O, ecazkar səsi ilə yeni həyat verdiyi mahnı və muğamlar Azərbaycanın musiqi sənətinin qızıl fonduna həmişəlik daxil olmuşdur. Həyatımızda olan bütün gözəlliklər onun yaradıcılığında əks olunur. Sara xanım öz xalqını və vətənini ürəkdən sevən böyük və bənzərsiz sənətkardır. O, Azərbaycan incəsənətinin canlı tarixidir. Xalqımız sara xanımla fəxr edir».
Süleyman Dəmirəl: «Sara xanım ilk dəfə 1967-ci ildə Bakıda dinləmişəm. O vaxtdan xeyli vaxt  keçmişdir. Bu illər ərzində dünyanın bir çox ölkələrində də rəsmi səfərdə olmuşam. Bu 27 ildə Sara xanımın ətirli səsi qulağımdan getmir. O, vətənpərvər müğənnidir. Türk dünyasının ən parlaq sənət ulduzlarındandır».
Üzeyir Hacıbəyov: «Saranın gözəl səsi var, çox çalışqandır. İfaçılığa böyük maraq göstərir. O, hələ gəncdir. Ona istiqamət vermək, yol göstərmək, kömək etmək lazımdır».
Səməd Vurğun: «Saranın ifasında “Segah” muğamı çox xoşuma gəlir. Bu muğamı onun ifasında dinləyəndə  ruhum dincəlir. Mən arzu edirəm ki, onun ağzından hər dəfə yeni “Segah”lar eşidək».
Qurban Pirimov: «Sara Qədimovanın sənəti və səhnə mədəniyyəti böyük məktəbdir. O, bütün zamanların sevimli müğənnisidir.Sara xanımın solo konsertləri yüksək səviyyədə, tamaşaçı heyranlığı və böyük alqışlarla keçirdi».
Sara xanım 1996-cı ildə Türkiyənin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə onun şəxsi qonağı oldu. Orada istəmişdilər ki, Çankayada Prezident iqamətgahında, azərbaycan mahnılarını oxusun. Sara xanım çox narahat olmağa başladı. 10 ildən çox idi ki zil səsi ilə oxumurdu. Çıxışından əvvəl əllərini göyə qaldırıb Allahından imdad istədir ki, məni bu qərib yerdə xar etmə. Tanrı onun dualarını eşidib elə güclü səs verdi ki,. O, burada Cahangir Cahangirovun “Qarabağ” və “Aişə” türk mahnılarını, axırda isə “Qarabağ şikəstəsinin” oxudu və Nazim Hikmət barədə xatirələrini danışdı.
1956-cı ildə Opera və Balet teatrının yeni Leylilərə, təzə səsə böyük ehtiyacı yaranmışdır. Operaya gedən tamaşaçılar xeyli azalmışdır. Azərbaycan mədəniyyətinin nəhənglərindən Fikrət Əmirov, Mehdi Məmmədov, Niyazi və Bəhram Mansurov Sara xanımı Leyli və Əsli rolunda oynamaq üçün Opera teatrına dəvət etdilər. Respublikada məşhur müğənni və xanənədə kimi tanınan Sara xanım, çox tərəddüdlə razılıq verdikdən sonra gərgin məşqlərə başladı.
Sara xanımı Leyli rolunda görmək üçün respublikanın əksər rayonlarından onlarca adam Opera və Balet teatrına axışırdı. Təbii gözəlliyi, aktyorluq məharəti, muğamları kamil bilməsi, salonun hər tərəfindən səsinin açıq-aydın eşidilməsi və Leylinin sözlərini səlist və düzgün ifa etməsi birləşib, gözəl və füsunkar bir harmonoya yaradırdı. Sara xanım-Leyli bəzək-düzəyə alüdə olmadan səhnədə gözəl eşqdən alışıb yanan lirik Leyli obrazı yaratdı. Sara xanımın Leylisi bu tamaşaya baxanların yaddaşlarına əbədi həkk olunmuşdur. Onda aktiyorluq qabiliyyəti yüksək olduğundan fərqli bir Lelyi obrazı yaradırdı. Leyli rolunu əvvələr bir çox aktiyorlar oynamışdır, amma Sara xanım bu obraza öz naxışını vurdu.
“Molodiyoj Azerbaidjana” qəzeti 19 aprel 1959-cu il tarixli nömrəsində qeyd edir ki, 3 aydan artıq bir müddətdə gərgin yaradıcılıq əməyi sayəsində Sara Qədimova parlaq, təsiredici Leyli obrazının yaratmışdır. Bu obraz Sara xanımın ifasında yeni səhnə həyatı və tamaşaçıların yüksək qiymətini almışdır.
Heç təsadüfi deyil ki, 1958-ci ildə Fizulinin yubleyi ərəfəsində başda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi İman Mustafayev olmaqla Mərkəzi Komitənin bürosu Şıxəli Qurbanovun, Fikrət Əmirovun, Mehdi Məmmədovun və Niyazinin təkliflərini nəzərə alıb Sara Qədimova və Əbülfət Əliyevin ifasında “Leyli və Məcnun” operasının lentə yazdırıb Qızıl fondda saxlanılmasına razılıq verdi.
Respublikaya gələn yüksək səviyyəli qonaqlar, hökümət rəhbərləri tərəfindən Sara Qədimova və Əbülfət Əliyevin iştirak etdikləri “Leyli və Məcnun” operasına aparırdılar. Vaxtilə Azərbaycan KP Mərkəzi Komitənin katibi omuş İmam Mustafatev danışırdı ki, Misir Ərəb Respublikasının prezidenti Camal Abdul Nasiri 1958-ci ildə “Leyli və Məcnun” operasına apardıq  və opera onun çox xoşuna gəldi. İranın “Tarla bülbülü” kinosunun yaradıcı heyəti də bu tamaşaya baxmışdır.
Sara Qədimovanın “Əsli və Kərəm” operasında ifa etdiyi Əsli rolu da teatr tənqidçilərinin yüksək qiymətini aldı. O, bu rola təbii oynamaqla, ona yeni bir səhnə həyatı verdi.
Əməksevər valideyinlərinə övlad olan Sara hələ kiçik yaşlarından, onlarrdan ədəb-ətkan, böyük-kiçik yeri bilmək, haqqa tapınmaq kimi xasiyyətlər əxz etmişdir. Bunlar sonrakı həyat yolunda ona çox gərəkli olub, kömək edib.
Sara xanım özündən böyük sənətkarlara, xanəndələrə hörmətlə yanaşır, onların məsləhətlərinə dönə-dönə əməl edərdi.
Təsəvvür edin ki, Bülbül kimi çox tələbkar, Rəşid Behbudov kimi çox çılqın və çətin, Xan Şuşinski kimi çox ağır sənətkarlar çox vaxt qadın müğənnilərdən ən çox Sara xanımı qəbul edir və qastrollara onunla birlikdə gedərdilər.
Rəşid Behbudov deyərdi: “Sara xanımla birlikdə 6 ölkədə qastrolda olmuşam, ondan iynənin ucu qədər də inciməmişəm”.
1964-cü ildə Bakı gözlənilmədən qəfil bir faciəvi hadisənin şahidi oldu. Sara xanım bağına gedərkən, avtomobil qəsanına düşərək ağır xəsarət almışdır. Bu qəza çox söz-söhbət, şayələr yaratdı. Onun müalicəsilə məşhur travmatoloq Lev Frankenberq məşğul olurdu. Həkimlər çalışırdılar ki, Sara xanımda qəzadan hec bir əsər-əlamət qalmasın. Lakin istənilən nəticə alınmırdı. Kosmonavt Valentina Tereşkova Moskvanın ən məşhur travmatoloqu olan Baleriy Trapeznikovu Bakıya göndərdi. Müalicə uğurlu başa çatdı. Qəzadan heç bir fəsad qalmadı.
Azərbaycan KP Mərkəzi Komitənin katibi Şıxəli Qurbanov Sara xanımın sənətinə yüksək qiymət verirdi. Dəfələrlə onu deputat seçildiyi Goranboy və Qusar rayonlarına aprıb, seçiciləri qarşısında onun konstertini təşkil etmişdir.
1965-ci il mayın 25-də  Şıxəli Qurbanov onu yanına çağırdı. Onların arasında belə bir söhbət baş tutdu.
— Sara xanım niyə oxumursunuz? Siz mənim maşınımda da qəzaya düşə bilərdiniz. Bu bir təsadüfdür. – Sara xanım Şıxəli müəllimə heç bir cavab vermədi.
Şıxaəli Qurbanov Radio və Televizya Komitəsinin sədri Ənvər Əlibəyliyə zəng vurub, Sara xanımın televizyada nə üçün oxumamasının səbəbini soruşmuşdur. Ə.Əlibəyli demişdir ki, nə qədər onu dəvət etsək də, o, gəlmək istəmir, oxumaqdan imtina edir. Ş.Qurbanov Filarmoniyanın direktoru Niyaziyə tapşırır ki, mayın 29,30,31-də Sara xanımın Filarmoniyada konsterti olmalıdır.
Mayın 30,31-də Niyazinin drijorluğu ilə  simfonik  konstertin olması barədə hər yerə afişa vurulmuşdu. Şıxəli Qurbanov Niyaziyə tapşırır ki, həmin afişaları təcili çıxarıb, onun yerinə Sara xnımın konsteri ilə əlaqədar afişalar vurulmalıdır. Çox çılğın Niyazi bundan pərt olsa da Ş. Qurbanovun tapşırığını yerinə yetirməli olur.
Üç gün ərzində Filarmoniyada Sara xanımın böyük və möhtəşəm konserti oldu. Mən həmin konsertləri çox yaxşı xatırlayıram.
Birinci sırada Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Mədəniyyət naziri Rauf Hacıyev, Niyazi, Azərbaycan LKGİ Mərkəzi komitənin birinci katibi Məsud Əlizadə, yazıçı Ələviyyə Babayeva, Mirzə İbrahimov, Seyid Şuşinski, Yavər Kələntərli, Xan Şuşinski, Qurban Pirimov əyləşmişdilər.
O, vaxt Bakıya yayılmışdı ki, Sara xanımın qıçının biri protezdəndir. Ona görə də həkim Lev Frankenberg Sara xanıma tapşırmışdı ki, qısa səhnə paltarı geyinsin ki, bu dedi-qoduya son qoyulsun. Sara xanımda həkimin təklifini qəbul etmişdi. Konsertlər 2 saat əvəzinə 3 saat çəkirdi. Sara xanım konsertləri  “Şur dəstgahı” ilə başlayır və bu muğamı 40 dəqiqə oxuyurdu. Respublikanın rayonlarından konsertə çoxlu pərəstişkarlar gəlmişdi. Səhnə başdan-başa gül-çiçəklə dolu idi. Dinləyicilərin çoxu bilet tapa bilmirdilər. Onlarca adam salonda ayaq üstə dayanmışdılar. Möhtəşəm ifalar alındı. Sara xanımın ifa etdiyi muğam, hər bir mahnı alqışlarla qarşılanırdı. Bu konstertlər əsl bayrama çevrilmişdi.
Sara xanım 400-dən artıq xalq və bəstəkar mahnısı və 11 muğam ifa etmişdir. Hazırda radionun qızıl fondunda 7 muğam və 200-dən çox mahnı qorunub saxlanılır. Sara Qədimova yaşlı nəslin dinlədiyi və pərəstiş etdiyi bir müğənnidir. Keçən əsrin 50-70-ci illərinin adamları onun mahnılarının qanadlarında böyüyüb boya-başa çatmış və formalaşmışlar.
Sara xanım dövrünün ən gözəl qadınlarından biri olmuşdur. Onun böyük portretini yaradan Böyükağa Mirzazadə deyirdi: “Fırca Sara xanımın təbii gözəlliyini təsvir etməkdə çox acizdir”. O, xanım kimi doğuldu, xanım kim yaşadı və xanım kimi köçdü bu dünyadan.      
Sara xanımın yüksək ali şəxsiyyəti var idi. Çox ciddi, zəhmli, zabitəli xanım idi. Müğənnilər onun yanında özünü yığışdırır, artıq-əksik bir ifadə işlətməyə cürət etməzdilər. O, deyərdi ki, hər bir müğənni şəxsiyyət olmalıdır. Xan Şuşinski zarafata salıb deyərdi: “Allah bizim əvəzimizə Saranı kişi yaratmalı idi”. Sonra isə əlavə edərdi: “Qadın olmasına baxmayaraq bizim hamımız (artistləri nəzərdə tuturdu) ondan “qorxuruq”. Moskvada Stalinin, Bakıda Mircəfər Bağırovun, Filarmoniyada isə Sara xanımın dad əlindən”. Sara xanımın evdarlığına söz ola bilməzdi. Onun hazırladığı xörəklərin dadı-tamı haqqında Bakıda indi də maraqlı əfsanələr gəzir. Əbülfət Əliyev deyərdi ki, Sara xanımın hazırladığı xörəkləri dadından doymaq olmur, bu xörəkləri iki əllə yemək istəyirsən. Onun qolunu çırmalayıb qonaqlara necə qulluq etdiyini görəndə sonra, bu xanımın artist olmasına adamın inanmağı gəlmir.
Sara Qədimova
Sara xanımın ən mərd xüsusiyyətlərindən biri də o idi ki, ömründə dilinə yalan söz gəlməzdi, görmədiyi hadisəni qətiyyən danışmazdı. Bu illər ərzində onun kiminsə qeybətini qıldığını, kiminsə qarasına danışdığını görmədim və eşitmədim. Kimin nə nöqsanı, qəbahəti vardırsa çəkinmədən, qorxmadan düz onun gözünün içinə deyərdi, kindən-küdrətdən, qərəzçilikdən uzaq bir adam idi. Filarmoniyanın direktoru, böyük drijorumuz Niyazi, bu ali keyfiyyətlərini nəzərə alaraq deyərdi ki, bizim Sara xanım başqa bir aləmdir.
İllər bir-birini əvəz edirdi. Bu illər onun şan-şöhrətini bütün ölkəyə yaydı. Sara xanım yaşının 83 olmasına baxmayaraq gözəlliyini saxlayırdı, çox təravətli görünürdü. Sağlamlığına söz ola bilməzdi. Dəvət olunan bütün tədbirlərdə iştirak edir, məclisə uyğun muğam və mahnılar oxuyardı. Sara xanım əlbətdə, 40-45 il bundan əvvəlki kimi deyildi. Əbədi gözəlliyini  də saxlamağa iddialı deyildi. Vaxtilə Saranı səhnədə görənlər, ömrünün axırında da səhnədə görəndə heyrətlənirdilər. İllər bu qadının üzərində hakim olmamışdır. Biz onun səsini və ifasını eşitməyə adət etmişdik. Onun oxuduğu nəğmələr nə köhnəlir, nə də unudulur. Xalqımız Sara xanımın belə bir qəfil ölümünü gözləmirdi. O, daim diqqət mərkəzində idi. Amma alın yazısına nə deyəsən. Onun ölüm xəbərinin yayılması minlərlə insanı sarsıtdı. Hamımızın ürəyindən belə bir nisgil keçdi: Gərək Sara xanım ölməyəydi.
Vida mərasimi Bakıda son illərin ən qələbəlik, ən möhtəşəm dəfn mərasimi idi. Onun ölüm xəbərini eşidən sənətçilər, xüsusilə müğənninin onlarca pərəstişkarları rayonlardan gəlmişdilər. Lerikdən, İsmayıllıdan, Şəkidən, Qubadan və digər rayonlardan gələnlər göz yaşı axıdır, qəm-qüssə içində idilər. Onlar əsas etibarı ilə müğənninin səsinin vurğunu olan keçən əsrin 40-60-cı illərin adamları idilər.
Qıçının birini müharibədə itirmiş, hasa ilə yeriyən yaşlı bir kişinin ağladığını görən bəstəkar Şəfiqə Axundova qəhərdən boğula-boğula həmin kişini göstərərək dedi:
— Bax, əsl xalq məhəbbəti budur.
Sara xanım birinci Fəxri xiyaband dəfn olundu. Burada adam əlindən tərpənmək olmurdu. Onun məzarı üstünə qoyulan gül-çiçək dəstəsinin sayı-hesabı yox idi. Çünki Sara Qədimova kimi müğənnilər və xanəndələri tarixi nadir hallarda yetişdirir və bu əsrdə bir dəfə mümkündür.
Sara xanımın məzarı üzərində həmişə təzə-tər çiçəklər olur. Axı, onun səsi bu gün də diridir, yaşayır və yaşadır. O, bir ulduz idi, bir dəfə səmadan bizim üçün yerə enmiş və 67 illik səhnə fəaliyyətindən sonra yenidən göyə qayıtmışdır. Sara xanım öz təbiiliyi, kişi xarakteri, mərdliyi, qorxmazlığı və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanmışdır. O, bizim nəslin daim dinlədiyi və sevdiyi müğənni idi. Biz həmişə onu azərbaycan gözəli, əsl ustad xanəndə, vətənpərvər müğənni, daxilən və zahirən gözəl və nadir şəxsiyyət kimi xatırlayacağıq.
 
 
 
Mənbə: modern.az
Top