Kütləvi musiqi mədəniyyəti

Kütləvi musiqi mədəniyyəti

Qədim yunanların məktəblərində poeziya, riyaziyyat, musiqi, təsviri incəsənət və idman fənləri tədris olunurdu. Onlar üçün bu fənlərin hər birinin xüsusi əhəmiyyəti var idi. Göründüyü kimi musiqinin də bir fənn kimi, təlim prosesinə daxil edilməsinin böyüməkdə olan gənc nəslin inkişafına təsirini hələ qədim yunanlar başa düşürdülər.
“Musiqi tərbiyəsinin vəzifəsi — ilk növbədə musiqiçi deyil, insan yetişdirməkdir”. Bu dahi ideyanın, mənalı və məntiqli sözlərin müəllifi böyük Ukrayna pedaqoqu, akademik V.A.Suxomlinskidir. Sadə, lakin elmə əsaslanan bu fikir, keçən əsrin ortalarında deyilməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini, aktuallığını itirməyib. musiqi mədəniyyəti
Bu gün respublikamızda 300-ə yaxın uşaq musiqi və incəsənət məktəbləri mövcuddur və bu tədris ocaqlarında təhsil alanlar müəyyən dərəcədə musiqi sənətinin və incəsənətin inciləri ilə tanış olmaqla öz mədəni səviyyələrini artırırlar. Lakin onlar ümumtəhsil məktəblərində oxuyan şagirdlərin cüzi bir hissəsini təşkil edir və heç də respublikamızda olan uşaq və yeniyetmələrin hamısını əhatə etmirlər. Deyilə bilər ki, ümumtəhsil məktəblərimizdə musiqi və təsviri incəsənət fənləri tədris olunur. Bəli, elədir! Lakin necə tədris olunur? Həftədə bir saat “Musiqi”, bir saat da “Təsviri incəsənət” fənləri böyüməkdə olan nəslin estetik mədəniyyətinin formalaşmasına, inkişafına nə dərəcədə təsir edə bilər?
1945-ci ildə Xirosima və Naqasaki adalarına atom bombaları atılandan sonra Yaponiya dövlətinin uşaqların estetik tərbiyə sistemi sahəsində qəbul etdiyi bir qərarı fakt kimi bir daha xatırlatmaq istəyirəm. Bəlkə də həmin atom bombaları başqa bir ölkələrə atılsaydı, həmin ölkələr uzun on illər özlərinə gələ bilməzdilər. Lakin bu hadisədən sonra Yaponiya hökuməti bağçalarda və ümumtəhsil məktəblərinin tədris planlarında “Musiqi” və “Təsviri incəsənət” fənlərinin hər birinə həftədə üç saat ayırmaq qərarına gəldi. Nə üçün? Ona görə ki, adı qeyd olunan dövlətin bu başbilənləri bazar iqtisadiyyatı sistemində yaşayan böyüməkdə olan nəsli gözəlliyi duya,  ondan zövq ala, onu yarada bilən şəxsiyyətlər, gələcəyin fəhlələri, mühəndisləri, alimləri, sənətkarları kimi görmək istəyirdilər.
Yəni, bədii və estetik zövqü formalaşmış insanın istər fəhlə, istər mühəndis, alim, yaxud hansı sənət sahəsində çalışmasından asılı olmayaraq istehsal etdiyi, yaratdığı məhsul da gözəl və yüksək zövqlərə cavab verə biləcək bir səviyyədə  olmalıdır. Baxın, 1945-ci ildə dövlət tərəfindən qəbul edilmiş yuxarıda adı çəkilən qərarın nəticəsi artıq neçə on illərdir ki, göz qabağındadır. Heç bir yeraltı sərvətləri olmayan Yaponiya iqtisadiyyatı bu gün Amerika Birləşmiş Ştatlarını da arxada qoyub. İntellektin isə incəsənət vasitəsilə daha asan inkişaf etdirilməsi artıq çoxdan pedaqoji və psixoloji elmlərə məlumdur. Deyirlər ki, varlı təbii sərvətlərə malik olan dövlətlərdə intellektual inkişaf, təbii sərvətləri olmayan dövlətlərdən geri qalır və həmin millətlər arasında elmi tərəqqiyə etinasızlıqla yanaşma və ümumiyyətlə, bu sahədə kütləvi tənbəllik özünü bütün dövrlərdə göstərir. Yenə Yaponiya təcrübəsinə qayıdaq. Heç bir təbii sərvəti olmadığı üçün bu millət yaşamaq uğrunda ağılla və məntiqlə mübarizə aparır. Ağlını, intellektini, məntiqini, fantaziyasını, işgüzarlığını inkişaf etdirməklə, bu xalq qabaqcıl, yüksək inkişaf etmiş dövlətlər sırasına çıxa bilib. Bu gün tez-tez respublikamızda təkrar olunan “İnsan kapitalı” ideyası çox gözəl ideyadır. Lakin bu söz olaraq qalmamalıdır. Təəssüflər olsun ki, bu ideya hələlik öz praktik həllini tam şəkildə tapa bilməmişdir.
Bu fikirləri heç bir yeraltı sərvəti, hətta içməli suyu olmayan İsrail dövləti haqqında da söyləyə bilərik. Bu ölkə elmi, mədəniyyəti, təhsili inkişaf etdirməklə dəniz suyunu içməli suya çevirməklə, şoran səhraları yüksək məhsul verən bağlara, tarlalara çevirməyi bacarıbdır.
 
Artıq ümumtəhsil məktəblərimiz üçün uzun illər gözlənilən keyfiyyətli “Musiqi”, “Təsviri incəsənət” dərslikləri hazırlanıb və 2007-ci ilin sentyabrından onlar məktəblilərə pulsuz, dövlət hesabına verilir.
I-IX siniflər üçün nəhayət ki, keyfiyyətli “Musiqi” dərsliklərinin hazırlanması çox vacib və təqdir olunmalı haldır. Lakin “Musiqi” fənninin keyfiyyətli tədrisi üçün dərsliklərlə bərabər digər resurslar, yəni not müntəxəbatların, fonomüntəxəbatların, müasir elektron dərsliklərin, “Metodikanın” yaradılması artıq bu günün həlli vacib problemlərindəndir. Bu problemləri isə ağılla və elmi surətdə həll etmək lazımdır. Bu gün “Musiqi” dərsliklərinin yaradılmasına tanınmış musiqiçilər, alimlər, metodistlər qabaqcıl məktəb müəllimləri cəlb olunduğu üçün onun keyfiyyətli olması artıq faktdır. Lakin qeyd olunan digər vəsaitlərin olmaması bu fənnin lazımi səviyyədə tədrisinə maneçilik göstərir. Nədənsə, biz hər bir şeyi yarımçıq görürük. El arasında belə bir kəlam var: “Vay yarımçıq əlindən”. Yarımçıq görülmüş iş görülməmiş bir işə bərabərdir.
Bir qədər “Musiqi” fənnini məktəblərimizdə tədris edən müəllimlər haqqında. Təəssüf olsun ki, bu sahədə də vəziyyət bir o qədər də ürəkaçan deyildir. Belə ki, fəaliyyət göstərən 5000-ə yaxın məktəblərimizin haradasa 20 faizində bu fənni mütəxəssislər tədris edirlər. Qalan 80 faiz məktəblərimizdə, xüsusən kənd rayonlarında bu fənn əlavə dərs yükü kimi başqa fənn müəllimlərinə tapşırılır. Kağızda bu fənn “tədris” olunur, əslində isə, “Musiqi” fənni demək olar ki, tədris olunmur. Biz kimi aldadırıq? Özümüzü, xalqımızı, yoxsa dövlətimizi?! Əgər fənni tədris edən mütəxəssis yoxdursa, onda ən yüksək keyfiyyətli dərslik, dərs vəsaitləri kimə lazımdır? Bu gün sayı-hesabı olmayan ali təhsil məktəblərində bu ixtisasın genişləndirilməsinə nəyə görə imkan verilmir? Nəyə görə bu sahədə olan kadr qıtlığını aradan qaldırmaq üçün universitetlərin tərkibində, Türkiyədə olduğu kimi, “Konservatoriya”lar açılmır? Bu gün      5000-ə yaxın orta ümumtəhsil məktəblərinə heç olmasa, haradasa 3000 musiqi müəllimi lazımdır. Bu sahədə isə respublikamızda çox az mütəxəssislər hazırlanır.Deyilən ixtisas üzrə respublikamızda aparılan qəbul planı ilə məktəblərimizi 100 ilə müəllim kadrları ilə təmin etmək mümkün ola bilər. Bəs, bu çatışmazlığı necə aradan qaldırmaq mümkündür?
musiqi mədəniyyəti
İlk növbədə kənd rayonlarında olan pedaqoji təmayüllü ali və orta-ixtisas məktəblərində “Musiqi” müəllimi ixtisası verən fakültələrin yaradılması, Bakı Musiqi Akademiyasında musiqi-pedaqoji fakültəsinin, mövcud pedaqoji təmayüllü universitetlərdə bu ixtisasla əlaqədar fakültələrin yaradılması, yaxud qəbul planının artırılması problemin həllinə kömək edər. Təəssüflər olsun ki, Təhsil Nazirliyində bu gün musiqi təhsilinə (təsviri incəsənət fənninin təhsilinə də) nəzarət edən bir qurum, hətta bir mütəxəssis belə yoxdur. Ona görə də, Təhsil Nazirliyində “Musiqi” (“Təsviri incəsənət”) fənnindən başqa bütün fənlərin problemləri sahəsində müəyyən dərəcədə işlər görülür. Bu gün “Musiqi”, “Təsviri incəsənət” fənləri nazirlikdə yetim adamı xatırladır. “Musiqi”, “Təsviri incəsənət” fənlərinə Təhsil Nazirliyində olan bu münasibət orta məktəblərdə hökm sürən ögey münasibətdə özünü göstərir. Halbuki Musiqi” və “Təsviri incəsənət” fənninin düzgün tədrisi digər dəqiq və humanitar fənlərin  daha asan mənimsənilməsinə, bu biliklərin uzun müddət yadda qalmasına, şagirdlərin məntiqinin, fantaziyasının, yaradıcılıq qabiliyyətlərinin və şəxsiyyət kimi inkişafına səbəb ola bilər. Bu, artıq elmi surətdə təsdiq olunmuş bir faktdır və deyilənlər elmi axtarışların nəticələridir. D.B.Kabalevskinin belə bir fikri vardır: “Uşaqlarımız mədəni olarsa, bütün xalq mədəni olar”.
Hər bir fənnin tədrisi xüsusi fundamental elmi axtarışların nəticələrinə əsaslanmalıdır. Təəssüflər olsun ki, son zamanlar musiqi pedaqogikası və metodikası sahəsində müəyyən dissertasiyalar hazırlanaraq müdafiə edilsə də, Azərbaycan pedaqoji elmində əvəzolunmaz işlər görmüş, görkəmli alimlər yetirmiş Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Musiqi təlimi və təsviri incəsənət” şöbəsinin olmaması bu sahədə kompleks nəzəri və tətbiqi tədqiqatların aparılmasına güclü şəkildə maneçilik törədir. Bir həqiqəti yaddan çıxarmaq olmaz ki, elmə əsaslanmayan tədris heç kimə lazım deyildir! O cümlədən incəsənətlə təmasda olmayan, ondan bəhrələnməyən dəqiq elmlərin tədrisinin keyfiyyətli olması haqqında müsbət fikir söyləmək olmaz. Dünya şöhrətli azərbaycanlı akademik, mərhum Xudu Məmmədovun dahiyanə bir fikrini diqqətinizə çatdırmaq istərdim: “Hər bir elmin zirvəsində mədəniyyət, mədəniyyətin zirvəsində elm durur”. Necə də məntiqli və doğru fikirdir. Ümumtəhsil məktəblərində “Musiqi” fənninə həftədə bir saat ayrılması gülüncdür və bu fənnin qarşısında qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsinə imkan vermir. İncəsənət fənlərinin hər birinə həftədə, heç olmasa, iki saat ayrılmalıdır. Onda fənlərarası əlaqə prinsipindən, musiqinin imkanlarından istifadə edilməsilə riyaziyyat, fizika və ana dili fənlərinin qavranılmasını da asanlaşdırmaq mümkündür. Bu da tədqiqatların gəldiyi nəticədir.
Qeyd etmək lazımdır ki, vaxtilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (indi Azərbaycan Təhsil İnstitutu adlanır) təhsilimizin inkişafı üçün çox böyük işlər görmüşdür. Bu elmi-tədqiqat institutu respublikamız üçün yüksək dərəcəli alimlər yetişdirmiş və onların əksəriyyəti beynəlxalq səviyyədə tanınmış insanlar olmuşlar, respublikamıza beynəlxalq mükafatlar gətirmişlər. Bu gün də orada çox savadlı insanlar işləyirlər. Təəssüflər olsun ki, bu institut öz əvvəlki hörmətini demək olar ki, itirmişdir. Bunun səbəblərindən biri onun adı ilə bağlıdır. Son bir neçə ildə onun adının tez-tez dəyişdirilməsi və indiki halda “Azərbaycan Təhsil İnstitutu” adlandırılması nə dərəcədə düzgündür? Bu addan bu institutun nə işlə məşğul olması bəlli olmur. Məncə, institutun əvvəlki adı geri qaytarılmalıdır. Onda hamıya aydın olacaqdır ki, bu institut pedaqoji elmlər üzrə nəzəri və təcrübi tədqiqatlarla məşğul olan bir qurumdur. Gürcüstan Respublikası Azərbaycanın nefti, qazı, özlərinin alkoqollu içkiləri və sitrus meyvələri ilə dolanan bir ölkə olmasına baxmayaraq, orada “Elmi-Tədqiqat Pedaqogika İnstitutu”, “Elmi-Tədqiqat Psixologiya İnstitutu”, hətta “Pedaqoji Elmlər Akademiyası” kimi elmi qurumlar vardır. Bəs nəyə görə respublikamızda Gürcüstanda olan adı çəkilən elmi qurumlar olmasın?
Ümumtəhsil məktəblərində ödənişli “Musiqi və incəsənət kursları”nı açmaqla mədəniyyət  sahəsində daha çox uşaqların iştirakına nail olmaq olar və bununla da incəsənətin kütləviliyinə  müəyyən dərəcədə müsbət təsir göstərilər. Sovet dövründə dörd ildən bir “Məktəblərin mahnı və rəqs bayramları” keçirilirdi. Bu bayramlarda yüz minlərlə şagird iştirak edirdi və yekun konsert Bakının mərkəzi stadionunda olurdu. Nədənsə bu gözəl ənənələr artıq yaddan çıxarılıb. Halbuki Baltikyanı ölkələrdə “Məktəblilərin mahnı və rəqs bayramları” hər il keçirilir. Bu bayramlar musiqi-estetik tərbiyəsinin kütləvi inkişafına, mədəniyyətin inkişafına böyük təsir göstərir.

Məktəblilərin kütləvi musiqi-estetik, mədəni inkişafında musiqi ilə əlaqədar müntəzəm televiziya verilişlərinin aparılmasının çox böyük əhəmiyyəti vardır. 1977-ci ildən 1992-ci ilə qədər düz 14 il Azərbaycan Dövlət Televiziyasında “Məktəblilərin Musiqi Klubu” adlı ayda iki dəfə efirə çıxan bir veriliş var idi. Qeyd etmək lazımdır ki, bu veriliş yarandıqdan bir qədər sonra bir neçə Moskva telekanallarında da buna bənzər verilişlər yaradılmışdı. Bu verilişlərdə şagirdlər ayda iki dəfə musiqi korifeyləri, alimlər, rəssamlar və digər məşhur şəxsiyyətlərlə canlı şəkildə görüşür və musiqi ilə ünsiyyətdə olurdular. F.Əmirov, Niyazi, Q.Qarayev, A.Məlikov, D.Kabalevski, F.Əlizadə, F.Bədəlbəyli, V.Mustafazadə və digər şəxsiyyətlər həmin verilişin qonaqları olmuşdular. Nədənsə, 1992-ci ildə veriliş ləğv olundu (Xalq cəbhəsi dövründə). Bu gün isə telekanalların əksəriyyətində tamaşaçılar ya xörəklərin necə bişirilməsinə, yaxud restoran müğənnilərinin villaları və xalqımızın mənəviyyatına, estetik-musiqi tərbiyəsinə mənfi təsir göstərən üzdəniraq “yaradıcılıqları” ilə tanış olmağa məcburdurlar. Bu cür üzdəniraq televerilişləri bütünlükdə xalqımızın zövqlərinin korlanmasına səbəb olur. Bəstəkarlarımızın və digər mədəniyyət xadimlərimizin yaradıcılığının xalqımızın, o cümlədən böyüməkdə olan nəslin diqqətinə çatdırılması sahəsində əksər telekanallar (dövlət, mədəniyyət və ictimai telekanallar istisna olmaqla) tərəfindən demək olar ki, heç bir iş görülmür.
Kütləvi musiqi mədəniyyətinin inkişafına məktəblərin filarmoniya konsertlərində, Opera və Balet, Musiqili Teatr və digər teatrların tamaşalarında müntəzəm iştirak etmələrinin çox böyük əhəmiyyəti vardır. Artıq neçə on illərdir ki, ümumtəhsil məktəbləri adları çəkilən mədəniyyət ocaqlarının ünvanlarını demək olar ki, yaddan çıxarmışlar. Əgər ümumtəhsil məktəbləri, heç olmazsa, ildə iki dəfə bu mədəniyyət ocaqlarının konsertlərində, tamaşalarında iştirak edərlərsə, görün mədəniyyətimizin inkişafına necə böyük təkan verirlər?!
Bir faktı da qeyd etmək istərdim. Bu yaxınlarda M.F.Axundov adına Opera və Balet Teatrının afişalar yerləşdirilən qapısının qarşısından keçirdim.
Afişalara diqqət yetirəndə gördüm ki, 1 həftəlik repertuarda Azərbaycan bəstəkarlarından cəmi bir nəfərin -  Ə.Bədəlbəylinin “Qız qalası” baletinin adı olan afişa vardır. Həftənin qalan altı günündə rus və Avropa bəstəkarlarının əsərləri tamaşa ediləcəyi göstərilirdi. Doğrudur, son zamanlar bəstəkarlarımız opera və balet əsərləri yazmağa o qədər də maraq göstərmirlər. Ona görə ki, bu janrda olan əsərləri də teatr üçün almaq istəyənlər yoxdur.
Bunun üçün yaxşı olar ki, milyonçu iş adamlarımız bu işdə dövlətimizə kömək etsinlər. Yəni respublikamız üçün yeni-yeni musiqili səhnə əsərlərinin yaranması, onların tamaşaya qoyulması üçün maliyyə dəstəyi göstərsinlər, dövlət isə bir sıra xarici ölkələrdə olduğu kimi, onları bunun müqabilində müəyyən qədər vergilərdən azad etsin.
Digər tərəfdən, Sovetlər dövründə Azərbaycan Dövlət Televiziyası və Radio Komitəsində  ayda bir dəfə “Bədii Şura” yığılardı və bəstəkarlarımızın ən yaxşı mahnılarını satın alardılar, hətta qəbul edilmiş mahnıların orkestrləşdirilməsi də dövlət tərəfindən həyata keçirilərdi. Ona görə də XX əsrin 50-80-ci illərində bəstəkarlarımız tərəfindən çoxlu sayda gözəl və keyfiyyətli mahnılar da yaranmışdı. O mahnılar bu gün də dillər əzbəri olaraq qalmaqdadır. Yaxşı olar ki, bu ənənə bu gün də davam etdirilsin.
Qeyd etmək yerinə düşər ki, neçə on illərdir ki, bəstəkarlarımız nə uşaqlar üçün, nə də böyüklər üçün mahnılar yazmırlar. Onun nəticəsidir ki, telekanallarımızda bayağı mahnılar baş alıb gedir.
Mən bir daha 1948-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Allen Dallesin hazırladığı və senatda təsdiqlənmiş doktrinanın məzmununu xalqımızın diqqətinə çatdırmaq istərdim: SSRİ-ni müharibəsiz dağıtmaq və onun tərkibindəki respublikalarda savadsızlığı, mədəniyyətsizliyi, elmsizliyi, əxlaqsızlığı inkişaf etdirmək. Onlar bu doktrinanın I hissəsini həyata keçirə bildilər. Həmin doktrinanın II hissəsini isə hazırda bir sıra xarici ölkə kəşfiyyat idarələrinin agentləri keçmiş postsovet respublikalarında həyata keçirtmək üçün dəridən-qabıqdan çıxırlar. Təəssüflər olsun ki, bir sıra məmurlar da vəzifə səlahiyyətlərindən istifadə edərək, özləri bəlkə də bilmədən, bu planın tətbiqinə kömək edirlər.
Bu gün biz Azərbaycan pedaqoqları, alimləri, sənətkarları, bütövlükdə ziyalılar, məmurlar var gücümüzlə çalışmalıyıq ki, qeyd olunan doktrinanın ikinci hissəsinin tələbləri həyata keçə bilməsin.
Məqaləni müəllimim, dahi bəstəkar və pedaqoq, akademik D.B.Kabalevskinin sözlərilə bitirmək istəyirəm: “Musiqi — estetik tərbiyəsi ilə məşğul olmaq çox asandır, lakin buna bütün ömrü həsr etmək lazımdır”.
 
 
Müəllif: Oqtay RƏCƏBOV, bəstəkar, “Rusiya Pedaqoji və Sosioloji Elmlər Akademiyası”nın həqiqi üzvü, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin  fərdi təqaüdçüsü.
Mənbə: respublica-news.az
Top