Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan xalq artisti

Qardaşının qara kağızını alan, oğlunun vaxtsız ölümündən sarsılan xalq artisti

Gülxar İbrahim qızı Həsənova (Sultanova) 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində İbrahim ağa ilə Nabat xanımının ailəsində anadan olub.
Gülxar Həsənova üç qardaşı ilə birgə ilk təhsilini Şəmkirdəki Zəmzəm stansiyasındakı 7 illik məktəbdə alıb. Valideynləri Gülxarı həkim görmək istəyirmiş. Ona görə də məktəbi bitirəndən sonra yeniyetmə qız sənədlərini valideynlərinin təkidi ilə Bakı Tibb Texnikumuna verir. Texnikumda oxuyarkən Əli Bayramov adına Qadınlar klubunun özfəaliyyət dərnəyində də çıxış edir. G.Həsənova Bakı Tibb Məktəbini bitirəndən sonra ali təhsil almaq üçün N.Nərimanov adına Tibb İnstitutuna daxil olur. Lakin 37-ci ilin repressiya dalğaları Gülxarın atası İbrahim ağa Sultanovun da ailəsindən yan keçmir. Ailənin yaxın qohumları Həmid Sultanov və Ayna Sultanova xalq düşməni kimi tutulduğundan Gülxar institutun birinci kursundan xaric edilir. Şəmkirdə Poçt idarəsinin rəisi işləyən atası isə vəzifədən azad olunur.
Təqiblərdən xilas olmaq üçün Gülxar soyadını gizlətmək məcburiyyətində qalır. Belə ki, o, babası Həsənin adını soyadı kimi qəbul edir.
Gülxar İbrahim qızı Həsənova
Daha sonra G.Həsənova Bakı  Teatr  Məktəbində  aktyorluq  ixtisasma  yiyələnir (1936-1939).
G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb.
Burada çalışdığı müddətdə teatrın yaradıcılarından sayılan Ağadadaş Qurbanovla tanış olur və çox keçmədən onlar ailə həyatı qururlar. 1940-cı ildə cütlüyün Hamlet adlı oğlu (gələcəyin tanınmış aktyoru Hamlet Qurbanov) dünyaya gəlir. Lakin xoşbəxt ailə həyatı uzun çəkmir. Az sonra onlar boşanırlar. Aktrisa ömrünün sonuna qədər ikinci dəfə ailə qurmayıb. 
Gülxar Həsənova 1942-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına işə qəbul olunub.
Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb.
Gülxar Həsənova Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu və özünəməxsusluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradıb, uzun illər ərzində yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazıb.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və sonralar Leylinin anası, “Əsli və Kərim”də Əsli, “Koroğlu”da xanəndə qız, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanım, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, ifa tərzi var. O, bu obrazların hamısını sevə-sevə yaradıb. Amma iki obraz — Leyli və Ərəbzəngi onun yaradıcılığında xüsusi yer tutur. Bunu Gülxar xanım özü də xatirələrində etiraf edirdi.
Gülxar Həsənovanın keşməkeşli həyat tarixçəsi olub. 1943-cü ildə «Leyli və Məcnun» operasında səhnəyə çıxmağa hazırlaşan aktrisa tamaşadan əvvəl acı bir xəbər alır: qardaşının cəbhədən qara kağızı gəlmişdi. Həmin vaxt Gülxarın səhnəyə çıxacağına heç kim inanmır. Ancaq o, sarsılmağına baxmayaraq, özündə güc toplayıb həmin gün tamaşada Leyli obrazını oynayır.
Gülxar İbrahim qızı Həsənova
“Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı. O, illərdə tez-tez Ərəbzəngi rolunda da çıxış edirdim. Yaşadığım mübarizə hissini, düşmənə qalib gəlmək arzusunu sanki bu obrazın vasitəsi ilə ifadə etməyə çalışırdım. Ərəbzəngi öz qəhrəmanlıq çalarları ilə tam mənim düşüncələrimlə səsləşirdi. Odur ki, bu iki obraz mənə çox doğmadır. Əslində isə mənə daha doğma olan səhnədir ki, məhz orada öz hiss və həyəcanımı, düşüncələrimi, bir sözlə yaşantılarımı yaşamışam”, — deyə o, Azərbaycan radiosunun “Muğam dünyamız” proqramına danışdığı xatirələrində qeyd etmişdi.
16 noyabr 1995-ci il tarixi Gülxar Həsənovanın həyatında daha bir qara səhifəyə çevrilir. Oğlu Hamlet mədə xərçəngindən vəfat edir. Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayır.
Oğlunun ölümündən sonra səhnə fəaliyyətini bitirən G.Həsənova 1980-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının pedaqoqu olub. O, milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib.
1982-ci ildə Gülxar Həsənova milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərə görə Xalq artisti fəxri adına layiq görülüb.
Gülxar Həsənova 2005-ci il martın 30-da dünyadan köçüb.


Müəllif: A.Qorxmaz
Mənbə: modern.az
Top