Azərbaycanın xalq artisti, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifi Eldar Mansurov. Onun 1989-cu ildə bəstələdiyi “Bayatılar” mahnısı dərhal populyarlıq qazandı. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir.
Eldar Mansurov nəslinin musiqi ənənələrini davam etdirən sənətçidir. O, 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə anadan olub.
Ulu babası Məşədi Məlik Bəy Mansurov görkəmli muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olub. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır.
Məşədi Məlik bəyin İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü ildə qeyd olunur. Bu məclislərə Azərbaycanın hər yerindən muğam biliciləri toplaşardı. Qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi-tədqiqi və geniş yayılmasında məclislər önəmli rol oynayıb.
Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları – Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı, muğamların gözəl bilicisi kimi tanınıb. Məşədi Süleyman bəyin oğlu Bəhram Mansurov isə muğamlarımızı dünyaya tanıtdıran ilk musiqiçi olub. İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olub.
1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər.Eldar Mansurov atası Bəhram Mansurovun xatirəsinə “Bəhramnamə” əsərini həsr edib. Burada klassik Azərbaycan muğamı təmamilə yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.
Eldar Mansurov orijinal sintez yaradaraq, əsərdə simfoniya, rok, muğamı birləşdirib və onları cazla daha da rəngarəng edib.
Bəstəkarın qardaşı məşhur tarzən Elxan Mansurov tar çalmağı elə uşaq yaşlarından atası Bəhram Mansurovdan öyrənib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində uzun illərdir ki, solist-konsertmeyster vəzifəsində işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır.
Elxan Mansurov Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir.