Borçalı aşıq mühitinin ustadı

Borçalı aşıq mühitinin ustadı

Borçalı saz-söz mühitinin yetirmələri arasında şaqraq səsi, fərdi ifaçılıq tərzi ilə tanınan və sevilən sənətkarlardan biri də Aşıq Sadıq olub.
Sadıq Həsən oğlu Sultanov 1893-cü ildə İrəvan quberniyasının Qaraqala (Qaraçala) kəndində dünyaya göz açır. Həsən kasıb olsa da, açıq fikirli, geniş dünya görüşlü bir kişi olur. Oğlunun istedadlı olduğunu hiss edir və ona təhsil vermək istəyir. Sadıq 9 yaşına çatanda onu İrəvan şəhərinə apararaq Göy məsciddə molla məktəbinə qoyur. O, burada iki il oxuyur. Qəflətən Həsən kişi vəfat edir.
Aşıq Sadıq
Atasının vəfatından sonra təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan Sadıq kəndə qayıdır və dayısı Aşıq Alıya şəyirdlik edir. Xeyli vaxt Sadıq ustad aşıqdan sənətin sirlərini öyrənir, bədahətən şeirlər deyir. Sonra bədahətən söylədiklərini qələmə alır. Bir müddət sonra Sadıq ustadı Aşıq Alı ilə el şənliklərində iştirak edir. Məclislərdə onun məlahətli səsi diqqət çəkir, səsi-sorağı ətraf el-obalara yayılır.
Zəngəzur mahalı 1918-1919-cu illərdə erməni daşnakları tərəfindən talanlara məruz qalarkən Sadıq ailəsi və həmkəndliləri ilə birlikdə Qars şəhərinə köçür. Xeyli vaxt orada yaşamalı olurlar. Ancaq qəlbi daim vətən həsrəti ilə döyünür. Qəriblik onu bərk sıxır. Buna görə də Zəngəzura qayıtmağa qərar verir:
Aşıq Sadıq, bu dünyadan köç indi,
Burdan keçib vətəninə keç indi.
Yapalaqlar vətənində laçındır,
Tülək tərlan qərib eldə sar olar.
Aşıq Sadıq 1920-ci ildə on dörd nəfərlik ailəsi ilə Qarsdan Gürcüstana köçür. Borçalı qəzasının Araplı kəndində məskunlaşır. Bir müddət Araplıda qaldıqdan sonra Qaçağan, oradan da Görarxı kəndinə, 1922-ci ildə isə Tiflis şəhərinə köçürlər.
Şəhərin ədəbi-mədəni mühiti Aşıq Sadığa müsbət təsir göstərir. O, el şənliklərində tez-tez iştirak edir. Bu onun tanınıb sevilməsinə səbəb olur.
Müşfiq Borçalı araşdırmasında yazır ki, Aşıq Sadıq Tiflisdə olarkən mətbuatla sıx əlaqə saxlayır. Onun bir çox əsərləri şəhərdə çıxan “Yeni kənd”, “Sovet Gürcüstanı” qəzetlərində, “Dan ulduzu” jurnalında, eləcə də Sarvanda (indiki Marneuli) çıxan “Pambıqçı” (“Stalin yolu”) qəzetində dərc olunub.
Həyatın sərt sınaqlarına çəkilən Sadıq çətin günlər də yaşayır.Bunu onun 1927-ci ildə “Dan ulduzu” jurnalında dərc olunan “Qan ağladı” rədifli şeirində də görürük:
Ax, fələk, sənin əlindən gözlərim qan ağladı,
Gözlərim yalqız deyildi, cəsədim qan ağladı,
İstədim qələm-kağız alıb bir dastan yazım,
Kağızım odlara yandı, qələmim qan ağladı.
Görkəmli sənətkar 1946-1952-ci illərdə Qazax rayonunda, sonra isə ömrünün sonuna kimi Tiflis şəhəri yaxınlığındakı Soğanlıq kəndində yaşayıb.
Filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədli aşıq haqqında yazır: “Aşıq Sadıq uzun müddət Borçalı aşıqlarının ağsaqqalı olub. İstedadlı xalq sənətkarı kimi hamı tərəfindən sevilmiş və bu gün də sevilə-sevilə hörmət və ehtiramla yad edilir...”.
Aşıq Sadıq gənc aşıqlara, xüsusilə şəyirdlərinə böyük qayğı ilə yanaşıb, onları özü ilə el şənliklərinə aparıb, xalq arasında tanınıb və sevilmələri üçün böyük səy göstərib.
Görkəmli el aşığı Sadıq Həsən oğlu Sultanov 4 sentyabr 1965-ci ildə vəfat edib.

Müəlif: Savalan
Mənbə: medeniyyet.az
Top