Soltan Hacıbəyov | Rəssam təxəyyüllü bəstəkar

Soltan Hacıbəyov | Rəssam təxəyyüllü bəstəkar

Azərbaycan professional musiqisinin görkəmli nümayəndələrindən biri olan Soltan Hacıbəyov dünya şöhrətli bəstəkar olaraq yetkin və böyük sənətkarlıq qabiliyyəti ilə musiqi tariximizə öz damğasını vurmuş, dövrünün reallıqlarını göz önündə bulunduraraq istər keçmiş ittifaqda, istərsə də bütün dünyada milli musiqimizi ən gözəl şəkildə təmsil etməyi bacarmışdı.

Məşhur əsilzadə və ziyalı bir nəslin nümayəndəsi olan Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Azərbaycanın musiqi beşiyi olan Şuşada dünyaya göz açmışdı. Uşaqlıq çağlarında Şuşanın zəngin musiqi mühitində bir çox görkəmli xanəndə və tarzən ilə yaxından tanışlıq imkanı qazanmış Soltan Hacıbəyov öz gələcəyini musiqidən kənarda hiss etmirdi.
 
O, orta məktəbi bitirdikdən sonra paytaxta köçərək Bakı musiqi məktəbinə, A.Kolpinskinin nəfəs alətləri sinifinə daxil olur. Elə ilk bəstəkarlıq nümunələrini də bu məktəbdə oxuduğu zaman yaradır. Geniş yaradıcılıq marağından xəbər verən bu əsərlərin içində uşaq kantatası, fortepiano üçün pyes və hətta sadə insanların həyatından bəhs edən “Qızılgül” operettası da vardı. İstedadı və bacarığı onu Konservatoriyanın bəstəkarlıq şöbəsinə, professor Boris Zeydmanın sinifinə gətirir. Qeyd etmək lazımdır ki, keçən əsrin 30-cu — 40-cı illəri Azərbaycan musiqi mədəniyyətində dirçəliş dövrü kimi tarixə yazılmışdır. Məhz, bu illərdə respublikada Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev və digər gənc və istedadlı bəstəkarlar yetişməkdə idi. Təbii ki, belə bir nəslin yetişməyində yenədə dahi Üzeyir Hacıbəyovun inkarolunmaz xidmətlərini qeyd etmək lazımdır. Görkəmli bəstəkar xalq musiqisinin əsaslarının tədrisini milli bəstəkarlıq sənətinin başlıca amili hesab etmiş və bu işi həyata keçirilməsini demək olar ki, öz üzərinə götürmüşdü.            
Konservatoriyada oxuduğu illərdə seçdiyi sənətin texnikasına dərindən yiyələnən Soltan Hacıbəyov bəstəkarlıq fəaliyyəti ərzində musiqinin müxtəlif janrlarına müraciət etmiş, bir çox mahnı və romansların, simfonik və kamera instrumental əsərlərin müəllifi olmaqla yanaşı komediya və dram tamaşalarına da musiqi tərtibatı vermişdi. Görkəmli bəstəkar öz əsərlərində musiqinin modernliyinə böyük həssaslıqla yanaşsada, müəllimi Üzeyir bəyin tövsiyələrinə sadiq qalaraq intonasiyalı, ritmik və çox janrlı xalq musiqi xəzinəsindən də hər daim bəhrələnməyə çalışırdı. Xatırlatmaq istərdik ki, Üzeyir bəy S.Hacıbəyovun atasının əmisi oğlu idi və təbii ki, onun bir savadlı musiqiçi kimi yetişməsində dahi bəstəkarın böyük zəhməti olmuşdu.      
    
Gənc bəstəkarın yaradıcılığında əhəmiyyətli bir hadisədə onun qəhrəmanlıq mövzusunda yazdığı “Birinci simfoniya”sı idi. Bu əsəri Azərbaycanda inkişaf etməkdə olan milli simfoniya janrının ilk nümunələrindən hesab etmək olardı. Əsərin 1944-cü ildə Tiflisdə Zaqafqaziya respublikalarının musiqi ongünlüyündə özünün dirijorluğu ilə ifa olunması onun yaradıcılığında ən əhəmiyyətli hadisələrdən biri idi və Hacıbəyovun simfoniyası geniş ictimaiyyətin diqqətini cəlb etmişdi. Görkəmli sovet bəstəkarı Reynhold Qliyer onun haqqında yazırdı: “Onun bacarığına şübhə ola bilməz. O, böyük zövqə malik, musiqinin texniki xüsusiyyətlərinə sahib bir bəstəkar olacaqdır”.             
Böyük Vətən müharibəsi illərində Soltan Hacıbəyov qəhrəmanlıq mövzusunda bir sıra əsərlərlə yanaşı, ona şöhrət gətirəcək bir əsəri – “Karvan” simfonik lövhəsini yaradır (1945). Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə “Kəminə və Qazi” adlı operası üzərində işləyən bəstəkar “Şur” muğamı əsasında bəstələnmiş simfonik parçanı yeni bir əsərə çevirərək ona həyat verir. “Karvan” simfonik lövhəsinə diqqət kəsilən dinləyicini bir anlıq qumlu Asiya çöllərini xatırladan şirin şərq nağıllarına aparır. Səbrlə, aramla irəliləyən dəvə karvanı gah sakit, gah da fırtınalı anlar yaşayır. Doqquz dəqiqə ərzində bu möhtəşəm musiqi əsəri insana həyatın necə keşməkeşlı olduğunu göstərir.              
1955-ci ildə bəstəkar əsəri yeni redaksiyada işləyib hazırlayır və Niyazinin dirijorluğu ilə böyük orkestr tərəfindən ifa olunur. Sonralar “Karvan” simfonik lövhəsi bir çox sovet dirijorunun repertuarında başlıca yer tutur. Əsər qısa müddət ərzində dünyaya səs salır, ABŞ-da val firmasında lentə alınır, Macarıstan, Yaponiya, Bolqarıstan və digər ölkələrdə ifa olunur və sevilir.    
            
 Tezliklə, Soltan Hacıbəyov “İkinci simfoniya”sını tamamlayır (1946). Bu əsərdə bəstəkarın fərdi yaradıcılıq tərzinin xüsusiyyətləri daha canlı şəkildə formalaşmış, həqiqətin təsvirləri geniş və daha dərin nümayiş olunmuşdur. Əsərdə sovet simfonik məktəbinin ən böyük nümayəndələri — S.Prokofiyev və D.Şostakoviç musiqisinin böyük təsiri nəzərə çarpmaqdadır.

Soltan Hacıbəyovun yaradıcılıq fəaliyyətində ən böyük uğurlarından biri də təbii ki, “Gülşən” baletinin meydana gəlməsi idi.
 
Azərbaycanda ilk dəfə bu janra Əfrasiyab Bədəlbəyli müraciət etmişdi. Onun “Tərlan” (1939) və “Qız qalası” (1940) baletləri Azərbaycan milli balet sənətinin ilk nümunələri sayıla bilər. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda bu janra ilk müraciət edən bəstəkar Soltan Hacıbəyov olmuşdur. Onun 1950-ci ildə yaratdığı «Gülşən» baleti Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində oynanılan ikinci balet tamaşası idi. Azərbaycanda balet sənətinin formalaşmasında mühüm rol oynamış bu əsər kompozisiya etibarı ilə aydın və lakonikdir. Müasir həyatdan bəhs edən əsərdə insanların sevgi hissləri ilə əməksevərliyi vəhdət təşkil etməkdədir. Əsərin liberettosu görkəmli balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadə və sovet teatrşünası, balet ssenaristi Pyotr Fyodoroviç Abolimovundur. Moskvada keçirilən II Azərbaycan ədəbiyyat və incəsənəti dekadasında “Gülşən” baletindən bəzi parçalar oynanılmışdır.  Rəssam təxəyyüllü bəstəkar olan Soltan Hacıbəyov milli rəng çalarlarından özünəməxsus bacarıqla istifadə edərək ard-arda bir-birindən uğurlu əsərlər yaratmağa davam edirdi. Onun musiqi camiəsinə səs salan əsərlərindən biri də 1956-cı ildə yaratdığı simfonik orkestr üçün uvertüra idi. Bəstəkar Azərbaycan və rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdu. Mövzu etibarılə, aydın, qabarıq və nizamlı şəkildə işıqlı nikbinliyin, dinamizmin, məqsədəuyğunluğun inkişaf etməsi əsərin V.A.Motsartın bəzi opera süjetlərini və ya M.İ.Qlinkanın “Ruslan və Lüdmila” operasında Ruslanın uvertürasını xatırladır.
 
Soltan Hacıbəyov yaradıcılıq işi ilə əlaqədar ittifaq respublikalarında və xarici ölkələrdə səfərdə olur, həmin yerlərin bəstəkar və musiqiçiləri ilə dostluq münasibətləri yaradırdı. Hər dəfə vətənə döndükdən sonra gəzdiyi məmləkətlərin insanları haqqında musiqi əsəri yaratmağı səfərinin nəticəsi kimi görürdü. «Bolqar süitası», "Çex rəqsi", “Salam Ukrayna” nəğməsi, “Hind süitası” belə səfərlərin məhsuldar nəticəsidir desək heç də yanılmarıq. Öz işinə məsuliyyətlə yanaşması, mənsub olduğu xalqa və vətəndaşı olduğu dövlətə keyfiyyətli və maraqlı musiqi əsərləri yaratması ona 1973-cü ildə SSRİ Xalq artisti fəxri adı qazandırmışdı.
Təbii ki, görkəmli bəstəkarın yaratdıqları yuxarıda adları sadalananlarla kifayətlənmir. Onun zəngin və çoxşaxəli yaradıcılığında neçə-neçə xoş avazlı uşaq bəstələri (Nizami Gəncəvinin “İskəndərnamə” əsəri əsasında “İskəndər və çoban” adlı operası Azərbaycanda uşaqlar üçün bu janrda yazılan nadir əsərlərdəndir), simfonik əsərləri və eləcə də bir çox teatr tamaşalarının musiqi tərtibatları (“Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və  intiqam”, “Əliqulu evlənir” və s.) yer almaqdadır. 
 
Onun yaratdığı hər bir musiqi əsəri birər inci olaraq Azərbaycan milli musiqi xəzinəsini bir daha zənginləşdirmişdir. Heç şübhəsiz ki, zaman keçsədə, görkəmli bəstəkarın işıqlı, həyatverici və rəngarəng tonlar üzərində yaratdığı musiqi irsi daima öz populyarlığını qoruyacaq və xalqımızın musiqi kimliyini dünya arenasında.


Mənbə: modern.az
Top